22.02.2014

Etibar Salmanov. Gülə-gülə itirdiklərin

Dünya adlı bir zindanda göz açdıq bu həyata,
Bu dünyaya bağlıdır ibtidamız da, intəhamız da.
Ölüm haqdır, sən ölümdən öncə yaşa həyatda,
Mənasız keçən günlərin- sənin itirdiklərin.

Ömür çox tez başa vurar həyat yolunu,
Boş-boş əyləncələrə hədər etmə ömrünü.
Ötəri ləzzət üçün heçə vermə gününü,
Hədər olan zamanın- sənin itirdiklərin.

Nəfs əyləncə, sevinc istər, nəticəsi pis olar,
Həvəsin, nəfsin istəyi sonda rəzalət olar.
Ürək gülmək istəyər, ağlayan ağıl olar,
Gedən təmkin, vüqarın- sənin itirdiklərin.


Çox nəşədən qəm, xumarından dəm yaranar,
Səndə olmaz iradə, çox kobudluq yaranar.
İçkinin nəşəsi yaraşmayan iş yaradar,
Əldən gedən sərvətin- sənin itirdiklərin.

Dilə girov baş özüdür (A.sözü) ,susmağı öyrən,
Çox zarafat dost itirər, həddini öyrən.
Dosta minnət qoyma, yaxşılıq öyrən,
İncitdiyin dostların- sənin itirdiklərin.

Məhəbbətsiz bu dünyanın nəşəsi yoxdur,
Eşqi duymursa insan ürəyi yoxdur.
Qiymətini bilməsən, sevdiyin yoxdur,
Odu sönmüş ürəyin- sənin itirdiklərin.

Şeytanın əməlindən çoxu qaça bilməmiş,
Hər fürsətdə tovlar bizi, gözümüzü açmamış.
Əl çək yanlış əməldən, peşmanlıqdan ölməmiş,
Əldən gedən imanın- sənin itirdiklərin.

Qocalarsan ömür bitər, gəncliyin dönməz geri,
İtirdiyin zamanı fələk bir də verməz geri.
Etibar bu kəlamı unutma, təkrar elə:
Gülərək itirdiklərin, ağlasan da dönməz geri.

Комментариев нет:

Отправить комментарий