07.02.2013

“Xalq düşməni”nin arvadı

“Teymur bəy Bayraməlibəyov” adlı yazı yəqin ki, oxucularımızın yadındadır. Həmin yazıda qeyd etmişdik ki, Teymur bəy Masallının Yeddioymaq kəndində anadan olmuş, burada ilkin təhsil almış, daha sonra Lənkəranda və Bakıda fəaliyyətini davam etdirmişdir. Həmçinin, qeyd etmişdik ki, onun qızı, böyük maarifpərvər Məryəm xanım və həyat yoldaşı, Xalq Cümhuriyyəti dövründə Lənkəranın general-qubernatoru olmuş Cavad bəy Məlik-Yeqanov haqqında ətraflı məlumat verəcəyik. Vədimizə əməl edərək, Məryəm xanımın həyat yolu haqqında yazını sizə təqdim edirik.
Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Məryəm xanım Bayraməlibəyova ağır, iztirablı həyat yolu keçib. O, Lənkəranda ilk dəfə olaraq Xeyriyyə Cəmiyyətinin əsasını qoymuş və burada Qızlar Məktəbini yaratmışdır.

Məryəm xanım 1898-ci ildə təkcə Lənkəranda deyil, ümumən, Azərbaycanda tanınmış mədəniyyət xadimi, etnoqrafı, folklorçusu, xalq müəllimi T. Bayraməlibəyovun ailəsində doğulmuşdur. Teymur bəy hələ uşaq yaşlarında qızına rus, fars və ərəb dillərini öyrətmişdir. Balaca Məryəm müqəddəs Quranı oxuyanda hətta yaşlılar da öz heyranlıqlarını gizlədə bilmirdilər.
Məryəmin anası, Teymur bəyin həyat yoldaşı Şirin xanım Talışxanovlar nəslinə mənsub olmaqla yanaşı, bədii klassik əsərləri rus dilindən mükəmməl şəkildə tərcümə edirdi. Həmin dövrdə o, Lənkəran qəzasında rus dilində natiqlik məharəti olan yeganə qadın olmuşdur.
1906-cı ildə Teymur bəy böyük qızı Məryəmi 8 yaşında H. Z. Tağıyevin himayə etdiyi Bakı Müsəlman Qızlar Məktəbinə qoyur. 1913-cü ildə Məryəm xanım həmin məktəbi bitirir, daha sonra qəbul imtahanlarını “əla” qiymətlərlə verərək “Müqəddəs Nina” məktəbinə daxil olur. 1917-ci ildə burada təhsilini qızıl medalla başa vuraraq Moskva Tibb İnstitutuna daxil olur. Onun təhsil xərcini Bakı milyonçusu Murtuza Muxtarov öz üzərinə götürür. Lakin Rusiyanı bürüyən Oktyabr inqilabının dalğası ona təhsilini başa vurmağa mane olur və o, təhsilini yarımçıq qoyaraq Vətənə qayıtmaq məcburiyyətində qalır.
Həmin vaxtlar T. Bayraməlibəyovun evində “Oğlanlar Məktəbi” fəaliyyət göstərirdi. Atasının yaxından köməyi sayəsində Məryəm xanım Lənkəranda çoxdan arzuladığı məktəbi - “zəif cins”in nümayəndələri üçün “Qızlar məktəbi”ni yarada bilir.

Onlar - ata-bala bütün Lənkəranı dolaşıb qızlar məktəbinə dinləyici yığırdılar

Teymur bəy qızının bu arzusunu reallaşdırmaq üçün öz şəxsi evinin bir hissəsini həmin məktəbin sinif otağı üçün ayırır. Bu bölgədə İlk qızlar məktəbini yaratmaq, bu təhsil ocağına qızları cəlb etmək üçün ata-bala bütün Lənkəranı gəzib dolaşır.
Bütün bunlar o illərə təsadüf edirdi ki, müsəlman atalar hər yerdə qızlarına elm öyrənməyi qəti qadağan etmişdilər. Ciddi problemlərin olmasına baxmayaraq, Məryəm xanım adamları inandıra bildi, qısa zamanda dinləyicilərin sayı o qədər artdı ki, qızlar sinif otağına sığışmırdılar. Bura 9-12 qız cəlb olunmuşdu. Gənc müəllimənin söhbətlərinə qulaq asmağa hətta dindar qadınlar da gəlirdilər. Diqqətəlayiq olan cəhət ondan ibarət idi ki, tədris rus dilində aparılırdı. Məryəm xanım burada dram, xor, musiqi dərnəklərini də yaratdı, bütün tədris işləri ilə özü məşğul olurdu. Onun rəhbərliyi ilə burada S.M.Qənizadənin “Dursunalı və Ballı Badı”, “Canlı şəkil” əsərləri səhnələşdirilmişdi.

Məryəm xanımın məktəbi kimləri yetişdirdi

Onun çəkdiyi zəhmətlər bəhrəsiz qalmadı: həmin məktəbdə xalq artistləri Həqiqət Rzayeva, Cahan Talışinskaya, Münəvvər Kələntərli kimi görkəmli səhnə ustaları yetişdilər.
Məryəm xanım Lənkəranda yeganə qadın-pedaqoq idi. O, savadsızlıq və qadın köləliyinə qarşı barışmaz mübarizə apararaq, qadınları mədəni-ictimai həyata cəlb etməyə çalışırdı. Məryəm xanım bu məqsədlə Lənkəranda ilk Qadın Xeyriyyə Cəmiyyətini yaratmışdı. Şəhərin maarifpərvər qadınlarından Səfurə Səmədova, Cənnət Qurbanova, Kişkinə Kərimova, Bəyim Quliyeva bu cəmiyyətin ilk üzvləri olmuşlar.
1918-1919-cu ilə qədər M.Bayraməlibəyova Lənkərandakı 2 illik müsəlman Qız məktəbində işlədi. O, həm də məktəbin müdiri idi. 1919-1920-ci illərdə isə o, Qadın gimnaziyasının inspektoru vəzifəsində çalışır.
Həmin illərdə Lənkəran qəzasında ağqvardiyaçı general Denikinin bandit dəstələri özbaşınalıq edirdilər. Cənubda vəziyyətin ağır olduğunu nəzərə alaraq hakimiyyətdə olan Xalq Cümhuriyyəti hökuməti Cavad bəy Məlik-Yeqanovu vilayətə general-qubernator təyin etmişdi. İş başına gələndən sonra C. Məlik-Yeqanov burada hərbi vəziyyət elan etdi. Həmin dövrdə Məryəm xanım hərbçilər tərəfindən gimnaziyanın ərazisinin işğal olunmasına qarşı qəzəblə etirazını bildirir. General-qubernatora ünvanladığı məktubda o, məktəbin ərazisinin özbaşınalıq edən hərbçilərdən təcrid olunmasını xahiş edir. Məktəbə baş çəkən Cavad bəy dəymiş ziyana və narahatlığa görə Məryəm xanımdan üzr istəyir. Bu görüş gələcəkdə onların ailə həyatı qurulmasının bünövrəsini qoyur.

Məryəm xanımın Bakı həyatı

1921-ci ildə Cavad bəy və Məryəm xanım Bakıya köçürlər. 1921-1923-cü illərdə Məryəm xanım Bakıda 1-ci dərəcəli və 8 saylı qadın əmək məktəbinə rəhbərlik edir. Xalq teatrında, qadın kurslarında mühazirələr oxuyur. 1923-1925-ci illərdə Bakı şəhər XMŞ-də metodkomissiyanın üzvü, 89 və 8l saylı məktəblərin direktoru kimi pedaqoji və ictimai işlərdə fəallıqla çalışan M.Bay-raməlibəyova SSRİ I müəllimlər qurultayına nümayəndə seçilir. Həmin ümumittifaq forumunda o, təkcə Azərbaycanın deyil, bütün Şərqin qadınlarını təmsil edirdi. Məryəm xanım çıxışında V.İ. Leninin həyat yoldaşı N. Krupskayanı heyran edir, SSRİ Maarif naziri A. Lunaçarski nəzakətlə Məryəm xanımın əlini öpərək onu Moskvaya dəvət edir. Məryəm xanım isə bu təklifdən imtina edərək: “İndi Vətənimə daha çox lazımam “, - deyir.
M.Bayraməlibəyovanın qurultaydakı alovlu və məzmunlu çıxışı Kalininin, Frunzenin və digərlərinin də böyük marağına səbəb olur. “Pravda” qəzeti qurultayda M.Bayraməlibayovanın söylədiyi çıxışın tam mətnini dərc etdi.
1925-1926-cı illərdə M.Bayraməlibəyova nümunəvi qadın məktəbində direktor və həmkarlar təşkilatının katibi vəzifələrində çalışır. 1926-cı ilin mayından nəşr olunmağa başlanan “Maarif işçisi” jurnalının ilk nömrəsində “Türk qadını yeni qurtuluş yolunda” məqaləsi ilə çıxış edir. “Yeni məktəb”, “Şərq qadını”, “Maarif işçisi” jurnallarında müxtəlif mövzularda çıxış edir.
1926-1927-ci illərdə o, pedaqoji texnikumların Bakı birliyi nümunəvi məktəblərin müdiri təyin olunur.
M. Bayraməlibəyova ali təhsil almağı çox arzulayırdı. 1927-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur, dörd ildən sonra həmin təhsil ocağını fərqlənmə diplomu ilə başa vurur. Aspiranturada təhsil aldığı müddətdə o, öz işini ictimai fəaliyyətlə də əlaqələndirir.
Onun tərcümələri sayəsində rus dilli oxucular M. P. Vaqif, M. V. Vidadi, S.Vurğun, S. Rüstəm kimi tanınmış Azərbaycan şairlərinin yaradıcılığı ilə tanış olurlar.
M.Bayraməlibəyova pedaqoji və ictimai fəaliyyəti 1937-ci ilə qədər davam edib. N.Nərimanov adına Sənaye Texnikumunda (1923-1933) və Azərbaycan Tibb İnstitutunda (1934-1937) rus dili müəllimi işləyir.

Ailənin faciəli günləri
.
Bu mehriban ailənin normal həyatı 1930-cu ildə sona çatdı.
Məlum olduğu kimi C. Məlik-Yeqanov Azərbaycan parlamentində, respublikanın müstəqilliyinə imza atan 16 üzvdən biri idi. 12 ildən sonra Cavad bəyin bir vaxtlar etmiş olduğu “cinayət” bolşeviklərin yadına düşdü. QPU –nun
(Baş Siyasi İdarə) uzun müddətli canüzücü məhkəmə proseslərindən sonra Lənkəran qəzasının keçmiş general-qubernatoru Cavad bəy Məlik-Yeqanov 10 il müddətinə uzaq Kareliyanın islah cəzaçəkmə düşərgəsinə göndərildi. 1942-ci ildə
C. Məlik-Yeqanov orada vəfat etdi.
Məlik-Yeqanovlar ailəsinin həbsi təkcə bu ocağın başçısının həbsi ilə bitmədi. Məryəm xanıma əvvəlcə o illər üçün çox dəhşətli olan “xalq düşməninin arvadı” etiketini yapışdırdılar. 1937-ci ildə isə Müsavat partiyasının fəalı kimi istintaqa cəlb etdilər. Halbuki o, heç bir siyasi təşkilata mənsub deyildi.
Həmin vaxtlar Məryəm xanım SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M. İ. Kalinindən kömək istəyir. Lakin əbəs yerə. 15 noyabr 1937-ci ildə NKVD əməkdaşları Məryəm xanımı yaşadığı mənzildə həbs edirlər.

Məryəm xanımın məhbus həyatı

Məhbus həyatının ilk aylarını Bayıl həbsxanasında keçirən Məryəm xanımı sonra uzaq Arxangelskə yola salırlar. Şimali Dvina çayının sahillərində ona ən ağır işləri tapşırır, işgəncələr verirlər.
Uzun illər ərzində topladığı biliklər burada Məryəm xanımın karına gəlir, o, ağır fiziki
əməkdən ayrılır, yerli müəssisələrin birində mühasib vəzifəsini icra edir. Tezliklə onu ağır xəstəlik yaxalayır - gözlərinin torlu qişası zədələnir. Xəstəliyinə görə müalicə almaq adı ilə onu Moskvaya - Butırsk həbsxanasına köçürürlər. “Müalicə”dən sonra o, yenidən Arxangelsk, sonralar Karaqanda həbsxanalarına göndərilir.

11 illik həbsdən sonrakı həyat

1948-ci ildə, onun 50 yaşı tamam olanda həbs müddəti başa çatır və M. Bayraməlibəyova Bakıya qayıdır. Həmin dövrə qədər o, tamamilə görmə qabiliyyətini itirir, əmək və ictimai fəaliyyətini davam etdirə bilmir. Əlillik onu mənəvi cəhətdən sarsıdır.
Stalin repressiyasını görmüş bu əyilməz qadın yuxarı instansiyalara müraciət edərək onun işinə yenidən baxılmasını tələb edir.
Nəhayət, 1956-cı ildə ədalət zəfər çalır. SSRİ Ali Məhkəməsi kollegiyasının qərarı ilə M. Bayraməlibəyovaya qarşı irəli sürülmüş bütün ittihamlar üzərindən götürülür. Bir il sonra Məryəm xanımın həyat yoldaşı C. Məlik-Yeqanova da ölümündən sonra bəraət verilmişdir.
1964-cu ildən Məryəm xanım fərdi pensiyaçı idi. Onun üç qızı: Azərə, Yaleyə, Asimə ali təhsilli mütəxəssis idilər. Azərə tibb elmləri namizədi, əməkdar tibb işçisi, tanınmış həkim oldu. Asimə isə anası haqqında deyirdi ki, anam mehriban və qayğıkeş bir insan idi. O, nahaq mühakimə olunmasını həmişə xatırlayır, bu işdə M.Ç.Bağırovu təqsirləndirirdi. O, rus, alman, ingilis, fars və fransizca danışmağı bacarırdı.
1964-cü ildən Məryəm xanıma dövlət tərəfindən fərdi təqaüd ayrılmışdı. O, 1987-ci ildə 89 yaşında Bakıda vəfat etmişdir.
2000-ci ildə C. Məlik-Yeqanovun Məryəm xanımla Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Təəssüf ki, M. Bayraməlibəyovanın adı və xidmətlərinə lazımınca diqqət yetirilməmişdir. Onun xatirəsini əbədiləşdirmək üçün Məryəm xanımın uzun illər çalışdığı Bakıdakı 89 saylı məktəbə və doğulduğu cənub torpağında bir sıra obyektlərə bu cəfakeş qadının adının verilməsi çox ədalətli bir addım olardı. Məryəm xanım yaşadığı şərəfli və əzablı ömür yolu ilə buna layiqdir.
Qeyd: Yazının hazırlanmasında yaxından köməyinə görə əməkdar müəllim Musarza Mirzəyevə, jurnalist Ağaddin Babayevə və tərcüməyə görə Xodaşirin Cəbiyevə təşəkkür edirik.
Növbəti sayımızda Məryəm xanımın həyat yoldaşı, general-qubernator Cavad bəy Məlik-Yeqanovun həyat yolundan bəhs edən yazı ilə tanış ola bilərsiniz.

Zahir Əmənov, "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий