24.02.2014

Uşaqlarını götürüb Suriyaya gedən bacıların ŞOK DRAMI

...Eyyub kişi siqareti siqaretə calayır. Sənəm xala isə bir yerdə qərar tuta bilmir. Bir əlində yaylığı gözlərinin yaşını silir, dodağının altında qırıq-qırıq nəsə danışır, deyinir.
“O iki aylıq tifilin orda nə işi vardı axı? Ay Allah, nə günahın sahibiyik ki, bu bəlanı bizə göndərdin? Nə günahımız vardı axı? Kim lənətləyib axı bizi?”. Sakitləşdirmək, toxtaqlıq vermək də mümkün deyil, əslində. Əlacımız elə hey “Allah qoysa, sağ-salamat qayıdarlar”,  deyə təskinlik verməyə çatır.

Başqa nə deyəydik ki?
*** 
Yox, bu ailəni heç kim lənətləməyib, təbii. Nəinki Allahın, elə bütün kənd sakinlərinin də xəbəri var Niftəliyevlər ailəsinin başına gələnlərdən. Bu ailənin iki qızı, gəlin köçürtdükləri, ev-eşik qurduqları, oğul-uşaq yiyələri olan iki qızı- Könül və Çiçək bir qədər əvvəl itkin düşüb. Daha doğrusu, elə biliblər ki, itkin düşüb. Amma az sonra məlum olub ki...Könül və Çiçək Hələbdədirlər. Hə, Suriyada, Hələbdə...
***
-Könülü Köhnə Xaçmaz kəndinə ərə vermişdik. Taleh adlı dindar oğlana. Düzdür, qızım əvvəldən inancıl idi, başını bağlayardı, namaz qılardı, Amma ora, o ailəyə gedəndən sonra tamamilə dəyişdi. Üzünü də bağladı qara niqabla. Bircə gözləri görünürdü niqabın altından. Bizə gələndə, əmisi ya başqa kimsə evdə olanda, belə çıxarmırdı. Qəfil dəyişdi qızım. Təsəvvür eləyin, bizə gəlirdi, gələn kimi də deyirdi ki, televizoru açmayın. İki uşağı vardı. Seyidin 2 yaşı var, balacası, Xalid isə iki aylıqdır. O iki yaşlı uşaq gəlirdi yanıma, əllərin qaldırırdı, “nənnnə” deyirdi, Könül uşağın üstünə çımxırırdı ki, oynama. Mənə də təpinirdi ki, haramdı, olmaz, günah işlədib uşağı əyləndirmə. (Ağlayır) Oğlum, elə bil uşaq da başa düşürdü, anası o biri otağa keçəndə, ya həyətə düşəndə, əlini qaldırıb yüyürürdü üstümə. Qucağıma alırdım, bir gözüm də qapıda. Deyirdim birdən gələr, görər uşaq oynayır, hirslənər. (Bu dəfə Eyyub dayı göz yaşını gizlətməyə çalışır) Amma elə deyildi əvvəllər, deyib-gülən, şən bir qız idi...
Hə, bu şən, deyib-gülən qızı Taleh Hacıyevə ərə verəndə, o da məlum olur ki, ailə yaxın vaxtlarda Tümenə gedəcək. Taleh orda işləyəcək, dolanışıqları yaxşı olacaq, hətta qayıdıb Bakıda ev də alacaqlar. Sənəm xala da sevinir. Qızının xoşbəxt, rahat həyatına kim sevinməz ki?
***
Keçən ilin oktyabrında Taleh qayınatasıgilə gəlir. Bildirir ki, iki gündən sonra Tümenə gedəcəklər. Valideynlər də qızına, kürəkəninə dua edib, onları yola salırlar…
- Mən o kəndə qız verməyəcəkdim. Könül təkid elədi. Gəlin köçən gün isə  bəy tərəfinin bir hərəkətindən sanki dalağım sancdı. Gəldilər gəlini aparmağa, dedilər vağzalı çalmaq olmaz. Dedim a bala, necə yəni olmaz. Talehin yanındakılar başladılar üstümə qışqırmağa ki, olmaz, tez eləyin gəlini çıxardın. Naəlac qaldıq. Ora gedəndən sonra isə Könül büsbütün dəyişdi. Bacısına, mənə, atasına tənə edirdi, bizi az qala dinsiz sayırdı. Yenə dözürdüm. Tümen məsələsi ortaya çıxandan sonra, bir az rahatlaşdım. Dedim yəqin Ursiyetdi, orda düzələrlər. Amma nə Tümen, heç bir ay keçmədi ki, Köhnə Xaçmazda yaşayan bir qohumgildəydim. Elə söhbət zamanı mənə dedi ki, Könülgil də  sağ-salamatdır. Dedim, niyə zəng eləmirlər bəs? Qayıtdı ki, müharibə gedir, nə zəng? Dəli oldum. Dedim nə müharibə, sən nə danışırsan? Qayıtdılar ki, bəs bilmirsən, Könüllə Taleh Suriyadadırlar. O gün zəng etmişdilər. (Kövrəlir)
***
Amma o zəngdən bu ailəyə, Niftəliyevlərə də olur. Özü də bir ay qabaq. Onda məlum olur ki… artıq evin böyük qızı Çiçək də uşaqlarını götürüb Suriyaya gedib. Bu xəbər isə, bir övladının dərdini çəkən ata-ananı şoka salır…
- Çiçək böyük qızımızdır. İki uşağı var. Böyüyü Nurlanın 15, balaca qızı Aynanın isə 13. Onu elə öz kəndimizə ərə vermişdik. Əri də gözəl insandır, Rasim. Çiçəyin ora necə gedib çıxmasını isə ağlımıza gətirməzdik.
Bunu isə Eyyub dayı deyir.
Əri ilə çox mehriban münasibəti olub Çiçəyin. Elə əri Rasimin bizə dediyi kimi kasıbçılıqlarını eləyib dolanırmışlar. Və günlərin bir günü, heç bir səbəbə olmadan Çiçək Rasimə deyir ki, boşanmaq istəyir. Rasim çaşıb qalır. Səbəbini soruşur. Və cavab ona sillə kimi dəyir: “Sənin dinin-imanın yoxdur”. Rasim qaynanasıyla danışır. Onlar da öz növbəsində qızları ilə. Çiçək nəinki ata-anasının sözünə qulaq asır, əksinə, uşaqlarını da götürüb Köhnə Xaçmaza köçür. Ailədə söz-söhbət olmasın deyə, Sənəm xala Rasimdən xahiş edir ki, bir qədər səbirli olsun, qızını qaytaracaq geri. Zavalı Sənəm arvad, bir-iki gün gözləyir, qızının dalınca gedir… və məlum olur ki, Çiçək uşaqlarını da götürüb harasa gedib.
Bəs hara?
Bu sualın cavabını isə bu telefon nömrəsindən - +963954794472 - gələn zəng verir. Danışan Çiçək olur. Elə beləcə qısaca: “Bacımın yanındayam, Hələbdəyik. Bura şəhid olmağa gəlmişik. Sizin kimi dinsizlərlə bir yerdə yaşmaq mümkün deyil”. Və əlaqə kəsilir.
Hə, bu doğrudan da Suriyadan, mobil operatordan edilən zəngdir. Kiçik araşdırma zamanı məlum oldu ki, +962 ölkə kodu, 95 isə Suriyanın Spacetel mobil operatoruna aiddir. Və maraqlısı odur ki, Niftəliyevlər bu nömrəyə dəfələrlə zəng etmək istəsələr də, zəng çatmayıb.
***
Bir həftə əvvəl isə Çiçəyin 15 yaşlı oğlu Nurlanın ölüm xəbəri gəlib. Amma bu xəbər yayılandan dərhal sonra Nurlan Skaypla əmisilə danışıb və sağ olduğunu deyib. Maraqlıdır ki, elə həmin gün Çiçəyin 13 yaşlı qızı Ayna da atasıyla danışıb. (Amma zəng Rasimin telefonunda gizli nömrə kimi qeydə alınıb) O, atasını inandırmağa çalışıb ki, Hələbdə hər şey yaxşıdır, o da gəlsin. Atası isə qızına yalvarıb ki, telefonu anasına versin, ona sözü var.
-Çiçək bilir ki, mən qızımı necə çox istəyirəm. Nurlan da özümündü, canımı verərəm. Amma Aynanın yeri başqaydı mənim üçün. Mənim mələyim idi. (Kövrəlir) Nə qədər yalvardımsa, telefonu anasına vermədi. Daha doğrusu, anası götürmədi telefonu. Ayna isə o başda ağlayırdı ki, ata səni görmək istəyirik, gəl bura. Nurlanı soruşdum. Dedi, qaldıqları, kazarma deyim yataqxanamı deyim, ora yanacaq, hansısa akkumlyatorlar daşıyır, o işlə məşğuldur. 15 yaşı var o uşağın. Məktəbin gözüydü, qiymətlərinin də hamısı “5”. Hara getdi çıxdı mənim balalarım, hara…
Rasim deyir ki, daha dözə bilmir, yaşaya bilmir, evinə gedə bilmir. “Elə bil, ev üstümə gəlir, uşaqların ətri hələ də evdən çəkilməyib. Satlığa qoymuşam evi, gedəcəm burdan, qala bilmərəm”
***
Biz bu yazını burda dayandırırıq. Çünki iki bacının bir neçə sərhədi keçib Suriyaya qədər gedib çıxmalarında olduqca ilginc məqamlar var və bu məqamlar ciddi araşdırma tələb edir. Elə biz də bu məqamları araşdırmağa başlamışıq. Və məqamlar xeyli suallar yaradıb. Məqsədimiz, daha doğrusu başladığımız araşdırmalarda isə elə bu suallara cavab tapılacaq.

lent.az

Комментариев нет:

Отправить комментарий