15.04.2013

Gecələr onu mütləq söndürün...

Lalə Mehralı

Ümumdünya Səhiyyə Təşkilatının 13 ölkədə 12 min 800 nəfər üzərində apardığı araşdırmaların nəticələri açıqlanıb. Araşdırma mobil telefon və bu kimi məişət cihazlarının yaydığı elektromaqnit radiasiyanın beyin şişi (glioma), müxtəlif xərçəng xəstəlikləri, spermada azalma, hüceyrə ölümü kimi problemlər doğurması iddialarının gerçək olub-olmadığını sübut etmək məqsədi daşıyıb. 
Təhlükə burasıdır ki, iddialar düz çıxıb. ÜST-ün ötən gün yayılan hesabatında bildirilib ki, mobil telefon insanlarda beyin şişi, müxtəlif orqanların xərçəngi, sonsuzluq, beyində hüceyrələrin ölməsi kimi xəstəliklərə səbəb olur. 


Alim mobil telefonun fəsadlarından kitab yazıb

Hesabatda bildirilir ki, dünyanın tanınmış xərçəng mütəxəssislərindən biri olan Nobel mükafatı laureatı, akademik Devra Devis “Disconnect” (“Söndürmək”) adlı yeni kitabında mobil telefonların zərərləri barədə kifayət qədər ətraflı məlumat verib. Akademik Devis mobil telefonların planetdən təcili yığışdırılmadığı halda qlobal həyəcan təbili çalmağın labüd olacağını yazır.
Ümumiyyətlə, kəşf ediləndən bu yana mobil telefonun zərərləri barədə tez-tez müzakirələr aparılır.  Mobil telefonlardan yayılan elektromaqnit dalğaların insanlara ziyanlı təsirinin aşkarlanmasına istehsalçı firmaların nüfuzu mane olur. Devra Devis öz kitabında yazır: “Bir alim olaraq 6 il əvvələ qədər mobil telefonların etibarlı, zərərsiz olduğuna inanırdım. Hesab edirdim ki, mobil cihaz zərərli olsaydı hökumətlər, sağlamlıq təşkilatları insan səhhətini bu qədər  təhdid edən bir mexanizmin bütün dünyada sürətlə yayılmasına icazə verməzdi. Ancaq son 6 ildə öyrəndiklərim məni bu düşüncədən imtinaya məcbur etdi”.
Devis yazır ki, insan beyninin inkişaf mərhələsi 25 yaşadək davam edir. Dövrümüzün uşaqları mobil telefonla hələ ilk aylarda tanış olurlar. Ailə üzvlərində telefon varsa, uşaqlarımız elektromaqnit dalğaların sıx olduğu bir mühitdə böyüyür. Bu dalğaların yaratdığı radiasiya isə beyində hüceyrələrin ölməsinə gətirir və beyin inkişafdan qalır.
Rusiyalı alimlərin son araşdırmasını nəşr edən “lenta.ru” yazır ki, mobil telefondan istifadə edən 5-12 yaş arası uşaqlar üzərində 5 illik bir tədqiqata yekun vurulub. Araşdırma nəticəsində həmin uşaqların mobil telefondan istifadə etməyən yaşıdlarına nisbətən beyin inkişafında geriləmə, zəkasında problem, qavramasında gerilik, diqqət dağınıqlığı və mənimsəmə pozğunluqları aşkarlanıb.
Beynəlxalq Xərçəng Araşdırma Agentliyi (IARC) isə mobil telefonların və onların stansiyalarının yaydığı radiodalğaları meydana gətirdiyi elektromaqnit sahələri çoxdan təhlükəli elan edib. Amerikalı və danimarkalı alimlər 1990-cı illərin sonunda doğulmuş 13 min uşağı yoxladıqdan sonra məlum olub ki, hamiləlik zamanı gündə 2-3 dəfə mobil telefondan istifadə edən ananın körpəsində  davranış pozuqluğu ehtimalı 54 faiz yüksəlir. Uşaq mobil telefonla 7 yaşından əvvəl tanış olsa, risk 80 faizə qalxır. Çevrəsi ilə uyğunlaşma problemi 49, hiperaktivlik vəziyyəti  35, yoldaşları ilə  problemli ünsiyyət qurma vəziyyəti 34, ruhi-psixoloji baxımdan problemli olması nisbəti  25 faiz artır.
İnformasiya texnologiyaları mütəxəssisi Rafiq Zeynalov deyir ki, mobil telefonların sağlamlığa vurduğu zərərdən maksimum qorunmaq üçün cihazın istifadə müddəti və istifadə edərkən bədənə yaxınlığı barədə bilgilərə sahib olmaq, telefon alanda təlimatları tələb etmək lazımdır. Amma istehsalçıların əksəriyyəti bu faktorlara əhəmiyyət vermir.
Müsahibimiz deyir ki, radiotezlik dalğaları və elektromaqnit sahəsi iki cürdür. Biri ionlaşdırıcı, digəri qeyri-ionlaşdırıcı: “Mobil telefonu zərərsiz olaraq göstərmək məqsədi ilə telefondan qaynaqlanan dalğaların qeyri-ionlaşdırıcı olduğunu iddia edən istehsalçı firmalar bu telefonların sağlamlığa zərər vurmadığını deyirlər. Amma aparılan ən müxtəlif araşdırmaların nəticəsində məlum olub ki, bu dalğalar əslində ionlaşdırıcıdır və insan sağlamlığına zərərlidir”.
Həkim Azər Həsənov isə deyir ki, eyni əlindən və eyni qulağından istifadə edərək mobil telefonla danışan adamda beyin xərçəngi və əl sinirlərinin zədələnməsi ehtimalı artır: “Hər gün yarım saat mobil telefonla danışan kəs 10 il içində xərçəngin ən ağır formasına yoluxa bilər. Gündə 1 saat mobil telefonla danışmaq bu müddəti 5 ilə endirir. Nəzərə alsaq ki, indi gün ərzində 6-7 saat telefonla danışan insanlar var, o zaman onkoloji xəstəliklərin ölkəmizdə, eləcə də, dünyada  getdikcə artmasına təəccüb etməmək lazımdır”.
Mobil telefonla danışıq zamanı bədəndə müşahidə edilən prosesləri sadalayarkən həkim bildirir ki, zərərlər qısa və uzun müddətli ola bilər. Qısa müddətli zərərlər sırasına telefonun qoyulduğu qulaq sahəsində dartınma, stress və yorğunluq hissi, ürək batareyasının pozulması riski, qulaq zingildəməsi və qulaqlarda istiləşmə, diqqət pozulması, keçici karlıq, baş ağrıları, göz qaralması kimi əlamətlər daxildir.
Bunlar ayrı-ayrılıqda böyük problemlərdir, amma həkimin sadaladığı uzunmüddətli problemlərə nəzər saldıqda təhlükənin fərqində olmadığımıza əminlik ortaya çıxır. Müsahibimiz deyir ki, mobil telefonun uzunmüddətli  zərərləri çoxdur. Onlardan ən əsası genetik quruluşun pozulması, ağ qan hüceyrəsi  xərçəngi, ürək narahatlıqları, qan-beyin-damar sisteminin zədələnməsi, karlıq, yaddaş zəifləməsi və beyin şişi riski, embrion inkişafının ləngiməsi, qadınlarda uşaqsalma riskinin artması, qan hüceyrələrinin pozulması, yüksək təzyiq, immunitet sisteminin zərər görməsidir.
Beynəlxalq ekspertlər mobil telefonun zərərlərini minimuma endirmək istəyənlər üçün məsləhətlər hazırlayıblar. Bu məsləhətlərə görə, vacib olmadığı təqdirdə uşaqlara mobil telefon verilməməli, yaxınlığında saxlanmamalı, valideynlər mobil telefonla danışıqlarını uşaqlardan uzaqda reallaşdırmalı, mobil operator stansiyalarına yaxın ərazidə yaşamamalı, məktəb, xəstəxana, bağça kimi obyektlər bu stansiyaların ətrafında tikilməməlidir.
Hamiləlikdə mobil telefon istifadəsi minimuma endirilməlidir. Hamiləlik müddətində evdəki digər insanlar da evə gəldikdə telefonunu söndürməlidir.  Mobil telefonu çantada gəzdirmək lazımdır.
Radiasiya mobil telefona  gələn zəng zamanı 50 dəfə artır. Ona görə, telefonunuza zəng gəldikdə, düyməni basın və telefonu qulağınıza 1-2 saniyədən sonra yaxınlaşdırın. Bu təqdirdə radiasiya dağılmış olur.
Mobil telefon ən çox gecə zərərlidir, yuxulu ikən telefonla danışmayın, yaxşı olar ki, gecələr bağlayasınız. Mobil telefonunuzu ürək, beyin və cinsi orqanlara yaxın yerdə saxlamayın. Lift və dar otaqda telefonla danışmayın, daha çox maqnit hücumuna məruz qala bilərsiniz.  Səfər əsnasında mobil telefondan istifadə etməyin, ötürücü stansiya dəyişdikdə bədənə 50 dəfə çox enerji yüklənir.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий