06.02.2013

DƏNİZ LƏPƏLƏRİ İLƏ DUET OXUYAN MÜĞƏNNİ

Hafiz Mirzə

Yer üzünün hər yanı gözəldir! Cənnətdən çıxan Adəm üçün yaşamağa Yerdən daha münasib məkan tapılmadı. Yer gözəlliyinin daha möhtəşəm guşələri də var. Birinin adına Azərbaycan deyilir. Bu ölkə həm cəngavər igid kimi məğrur, həm də bəzənmiş gözəltək cazibədardır. Azərbaycanın Cənub bölgəsi isə daha fərqli cə­hət­lə­rinə görə seçilir. Burada təbiət gözəlliyi adına hər şey var; dağlar, çaylar, göllər, meşələr və dəniz. Heç nahaq ye­rə adına “Cənub mirvarisi” deyilmir. Gecələr dənizə düşən ay işığı suların üzə­rində bərq vurur. Qırçın ləpələr sahili döyəcləyərək buradakı Sutamurdov kəndinin körpələrinə dəniz laylası çalır.
Balıqçılar da çox vaxt suya tor salmağı unudur, təbiətin bu gözəlliyinə valeh olub qalırlar. Aralarında şirin zümzümələr edən, səsini suların üstünə yaxıb gözəl nəğmələr oxuyan kişilər var.
Balıqçı Hənifə öz gözəl səsilə başqalarından daha çox seçilirdi. Heç demə evin­də dəniz laylası din­lə­yən körpə oğlu Cavad vaxt gələcək onun bu qaynar təbini, bu şux səsini öz gö­zəl ifa­sı ilə yaşadacaqdı.
Zaman öz atını irəliyə çapırdı. Onun bir məqamında sahil həmin sahil   idi, dəniz həmin dəniz, bütün ləpələr də bir-birinə oxşar. Amma indi sahildə tor yığan balıqçı deyil, bir gənc addımlayırdı. Gözləri sularda, xəyalı dünyanın ən məşhur səhnələrində dolaşır, qəlbində isə ləpələrlə duet nəğmələr oxuyurdu.
Cavad Hənifə oğlu Rəcəbov 1954-cü il, dekabrın 20-də anadan olmuşdu. O, ifaçılıq məharətini hələ 5-ci sinifdə oxuyarkən göstərdi. Əvvəlcə stolun tinini, stulları döyəcləyərək ritmlər çalırdı. Beləcə nağara ilə dostlaşdı. Sonra “Yenilməz batalyon” filmindəki məşhur mahnını gözəl ifa etməsi ilə diqqəti cəlb etdi. Hələ 11 yaşda ikən onu öz dövrünün məşhur sənətçisi Sona xanım ilk dəfə toy məclisində çalmağa dəvət elədi. Bir müddət sonra isə Cavad məşhur müğənni Teymur Mustafayevlə tanış oldu və onunla birlikdə beş il el şənliklərində, konsertlərdə çıxış elədi. Hər toyda, konsertdə onun da bir neçə mahnı oxuması vardı. Çoxları toyda onun mahnı oxuyacağı məqamı gözləyirdi. T.Mustafayev Bakı şəhərində qərar tutduqdan sonra Cavad qarmonçalan Ağadadaş Abdul­layev və məşhur klarnet ustası Yüzbaşı Rzayevin kollektivindən dəvət aldı. Bu böyük sənətkarlardan o çox şey öyrəndi. 1968-ci ildə pionerlərin Respublika musiqi müsabiqəsində iştirak etdi və müsabiqənin qalibi seçildi. Mükafat olaraq onu ümumdünya “Artek” pioner düşərgəsinə göndərdilər. 1971-ci ildə o, Mədəni-maarif texni­ku­­muna daxil oldu.Tədricən  toylara tək­cə nağaraçalan kimi deyil, həm də müğənni kimi dəvət olun­mağa başlamışdı. Texni­kum təhsilindən sonra Ca­vadı şəhər “Dost­luq” parkının bədii rəhbər vəzifəsinə tə­yin etdilər. O bu vəzifədə düz 14 il çalışdı və bu­rada “Dostluq” ins­trumental ansamblını yaratdı. Çox keç­mə­di ki, Cavad el şənliklərində, kon­sertlərdə özünün qeyri-adi di­gər istedadı ilə də tanınmağa başladı. Be­lə ki, o vaxta kimi heç bir mü­ğən­ni ifa edilmiş hansısa məşhur hind və ya fars mahnısından müğənninin sə­sini çıxardıb, təkcə ansam­blın ifasını saxlaya, yerinə öz səsini ya­za bilmirdi. İndi “minusovka” dü­zəlt­məyə nə var ki?! Ancaq Cavad bun­ları 30 il əvvəl və lentli maqnitafonlar vasitəsilə edirdi. Bu yolla o İran müğənnisi Ququşun, hind mü­ğənnisi Mukeşin və Misir müğənnisi Um­mu­kül­sümün səsini silib onların orkeçtrində, onların mahnılarını oxuya bilirdi. Yalnız incəsənətə bütün varlığı ilə bağlı olan kəslər bu əziyyətə qatalaşa bilərdi. 1979-cu ildə Özbəkistanın xalq artisti Batır Zakirov Azərbaycana qastrol səfərinə gəlmişdi və o bir neçə böyük rayonda konsertlər verdi. Lən­kəranda Cavadın gözəl nağara çalmaq və mügənnilik istedadı, xüsusən də fonoqram düzəltmək ba­ca­rı­ğı ilə tanışlıqda o böyük sənətkar heyrətə gəlmiş və öz heyranlığını respublika televi­zi­ya­sına müsa­hi­bə­sin­də də ifadə etmişdi. 1980-ci ildə Res­publika tele­vi­ziya­sında gənc istedadların iştrakı ilə “Gənclik estradası” pro­qra­mı yaradılmışdı. Cavad bu proqrama gəldi, oxudu, qalib oldu. İctimaiyyət ha­mı­lıqla onu bu proqramın ən uğurlu tapıntısı hesab edirdi. O illərdə Cavad öz pə­rəs­tişkarlarından 60 min məktub almışdı. Bu proqramdakı parlaq ifasına görə Cavad Rə­cəbo-vun şöhrəti daha da artdı və hər yerdə üzünə qapılar açılmağa başladı. Bu qapılardan biri Dövlət Univer­sitetinin Coğrafiya fakultəsinə açılmışdı. Burada Universitetin müəllimi Firudin Hüseynzadənin təşəb­bü­sü və rəhbərliyi ilə “Nur” instrumental ansamblı yarandı.Amma Cavad bu fakultədə çox oxuya bil­mədi.Bura onun yeri deyildi. Onun əsl yerini pianoçu Gülarə Əliyeva dəqiq müəyyənləşdirdi və bu xanım sənətkar 1984-cü ildə Cavadı Dövlət İncəsənət İnstitutuna gətirdi. Cavad uzun müddət Gülarə xanımın rəhbərlik etdiyi populyar “Dan ulduzu” ins­tru­men­tal ansamblının solisti oldu. Tanınmış bəstəkarların onun üçün yazılmış mahnılarını oxudu. 
Onun ifa etdiyi mahnılar radionun “Qızıl fondu”na daxil edilirdi.1981-ci ildə Cavad Nuranə xanımla ailə qurdu. Həyat yol­daşı uşaq həkimi idi. Conra onların İlahə və Cavid adlı iki övladı  dün­yaya gəl­di. Cavid indi Bakıda məşhur oranjemançı, bəstəkar və səs rejissoru kimi tanınır. Cavad respublikanın bütün Dövlət tədbir­lə­rin­də, bayramlarda, ən nüfuzlu el şən­lik­lə­rin­də çıxış edir, onun adını, ifasını eşitdikdə, üzünü gördükdə hamının çöhrəsinə xəfif təbəssüm qo­nurdu. Hər şey çox yaxşı idi. Lakin birdən amansız ölüm böyük şəxsiyyət, gözəl insan, istedadlı pianoçu, musiqi xadimi Gülarə Əliyevanı haqq dünyasına qovuşdurdu. Cavad bu itkidən elə sarsıldı ki, uzun müddət özünə gələ bilmədi. Az qala sənətdən də ayrılacaqdı.Yığışıb Lənkərana qayıdan Cavad uzun müddət Bakıya da getmədi. Lənkəran onu həmişə özünə çəkir və sanki diğər yerlərə qıs­qanırdı. Lənkərana qayıtması bir müddət sonra onu yenidən sənətə qaytardı. Bu doğma şəhərdə onu əhatə edən pərəstişkar rəğbəti heç yerlə müqayisə olunmazdı. Cavad yenidən yara­dıcılıq eşqi ilə çalışmağa – hind, fars, ərəb, türk, əfqan, Azərbaycan, talış mahnıları hazırlamağa və yenidən hamını heyrətləndirməyə başladı. Ölkənin müstəqilliyi qüdrətləndikcə bütün sahələr üzrə insanların imkanları da genişlənir, Azərbaycan Dünya arenasında ləyaqətlə təmsil olunurdu. Bu zaman sənətçilərin üzərinə də mühüm və böyük vəzifələr düşürdü– ölkəni, milləti təmsil etmək, tanıtmaq. Azərbaycanı digər ölkələrdə ləyaqətlə təmsil edən sənətçilərdən biri də Cavad Rəcəbov ol­du. İlk xarici qastrol səfəri 1991-ci ildə qardaş Türkiyəyə olmuşdu. İstambulda Zeki Mü­re­nin mah­nı­la­rını elə gözəl ifa edirdi ki, onunla 5 illik müqavilə imzalamaq istə­di­lər. 1993-cü ildə İranda çox gizli və­ziy­yətdə, amma həm də uğurla ailə kon­sertləri verirdi. Belə gizli məra­sim­lərin birində imarət sahibi konsert üçün nərdivan tədarükü görmüşdü. İran­da şən mahnılar oxumaq, əylənmək qadağan idi. Məra­simin şirin yerində birdən “Komitə” işçilərinin gəl­diyi xəbər verildi. Cavadı məhz o nərdivanla tez qonşu hə­yətlərə keçirtdilər və gizlədilər.1994-cü ildə Ca­vad Almaniya səfərində oldu. Konsertə gəlmiş azərbay­can­­lılar sonra onu Belçikaya, oradan isə Hollandiyaya dəvət etdilər. Cavad heç bir əlavə müşahiyət olma­dan, təkbaşına konsertlər verirdi. Mahnıların ”minusovkasını” aparmış, səhnədə sintezator, zərb və nağara aləti qoymuşdu. O oxuyur, eyni zamanda gah sintezator, gah da nağara və zərb çalırdı. Heyrətdən hamının ağzı açıla qalmışdı və hamı onu ayaq üstündə alqışlayırdı. Uğurlu çıxışına görə ona bir “Audi” markalı maşın bağışladılar. Maşınlar onun xobbisi idi. Azərbaycan sənətçiləri arasında təkcə Cavad Rəcəbov özündə 5 komponenti – bəs­təkarlığı, şairliyi, müğənniliyi, oranjemançılığı və alət ifaçılığını birləşdirirdi. Çox keç­mə­di ki, Cavad Rəcəbov fenomeni barəsində “Azərbaycantelefilm” yaradıcılıq Birliyində “Bu gü­­nün na­ğılı” adlı sənədli film (rejissor N.Abbas) çəkildi. 1995-ci ildə “Səhər” qəzeti onu obrazlı şəkildə “An­­­sambl adam” adlan­dırmışdı. Dubay səfərlərinin birində məşhur hind müğənnisi Asha Bosle ilə əyani tanış oldu. Xüsusi mon­­taj yolu ilə onunla və məşhur fars müğənnisi Ayda Pürhanla duet ifalarını lentə yazdırmışdı. 600-ə ya­­xın mahnı Cavadın ifasında 40-a yaxın albomun tərkibinə daxil edilmişdi. Elə kassetlərinin və disk­lə­rinin sayı da onlarca oldu. Bir-birindən maraqlı albomları çıxır və böyük uğur qazanırdı. Əyalətdə yaşa­ya­raq sənətlə belə peşəkarcasına məşğul ola bilmək hər sənətkarın bacardığı ola bilməzdi. Musi­qimizin inkişafına görə onlarca fəxri fərmanla təltif edilmişdi. 2007-ci ildə Lənkəran Bələdiyyəsi Cavad Rəcəbovu musiqi sənətində “İlin adamı” nominasiyası üzrə “İlin laureatı” mükafatına layiq gördü. Cavad da musiqidən kənarda qala bilmir, biri-birindən gözəl mahnılarına maraqlı klip­­lər çəkilirdi. 2008-ci ildə “Heydər baba” mahnısına çəkdirdiyi klip xüsusilə böyük şöhrət qazandı.
Yaş artdıqca uğurlar da çoxalır, bir-birini əvəzləyərək Ca­vadı daha yeni sənət zirvələrinə ucaldırdı. Zirvələr isə bitən- tükənən deyildi.Hansısa səbəblər ucbatından rəsmi adı olmasa da onun xalq tərəfindən layiq görülmüş çox böyük bir fəxri adı var: “Bizim Cavad!” Bu adı qazanmaq, hamının sevimlisi, əzizi sayılmaq çox çətin və çox böyük nəaliyyətdir. Belə böyük uğurlara isə yalnız böyük sənətkarlar imza ata bilir! Cavad Rəcəbov kimi!

Комментариев нет:

Отправить комментарий