21.02.2013

TAYQULAQ

Bəxtiyar Hidayət

Asif bu il 8-ci sinifdə oxuyurdu. Atası onu bu ildən riyaziyyt müəllim yanina hazırlığa göndərmişdi. Və yavaş-yavaş köhnə fikrindən döndərirdi. Nəydi bu köhnə fikir-tarixçı olmaq. Bu məsələdə həm Asifin tarix müəllimi İsə müəllimin rolu olmuşdu, həm də atasının. Atasının rolu belə olmuşdu- o, açıqca bəyan etmişdi ki, tarix oxumaq kasıb balasınını işi deyil-orda katiblərin, müdürlərin və ən aşağısı direktorların balası oxuyur. Isə müəllimin rolu nə olmuşdu bu ayrı bir mövzu idi.
Asifin indi tarixə az marağı olsa da bir zaman coox marağı vardı-riyaziyyat dili ilə desək  “n” qədər. Və tarix dili ilə desək indi o maraq “n”-dən geriyə marafon qaçışına çıxmışdı.

Bütün bunlar şagird-müəlim arasında baş verən bir mübahisə ilə bağlı idi. Bu mübahisənin səbəbkarı elə Asifin atası Zahid kişi olmuşdu.
Belə ki,  bir-iki  il qabaq evdə futbola baxırdılar. “Dnepr” və “Beşiktaş” hansı kubok üçünsə yarışırdılar.  “Dnepr” dalba-dal qol vurduqca Asif –urra, bizimkilər uddu deyirdi. Onda Zahid kişi dilini dinc qoymayıb Asifə bəzi zadlar qandırmışdı. Nə bilim biz də türkük, bizimkilər elə o uduzanlardı. Onlar bizi erməni qırğınından xilas ediblər və s. Hətta  qonşu Hasan kişinin Nuru paşanın ordusunda döyüşdüyünü də Zahid kişi qeyd elədi. Amma Asifin bu barədə suallarına sonra cavab vermədi-əl çək başımdan, uşaqsan uşaq sualı ver dedi.
O vaxtdan Asif İsə müəllimin Türkiyə haqda dediklərini qulaqardına vururdu. Və nə də cavab verirdi ona-demoqoqun biri idi. Zahid kişidən ötən il yazıb az qala kişini basdırmışdı dama. Iki inək satıb qurtarmışdılar. Bu barədə Zahid kişi ona bəzi tapşırıqlar vermışdi.
 Bir az keçmiş Qarabağda “erməni-müsəlman” davası başladı. Isə müəllim də elə gündə Qarabağ haqda bir şey uydurub dərsini keçmirdi. O belə şeylərdə Məşədi İbad demiş adətkərda idi. Mövzu cəhətdən korluq çəkmirdi.  Korluğu uşaqlar tarixdən çəkirdilər. İsə müəllimin mövzuları əsasən bunlar olardı-41-45, Neftçinin oyunları, öz uşaqlarının tərifi, öz ev-eşiyinin tərifi, kənddə kim-kimnən necə qohumdur(körpü məsələsi nəzərə alınmaqla), özünün ovçuluq məharəti, Stalinin tərifi, Jukovun tərifi və s. və i. a.
Riyaziyyat dili ilə desək mövzu “n” qədər. Dərs başlayan kimi uşağın biri ortaya bir mövzu atardı:
-Müəllim Vəli deyir Donqar Səhlədər  müharibədə elə qəhrəmanlıqlar göstərib ki  bu kənddə heç kim o elədiyinin yüzdə birini eləməyib.
-Qələt eləyir Vəli, babası İtoynadan Məhərrəmi də yanına alır. Onun babası da, Donqar Səhlədər də müharibə üzü görməyiblər. Xəzərdə balıq tuturdular biz nemesə qarşı vuruşanda.
Bu kimi söhbətlərlə dərs başa vurulardı. Əvvəllər İsə müəllim müharibədə bir satqın rusu öldürdüyünü də danışardı. Elə ki Qarabağ məsələsi çıxdı-o rusu erməni ilə əvəzlədi İsə müəllim.
    Bir gün İsə müəllim yenə-erməniləri asıb-kəsməyə başlamışdı. Birdən Asif dilləndi:
-Müəllim, ermənilər nə qədər pis olsalar da bizə öz adımızı deyirlər. Türk deyirlər bizə. Amma biz öz adımızı özümüz bilmirik
-Biz türk deyilik. Türklər NATO-nun üzvüdürlər, bizim düşməndilər.
-Bə onda Nuru paşa gəlib bizi niyə xilas edirdi. Hasan baba niyə onun ordusunda vuruşurdu?
-Sən də baban kimi  “vraq narod” olacaqsan, bala. Amma mən müharibədən 22 medalnan gəlmişəm.
- Onu elə sənin kimi demoqoqların yazdıqları göndərib gedər- gəlməzə. Özü də əcəb eləyib Soveti qəbul eləməyib.
-Kəs səsini küçük oğlu, küçük.
Üstəlik Asifə bir-iki də çəkdi İsə müəllim.
Asif bu söhbəti atasına açıb onun yarasınaı açmaq istəmədi.
   Beləliklə Asif riyaziyyat müəlliminin yanına gedəsi oldu. Lakin o könülsüz getdiyinə görə bəzən evdəkiləri aldadır, müəllimgilə deyil, uşaqlarla oynamağa gedirdi.
  Bu gün də evdən “müəllimyanı” adı ilə çıxmış, amma amma riyaziyyat müəllimi zəng edib Asifin gəlmədiyini bildirmişdi. Zahid kişi çox dilxor olmuşdu.
Bu azmış kimi Asif axşam qucağında bir küçük də gətirdi. Nənəsi onu valideynlərinin danlağından xilas elədi:
-Nə istəyirsiniz uşaqdan. Ev uc-qıraqdı, it lazımdı evə. Yal çalmağın azarından gör nə səs-küy salıblar. Özüm baxaram itə-xətircəm olmayaın.
Beləliklə küçük onların qapısında qalası oldu. Nənəsi küçüyün adını Duman qoydu. Onun dediyinə görə Duman  “bədbəxt, qarayığval “ ərinin ən adlı-sanlı iti olmuşdu.
=
Duman ay-yarım olardı ki Asifgildəydi. Asif və qardaşı Vasif küçüyə elə qulluq edirdilər heç  özlərinə elə qulluq edilmirdi. Küçüyü qaranlıqda saxlayırdılar ki, adamyeyən olsun. Hər axşam təzə doğmuş inəyin südündən oğurlayıb küçüyə verdilər.  Axşamlar küçüyü gəzintiyə çıxarırdılar.
Onların Ardavaz adlı bir erməni dostları vardı. Ardavaz ermənilərin meşəbəyi idi. Bu kəndin örüşə yararlı torpaqlarını vaxtilə bir ağa bir erməni gözəlinə peşkəş etdiyinə görə indi hamının mal-qarası erməni yerində otlayırdı. Ardavaz da bundan istifadə edib birindən pul alar, birindən meyvə, birindən zoğal arağı, birindən də donuzlarına kəpək alardı. Beləcə bütün kəndlə dost olmuşdu Ardavaz.
Qarabağda dava başlamasına baxmayaraq Ardavaz yenə kəndə gəlib-gedirdi.
Bu gecə Asifnən Vasif Dumanı yenə gəzintiyə çıxartmışdılar. Bu an Ardavazın səsi gəldi uzaqdan:
-Ara, Zahid təzə it saxlayırsan sən də. Bağla o iti. Mən yaman qorxuram itdən.
Səsindən bilinirdi ki hardasa yaxşı vurub, özünü evinə çatdıra bilməyib. Axşamlamağa yer gəzir.
Asif dilləndi:
-Qorxma, balaca küçükdü.
Asif darvazanı açan kimi Duman Ardavazın üstünə cumdu. Bunu gözləmirdi heç kim. Hər ikisi Dumanın ilk hünərinə tamaşa etməyə başladılar.
Ardavaz qışqırırdi:
-Ara kopolular, küçüyün dişi zəhərli olur. Qoymayın küçüyü.
Amma uşaqlar daha da Dumanı qızışdırırdılar.
Zahid kişi dodaqaltı Ardavazın ölülərini gordan-çıxara özünü yetirdi:
-Qoymayın o mərəti.
Bu vaxt əli hər yerdən üzülən Ardavaz kepkasını çıxarıb özünü müdafiə etməyə başladı. Duman sanki bunu gözləyirmiş-papağı götürüb aradan çıxdı. Asfnən Vasifin gülüşünü Zahid kişinin sərt səsi kəsdi:
-İrişməyin orda. Görün o mərət kepkanı neynədi. Canavardı elə bil canavar(Canavar sözünü elə dedi ki sanki Dumanın ziyanına yox, xeyrinə deyirdi)
Uşaqlar gələnə qədər Zahidlə Ardavaz kişi xeyli hal-əhval tutdular. Ardavaz deyirdi:
-Qoy Qarabağda erməmi musurmanı qırsın, musurman da ermənini. Biz niyə dostluğumuzdan olaq.
-Nə bilim təki yerimizdən yurdumuzdan olmayaq. Sizinkilər nə deyir?
-Heç nə. Kopolu saqqallılar olmasa biz sizə bir şey eləmərik, siz də bizə.
-Siz tərəfə də gəliblərmi?
-Yox hələ gəlməyiblər.
Bu vaxt Asif qucağında da küçük gəldi. Vasif kepkanın bir-iki parçasını əlində sallaya-sallaya gülürdü.
Ardavaz özünü sındırmamaq üçün söhbəti dəyişdi:
-Ara bu küçüyün qulağını niyə kəsmirsiniz? Sonra gec olacaq. Gətir kəsim.
Ardavaz cibindən bıçağı da çıxartdı.
Asif:
-Paa. Küçük qulağını kəsənnən qorxur. Indi bizim küçük ermənidənmi qorxsaun?
Bir qədər tutulan Ardavaz:
-Ermənidən o boyda Amerika qorxur a şaş musurman. Özü də mən kepkamın haypını almaq üçün onun bir qulağını kəsib tayqulaq eləyəcəm. Qoy məni unutmasın.
- Yəqin Andronikə oxşatmaq istəyirsən bizim küçüyü. Yox, küçüyü murdarlama
Zahid kişi Asifin cavabından həm razı qaldı, həm də qorxdu. Hiss etdi ki o da babası kimi dediyindən dönməyən olacaq.
=
Aradan dörd il keçmişdi. Müharibə çoxdan bərilərə də gəlmiş, gəlib öz qurbanlarını almışdı. Indi Asifgilin kəndi dörd tərəfli mühasirədə idi. Asif də könüllülər arasında idi. Bu gün kəndi tərk edəsi idilər. Yalnız bir gizli yol qalmışdı kənddən çıxmağa. Bütün yollar tutulmuşdu.
Bu illər ərzində Duman kəndin ən adlı-sanl iti olmuşdu. Özü də hələ bu kəndin heç bir itində olmayan özəlliyi vardı Dumanın. Heç kimə dişini batırmazdı. Tutduğu adamla pişik siçanla oynayan kimi oynardı-tavət evdən bir adam gəlib “siçan”ı onun əlindən alana qədər. Həmçinin yanında o qədər güllə atılmışdı ki, nə silahdan, nə də silah səsindən qorxurdu.
=
Ermənilər “sep” şəklində gəlir, qarşılarını almaq mümkün deyildi. 10-15 adamla bir belə qoşunun qabağına çıxmaq mümkün deyildi.
Uşaqlar gizli yolla kənddən çıxmaq qərarına gəldilər.
  Ardavaz hələ o vaxtdan Zahidin evini manşırlamışdı. Indi də özünü Zahidin evinə salmaq istəyirdi ki, Duman üstünə atıldı.  Ardavazın gülləsi boşa çıxdı. Bir də atana qədər Duman onu döşləyib yıxdı.”Siçan-pişik” oyunu başladı. Bir saat Ardavazı beləcə sürüm-sürüm sürüdü Duman. Ha gözlədi evdən gələn olmadı. Evə arxa tərəfdən başqa ermənilər də soxulmuşdular. Onların talançılıqdan başları açılanda Ardavazın səsini eşitdilər. Ardavaz Dumanın hələ eşitmədiyi bir dildə bağırırdı. Nəhayət evdən kimsə çıxdı. Amma bu Dumanın gözlədiyi adamlardan deyildi. O evdən çıxan adam Dumana bir güllə vurdu. Güllə Dumanın qolunun üstündən dəydi. Duman elə zingildədi, elə zinildədi sanki bu kəndin son səsi idi onun zingilti səsi.
Duman ilk dəfə olaraq dişini  “insan” qanına batırdı-təsadüfən Ardavazın qulağı onun dişlərinə keçdi. Oulağı qoparıb özü götürüldü meşyə sarı. Arxadan atılan güllələr onu tutmadı
  Bu vaxt uşaqlar Arxac yalı deyilən yerdə “dinclərini ala-ala” tüstülənən kəndə baxırdılar. Tappıltıya tərəf tuşlandı bütün silahlar. Amma gələni hamı tanıdı. Bu Duman idi. Ardavazın qulağı da ağzında idi. Gəlib Asifin ayağına sürtdü üzünü.
  Duman ölürdü. Asifə gözü baxa-baxa kəndin yanması necə təsir etmişdisə Dumanın can verməsi də elə təsir etdi.
Kimsə dedi:
-Duman deyildiyindən də artıq imiş.
Uşaqlar hamısı papaqlarını çıxardıb Dumanla vidalaşdılar.

Комментариев нет:

Отправить комментарий