06.09.2013

Gülnarə Rəfiq: “Burun soxmağa o qədər yer var ki...…”

“İsmin halları” rubrikasının qonağı jurnalist Gülnarə Rəfiqdir.

KİM?

- Kimlər həyatınızda mühüm rol oynadı? 
- Adam sarıdan bəxti gətirənlərdənəm. Elə vaxtlarda təhsil almışam ki, Konservatoriyadakı müəllimlərimiz bizə “siz” deyə müraciət edirdilər. Kütləvi tərbiyəsizliyin baş aldığı indiki zamanda bu, adama fantastik görünür. Mətbuata gələndə də tanınmış jurnalistlərlə işlədim. Ətrafında istedadlı adamlar çox olanda həyat maraqlı olur. Hətta vaxtilə müsahibə aldığım kəslərin də həyatımda rolu var. Söhbətlər, görüşlər, sərgilər, konsertlər, fikir mübadiləsi - bunlar izsiz ötüşmür.

- Kimləri sevmədiz? 
- Nalayiq adamların yanımda olmasına şərait yaratmıram. Əlaqə qaçılmazdırsa, onları həyatımdan tezliklə silib atıram. Mən sevmədiklərimə önəm verib bu qədər böyük yer ayıracaq qədər israfçı deyiləm. 

- Kimlərlə “kəşfiyyat”a getməkdən imtina etmisiz və ya edərdiz? 
- Energetik vampirləri, zarıyıb əhval pozmaqdan başqa heç nə bacarmayan bədbinləri, deyingənləri, bədniyabətləri kəşfiyyata buraxmazlar. Bu, təbii seçmə qanunudur, irəli güclülər getməlidir. Bir neçə il əvvəl bunu anlayandan sonra özüm də kəşfiyyatdan imtina elədim. Mağarama çəkilib yolu boşaltdım...

- Kim kimi daha çox sevdi - siz sevdiyinizi, sevdiyiniz sizi?
 - Heç olmasa bir dəfə sevgini dadanlar bilir ki, onun qədərini ölçmək, tərəzinin gözünə qoymaq mümkün deyil. Nakam uşaqlıq duyğularını bir kənara atsaq, bütün sevgilərim qarşılıqlı olub. Bu sarıdan gözü toxam.

- Kimdən sürpriz gözləyirsiniz?
- 20-ci əsr sənətdə bütün mümkün sürprizləri elədi. Artıq incəsənətdə hoqqabazlıq eləsən də orijinal deyilsən. Ədəbiyyatı, kinonu, musiqi yeniliklərini izləyənlərçün sürprizlər demək olar ki, olmur. 
Bütün dahi əsərlər yazılıb, fikirlər deyilib, hər şey qələmə, fırçaya alınıb və səsləndirilib. İndi insan içində eşələnib qorxularını, fobiyalarını, qəlbinin çirkabını sənətə gətirir. Bu isə hər kəsdə olduğundan sürpriz sayılmaz.

- Nəhayət, siz kimsiz? 
- Yolunu axtaran, narahat, bütün sualların cavabını birdən öyrənmək istəyən, yaranışın sirrindən tutmuş, uzaq qalaktikalara qədər hər şeyi, hətta ütünün, televizorun, kompüterin daxili quruluşunu da eyni dərəcədə bilmək istəyən, içərisini didən sualların cavabını qeybdən gözləyən və buna görə ən xırda işarədə, simvolda, müqəddəs kitablarda, daş kitabələrdə, lap yuxularda işarət axtaran birisi... Yəqin nə vaxtsa bu sualın cavabını özüm də dəqiq öyrənəcəm.

NƏ?

- Sizi nə dəyişər?
- Düşünürəm ki, artıq heç nə. Amma taleyin sürprizləri də ola bilər.

- Nəyə baxmaqdan zövq alırsız? 
- Özüm yetişdirdiyim bitkinin çiçək açmasına, şagirdlərimin uğurlarına, balalarımın sevincinə, Allahın yaratdığı bütün kamil formalara, heyrətamiz rənglərə…

- Sizcə, böyük adamların nəyi çatışmır?
- Böyükdürsə, hər şeyi çatışmalıdır, adamdırsa çatışmazlıqları mütləq olacaq. Böyük adamlardan lazım olduğundan artığını gözləməzlər. 

- Nədən daha çox qorxursunuz?
- Son illər qorxularıma qalib gəlmək üzərində çalışıram. İndi hansınısa dilimə gətirsəm, yenə də güclənib üstümə gələcəklər. Qorxuların yoxmuş kimi yaşayanda həyatında istəmədiyin heç nə baş vermir.

- Sevdiyiniz kitabların adları və onları birləşdirən xüsusiyyətlər nədir?
- Kitablar həyatımın dövrləriylə bağlıdır. Dövr keçən kimi kitablarıyla birlikdə qapadıb arxivə verməsəm, başımdakı “kompüter” donar. Hazırda bədii ədəbiyyatdan qopub ezoterik kitablar oxuyuram: Levoşov, Kastaneda, Uspenski, Qurciyev, Mildaşov, Uolş, Ledbiter, Bezant, Henkok, Deneken, Blavatskaya, Oşo və s.

- Nə sizlik deyil?
- Alveri, sövdələşməyi bacarmıram. İşdə bir qəpik marağım olanda ayıb iş görürmüş kimi davranıram. Heç vaxt qonorar söhbəti eləmirəm, çünki bacarmıram.

HARA?

- Bakıda, Azərbaycanda, dünyada haranı xoşlayırsınız? 
- İçərişəhəri ağardıb, bəzəyib yaman günə qoymamışdan əvvəl ora mənimçün dünyanın mərkəzi idi. Azərbaycanda gəzməli yerlər çoxdu, yaşıllıq harda varsa, orda mənə xoş olur. Komfort olmasa da olar. Dünyada isə İtaliyanın şəhərlərini gəzmək istəyirəm, Venesiya, Neapol, Roma, Florensiya…

- Harada yaşamağı arzulayardınız? 
- Mən dünyanın göbəyində doğulmuşam, yerimi dəyişsəm, ölərəm.

- Haranın “havası” sizə düşmür? 
- Hər ağızdan bir avaz gələndə cəmiyyətin kakafoniyasından yoruluram. Yoxdu da bizdə çoxsəslilik istedadı! Bizimki ya zəngulə vurmaqdır, ya da züy tutmaq.

- Xoşbəxtliyi harada tapdız? 
- Mən onu heç vaxt itirmədim ki, tapam... O, həmişə mənimlə olub.

“Haradan hara gəldiniz” sualına cavabınız necədir? 
- Musiqişünaslıqdan jurnalistikayadək gəldim. Arada rəssamlığa, tətbiqi sənətə baş vurdum. Hələ burun soxmağa o qədər yer var ki…

- Yolunuz hara? 
- Şərq mistikləri deyir ki, ruhlar Günəşə tərəf sürünür. Bütün yollar Allaha aparır. Hamı hara, mən də ora…

Sevinc Fədai                    teleqraf.com

Комментариев нет:

Отправить комментарий