hə Rebbekka gör neçə il keçib aradan
neçə il olar görüşmürük
neçə ildir yadımıza salmırıq kollecdə sevişdiyimiz cavan oğlanları
birinin saçı qara idi
o birininki sarı
nə fərqi var rebekka nə fərqi var
heç biri mənim cekim qədər yaraşıqlı və gözəgəlimli deyildilər
hə Rebbekka gör neçə il keçib aradan
səninlə manxettendən axırıncı görüşümüzdən sonra
sən yoxa çıxdın
mən də püşk atıb dinə imana gəldim
dinə imana gəldim deyəndə ki
dalımca sürünən saçı jeleli gədələrdən birinə qoşulub
bir müddət vətəndaş nikahında yaşadım
cek də həmin o nikahdan doğuldu
sonra əclaf atdı məni
atdı da atdı
lənətə gəlsin görüm onu
niyə üzümə elə baxırsan
həəə başa düşdüm
onu da dayan yadıma salım
bəs tomu harda qazlamışdım
hə tapdım taym skverdə
amma tanrı adına pis baxmadı oğluma
məktəbdən gələndən sonra dərslərinə kömək edirdi cekin
bir yerdə fırlanırdılar
weekendlərdə balığa zada da gedirdilər
amma bircə dəfə də olsun ata demədi toma
cek yaman tərs idi uşaqlıqdan
tutduğunu buraxmırdı
axırı da belə
hə Rebbekka gör neçə il keçib aradan
xüsusi təyinatlı dəstələrin adını eşidərsən də yəqin
hardan eşidəcəksən ay yazıq
gündüz axşama kimi ucuz pivə içməkdən başın ayılır ki sənin
xüsusi təyinatlı dəstələr
onlar azadlıq aparırlar da guya
bağdada kabilə beyruta
dəməşqə tripoliyə skopiyaya
xülasə ağlına hara gələ bilərsə bu xaraba dünyada ora
cek də adam olub axırda getdi onlara qoşuldu
neynəsin nəsə eləməliydi də
neynəsin yazıq balam
damar tapa bilmirdik yaramaz xəstələnəndə
məcbur olub iynəni
ya qasıqlarına
ya da dabanına yeridirdik
tom da arada onun gəzdiyi qızları göstərirdi küçədə mənə
Rebbekka Rebbekka necə gözəl qızlar idilər əndamıyanmışlar
sevirdilər də ceki
sevirdilər
guya nələrinə lazım idi ki cek avaranın lap böyüyündən idi
saçyolduya da çıxmışdılar eşitdiyimə görə
amma cek xüsusi təyinatlı dəstəyə qoşuldu axırda
avtomatı sevdi bombanı sevdi
silahları seçdi
o qızları yox
bir həftə olardı Rebbekka
o öləndən sonra bilirsən də kilsəyə dadanmışam
dua edirəm şam yandırıb müqəddəs məryəmə
balamın ruhuna çox əzab verməsin deyə
bilirəm əli qana batıb da balamın
əli qana batıb
lənət şeytana ona qəhrəman kimi davransalar da
mən bilirəm axı
neçə evi yerlə yeksan edib
neçə qızı zorlayıb
neçə atanı balasının gözünün qabağında öldürüb
neçə balanı gözüyaşlı qoyub
axırda da xain bir gülləyə tuş gəlib
dua edirəm ona görə də cek üçün
kilsədə şam yandırıb dua edirəm
bir həftə olar da təxminən
kilsədən gələndə bir cavan qız yaxınlaşdı mənə
diqqətlə üzümə baxıb
miss kətrin dedi
susdu
can bala dedim mən də və susdum
gerisini deməsə də olardı
biz qadınlar niyə beləyik axı
Rebbekka niyə belə
niyə bu həssaslıq tanrım niyə
indi qız yanıma köçüb
balamın ətrini alıram ondan
bilirəm nələrisə düz eləməmişəm
fərqindəyəm Rebbekka
hə Rebbekka gör neçə il keçib aradan
qocalırıq
bu arada bir neçə aya nənə olacağam
balaca ceki başqa cür böyüdəcəyəm
nə narkotik
nə içki
nə qızlar
nə xüsusi təyinatlı dəstələr
nə silahlar
oxuyub adam olacaq oğlum
Комментариев нет:
Отправить комментарий