15.04.2013

2013-CÜ İL... KİM UDACAQ..?

Azər Qaramanlı

BİZƏ SEÇİM İMKANI TANIMILAR… İNQİLAB ETMƏK HAQQIMIZ İSƏ YOXDUR

Prezidentliyə namizədlərin elan olunmasına və partiyalar arasında gedən qarşılıqlı ittihamlara baxmayaraq ölkədə seçki havası hələ tam hiss olunmur. Azərbaycan vətəndaşını isə seçki deyil, daha çox güzaranı üçün ən azından 12 saat işləyib bir parça çörək qazanmaq düşündürür. Amma buna baxmayaraq ölkədə keçiriləcək prezident seçkilərinə nə az, nə çox 7 ay qalıb. Əslində, bu 7 ayda nələrin baş verəcəyini maraq edənlər də azdır. Çünki 2008-ci ildəki seçkilərdə olduğu kimi hər şey özü-özlüyündə aydındır. Amma ortada başqa bir əmma da var ki, bu da Rusiya və İranın Azərbaycan hakimiyyətinə get-gedə artan təzyiqləridi.
Qərbin təzyiqləri isə o qədər azdır ki, belə desək, hələ görünmür. Hər halda görünən odur  ki, Qərb köhnə rolunu peşəkarlıqla oynamaq üzərində baş sındırır...
Azərbaycanda müxalifətin olması, daha dəqiq desək, çox şaxəli olması mübahisə edilməyəcək məsələdir. Bu müxalifət əsasən ötən əsrin 80-lərində formalaşan, daha çox hakimiyyətin özü tərəfindən idarə olunan klassik müxalifətə və göründüyündən qat-qat güclü olan, hər gün daha güclənən və ölkə xaricindən idarə olunan islamçı müxalifətə ayrılıb. Bir də Rusiyanın son bir ildə formalaşdırmağa çalışdığı, hələ görünməyən və daha çox separatçı ideyalara dayanan müxalifət var.
Hər üç müxalifətin hakimiyyətə gəlmək üçün seçkilərdən yaralanmaq kimi bir taktikası var, amma bu müxalif qüvvələrin seçkilər vasitəsi ilə hakimiyyətə gəlmək kimi bir strategiyaları yoxdur. Müxalif liderlər belə şansı xəyal belə edə bilmir, sadəcə öz tərəfdarlarını ayaqda saxlamaq üçün xəyal edə bilmədiklərini dilə gətirirlər. Ona görə də, müxalifətin hakimiyyətə gəlmək üçün düşündüyü və aradığı tək bir yolu var: İnqilab...
Seçkilərdən istifadə edərək inqilabi situasiya yaratmaqla hakimiyyətin qapılarını açmaq hər üç müxaliflərin əsas hədəfidir. Ona görə də ilk yazıda bu suala cavab verməyə çalışacağıq:
Azərbaycanda inqilab ola bilərmi?
Azərbaycanda inqilabın baş verməsi üçün bütün şərtlər var. Hakimiyyət 20 ildir ki, bu şərtləri davamlı olaraq formalaşdırmaqdadır. Yəni 20 illik YAP hakimiyyəti bu ölkədə dağıdıcı və qanlı inqilabın baş verməsi üçün bütün imkanlarını səfərbər edib və etməkdədir.
Bu şərtlər aşağıdakılardır:
1. Hakimiyyətin xalqın iradəsi və seçki vasitəsi ilə dəyişdirilməsinin imkansızlığı;
2. Ölkədə sosial bərabərsizliyin olması, sosial ədalətsizliyin pik həddə çatması, dövlət məmurlarının dövləti birbaşa öz şəxsi maraqlarına tabe etməsi, korrupsiya və rüşvətin dövlətlə vətəndaş arasındakı münasibətlərin bir nömrəli tənzimləyicisinə çevrilməsi, hakimiyyətin və ölkə sərvətlərinin, həmçinin bütün iqtisadi sahələrin, müxtəlif biznes və xidmət sahələrinin bir neçə hakimiyyət qruplaşması arasında bölüşdürülməsi,.. (bu sahədə siyahını çox uzatmaq olar);
3. Hakimiyyətin xarici siyasətinin təməl istiqamətini təşkil edən balans siyasətinin iflasa uğraması;  
Bu şərtlərin mövcudluğu Azərbaycanda nə zamansa inqilabın olmasını istinasız zəruri edir, amma nə zamansa... Pənah Hüseynin təbirincə desək, o məşum «X» günün nə zaman gələcəyini kəsdirmək olmaz. Hər halda o müdhiş gün 2003-2006-cı illəri əhatə edən “məxməri inqilab”lar dönəmində gəlmədi. 2011-ci ilin fevralında başlayan və hələ də davam edən ərəb inqilabları da Azərbaycana inqilab gətirmədi.
Baxmaraq ki, müxalifət 2003-2005-ci illərdə “məxməri inqilab”ın Azərbaycana gəlişindən əminliyini tam ortaya qoymuşdu və hələ də bu oyunun böyük aktyoru -  Qərbin vədlərinə inanaraq buraxdığı səhvlərin acı meyvələrini yeməkdədir. Eyni şey 2011-ci ildə də baş verdi. Yəni müxalifət hakimiyyətin xarici güclərlə münasibətlərinin korlanmasını iddia edərək dağıdıcı ərəb inqilablarının Azərbaycana gələ bilməsinin hesabını apardı və bu məsələdə də Rusiya və Qərb faktoru arasında girinc qaldı.
Məxməri inqilablar dönəminin tam qapandığını diqqətə alaraq, hazırda davam edən dağıdıcı «ərəb baharı»nın nədən baş verməsinin səbəbini araşdırmağa dəyər. Hər halda Qəzzafidən, Bin Əlidən, Əsəddən fərqli olaraq  ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqlərindən biri olan və heç bir zaman Vaşinqtonun iradəsinə qarşı çıxmayan Misir prezidenti Hüsni Mübarək hökümətinin qanlı inqilabla devrilməsi, Mübarəkin bütün ailəsinin həbs olunması, topladığı milyardlarla dollarlıq var-dövlətinin əlindən alınması və yeni hökümətin qurulmasına baxmayaraq hələ də inqilabın davam etməsi maraq doğuran məsələdir.
Dünyada böyük geosiyasi savaşın getdiyi indiki dönəmdə «ərəb baharı»nın dünyanın tək supergücü olan ABŞ-ın iradəsi xaricində baş verməsini iddia etmək heç də inandırıcı görünmür. Bəs belə olan halda...
...«Ərəb baharı»nın əsil səbəbi nədir?
Məxməri inqilablardan sonra və «Ərəb baharı»ndan əvvəl dünya qlobal iqtisadi böhranla silkələndi. Böhranın əsas səbələrindən biri ABŞ-da iqtisadi tənəzzülün yaşanması idi. Dünya iqtisadiyyatını hörümçək toru kimi saran ABŞ iqtisadiyyatında baş verən sarsıntılar dünyanın hər yerində özünü göstərdi. Böhrandan heç bir ziyan çəkməyən, daha doğrusu, neft qiymətlərinin artması ilə böyük qazanc əldə edən və daha da güclənən isə yalnız ərəb dövlətləri oldu.
2008-ci ilin sonlarında böhranın birinci fazası başa çatarkən bu açıq-aydın hiss olundu. Böhrandan sonra Liviya lideri Muammər Qəzzafi vəziyyəti dəyərləndirərək Avropa Birliyi timsalında ərəb dövlətlərinin siyasi-iqtisadi birliynin yaradılması ideyasını irəli sürdü.
İdeyanın ən qorxunc tərəfi Birliyin ümumi valyutası olan «qızıl dinar»ın tədavülə buraxılması və ərəb dövlətlərininin öz neftini ancaq «qızıl dinar»la satması təklifi idi. Təklifi ilk dəstəkləyənlərdən biri isə məhz Hüsnü Mübarək oldu…
İdeya doğurdan qorxunc idi və reallaşacağı təqdirdə ABŞ iqtisadiyyatı çökəcək və superdövlət ən azından 50 ilə yoxa çıxacaqdı…
İkinci dünya savaşının bitməsindən sonra dağıdılmış Avropanın bərpası üçün “Marşall planı”nın tətbiqinə başlandıqdan sonra  ABŞ dolları dünyanın tək beynəlxalq ödəmə valyutasına çevrildi və bu da ABŞ-ın dünyada supergücə çevrilməsinin səbəblərindən biri, bəlkə də, birincisi idi.
Bu avronun meydana gəlməsinə qədər belə idi. Avro məkanın meydana gəlməsi əslində, ABŞ-ın iqtisadi-siyasi qüdrətinə vurulan ən böyük zərbəydi. Çünki avronun meydana gəlməsi ilə Avropa özünü müstəqil elan etmiş oldu və bu müstəqillik həmçinin dünyada ikinci beynəlxalq valyutanın meydana gəlməsinin nəticəsi idi.
Xatırladaq ki, hər il dünyada orta hesabla 50 trilyon dollarlıq beynəlxalq alqı-satqı müqaviləsi imzalanır. Müqavilədə ödəmə vahidi ABŞ dolları göstərildiyinə görə ABŞ hər bir dollardan 5 faiz komissiyon əldə edir. Yəni hər il ABŞ havadan hardasa 250 milyard dollar qazanır. Heçdən gələn bu fantastik gəlirin müəyyən hissəsini Vaşinqton üçüncü ölkələrə yardıma sərf edir, əsas hissəsini isə ABŞ ordusunun ölkə xaricində keçirdiyi əməliyyatlara ayırır. Yəni faktiki olaraq Vaşinqton özünün imperalist maraqlarını və supergüc iddialarını beynəlxalq müqavilələrin dollarla həyata keçirilməsi üzərində qurur, bu siyasəti də məhz dollar vasitəsi ilə həyata keçirir. Bir sözlə, təkqütblü dünyanın supergücü dünyanı heçdən qazandığı pullarla idarə edir...
Avronun meydana gəlməsi ilə ABŞ bu gəlir sahəsinin təqribən 30%-ni itirmiş oldu. Bu vəziyyətdə ərəb dövlətlərinin «qızıl dinar» ideyası ABŞ üçün doğurdan fəlakət siqnalı idi. Neftin ərəb dövlətlərinin beynəlxalq valyutası ilə satılması, əslində, ABŞ-ın iqtisadi qüdrətini darmadağın edəcək bir ideya idi və paralel olaraq dünyanın ikinci iqtisadi gücü olan Çin də artıq beynəlxalq müqavilələri öz valyutası ilə həyata keçirmək iddasını ortaya qoyurdu. Rusiya isə artıq dəfələrlə MDB məkanında iqtisadi münasibətləri rublla həyata keçirmək üçün siyasi cəhdlər etmişdi. Rusiyanın və Qazaxıstanın dəfələrlə irəli sürdükləri Avrasiya iqtisadi məkanın yaradılması (Avrasiya Birliyi) ideyası məhz MDB məkanından dolları sıxışdırıb çıxarmağa hesablanmışdı.
Dünya bazarına çıxarılan neftin yarısından çoxunu istehsal edən ərəb dövlətlərinin dollardan imtina etməsi tam olaraq ABŞ-ın supergüc iddalarına qarşı irəli sürülən ən böyük təhdid idi. Elə buna görə də tələm-dələsik düyməyə basıldı. Bunun üçün ABŞ uzun illər boyu bəsləyib qoruduğu «Müsəlman qardaşları» təşkilatını irəli sürdü. (Bu təşkilatın nüfuzlu üzvləri və liderləri ABŞ-ın strateji dövlət struklurlarında yüksək vəzilərdə təmsil  olunurlar).
Nəticədə «Müsəlman qardaşları» təşkilatının əli ilə ABŞ-ın maraqlarını təhdid edən ərəb ölkələrində «yaşıl inqilab» baş verdi və hazırda bu inqilabların Suriyadan sonrakı hədəfləri bəlirlənməkdədir.
 «Ərəb baharı» ilə ABŞ, demək olar ki, Böyük Geosiyasi Savaşda önündə duran ciddi əngəlləri ortadan qaldırdı:
1. Dünyanın əsas strateji xammalı olan neftin böyük bir hissəsinə sahib olan və getdikcə güclənməkdə olan ərəb dünyasını hələ uzun müddət davam edəcək xaosun içinə soxdu. Həmçinin özünün əsas strateji müttəfiqi olan İsrailin mövqelərini gücləndirdi.
2. Avropa Birliyinin sərhədləri yaxınlığında böyük gərginlik ocağı yaratmaqla avro məkanına ağır zərbə vurdu. Artıq avro dollara qarşı rəqabət aparmaq imkanını itirib. Eyni zamanda Avropa Birliyinin cənubunda yerləşən dövlətlər (Yunanıstan, Kipr, İtaliya, İspaniya, Portuqalıya), böyük iqtisadi böhran içinə giriblər və bu böhran Avropa İtifaqını süquta doğru sürükləyir. Çünki Birliyin əsas güc mərkəzi olan Almaniya və Fransa öz iqtisadi qüdrətlərini cənubdakı iqtisadi böhranın qurbanına çevirmək istəmirlər. Bu durumda Birliyin dağılması Almaniya və Fransanın marağındadır. Üstəlik inqilabdan qaçan ərəblərin Avropaya üz tutması köhnə dünyanın iqtisadi qüdrətini çökdürən faktorlardan birinə çevrilir.
3. ABŞ bir daha öz rəqiblərinə sübut elədi ki, yerləşdiyi coğrafi məkanda  rəqiblərinin ona təzyiq etmək imkanı yoxdur. Çünki ABŞ-ın sərhədləri yaxınlığında gərginlik ocağı yaratmaq hardasa imkansızdır və ABŞ buna qətiyyən imkan verməz. Amma bunun müqabilində ABŞ istənilən corafiyada gərginlik ocağı yarağmaq imkanlarına sahibdir.
Məsələyə Azərbaycan konteksindən baxdıqda, təbii olaraq ortaya sual çıxır: hazırda beynəlxalq siyasətdə belə bir vəziyyətin hökm sürdüyü şəraitdə, Azərbaycanda inqilabın olması niyə ABŞ-ın maraqları çərçivəsinə daxil olmalıdı?
Axı Azərbaycan böyük geosiyasi savaşda ABŞ-ın iki əsas rəqibinə, Rusiya və İrana qarşı əsas qala rolunu oynayır. Məhz Azərbaycan ərazisindən Qərbə Rusiyadan və İrandan kənar enerji kəmərləri çıxır və bu enerjinin nəqli Qərbin Rusyadan və İrandan enerji asılılğını müəyyən qədər ortadan qaldırır. Üstəlik, Azərbaycan Orta Asiyanın böyük enerji ehtiyatlarını Qərbə ötürmək üçün ən təhlükəsiz dəhlizdir. Azərbaycan hakimiyyəti Qərbin bu maraqlarını təmin etmək üçün hazırlanan layihələrdə iştirak edir və enerji siyasətində Qərbin əsas tərəfdaşı kimi çıxış edir.
Bu halda Azərbaycanda gərginlik ocağının yaradılması ABŞ-ın maraqlarına daxil ola bilərmi? Təbii ki, yox.
O halda Azərbaycanda gərginlik ocağının yaradılmasına maraqlı olan Rusiya və İrandır və bu təbiidir...
Azərbaycanda hakimiyyət dəyişikliyi Rusiya üçün çox önəmlidir.
Amma Rusiya Qərbdən fərqli olaraq Azərbaycanın ənənəvi müxalifətinə nüfuz edə bilmir. Son 20 ildə Rusiya Azərbaycandakı mövsud siyasi qüvvələr arasında öz nüfuzunu itirib və təbii olaraq Rusiya ilə əməkdaşlıq sonda ölkənin müstəqilliyinin itirilməsi ilə nəticələnəcəyi qənaəti yaradır. Vəziyyəti dramatikləşdirən əsas səbəblərdən biri də odur ki, Rusiya Azərbaycan müxalifətinə qətiyyən güvənmir və bu qarşılıqlı inamsızlıq şəraitində tərəflərin əməkdaşlığını xəyal etmək belə çətindir.
Ona görə də rəsmi Moskvanın ölkədə yaşayan azsaylı etnik xalqlara və Rusiyada yaşayan təqribən 2 milyondan artıq azərbaycanlı kütləsinə güvənməkdən başqa çarəsı qalmır. Bir də əsasən İranın nəzarəti altında olan dindar kütlə var ki, Rusiya həmin kütləyə nəzarəti ələ keçirmək üçün İranı inandırmağa çalşır. Lakin görünən odur ki, Rusiya İranı hələ də inandıra bilmir. Digər tərəfdən Rusiya İrana inanıb özünü tələyə salmaq istəmir.
«Milyarderlər İtiifaqı»nı yaratmaqla Azərbaycan hakimiyyətinə təzyiq etmək istəyən Rusiya burda da dalana dirənib. Çünki həmin ittifaqda adı keçən milyarderlərin Azərbaycan xalqı ilə təmasları bu günə qədər sıfır olub. Azərbaycanda Söyün Sadıqovu dünənə qədər nə qədər adam tanıyırdı? Prezidentin qudası Araz Ağalarovun Azərbaycan xalqı nə zaman təması olub? Və yaxud Telman İsmayılovun Azərbaycan xalqının düşüncəsində yalnız bir anlamı oturuşub: əyləncəyə, kefə milyonlar xərcləyən adam...Bəlkə, bundan başqa bir anlamı var?
Ona görə də Rusiya Abbas Abbasov kartından maksimum yararlanmağa çalışır. Keçmiş baş nazir müavinin Azərbaycanla əlaqələri kifayət qədər genişdir. Hakimiyyət də bunun fərqindədir. Ona görə də artıq Abbas Abbasova qarşı təzyiq mexanizmini işə salıb.
Bəs Rusiya Azərbaycandan nə istəyir?
Böyük Geosiyasi Savaşda Rusiya uğur qazanması üçün Asiyadan Avropaya yönələn alternativ enerji dəhlizlərini öz nəzarəti altında saxlamalıdır. Təbii ki, Rusiyaının Azərbaycandan da istədiyi enerji layihələrini onun nəzarətinə verməsidir. Yəni Rusyia rəsmi Bakıdan bütün enerji layihələrini Rusiyanın nəzarəti altında yürütməsini tələb edir və təbii ki, Azərbaycan hakimiyyəti bu tələbi rədd edir. Ona görə də Rusiya Azərbaycanda tam olaraq Kremlin iradəsinə tabe olan bir hakimiyyətin formalaşmasına can atır. Bu isə o qədər də asan məsələ deyil…
Rusiyanın Qəbələ RLS-dən imtina etməsi faktiki olaraq rəsmi Bakıya qarşı demarş idi. Bu Rusiyanın Azərbaycanı öz dostları arasındani çıxarması anlamını daşıyırdı və Rusiya eyni demarşı 1993-cü ildə Azərbaycanda məskunlaşan rus-sovet ordusunu Azərbaycandan çıxarmaqla Azərbaycanda hakimiyyət çevrilişi üçün şərait formalaşdırmışdı.
Həmin vaxt Rusiya dövlət çevrilişini Surət Hüseynovun vasitəsi ilə həyata keçirməyə çalışsa da, çevrilişi Heydər Əliyevin vasitəsi ilə məhz Qərb tamamladı. Çünki Rusiya ilə Qərb arasında seçim edən Elçibəy Qərbə üstünlük verirdi. Ona görə də Rusiya bunu ona bağışlaya bilməzdi.
Hazırkı şəraitdə Rusiyanın Azərbaycanda çevriliş etməsi iki faktora görə imkansızdı:
1. Rusiya Azərbaycanda gedən prosseslərə birbaşa müdaxilə etmək imkanlarını itirib. Faktiki olaraq ölkə daxilində Rusiya ilə əməkdaşlıq edən siyasi güc mərkəzi yoxdur. Ona görə də Rusiya «Milyarderlər İttifaqı» vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışır. Ancaq «Milyarderlər İttifaqı»nın Azərbaycana təsir etmək imkanları çox azdır. Bütün hallarda bizim «siyasət dəllalarımız» «Milyarderlər İttifaqı»nın maliyyə imkanlarını sömürməklə məşğul olacaqlar.
Etniklər kartdan istifadə etmək də ciddi sonuc gətirməyəcək. Bütün hallardan Azərbaycanda ikinci Qarabağ yaratmaq üçün siyasi-iqtisadi və tarixi məkan yoxdur. Talış və ləzgi kartından istifadə Rusiyaya əlavə dividendlər gətirməyəcək və bu Rusiyanın bölgədəki nüfuzunu daha da sarsıdacaq. Çünki bir-iki “siyasi-dəllal” istisna olmaqla bu xalqlar Rusiyanın Azərbaycana qarşı planına qarşı çıxacaqlar.
Artıq hiss olunur ki, Azərbaycan Böyük Geosiyasi Savaşda öz strategiyasını müəyyənləşdirib. Neftdən böyük gəlirlər əldə edən Azərbaycan hakimiyyəti dünyaya Rusiyanın koloniyası olaraq açılmaq istəmir. Bu, özü-özlüyündə imkansızdır. Azərbaycan hakimiyyətinin özünü təcrid etmək kimi bir lüksü də yoxdur. Bu üzdən Azərbaycan tərəf olaraq çıxış etmək zorundadır və ona görə də Heydər Əliyevin əsasını qoyduğu xarici siyasətdə balans strategiyası artıq öz əhəmiyyətini itirib.
Rusiya və İranın təzyiqləri ilə üz-üzə gələn Azərbaycan hakimiyyəti hər gün daha çox Qərbə doğru yaxınlaşır. Qərb mətbuatının Azərbaycan hakimiyyətini ifşa edən materiallarla çıxış etməsi isə Azərbaycan hakimiyyətini daha çox öz təsiri altında saxlamağa qulluq edir. Əslində isə Qərb Azərbaycanda hakimiyyət dəyişikliyini bir mənalı olaraq qəbul etmir. Bu bölgədə böyük qarma-qarşıqlığın yaranmasına və nəticədə Rusiyanın vəziyyətə hakim olmasına gətirib çıxara bilər.
2. Azərbaycanda status-kvonun dəyişməsi Ermənistanın Rusiyanın təsirindən çıxmasına gətirib çıxara bilər. Birincisi, Rusiya Azərbaycanda hansısa uğur qazanmaq üçün Qarabağ siyasətinə yeni çalarlar gətirməlidir. Bu isə Rusiya ilə Ermənistan arasında uçurum yaradacaq faktordur. Digər tərəfdən Azərbaycanda Rusiyanın aktivliyi artıdığı təqdirdə, qarşılıqlı olaraq ABŞ-ın Ermənistanda aktivləşməsi ilə müşaiyət olunacaq.
Bu bir faktdır ki, Ermənistan dövlətinə ən böyük təsirə malik olan güc ABŞ-dakı erməni diasporudur. Erməni diasporu isə Vaşinqtonun təlimatı ilə Ermənistanda inqilab etmək gücünə sahibdir. ABŞ ona görə Ermənistanın ruspərəst siyasətinə dözür ki, Rusiya Azərbaycanda ABŞ-ın maraqlarını təhdid etmir. Bu təhdid açıq şəkildə reallaşdığı təqdirdə təbii ki, Rusiyanın Ermənistandakı maraqları da ciddi ziyan görəcək.
Bütün bu faktorlardan çıxış edərək demək olar ki, sonucda Vaşinqton və Moskva Azərbaycanda status-kvonun qorunmasında razılığa gələcəklər. Bu razılıq ən azından 5 il qüvvədə olacaq və təbii ki, 2018-ci ildə tərəflər durumu bir daha dəyərləndirib bir daha masaya oturacaqlar...
İran Azərbaycanda vəziyyəti dəyişə bilərmi?
Azərbaycana ən böyük təsir imkanlarından biri də İranın əlindədir. İran Rusiyadan fərqli olaraq Azərbaycanı öz təsiri altına almaq istəmir. İran Azərbaycan dövlətini ortadan qaldırıb bu torpaqları öz sərhədləri içinə almağa çalışır və bunu da artıq gizlətmir.
Amma Tehranda yaxşı başa düşürlər ki, Azərbaycana qarşı hər hansı hərbi addım, ona həm daxildə, həm də xaricdə ciddi problem yaradacaq. Ən azından ortada 1990-cı ildə Səddam Hüseynin Küveyti işğal etməsi kimi bir nümunə var. Təbii ki, Azərbaycanı özünə birləşdirməyə cəhdi ABŞ-ın İran müharibə elan etməsi ilə nəticələnəcək. Üstəlik, Cənubi Azərbaycanda böyük bir milli hərəkatın yaranması da qaçılmaz olacaq.
Ona görə də İran Azərbaycanı ideoloji olaraq ələ keçirməyə çalışır və bu işdə kifayət qədər başarılıdır. Nə qədər gizlətməyə cəhd eləsələr də, İranın siyasi və ictimai təsiri altında olan elektorat Azərbaycan müxalifəti içində ən böyük elektoratdır.
Dindar müxalifət həmçinin Azərbaycan müxalifətinin ən döyüşkən və fanatik kəsimidir. Hər halda Azərbaycan hakimiyyətinin İrana bağlı olan dindar qrupları satın alması və yönlədirməsi indiyə qədər heç bir nəticə verməyib. Ona görə də hakimiyyət davamlı olaraq islamçı müxalifətə qarşı repressiyalarla çıxış etməkdən savayı çıxış yolu görmür. Dini müxalifət isə hicab aksiyalarında öz güclərini minimum şəkildə ortaya qoysa da, hətta bu minumum güc belə sabah üçün qorxunc görünür.
Azərbaycanda hər hansı bir inqilabi prossesdə İrana bağlı olan dindar kəsimin geniş yer alacağı heç kimdə şübhə doğurmamalıdır və inqilabi hərəkatın əsas hərəkətverici və aparıcı qüvvəsi də məhz onlar olacaqlar. Son hicab aksiyasında polislə vuruşan islamçılar məhz bunu ortaya qoydular.
İslamçı müxalifətin demokratik müxalifətlə əməkdaşlığı isə imkansızdır. Çünki islamçıların ənənəvi müxalifətə olan  münasibətləri hakimiyyətlə olan münasibətdən heç bir şeylə fərqlənmir. Bu isə o deməkdir ki, Azərbaycanda hər hansı bir inqilabi dalğanın ikinci fazasını mütləq «yaşıl inqilab» təşkil edəcək.

Nəticə

Yuxarıda da qeyd elədik ki, Azərbaycanda inqilabın olması qaçılmazdır və bu zərurəti doğuran səbəbləri bilavasitə hakimiyyət yaradır. Hakimiyyətin özünü dəyişdirəcəyinə isə heç bir ümid yeri yoxdur. Çünki bu halda, hakimiyət öz mahiyyətindən imtina etmiş olacaq. Hakimiyyətin mahiyyətində isə hər hansı bir dəyişimə yol açmaq sonucda rejimin öznün məhvi ilə nəticələnəcək.
Amma nəzərə alsaq ki, bütün canlılar və bütün hakimiyyətlər sonucda yox olurlar, o zaman Azərbaycan üçün ən yaxşı variant tədricən öz mahiyyətini dəyişməsi və hakimiyyəti tamamilə zamanla təhvil verməsidir...
P.S. İkinci yazıda oxuyacaqsınız: Sosial şəbəkələr kimin işinə daha çox yarayır? Hakimiyyətin, yoxsa müxalifətin? Hakimiyyət üçün təhlükə hardan gəlir?

pia.az

Комментариев нет:

Отправить комментарий