02.05.2013

MÜJKANIN TALEYİ

Akif ABBASOV

 “Acı xatirələr” romanından bir parça

Müjkan mağazada işləyirdi. İşdə gah birinci, gah da ikinci növbə olurdu. İşin sonuna yaxın Rasim onun yanına gəlir, aparıb ya mənzilinə yola salır, ya da kafelərin birində əyləşib nahar, yaxud şam edirdilər. Müjkan onlar üçün bilet almışdı. Emil artıq Bakıya yola düşmüşdü. Oradan da kəndlərinə gedəcəkdi.
Rasim də getməyə hazırlaşırdı. Belə günlərin birində Rasim Müjkanın mənzilində oturub çay içirdi. İkisi idi. Sima Səhəri Kukla Teatrına aparmışdı. Qabaq-qabağa oturmuşdular. Müjkan ev paltarında, xalatda bir özgə cür görünürdü. Sanki göydən enmiş mələk idi. Rasim özünü saxlaya bilməyib ayağa qalxdı. Müjkanın başını qucaqladı. Müjkan dartındı. Rasim əlini çəkib şeir oxudu:


Baxdım gözlərinə, isindi qəlbim,
Gözünün odunu görə bilmədim.
Toxundum əlinə, tutuldu dilim,
Əlini buraxıb, gedə bilmədim.

Müjkan:
-Səhv eləmirəmsə, Musa Yaqubun şeiridir-dedi.
Rasım təsdiqlədi:
-Bəli, Musa Yaqubundur.
Rasim yeni bir cəhd etdi. Müjkan onun əlini özündən kənarlaşdırdı. Dilxor olan Rasim ehtiyatsızlıq etdi:
-Sənin bədənin mənimdir. Mərcdə udmuşam. Fəqət nə zamandır mənə aid olana yiyələnə bilmirəm.
Müjkan əlini xalatının yaxasına atdı və ucadan:
-Tərəf müqabilinin könlü və razılığı olmadan mərcdə udduğun bədənə yiyələnmək istəyirsənsə-buyur! Fəqət ondan sonra dur, buradan rədd ol, gözlərim səni bir daha görməsin!
Müjkan ağlamaq tutdu. Rasim yerindən tərpənmədi. Donub qaldı. Müjkan da onun elə mərifət sahibi olmadığını yaxşı bilirdi. Rasim üzrxahlıq etdi, Müjkan onu bağışladı. Əli ilə Rasimə oturmağı buyurdu. Rasim keçib yerində əyləşdi. Müjkan söhbətinə başladı:
-Başqaları kimi sən də mənə bir fahişə kimi baxır, əxlaqsız qadın kimi yanaşırsan.
Rasim peşmançılıq hissi ilə:
-Bağışla məni, fəqət mənim sənə münasibətim düşündüyün kimi bayağı deyil, səmimidir.
Müjkan göz yaşlarını bir təhər boğaraq söhbətini davam etdirdi:
-Sözümü kəsmə, dinlə. Mən yalnız bir dəfə fahişəlik etmişəm. Mən namuslu, qeyrətli bir ailənin qızıyam. Valideynlərim gözü-könlü tox, görüb-götürmüş, istidən-soyuqdan çıxmış adamlardır. Anam xanım-xatun arvaddır. Sevib, könül verdiyim Çərkəz adlı bir oğlana qoşulub qaçdım. Evdəkilər həmin oğlanla ailə qurmağıma razı deyildilər. Ona görə də bu addımı atdım. İxtiyarım özümdə deyil, könlümdə idi. Cavanlığın belə işləri var. İndi də gəncəm, amma daxilən qocalmışam, yaşa dolmuşam. Sevdiyim oğlana ərə getdiyim üçün xoşbəxt idim. O da məni sevirdi. Sən demə, xoşbəxtlik nisbi anlayışmış. Atamla anamın incikliyi bir yandan, hiss edirdim ki, bu evdə arzuolunmaz gəlinəm. Qaynanamın məndən xoşu gəlmirdi. Özü də baxmayaraq ki, ondan ötrü əldən-ayaqdan gedirdim, qulluğunda dururdum. Bu da səbəbsiz deyildi. Bu evə onun arzu və istəyi ilə gəlməmişdim. Arada söz-söhbətimiz olurdu. Dərdimi deməyə kimsə yox idi. “Özü yıxılan ağlamaz” bax bu yerdə deyiblər. Ərim cavan və təcrübəsiz idi. Anası ilə mübahisələrimizi necə həll edəcəyini bilmirdi. Gah məni müdafiə edib anasının üstünə qışqırırdı, gah da anasının tərəfində durub ağzından çıxanı mənə deyirdi.  Hamiləlik dövrünü beləcə-göz yaşları və təhqirlərlə keçirdim. Qızım oldu. Qaynanam Rəxşəndə xanım bir az mehribanlaşdı, necə olmasa nənə idi. Çərkəz də körpəyə bağlandı, mənə qayğısı artdı. Fəqət bu xoş günlərin ömrü az oldu. Çərkəz Rəxşəndənin  kafesində işləyirdi. Az-çox dolanışıq vardı. Rəxşəndədən olsaydı, məni də kafedə xörəkpaylayan vəzifəsinə götürərdi. Yaman tamahkar və abırsız qadın idi. Bir dəfə mənə:
-Maşallah, şəkil kimisən. Sifətində can alan xalın var. Dodaqların qaymaq, yeriyəndə yançaqların əsim-əsim əsir. Kafeyə sənin kimilər lazımdır. Əyrimçə qadınlar yox. Onların ucbatından kafeyə az müştəri gəlir. Sən isə, özgə aləmsən. Yanımda işləsən, müştərilərin sayı-hesabı olmaz. Bu kişilər ölürlər yarlı-yaraşıqlı, dolu əndamlı qızlar, qadınlar üçün. Üzlərinə gül, canını al. Görəcəksən açdılar pul kisələrinin ağzını, səpdilər başından.
Mənim heyrətlə açılan gözlərimi görüb başa düşdü ki, onun dedikləri mənim xoşuma gəlməyib tez sözlərinə düzəliş verdi:
-Səni nəzərdə tutmuram. Ümumiyyətlə deyirəm.
Rasim diqqət kəsilmişdi. Müjkan qəmli hekayətini yana-yana danışırdı:
-O mənim ağzımı arayırdı. Razılıq versəydim, günü sabahdan məni çəkəcəkdi kafeyə. Xasiyyətini bilirəm, özü də deyəcəkdi: “Yanını əsdirə-əsdirə, gözlərini süzdürə-süzdürə, naz-qəmzə sata-sata başla gələnlərə xidmət eləməyə. Hər şey pulun üzərində qurulur. Pul qazanmağın mümkün olduğu yerlərdə və anlarda gərək fürsəti əldən verməyəsən. Pul qazan, pul. Güc-puldadır”. Bax, Rəxşəndə belə dəhşət saçan arvad idi.
Demə, valideynlərim haqlı imişlər, onun necə əfi ilan, birisinə-kişi, o birisinə-arvad tapan aradüzəldən olduğunu bilirlərmiş.
Rasim soruşdu:
-Bəs Çərkəz necə baxırdı anasının yüngül hərəkətlərinə?
-Necə olsa anası idi. Onun çörəyi ilə boyümüşdü. Çərkəz uşaq olanda atası onları atıb ilim-ilim itmişdi. İndi də gördüm deyən olmayıb.
-Yəqin Rəxşəndənin əlindən qaçıb.
-Elədir. Onda Çərkəz yaşyarımında imiş.
Evdə sakitlik, dinclik idi. Çərkəz balaca Səhərlə oynamaqdan doymurdu. Bir ucdan uşaq paltarları alırdı. Ona deyirdim ki, hamısını eyni ölçüdə almasın. Hamısını eyni zamanda geyməyəcək ki. Bəzi paltarlar böyük ölçülü olsun. O da deyilənləri nəzərə alırdı.
Rəxşəndə də uşaqla mehriban davranırdı. Birlikdə körpənin bələyini dəyişdirir,  çimizdirirdik. Uşağı ana südü ilə əmizdirirdim. Sonralar ailədə baş verən söz-söhbət, ixtilaflar nəticəsində südüm kəsildi. Keçdim uşaq yeməklərinə. Harada hazırlanırsa, haradan gəlirsə gəlsin, nə qədər baha və tərifli olsalar da, bu uşaq yeməkləri ana südünü əvəz edə bilmir.
Son zamanlar Çərkəz qəribə olmuşdu. Bəzən key kimi olur, bəzən əhvalı həddindən artıq yaxşılaşırdı. Səbəbsiz yerə deyib-gülür, zarafat edir, körpəylə hədsiz mehribanlıq edir, əlini, ayağını öpürdü. Bəzən də sakitcə oturub dinib-danışmır, yaxud da hədsiz əsəbi olurdu. Söyüş söyür, qışqırır, başını divara vururdu. Anası ilə nəsə danışandan sonra yoxa çıxır, bir müddət sonra kefi kök qayıdırdı.
Qəribə idi. Əvvəllər yatağa uzananda, məni öpür, əzizləyir, bağrına basaraq, əldən salmamış  dincəlmirdi. Son zamanlar isə, məndən ya əvvəl, ya da sonra yatağa uzanar, arxasını mənə çevirərək yatardı, yaxud da arxadan məni qucaqlayaraq, hərəkətsiz qalır, beləcə yuxuya gedirdi. Əvvəllər fikirləşirdim ki, yəqin nəsə məndən incikliyi var, anası məndən ona nəsə deyir. Ya da Rəxşəndə ilə aramızdakı soyuqluğu, “soyuq müharibə“ni görüb qanı qaralır, mənim xətrimə dəyməmək üçün dinmir. Necə olsa, mən də onun arvadıyam, ömür-gün yoldaşıyam.
Bir gün balkonda şprist gördüm. Dedim nə zamansa düşüb burada qalıb. Mən də, Rəxşəndə də iynə vurmağı bacarırdıq. Arada hansımızsa soyuqlayanda tibb bacısı çağırmırdıq. Bir dəfə gecə qorxulu yuxudan oyanıb ətrafıma boylandım. Çərçəz yerində deyildi. Əvvəlcə fikirləşdim ki, yəqin ayaqyoluna gedib, yaxud siqaret çəkir. Az gözlədim, çox gözlədim. Çərkəz gəlib çıxmaq bilmirdi. Yataqdan qalxıb Rəxşəndə yatan otaqdan başqa digər otaqlara baxdım. Çərkəz yox idi. Balkona çıxdım. O, üzü üstə yerə yıxılmışdı. Qorxub bağırdım. Səsə Rəxşəndə gəldi. Köməkləşib Çərkəzi ayağa qaldırdıq. Bənizimin ağardığını və bərk həyəcan keçirdiyimi görən Rəşxəndə:
-Nolub sənə, kefli adam görməmisən?-deyə mənə bozardı.
-Nə kefli? Yatağa ayıq girmişdi. Bu iki daşın arasında, gecənin bu vaxtında harada içdi?
-Ay qız, bənd olma belə şeylər olur? Aparaq yerinə uzandıraq.
Elə də etdik.  Rəxşəndə getdi. Hələ onu belə boş şeyə görə yuxudan oyatdığım üçün məndən narazı da qaldı. Mən də yatağa uzandım. Birdən yadıma o günkü şprist düşdü. Dalağım sancdı. Çərkəzin qoluna baxdım. Göyərmişdi, iynə yeri vardı. Tez ayağa qalxdım. Bəli, balkonda, bayaq Çərkəzin uzandığı yerdə bir şprist düşüb qalmışdı. Hər şey aydın idi. Çərkəz narkotik qəbul edirdi, narkoman olmuşdu.
Əlimlə başımı qamarladım: “Həyatım puç oldu”-deyə ah-nalə etdim. Narkotikə öyrənən kim bu bəladan yaxa qurtara bilib? Məlum oldu ki, Çərkəzin bu günə düşməsinin səbəbkarı, təəccüblü olsa da, öz anası imiş. O, kafedə xəlvəti narkotik maddələrin satışını təşkil edirmiş. Bunu isə, kimə gəldi yox, ən yaxın adamına - oğlu Çərkəzə həvalə etmişdi. Kafedə hətta iynə vuran da vardı. Uzağa getmək lazım deyil, pulunu verirsən, iynəni vurub yola salırlar.  Bunun yaxşı cəhəti bu idi ki, müştərilər şprisi hara gəldi atmırdılar.
Rəxşəndəyə deməyin xeyiri yox idi. Odur ki, uşağı gəzdirmək bəhanəsi ilə Çərkəzi küçəyə çıxartdım. Bir taksiyə oturub Dənizkənarı bulvara gəldik.  Gəzinə-gəzinə müşahidə etdiklərimdən söz açdım:
-Çərkəz, qurbanın olum, atamın-anamın üzünə həsrətəm. Sənə qoşulub qaçandan onları görmürəm. Valideynlərimin sözünə qulaq asmadım, səni seçdim.
-Mənim boynuma minnət qoyma.
-Minnət qoymuram, olanı deyirəm. Ananın məndən xoşu gəlmir, bunu sən də bilirsən. Buna baxmayaraq, onun hörmətini saxlayıram. Ailəmizin xatirinə hər çətinliyə dözməyə hazıram. Amma bir məsələ var ki, mənim rahatlığımı əlimdən alıb. Sən narkotik qəbul edirsən. Bunun fəsadlarını heç təsəvvür edirsən? Mən heç, balaca Səhəri düşün. Bu narkotikdən kim xeyir görüb?
Çərkəz:
-Di bəsdir. Birdən gedib orda-burda da danışar, başıma iş açarsan.
-Ay canım, gör nə fikirləşirsən! Sənin başından bir tükün əskik olmasını belə  istəmərəm. Biz bir canıq.
Çərkəz:
-Yaxşı, yaxşı, -dedi, -daha o zəhrimarı çəkmərəm.
Amma bilmədim ki, o, məni başdan eləmək üçün tez razılaşdı, yoxsa həqiqətən narkotikdən əl çəkəcək.
İki gün keçmişdi ki, Rəxşəndə bəd xəbərlə zəhrimi yardı:
-Başımıza gələn bəladan xəbərin var?
-Nə olub ki?
-Çərkəzi tutublar.
Mənim rəng-ruhum qaçdı:
-Nə günahın sahibidir? Ayağında mal qalıb?
-Mal özümüzündür, onun ayağında niyə qalır?
-Bəs niyə tutublar?
-Narkotik üstündə.
-Mən biləni, narkotik qəbul edəni həbs etməyə ixtiyarları yoxdur. Belələri cinayətkar sayıla bilməzlər. Onlar xəstədirlər. Müalicə olunmalıdırlar. O gün gördün Çərkəz nə günə düşmüşdü. Sən bilə-bilə məndən gizlətdin. Dedin içib. Mən isə, öyrəndim ki, iynə vurub.
Müjkan hönkürdü. Balaca Səhər onun qucağında idi. Anasının ağladığını görüb o da göz yaşlarını axıtdı:
-Yalvarıb-yaxardım ki, narkotikdən uzaq olsun, öz sağlamlığı qayğısına qalsın, mən cəhənnəmə, qızı Səhəri düşünsün. Söz verdi, amma əməl eləmədi. Onu tuta bilməzlər, buraxacaqlar.
Rəxşəndə mənə ürək-dirək vermək, ovundurmaq əvəzinə son ümidlərimi də qırdı:
-Onu Cinayət Məcəlləsinin 234.4.2 (satış məqsədi ilə külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və ya satma) maddəsi ilə yaxalayıblar.
Sonra Rəxşəndə hələ indiyədək olmayan bir şirindilliklə mənə müraciət etdi:
-Qızım...
-Bundan çıxmayan iş. Gün ha yandan çıxıb ki, Rəxşəndə dilinə şəkər qatıb? Yəqin oğlunun həbsə düşməsi onu acizləşdirib. İstəmir ki, mənin də ürəyim sıxılsın.
-Qızım, gözəl balam...
“Gözəl balam ha...” Həmişə deyərdi: “İti görüm, qurdu görüm, səni görməyim!”
-Qızım, biz Çərkəzə kömək etməliyik.
-Əlbəttə, Rəxşəndə xala, biz kömək etməyəndə kim kömək edəcək?! Bu, bizim borcumuzdur.
-Dilinə qurban, qızım. Səhər balamızı da fikirləşməliyik. Gərək o, atasız böyüməsin.
Mən qaynanamın axır ki, dinə-imana gəldiyindən sevinərək dilləndim:
-İnşallah atasız böyüməz.
-Qızım, Çərkəzə məndən çox sənin köməyin dəyə bilər.
-Mənim?
-Əlbəttə.
-Necə?
-Mənə qulaq as, amma sözlərimi qəribçiliyə salma. Ərinin, uşağının xatirinə.
-Yəqin ərimin, uşağımın xatirinə qızıllarımdan, brilliantlarımdan keçməyimi istəyirsən. Hamısını verərəm, Rəxşəndə xala, var-dövlət canımızdan artıq deyil ki? Qazanıb sonra yenə alarıq.
-Yox, sən məni başa düşmədin.
-Rəxşəndə xala, atam Karolina valiantdan xəzimi dörd min manata almışdı. Vur-tut iki-üç dəfə geymişəm. O da qurban olsun Çərkəzə. Amma Çərçəz buraxılan kimi başına ağıl qoyun, bir də elə şeylərə qurşanmasın.
-Sən məni dinlə. Sabah mən polis rəisinin yanına gedəcəyəm. Ərinin taleyi ondan asılıdır. O istəsə, Çərkəzin maddəsini dəyişə bilər. Onu narkotik maddələri satan kimi yox, qəbul edən kimi rəsmiləşdirər. Gərək sən də mənimlə gedəsən.
Mən tez:
-Getmək lazımdırsa gedərəm, -dedim. Sonra fikirləşib: -Mən? Mən niyə?–deyə soruşdum.
-Ona görə ki, getməyin lazımdır. Dünən rəisin yanındaydım. Vəziyyətin ağır olduğunu anlatdı. Üç ildən doqquz ilə qədər həbs gözləyir. Sonra rəis səni soruşdu: “Nə əcəb Çərkəzin işi ilə maraqlanmır, yoxsa araları sərindir?” Dedim, yox, hər şey qaydasındadır. Əksinə, gəlinim özündə-sözündə deyil, yaman fikir eləyir. Rəis səni tanıyırmış. Toyda görüb. Bunu eşidəndə  mənim daxilimdə sanki nəsə qırıldı.
Rəxşəndə düzələn zibil deyildi. İlan idi, ilanlığında qalırdı. Bayaqdan yastı-yastı danışır. Sən demə, qarnının ağrısı, sözünün qəmbərqulusu varmış. O, məni qurban verməklə, Çərkəzi həbsdən qurtarmaq istəyirdi. Rəxşəndə irz-namus yiyəsi deyildi. Odur ki, hər hansı alçaqlığa getmək ondan ötrü çox asan bir iş idi. Ləyaqətsiz, ismətsiz nə bilsin ki, ailə şərəfi nədir və onu necə qorumaq olar. Müjkan ailənin şərəfi, Çərkəzin qeyrəti, namusu idi. Rəxşəndə kimilərə bütün bunlar çatmırdı. Onların öz arşınları vardı. Belələri həmişə topu, yaxud fili verib, piyadanı xilas edirlər.
Hələ Rəxşəndənin ürəyindən keçirdiklərindən xəbər tutsaydım, onu boğazlardım. Rəxşəndə düşünürdü: “Lazim gəlsə, Müjkanı qurban verəcəm, təki Çərkəz azadlığa çıxsın. Müjkan əldən-ələ düşəndən sonra, oğlumu da başdan çıxarıb onu boşatdıracam, evimə öz istədiyim gəlini gətirəcəyəm. Qız qəhət deyil ha...”
-Necə olmasa, həbsə alınanın həyat yoldaşısan. Dindirib-danışdırıb yola salacaq səni. Tutub saxlamayacaq ki... Amma polis rəisi də pis kişi deyil. Boylu-buxunlu, yaraşıqlı kişidir. Belələri güclü, ağıllı, pullu, ehtiraslı olurlar. Heyf ki, yaşımın üstünə bir az yaş gəlib, yoxsa ovsunlayardım o rəisi.
Danışmadığımı görüb məni dilə tutmağa çalışdı:
-Müjkan, ağıllı qızım, gəl sən mənim sözümə qulaq as. Sabah rəisin yanına gedək. Səni yeməyəcək ki... İstəyir ərindən ötrü sən də ağız açasan, burada qəbahət nədir? Bir kəlmə sözdür deyərsən. Xahiş edərsən ərinə kömək eləsin. Dünya dağılmayacaq ki?! Bu kişilərin xasiyyətidir, gözəl-göyçək qadın görəndə ağızlarının suyu axır. Bu məqamdan yararlanmaq lazımdır.
-Rəxşəndə xala, bəlkə mən getməyim.
-Qızım, mən elə bilirdim ərini sevir, onu çox istəyirsən. Sən deyildin ata-ananın sözlərini qulaq ardına vuraraq qoşulub qaçan? İndi nə oldu? Nə ərini, nə qızını fikirləşirsən. Yaxşı, getmə, qoy ərin həbsxanada çürüsün, qızın ata üzünə həsrət qalsın. Sonrasını heç düşünmüsən? Tutaq ki, ərinə 8-9 il iş verdilər. Cavan gəlinsən, gecələr yastığı qucaqlayıb yatacaqsan? Bir gün, iki gün, bir həftə, bir ay, bir il... Bəs sonra? Otağın divarları da, yatağın da sənə soyuq görünəcək. İşləmirsən də. Mən səni saxlayan deyiləm. Ərsiz gəzib-dolaşsan, hər küçədən ötən söz atacaq. Atalarımız demışkən, “Dul qadına baxma, ləkə düşər”.
Mən görürdüm ki, Rəxşəndənin sözlərində də həqiqət var. O, çərənləməkdə davam edirdi:
-Sabah polis rəisinin yanına getsən, zərlərin tökülməz. Özü də tək ha getmirsən, mən də yanında olacağam. Yəqin vəziyyəti anladıb bizi yola salacaq.
Razılaşmaqdan başqa mənim özgə çarəm yox idi. Getməsəydim, bu arvad mənə gün-güzəran verməyəcəkdi.
Ertəsi gün saat doqquzda geyinib qaynanamla küçəyə çıxdım. Uşağı qonşumuz Lətifənin yanında qoydum. Rəxşəndənin təkidi ilə ən yaxşı paltarlarımdan birini geyinmişdim. Qaynanam mənim ətrimi bəyənməyib öz fransız ətrini gətirmiş, şəxsən özü lazım olan yerlərə-üst-başıma, saçlarıma, qulağımın dibinə, sinəmə çiləmişdi. Rəxşəndə saçlarımı öz əlləri ilə daramışdı. Matım-mutum qurumuşdu: “Bu arvad niyə belə canfəşanlıq eləyir? Heç zifah gecəsi məni oğlunun yatağına yola salanda belə əl-ayağa düşməmiş, məni bəzəməmişdi”.
Bir taksiyə oturub polis idarəsinə gəldik. Növbətçi zabit qarşımızı kəsdi:
-Rəis məşğuldur, heç kimi qəbul etmir.
Rəxşəndə özündən razı halda:
-Deyin gələn Rəxşəndə xanımdır.
Dedilər. Xəbər gəldi ki, buraxın, gəlsin.
Əvvəlcə Rəxşəndə xanım otağa daxil oldu. Rəis öz yerində-kreslosunda oturmuşdu, heç qımıldanmadı da. Qaynanamın dalınca kabinetə mən girdim. Məni görən kimi polkovnik Bağırov qeyri-ixtiyari ayağa sıçradı. Bu, nə Rəxşəndənin, nə də mənim diqqətimdən yayınmadı. Rəxşəndə razı qaldı, mən isə narazı.
-Xoş gəlmisiniz, Rəxşəndə xanım, bu gözələ də əziyyət vermisiniz.
Rəis irəli yeriyib əvvəlcə mənim əlimi sıxdı və bir müddət əlində saxlayaraq:
-Nə gözəl, nə gözəl! - dedi.
Rəis əlimi buraxanda Rəxşəndə öz əlini uzatdı. Rəis özünü görməməzliyə vurub bizə yer göstərdi. Rəxşəndə pərt halda əlini yanına saldı və əyləşdi. Mən də əyləşdim. Bağırov yerinə keçmədi, divanda əyləşdi:
-Eşidirəm, Rəxşəndə xanım.
-Uşağın işindən ötrü gəlmişəm.
-Hansı uşağın?
Rəxşəndə onun yadına saldı. Bundan sonra rəis söhbətə başladı:
-Rəxşəndə xanım, özün məsələdən xəbərdarsan. Hələ dərinə gedəndə, sən də məsuliyyətə alına bilərsən...
Rəxşəndənin bənizi ağardı, dili topuq çaldı:
-Mə...Mə... Mən?
-Bəli. Narkotika sizin kafedə satılır. Nəsə, bütün bunları araşdıracağıq. Sənin xəbərin var, qoy gəlin də bilsin. Çərkəzə üç ildən doqquz ilə qədər iş kəsilə bilər. Müstəntiqlər artıq istintaq aparıblar. Çərkəzi danışdırıb, protokolunu hazırlayıblar. Sabahda-birisi gündə iş prokurorluğa, sonra məhkəməyə köçürüləcək.
Rəxşəndə cəhd göstərdi:
-Məhkəməsiz ötüşə bilməz?
Rəis and-aman elədi:
-Nə danışırsan? Oğlun narkotik maddələrin satışı və yayılmasına aid maddə ilə ittiham olunur. Gizlətsək, atamızı yandırarlar.
Rəis söhbətinə ara vermədən həris nəzərlərlə məni başdan-ayağa gözdən keçirdi. Ətrimin iyi, bədənimin gözəlliyi rəisi varından yox eləmişdi. Bunu bilməyə nə var ki?!. Rəisin haldan-hala düşdüyünü görürdüm. Mən də mən idim. Bağırovun baxışları sinəmdə olduğu halda Rəxşəndədən soruşdu:
-Bu gözəl gəlinindir?
-Gəlinimdir.
-Su sonasıdır ki. Bəxtəvər başına ki, ocağına belə bir dünya gözəli düşüb.
-Düşməyinə düşüb, lakin bəxti gətirməyib. Ərini damlamısınız.
Rəis baxışlarını mənim çöhrəmdən və mərmər sinəmdən ayırmadan:
-Bu gözəlin xatirinə elə edərik ki, əri evinə-eşiyinə qayıdar.
Rəxşəndənin gözlərinə işıq gəldi:
-Başına dönüm, rəis, oğlumu balalarının başına çevir, bizə rəhmin gəlsin.
Sonra məni göstərərək:
-Bu gəlinə qıyma.
Rəisin işarəsi ilə mən eşiyə çıxdım, Rəxşəndə içəridə qaldı. Az sonra o da dəhlizdə göründü:
-Qızım rəis razıdır ki, Çərkəzin Cinayət Məcəlləsinin 234.4.2 maddəsini (satış məqsədi ilə külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və ya satma) onun üzərindən götürtsün. Amma şərti var. Ərinin xatirinə gərək ona əməl edəsən.
-Şərti nədir?
-Səndə gözü var. İstəyir onunla olasan.
Mən qıpqırmızı qızardım. Qayınana öz gəlininə gör nə təklif edirdi?! İlahi, yəqin dünyanın axırıdır. Belə dünyada ata öz qızı ilə, ana öz oğlu ilə də yata bilər.
-Qızım, qızın Səhəri, ərini gözünün qabağına gətir, oğluma yazığın gəlsin. Bir dəfə yatmaqla düz-dünya dağılmaz ha. Razı ol, yalvarıram. Rəisin təklifini qəbul etməsən, məni də oğluma qatacaq. Bayaq sən də eşitdin, məni də suçlayır. Bu sirr ikimizin arasında qalacaq, heç kim xəbər tutmayacaq. Bundan belə, sənin qulun olacam. Sənə güldən ağır söz deməyəcəyəm.
Əlacsız, köməksiz vəziyyətdə idim. Məsləhət edəcək adamım yox idi, tənhalıq yükünün ağırlığı altında belim bükülmüşdü. Rəxşəndə yalvarır, dil tökür, ağlayırdı. Artıq hiss edirdim ki, onun təsirindən yaxa qurtara bilmir, yavaş-yavaş güzəştə gedirəm. Halbuki bunu istəmirdim. Nədənsə müqavimətim qırılmışdı.
Mənim daxilimdə iki qüvvə çarpışmaqda idi. Biri xeyir idi, o biri şər. Biri deyirdi–olmaz. Aldığım tərbiyə, ailə şərəfi, ər-arvadlıq borcu, ictimai qınaq məndən tələb edirdi ki,  qayınanamın, rəisin təklifini rədd edim.
Şər toxumu səpən ikinci qüvvə deyirdi: burada nə var ki?
Mən qayınanama nə “hə”, nə də “yox” dedim. İrəli yeriyib rəisin kabinetinə girdim. Rəis tək idi.
-Ərimi buraxın!
Mənim hökmlü danışığım rəisə xoş gəlmədi. Əlini telefonun dəstəyinə atdı ki, gəlib məni aparsınlar. Lakin əli boşaldı. Mən qapını arxadan bağlayıb, soyunmağa başladım. Mənimki elə əvvəldən düz gətirməmişdi. Rəis dayanıb baxırdı. Mən üst paltarımı çıxarıb rəisə yaxınlaşdım, arxamı ona çevirib dedim:
-Sinəbəndimin bağlarını aç.
Rəis kabinetdəki divanın üzərində kamına çatdı. Mən də acığımı soyutdum: “Belə qayınanaya bu da azdır! Öz əlilə gəlini gətirib polis rəisinə verəsən ki, kefini çək!”
Rəxşəndə foyedə dayanıb gözləyirdi. Mənim sifətimə baxanda anladı ki, oğlunun işi düzəlib, mən polis rəisini razı salmışam. Onun kefi duruldu, irəli yeriyib boynuma sarıldı, üz-gözümdən öpməyə başladı. Ondan iyrənmişdim. Ona görə özümdən kənarlaşdırdım.
Çərkəzi buraxmadılar. Rəxşəndə başı lovlu polis rəisinin yanına getdi:
-Nəçənnik, bəs nə oldu? Sən deyirdin oğlumun dərdinə gəlinim çarədir. Öz əlimlə gətirib gül kimi gəlini saldım yatağına. Bəs nə üçün oğlum yenə həbsxanadadır? Axı söz vermişdin?!
Bağırov aydınlaşdırmağa başladı:
-Bilirsən, Rəxşəndə xanım, məsələdən prokuror da halidir. Nə qədər elədim işi aşıra bilmədim. Məni başa düş. Gəlin prokurorun da xoşuna gəlir. Bəlkə onu götürüb prokurorun yanına gedəsən. Gəlini razı sala bilməsən, bütün əziyyətimiz hədərə gedəcək.
Rəxşəndə qapıdan çıxmaq istəyəndə rəis onu saxladı:
-Amma halal olsun, gəlinin candır!  Narahat olma. O, prokuroru da sındıracaq.
Rəxşəndə evə qayıtdı. Mən onun qabağına qaçdım. Çərkəz yenə də qayıtmamışdı. Səbəb nə idi? Bilmək istəyirdim.
-Bəs Çərkəz hanı? Niyə onu gətirmədin?
-Qızım, sən demə, bu iş tək polislik deyilmiş. İndi də prokuror iddia irəli sürür. Bağırovun gücü çatmır.
-Bəs indi necə olsun?
-Bilirsən, qızım, yenə sənin köməyin lazımdır.
Mən şəkkə düşdüm:
-Burda mənlik nə iş var?
-Prokuror səni görmək istəyir.
Bunu eşidib cin atına mindim. Elə bil yanmış kürə idim, getdikcə qızırdım:
-Rəxşəndə xala, demək, məni hərraca qoymusan. Orqan işçilərinin hər birinə satmaq fikrindəsən? Canımı dişimə tutub polis rəisi ilə bir yatağa girdim. İndi məni prokurorun ağuşuna atmaq istəyirsən?! Elə bilirsən bununla iş bitəcək? Sabah gələcəksən ki, məhkəmənin sədri də mənimlə yatmaq istəyir. Beləcə məni 5-6 adama satandan sonra olacağam təcrübəli fahişə, sonra bazara çıxarıb 5-10 qəpiyə, kimə gəldi satar, bir gündə onunun-on beşinin yatağına salarsan. Daha məni nə Çərkəz, nə istintaq, nə prokuror, nə də məhkəmə maraqlandırır!
Qəhər məni boğurdu. Mən az qala qızışıb qərarımı Rəxşəndəyə bidirəcəkdim. Lakin yaşdan dumanlanmış gözlərimi silib dinmədim. Birtəhər özümü saxladım.
Axşam yır-yıgış elədim. Bu təkliflər bir yana qalsın, Rəxşəndə qızıllarımı, brilliantlarımı da əlimdən alacaqdı. O dəfə ailənin, ərimin, qızımın xatirinə qaş-daşımı vermək istəyirdim. Yaxşı ki, həmin gün Rəxşəndə onları almadı, sonraya saxladı. Zinət şeylərimi, özümün və Səhərin pal-paltarını çamadana yığdım. Bir az ehtiyat pulum da vardı.
Rəxşəndə yatmışdı. Arxayın idi ki, axırda məni razı salacaq və onun dedikləri ilə oturub-duracağam. Ona görə də axşam çox dərinə getməyib söhbəti səhərə saxlamışdı.
Sübh tezdən Rəxşəndə yuxuda ikən bir taksi tutub Bakıya sürdürdüm. Hava limanına çatıb Moskvaya bilet aldım və uçdum. Səhər də mənimlə idi. Təyyarə buludları yara-yara irəlilədikcə biz ana-bala baş verə biləcək növbəti müdhiş hadisədən uzaqlaşırdıq.

Комментариев нет:

Отправить комментарий