02.05.2013

AYI BALASI

Rüfət Soltan

Özü böyüklüyündə bir oyuncağı əlində saxlayıb küçənin ortasında bir daşın üzərində oturacaq  qədər qürurunu satmışdı  sevgi üzündən.  O kimi gözləyirdi görəsən, yoxsa nəyisə gözləyirdi, hansısa bir hadisənin gerçəkləşə biləcəyinimi? Ümidlər insanı gah öldürür, gah dirildir belcəcə…   Sonra öz-özünə danışarmış kimi onunla bir zaman bağlamış olduğu eşq müqaviləsinin şərtlərinə əməl etməyən bir insana səslənirdi: “Ey insafsız sevgilim! Gəl də illər öncə mənə hədiyyə etdiyin bu oyuncaq ayı balasını üzünə çırpım ki, bəlkə ümidlərim də məndən küsər, beləcə rahat-firavan yaşaram bu həyatda sənsiz, kədərsiz… Sənin üzündən ağlıma belə qalib gəlməz oldum. Ürəyim hisslərimə hökümranlıq etməkdədir.  Hm..(o gülür) Əziz və zavallı  sevgilim sənə yazığım gəlir, bilirsən niyə? Heç olmazsa mənim ürəyim sahibinə vəfasız çıxmadı, sənin isə hal-hazırda nə ürəyin var, nə də ağlın.
Yaşa indi tək tənha bu qatillər dünyasında. Sevgi qatillərinin özbaşınalığı tüğyan edən bu eybəcər dünyada, səthi “daş-kəsəklərlə” dolu olan yer səthində…”  Bu ensiz küçə getdikcə daha da daralır, elə bil əlimdəki bu oyuncaq da artıq yer tutmağa başlıyır. Əvvəllər sən xaricdə, orda-burda olarkən əlimdə saxladığım  ayıbalasına baxar səni anardım səssizcə xatirələrimizdə…
Sən gözümdən düşdün sadəcə… Uzun müddətdir ki, aram-aram, sevə-sevə,  səninlə qalxdığımız o dağın zirvəsi indi gözlərə qənim olmuşdur bunu biləsən. Sən gözlərin və şüur qüvvətinin çata bilmədiyi bir dərinlikdəsən. Sədəcə o virtual həyatın xatirələri… Nə deyə bilərəm, məni sənə bağlayan onlar olsa gərək, bir ömür yaddaşımdan mən ancaq dəli olduğum təqdirə çıxa bilən xatirələrə… Bax buna görə də sənə nifrət eləməyə başladım. Sonra bilirsən neylədim, həmin xatirə vərəqlərini həvəskar və özünü yazıçı hesab edən bir duyğusuza hədiyyə elədim, dedim ki, get bunları necə istəyirsən saf-çürük elə. O isə elə sabahsız günü, bəli sabahsız gün(bu qədər tez bir zamanda) roman hesab elədiyi, mənasız yazısını mənə verdi. Mən isə eləmdim tənbəllik başladım oxumağa. Oxuduqca sevinirdim, izlədiyim yararsız hala salınmış əttökən cümlələr məni gülməyə vadar edirdilər. Ona görə sevinirdim ki, nəhayət sevgimizi bərbad hala sala bilmişdim. Mən buna nail olmağı bacardım. Başqa nə gözləyirdin ki, bir gün içində (o yazıçı qırığı bunu hətta bir neçə saata yazıb bitirdiyini söyləyirdi) hazırlanan əsərdən? Əgər ona əsər demək olarsa. İndi səni axtarıram ki, o bərbad hala salınmış yazıları sənə göstərim və bununla lazımsız xatirələri nə hala saldığımı görəsən. Bəli mən dəyəri almazlarla, mirvarilərlə, hətta daha artıqları ilə ölçülən virtual sevgimizi, bir anda paslanmış bir metal qırıntısına dəyişdim. Onu bir dilənçiyə verdim, o isə əlimdən qaparaq əvəzində həmin “paslanmışı” mənə qaytardı…
Yaxşı gecdir daha, günəş qürubda itməyə hazırlaşır.”
Tənha qız yerindən qalxıb məkanı ensiz küçənin iziylə üzü gün batan istiqamətində yürüməyə başladı. Asta və zəhmini itirmiş addımlarla müşaiyət olunurdu onun yerişi. Çox yorğun  haldan düşmüş vəziyyət onu haqlamışdı. Yeriyirdi, yeriyirdi…  Bİrdən qəfil onun qarşısını kəsən cavan və yaraşıqlı bir oğlanı görüncəyə qədər…
Tənha qız təəccüb və bir az sonra qəhər içində qalmışdı. Boğulurdu, səsi belə çıxmaz oldu bu insan qarşısında. Onun qarşısını Tənha oğlan kəsmişdi. Tənha oğlanın eyni zamanda gözləri dolmağa başlayırdı. Parıltılar, alayarımçıq qaranlığın sferasında parlaq ulduzlara dönmüşdülər. İki cüt ulduz. Ancaq bir məqam vardı. Bu o məqam idi ki, onların hər ikisi fərqli səbəblərdən fərqi duyğulardan, ən əsası fərqli peşamnçılıq halətlərindən əziyyət çəkərmiş kimi bu ulduzlara sahib qılınmışdılar. Birisi kənardan onları izləsə Tənha qızın nədənsə peşmançılıq çəkdiyini, oğlanın isə bu peşmançılığa rəva tanımayan intiqam istəyində olduğunu görmüş olacaqdı. Bir neçə saniyə o parlaq gözlərin baxışı onlardan birini ilk öncə dilə gətirəcəkdi. Çünki danışmalı hesaba çəkməli, bir yazıçının bu səhnəni qeydə alacağı müddətin bəlkə bir ömürə bərabər olacağı uzun bir mövzu ərsə olunmuşdu. Bəli! Saniyələrlə ötüşən izdihamlı baxışların ardından qəzəbli, lakin duyğusal, qəlbi qırılmış bir personalı canlandıran həmin o cavan Təha oğlan dilləndi. Çox kəlmə işlətmədi sadəcə “İllər öncə sənə verdiyim ürəyimi istəyirəm səndən”. Qız isə ona dərhal cavab vermək istədi:”sən mənə ürəyini verməmisən axı”. Ancaq heç bir şey  söyləməz oldu. Ardınca tərəddüt elədi və sonda səmimiliyinə doğruluğuna arxalandığı kəlməni işlətdi “Sənin ürəyin özündədir, sən mənə ürəyini verməmisən”.
- Elədirsə bəs o əlində saxladığın ayı balasına nə deməli? Hə?
Bu cavabın ardından qız təəccüblü şəkildə gülür:
- Sənin nə demək istədiyini anlamıram. Bu ayı balasının isə sənə heç bir aidiyyatı olmadığına əminəm.
- Yox, sən yanılırsan, hal – hazırda səni atıb gedən bir sevgilinin illər öncə sənə bağışladığını düşünürsən?
- Qız duyğularını bir anlıq sıradan bir söhbətə dəyişməli oldu: Başqa necə olmalıdır ki?
- Onu verən insan mənəm!
Bu cavab istənilən izləyicini təəccübə qərq edə bildiyi kimi həmin Tənha qızın da beynində sullar yaratmışdı. Bilirsinizmi niyə? Çünki, bu vəziyyətin yaşanmasına tək bir səbəb illər öncə Tənha qızın real və əyani sevgini virtual və qiyabi sevgiyə dəyişməsi olmuşdu. Ancaq o bunu hələ anlamırdı, heç təsəvvürünə belə gətirmirdi. Zəmanə korlanıb sadəcə. Bir qız etibarsız sevgini, hər şeyi üzdə səmimi olan bir sevgiyə dəyişmişdi sadəcə. Bax indi növbəsi idi ki, bu alaqaranlıq küçədə qızın önünü kəsən illər öncə ona səmimi sevgi etirafı edən lakin buna rədd cavabı alan Tənha oğlan bunları yanğılı ürəyilə qıza danışsın. Bəlkə də tənha qız bunları eşitdikcə nə qədər yalnış bir oyun oynadığını bütün aydınlığı ilə anlayacaq və özünə hansı bir qədərin bəxş olunduğunun fərqinə varacaqdır.  Tənha qızın gözündə sulanan yaşları artıq qurumuş olsa da Tənha oğlanda hələ qalmaqda idi. Çünki onun danışacağı sözləri gözlərini nəm saxlayırdı. Nəhayət titrək həyəcan dolu səslər xırıldamağa başladı:
-          “Sənin illər öncə tanış olduğun birisi var idi, hansı ki, bax bu ayı balasınıı o insanın sənə hədiyyə etdiyini söyləyirsən”.  Qız durğun  baxışlarla oğlanınn dodaqlarından çıxan kəlmələri izləyirdi:
-          Bəli o verib və mən o insanı seçmişəm səni yox.
-          Buna peşmansanmı?  Tənha qız peşman olduğu təqdirdə qürurunu əldən vermək istəmirdi:
-          Təbii ki, yox. Niyə peşman olmalıyam ki, illərdir bu ayı balasını saxlamışam onun üçün.
-          Bəs buralarda nə işin var bu vaxtı? – Tənha oğlan ətrafa qısa müddətlik göz gəzdirdikdən sonra sözünə  davam elədi-səni buralara buralara gətirən nədir?
-          Dedim axı bu məsələnin sənə heç bir aidiyyatı yoxdur.
-          Üzünün makyajı pozulub, görünür möhkəm ağlamısan.
Qız artıq narahatlıq hiss eliyirdi:
-          Kifayətdir, gecənin bu vaxtı küçənin ortasında heç bir yaxınlığım və heç bir bağlılığım, olmadığı bir insan məni sorğu-suala tuta bilməz. – deyib oradan uzaqlaşmaq istəyərkən Tənha oğlan qızın qolundan tutub saxladı. Bundan hiddətlənən Tənha qız dərhal sərt reaksiyasını üzə verməkdən çəkinmədi:
-          Sən hansı səviyyənə güvənib məni saxlayırsan, burax əlini.
-          Xahiş edirəm, dinlə! Mən hələ son sözümü  deməmişəm. – Onlar çəkişirdilər, qız qolundan yapışan oğlandan yaxa qurtarmaq istəyir oğlan isə onun qolunu buraxmır və hətta ona yalvarırdı ki, dinləsin. Bu an Tənha qız bir anlıq bütün fikrini oğlanın gözündən axan yaşlara cəmlədi və ardınca yerində vurnuxmağına son qoydu:
-          Başa düşmürəm sən niyə ağlayırsan? Oğlan artıq bayaqdandır dolmuş gözlərindəki mayeni saxlamağı bacarmadı və sadəcə bir kəlmə işlətdi:
-          Bir vaxtlar sevdiyim bir qadının ağılsız düşüncələr və ürəksiz hisslər yürüdərək yol verdiyi kobud səhvə görə. Və mən bunu özümə bağışlaya bilmədiyimdən dolayı sənin qabağında göz yaşı axıdıram.
-          Mən səhv eləməmişəm.
-          Yalan söyləyirsən, buna əminəm. – Tənha oğlan artıq  qızın qolunu buraxmışdı.
-          Sən buunları hardan bilirsən. – O qarşısında bədəni islaq kədər yorğanına bürünmüş bu zavallıya(əslində zavvallı olan tək birisi sevgi oyununun məğlub tərəfi olan bu qız idi) tamaşa edib qısa fasilədən sonra yenə dilləndi-əgər bilirsənsə o zaman mənim bu vaxt tanımadığım bir küçədə niyə görsəndiyimə də bir izahın vardır yəqin.
Tənha oğlan dərin və mənalı baxışlarla bir neçə saniyə qıza tamaşa elədi. O düşünürdü ki, bəlkə Tənha qız hər şeyi başa düşər artıq,  lakin belə olmadı və madam ki, baxışların bir önəmi qalmayıb demək ki, izah etməyəcəyi təqdirdə Tənha qız heçnə başa düşməyəcək çünki, sevgi atmosferi çoxdan  yox olmuşdu. Bunun ardından illər öncə qəlbinin sındığı bu oğlan onunla qarşı-qarşıya üz-üzə dayanmış həmin o səbəbkarı tənbeh etməyə tam hüquqlu və bununla bərabər hazır görünürdü. Və o danışmağa başladı:
-          Məndən soruşursan ki, bunları hardan bilirəm? Mən isə cavab verirəm: Əgər bilməsəydim tanımadığım bəlkə də ömrüm boyu bircə dəfə də ayağımı basmadığım  ensiz darıxdırıcı bir məkanda nə işim var idi?
-          … Məntiqli görünür.
-          Hm(oğlan gülürdü..).
-          Niyə gülürsən?
-          Bilmirəm qeyri – ixtiyari baş verdi. Bəlkə də elə bilərəkdən və sənə gülürəm.
-          Gülməliyəm?
-          Əslində ağlamalı bir vəziyyətdəsən.
-          Bu sözləri özümə necə qəbul edim: Kobud birisi tərəfində edilən təhqir yoxsa xəbərsiz olduğum həqiqət?!
-          Həqiət olduğunu yaxşı bilirsən.
-          Mən yazıq durumda deyiləm və zavallı olan birisi varsa o da sənsən.
-          Yaxşı, icazə ver sənin əhvalatında görmədiyin, bəlkə də görüb də anlamadığın bəzi nüansları özünə çatdırım: “Mən sənin buraya gələcəyini və nə vaxt gələcəyini də bilirdim. İllər öncə tale məni sınağa çəkdiyini anlamışdım və ona(taleyə) üsyan edə bilməyəcəyimi dərk etdikdən sonra  sənin özünü sınamağa qərar verdim”.
Tənha qız nə isə anlamağa, qarşısında dayanmış “məcnun”un sözlərindən varsa əgər bir həqiqət çıxarmağa çalışırdı. Görünür buna hələ ki, nail ola bilməmişdi. Oğlan danışmağa davam gətirdi:
-          “Sənə sual verirəm: Bu əlində saxladığın oyuncaq. Onu sənə kim bağışlayıb?” Tənha qız ona ünvanlanan sual qarşısında özünə qaşlarını büzməkdən başqa çarə qılmadı və çəkincəli halda cavab verdi: Təbii ki, sevdiyim insan.
-          Ona “sevdiyim” dedin, “sevgilim” yox.
-          Bunun nə frəqi var ki?
Oğlan rişxəndli təzahürə boyanmış çöhərsində gülümsəyirdi:
-          “Sevdiyim” sözü “qarşılıqsız” anlayışına tabedir, sevgilim sözü isə “qarşılığ”a yönəlmiş məna kəsb edir. Sənin sevgin qarşılıqsızdır. Eynilə mənim sənə olan sevgim qədər. Mən də “sevdiyim” kəlməsini işlədirəm hərdən.  Təhna qız Tənha oğlanın doğruluğu qarşısında əriyib yox olmaq istəyirdi ancaq hələ ki, görsənirdi.
-          Yaxşı bunu istiyirsənsə deyim: Bəli mən də atıldım, mənə də yalan vədlər verildi. Və gördüyün kimi bu küçəni tək tənha tərk edirəm. Əlimdə saxladığım oyuncağı(ayı balası) isə zibil qutusuna atmağa hazırlaşırdım. Bunları deməyimi istəmirdin?! Dedim indi icazə ver çıxım gedim. Artıq gecdir. Bir saata yaxındır küçənin ortasında danışırıq millət bizə baxır.
-          Səndən bu sözləri eşitməyə ehtiyacım yoxdur çünki, mən bunları zatən bilirdim. Çünki, səni bu yerə, bu məkana dəvət edən kəs də mən özüməm. Bir az öncə sənə əlindəki köhnə oyuncağın kimin verdiyini soruşdum. Sən isə “sevdiyim” söylədin. Yaxşı bəs sən o dırnağarası sevdiyinin heç üzünü görmüsənmi?
-          Bəli.
-          Facebookda profil şəklinimi? – Oğlan növbəti dəfə gülür.. Qız isə bu gülüşün önündə susmuşdu. – Məgər hər profilə şəkil yerləşdirən insan onun özü olduğuna inandırmağı bacarırmı? Ancaq görünür ki, səni inandırıb.
Bu sözlərin ardından Tənha qız qəfil gözlərini bərəldib oğlana zillləndi:
-          Yox! Bu ola bilməz.
Oğlan artıq qələbəsəini bayram etməyə hazırlaşırdı:
-          Niyə? Qucaqladığın o əşyanı biləvasitə “sevdiyinin” özü sənə hədiyyə edə bilmirdisə və buna görə hansısa bir vasitə ilə sənə göndərmişdirsə, niyə də sən fikirləşdiklərin olmasın.  Tənha qız göründüyü kimi məsələnin fərqinə gec də olsa varmışdı. O ağlamağa başladı. Gözlərində yaşlar sel kimi axırdı. Tənha oğlanın göz yaşları isə sanki estafeti Tənha qıza verib özlərini qurutmuşdular.
Tənha oğlan qarşısında dayanmış sevgi qatilinin göz yaşalrına məhəl qoymadan alovu daha da şiddətləndirməyə davam edirdi: “Sən bu qədərmi alçaldın ki, virtual sevgiyə belə inandın. Bilirsən mən səninlə bu kədərli sınaq oyununa başlayarkən əslində planlarım fərqli idi. Sənə bu səviyyədə əzab vermək niyyətində deyildim, sadəcə bunu sən istədin, sən şərait yaratdın. Sosial şəbəkə vasitəsilə səninlə virtual əlaqələrimi tez bir zamanda əyaniləşdimək fikrində idim. Sənə səhvlərini görsətməyə açığı tələsirdim o zaman. Ancaq gördüyün kimi mən də qəddarlığı bacardım və bu virtual eşq məcərasına vurğunluğundan daha çox istifadə etməyə başladım bu da sonu, indi qarşımda xəcalətindən başqa bir məxsusluğun qalmayıb.
Xatırla! O qəddar virtual aşiqinin sənə verdiyi və əməl etdiyi vədləri xatırla. Bunlar olmadımı səni e-sevgiyə bağlayan. Yoxsa flörtmüydü yaşananlar. Xeyir, flörtün ömrü uzun olmur. Yox əgər arxasında çoxlu var-dövlət imkan, pul-para olursa, və sənin e-sevgilin deyilən həmin o insan özü görsənmədən hər istəyini yerinə yetirirsə niyə də olmasın. Niyə də onu virtual  olduğu halda sevməyəsən. Hm… Heç mənimlə Scype-da belə danışmağını istəmirdim. Sən isə bunun səbəbini belə soruşmurdun. Əgər istəyin həmin o e-sevgili olsaydı onunla görüşmək üçün təkidlərin çox olardı, görünür məqsədin fərqli yönlərə meyl salmışdı.  Əslində bu işdə də sənin sevgiyə sadiqliyini ələkdən keçirmiş oldum. Mən virtual tanışlığın xoşbəxtliyə və gerçək sevgiyə modifikasiya edəcəyinə qismən inana insanam. Onun üçün də  virtual birlikdəliklərdən sonra məni, yəni həmin o e-sevgilini real həyatda görmək arzularını yoxladım, yox heç o zaman da nail ola bilmədin əsil sevgiyə. Görürsən, bunların hamısından xəbərdaram, axı yeməyi yedizdirən-onun yeyəndən savayı təamı tanıyan yeganə aşbazdır”. Zira səninlə uzun müddət oynadım, artıq getdikcə sənin özündən xəbərsiz aldanışın icraçı olaraq məni üzməyə başlayırdı. Və nəhayət səni bura, hər ikimizində tanımadığımız ensiz, dar məhəlləyə  dəvət eləməkdən başqa çarəm qalmadı… Tənha oğlanın barıt təki sözləri qızın gözlərində alovlanan atəşi daha da şiddətləndirmişdi. Nə qadər qəribə olsa da Tənha oğlan bundan dərin ürək ağrısayla həzz alırdı. Dərin ürək ağrısıyla…  Tənha qız bir andaca bu acı taleyin qarşısında aciz bir varlığa dönüşmüşdü. O çox dərin və məyus baxışlarla başını aşağı salıb yerə zillənmişdi. Gözlərindən damlalar asfalt örtüyü isladırdı. Tənha oğlan  isə onu izləməkdə davam edirdi.
Həyatın acı taleləri onun qanunları üzərində qurulur. Sevgi qanunları…  Qanuna əməl etməyən isə bax o Tənha qız olmuşdu. İndi isə dərin və geçiləməz bir maneəyə rastlaşmışdı. Ya özünü bu dərin dərədə məhv edəcək, ya da, uzun bir müddət təbiətin formalaşmasını gözləyib qarşısını kəsən həmin dərə alçalacaq və əziyyət çəkərək, iztirablarla o dərəni keçib gedəcəkdi. Kim bilir bəlkə də əksinə, əcəl onu yaxalayana qədər o dərənin qalxmasını gözləyərək həyatını başa vuracaqdı.  Ağlamaqda olan Tənha qız Tənha oğlanın gözünə görsənmək istəmirdi həmin an. Çünki, qarşısnda məyus hala düşdüyü birinin baxışlarına axı nə qədər tab gətimək olardı. Bəli o bunu elədi və oradan dərhal uzaqlaşmağa cəhd göstərdi, gözlərindəki sel isə dayanmaq ərəfəsində belə deyildi. Qız Tənha oğlanın yanından çəkilmək, bir ömür onun gözlərində fikirlərindən yayınmaq, uzaq düşmək istəyirdi. Bunun üçün Tənha oğlanı tərk etmək ilk addım hesab olunurdu. Tənha qız qaranlıq küçədə növbəti addımını atmaq istəyərkən Tənha oğlan onu saxladı. Artıq bu jestin qarşısında qəzəb nümayiş etdirmək yersiz görünürdü. Tənha oğlanın niyyətində isə tək bir şey vardı. O növbəti dəfə qızın qolundan tutdu və dedi: “Ayı balasını qaytar sonra get”….

Комментариев нет:

Отправить комментарий