Son zamanlar Suriya müharibəsində radikal müxalifətin sıralarında döyüşərək həlak olan azərbaycanlıların sayı artıb. Azərbaycan ictimaiyyəti ölkə vətəndaşlarının yad müharibədə iştirakına dair xəbərləri həyəcanla qarşılayır. Xüsusən ona görə ki, bu könüllülərin əksəriyyəti dini şüarlar altında gizlənən ekstremizm rəmzləri altında döyüşür. Bu, Azərbaycan dövlətinin təhlükəsizliyinə və inkişafına ciddi təhdid yaradır.
Müxtəlif məlumatlara görə, Suriyada gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların sayı 100-ə yaxındır.
Rəsmi Bakı radikal islamçıların hərbi sahədəki fəallığını qəti şəkildə pisləyir. Ölkənin xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan niderlandlı həmkarı Frans Timmermansla birgə keçirdiyi mətbuat konfransında deyib: "Biz Azərbaycan vətəndaşlarının heç bir yerdə, o cümlədən Suriyadakı hərbi əməliyyatlarda iştirakını və həlak olmasını istəmirik".
Azərbaycan vətəndaşlarının Suriya müharibəsində iştirakından ciddi narahatlığını Milli Məclis də ifadə edib. Parlamentin spikeri Oqtay Əsədov onları açıq şəkildə "muzdlu əsgərlər" adlandırıb. "Odur ki, Suriyada pul qarşılığında vuruşaraq həlak olanlar şəhid sayıla bilməzlər", - deyə spiker qeyd edib.
Milli Məclisdə Suriyada döyüşən Azərbaycan vətəndaşlarına qarşı cinayət işinin açılması təklifi də səsləndirilib. Bundan başqa, deputatlar son zamanlar ölkə vətəndaşlarının müxtəlif ekstremist sektalara cəlb olunması hallarının artması ilə əlaqədar olaraq, ölkədə maarifçilik işlərinin gücləndirilməsini təklif ediblər.
Azərbaycan parlamentinin yaz sessiyasının ilk plenar iclasında Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" konvensi-yanın ratifikasiya olunmasını rəmzi hesab etmək olar. Sənəddə terrorçu hazırlığı ilə mübarizə, terrorçuluqla məşğul olan hüquqi şəxslərin cina-yət məsuliyyətinə cəlbi və onlara qarşı digər tədbirlər əksini tapıb.
Azərbaycanlıların Suriyada həlak olması hallarının artmasına ən dolğun qiyməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İs-gəndərov verib. Onun fikrincə, Azərbaycan vətəndaşlarının Suriya ərazisindəki hərbi əməliyyatlara cəlbi probleminin 2 tərəfi var: "İlk növbədə, bu, bilavasitə Azərbaycan vətəndaşlarının xaricdə dini şüarlarla, təbliğatın təsiri altında aparılan müharibələrdə iştirakı ilə bağlıdır... Digər yandan bu həm də bizim milli təhlükəsizliyimizin təmini ilə əlaqədar məsələdir. Nəhayət, bu, insanların, xüsusilə gənclərin vətənpərvərlik anlayışına zərər gəlməsi baxımından ciddi problemdir. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarını azad etmək kimi milli-strateji hədəfi var. Bu, bütün vətəndaşlarımız, xüsusilə gənclərimiz üçün həyatlarının hədəfi olmalıdır...".
Azərbaycan dövləti və ictimaiyyətinin vətəndaşlarımızın istənilən xarici ölkədə, o cümlədən Suriya müharibəsində iştirakını kəskin şəkildə pisləməsi tamamilə anlaşılandır. Bu, heç də yalnız Suriyada vuruşan azərbaycanlı yaraqlıların vətənə qayıtdıqdan sonra ölkənin sabitliyi və təhlükəsizliyinə ciddi problem yarada biləcəkləri ilə əlaqəli deyil. Dini ekstremizmin təhlükəsi, ilk növbədə, vəhhabi təşkilatlardan gəlir. Onlar digər dinə, hətta islamın digər cərəyanlarına mənsub şəxsləri "kafir" sayırlar.
Bu arada Azərbaycanda vəhhabilər tərəfindən təxribat və hədə hallarının artımı müşahidə olunmaqdadır. Onlar müxtəlif internet resurslarında Azərbaycan hakimiyyətinin ünvanına açıq hədələr səsləndirirlər; məsələn, bu günlərdə 2 islamçı təşkilat - "Meşə qardaşları" və "Ceyşullah" ("Allahın ordusu") sosial şəbəkələrdə Azərbaycanda hərbi əməliyyatlara başladıqlarını bəyan ediblər.
Bu səbəbdən də, Azərbaycan dövləti, bütünlükdə cəmiyyət dini ekstremizmlə mübarizəni gücləndirmək məcburiyyəti qarşısında qalıb. Bu mübarizə, şübhəsiz ki, həm cinayət və inzibati cəzalarla, həm də təbliğat, maarifçilik işlərinin gücləndirilməsi ilə aparılacaq. Məqsəd islamla, onun təbliğ etdiyi sülh, sevgi, xeyirxahlıq, barışıq ideyaları ilə heç bir əlaqəsi olmayan radikal ideologiyaların ifşasıdır.
Bu mənada ən aktual məsələlərdən biri dini ekstremizmə verilən ideoloji, siyasi və maliyyə dəstəyinin qarşısını almaqdır. Vəhhabili- yin, əsasən, ərəb dünyasındakı ayrı-ayrı nüfuzlu qüvvələr tərəfindən maliyyələşdirildiyi sirr deyil. Onların səyi nəticəsində bu radikal cərəyan, xüsusilə Şimali Qafqazda geniş yayılıb. Bu, Azərbaycan və Rusiya hüquq mühafizə orqanlarının terrorçuluq və ekstremizmlə mübarizədə səylərini birləşdirməsini zəruri edir.
Bununla yanaşı, ənənəvi olaraq, nüfuzlu qlobal oyunçuların vəhhabilərdən öz maraqları naminə istifadə etdikləri də nəzərə alınmalıdır. Məqsəd dünyada neoliberal düzənin yaradılması, müxtəlif ölkələrdə, regionlarda müxtəlif rəngli "inqilablar"ın təşkilidir. Vəhhabiliyin taktiki baxımdan Qərbi qane etdiyinə şübhə yoxdur. Bu, Qərbin miqyaslı geosiyasi əməliyyatlarında işə yarayır (məsələn, sovet işğalı zamanı Əfqanıstanda, yaxud Misir, Liviya, Tunis və əlbəttə ki, Suriyadakı "ərəb baharı"nda belə olub). Bu, heç də təəccüblü deyil. Çünki islam cəmiyyətini daxildən sarsıdan vəhhabiliyin qorxulu qüvvəyə çevrilməsində hələ XVIII-XIX əsrlərdə Qərb ölkələrinin hökumətləri və xüsusi xidmət orqanları birbaşa iştirak ediblər. Bu, ilk növbədə, Böyük Britaniyaya aiddir.
XX əsrdə isə vəhhabiliyin dirçəlişi ABŞ tərəfindən dəstəklənib. Vaşinqton bunu SSRİ ilə "soyuq müharibə" dövründə, Fars körfəzinin ərəb monarxiyalarının (vəhhabiliyin dövlət dini elan olunduğu Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn kimi ölkələrdə) Amerikanın müsəlman Şərqindəki strateji müttəfiqlərinə çevrilməsi fonunda edib.
Amma kənardan nə qədər güclü dəstək olsa da, Azərbaycanda radikal islamçıları dəstəkləyən daxili amillər yoxdur. Çünki Azərbaycandakı ənənəvi həyat tərzi üçün ekstremizm qətiyyən qəbuledilən deyil - ölkə müasir dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun əsas mərkəzlərindən biri kimi tanınır. Azərbaycanın zəngin mədəni irsi və ən müxtəlif millətlərin, dinlərin nümayəndələrinin mehriban şəraitdə birgə yaşama ənənəsi Azərbaycan tolerantlığı fenomenini bütün dünyaya tanıdıb.
Natiq NAZİMOĞLU regionplus.az
Комментариев нет:
Отправить комментарий