İbrahim Sel
O, ümidsizlik içindəyidi. Yemək istəyirdi, ancaq yemək! Qərbi Ermənistan ləhcəli prorektordan eşitdiyi qovulması barədə xəbər də indi heç vecinə deyldi. Necə olursa olsun, öz qidalanmasının qaydına qalmalı, yenidən həyatdan ikiəlli yapışmaq üçün bir şey tapıb ağzına atmalı və normal hala düşməliydi.
O, yandırıcı qamçı zərbəsi almış kimi, aclıqdan qəddi bükülmüş halda gözlərini pərdələyən mavi duman içində sərxoş adamlar kimi səndirləyə-səndirləyə yeriyirdi. Halı elə pis idi ki, nə inildəyə, nə də qışqıra bilirdi. Ağrı da yox idi, sadəcə içini almış qüssə vardı, lakin bu qüssə elə formada idi ki, elə bil üstünə bir dağ gəlib onu ağırlığı altında basıb əzirdi.
Oğlan birdən içində nəsə bir yanğı hiss eləyib ayaq saxladı. Əyildi, gördü yıxılır, var gücünü topladı ki, müvazinətini saxlasın. Ürəyindən təcili rayona getmək kimi xoş bir arzu keçdi, lakin bunun üçün gərək hardansa yolpulu tapaydı. Hövsana gedib kirayəpulunu ödəyə bilmədiklərinə görə ev sahibəsinin küncə qalaqladığı pal-paltarları, qab-qacağı da götürmək bir həngamə olacaqdı. Universitetdən qovulmaq xəbərini evdəkilərə necə çatdıracağı da qarşısında bir dağ kimi dururdu. Kəsirləri düzəltmək və universitetə yenidən bərpa olunmaq üçün rektor Bəhlul Ağayevə çatacaq min dollar haqqında eşidərkən atasının təzyiqinin neçə olacağını fikirləşib udqundu…
Gözləri önündə ona tanış olan, həsrətini çəkdiyi bir mənzərə canlandı; rayondakı evləri, bağları, anasının, qardaş-bacılarının üzləri. Sonra atasının həmişə qəzəbli sifəti xəyalına gəldi. Bunlar gah çəkilir, gah da yenidən görünürdülər… Sonra huşu başına gələndə qəddini düzəltdi, şax durdu, hiss elədi ki, yanğı çəkilir. Amma belə hallara uzun tələbəçilik həyatında tez-tez düşdüyündən, bilirdi ki, yenidən təkrarlanacaq.
O, addımlarını yeyinlətdi. Sanki yeni ağrıdan qaçırdı… Gərək yesin, mütləq yeməlidir. Fərqi yoxdur, harda olursa olsun. Qoy onu barmaqla göstərsinlər, qoy döysünlər, polis şöbəsinə salsınlar, əsgərliyə aparısınlar, təki bir şey yemiş olsun. “Yemək, yemək, yemək”.
Küçənin tinindəki, hər gün yanından ötüb keçdiyi kafenin girişinə diqqətini cəmlədi. Səhər tezdən olduğundan gözə bir adam dəymirdi. Yox, o yeyib qaçmayacaq, o açıq-açığına kafenin sahibinə deyəcək ki, “Mən acam, üç gündür ki, düz-ağıllı bir şey yemirəm, almağa da pulum yoxdur. Olar mən sizdə pulsuz çörək yeyim?”
Kafeyə çatıb şüşəbənddən içəri boylandı. Salonda heç kəs yox idi, səhər burda müştəri az olurdu, camaat əsasən nahar fasiləsinə gəlirdi. O başda piştaxtaya dirsəklənərək qabağındakı kalkulyatorda nəsə hesablayan ağ önlüklü ofsiant qız görünürdü. Qapını açıb ötkəm addımlarla içəri daxil oldu, plastmas stolların arası ilə qıza tərəf addımladı.
Qız çatma qaşlarını qaldıraraq maneken ədası ilə onu süzdü:
-Eşidirəm.
Qızın düz qaməti, iri döşləri, qızarmış yanaqları, tarıma çəkilmiş ağ dərisi vardı, lakin indi o, bunları qiymətləndirəcək halda deyildi. Onun beynini yalnız mətbəxdən gələn qazan xörəklərinin xoş qoxusu məşğul edirdi.
-Müdriyyətdən kimsə var?
-Si kim lazımdır?
Əsəbdən əsən əllərini gizlətməyə çalışaraq bir-birinə sıxdı:
-İşim var... Təcili çağırın, zəhmət olmasa…
Qız təəccüb içində onu başdan ayağa sızdü:
-Müdir indilərdə olmur, o yalnız on ikidən sonra gəlir.
Bir müddət donuq halda qıza baxdıqdan sonra yalandan gülümsəməyə çalışdı:
-Bəs onu əvəz eləyən bir kimsə varmı?
Qız əlindəki qələmi önlüyünün cibinə qoyaraq mətbəxə tərəf addamladı. Bir azdan oradan gözlərini ovuşdura-ovuşdura, gərnəşərək orta yaşlı bir kişi çıxdı. Oğlan geyimindən onun aşpaz olduğunu müəyyənləşdirdi.
-Nə lazımdı, qağa?
Bir müddət çaşıb qaldı, qabağında döyüşə hazırlaşırmış kimi bir pozada dayanmış bu pezəvəngin gözlərinə baxmağa belə cəsarət etmədi. Sonra nə fikirləşdisə geri çönüb sürətli addımlarla qapıya tərəf getdi.
-Ayə, sözünü de dana, bala, nə istayırdın?
-Yox, bağışlayın… mən sonra gələrəm…
Qapıdan çıxarkən aşpazın “Gicdırnaqlarına şükür, ilahi! Harda avaragor, ipləmə var, bizi tapır!” deyintilərini eşitdi… Əsəbdən beyni gizildədi. Bu aşbazı öldürməyə o qədər şad olardı ki, sanki özü üçün dünyada ən əvəzedilməz arzusuna çatardı. Hə, pezəvəngin cəsədinə baxmaq, öldüyünü hiss etmək ona əla təsir bağışlayardı. Ən azından onun bir daha nəfəs ala, danışa, yeriyə, tıxa bilməyəcəni duyub ləzzət alardı…
***
Sahil bağının yanında qrup yoldaşı ilə rastlaşanda sevincinin həddi-hüdudu yox idi. O da kəsri olduğundan yayı Bakıda ilişib qalmış tək-tük tələbələrdən biriydi. Bir az söhbətləşdikdən sonra qrup yoldaşından borc pul istədi. Lakin yazıq rayona gedə bilmədiyinə görə pulunun olmamasından şikayətləndi.
-Amma sənə pul lazımdırsa, 3-4 məmməd borc verə bilərəm. Cəmi bir şirvan pulum var, onun da iki məmmədinə Binədəki uşaqların yanına getməliyəm.
Oğlan qüssəylə gülümsündü, pulu alaraq tələbə yoldaşına minnətdarlıq etdi.
Metronun yanından ötüb üzü bulvara sarı gedərkən un məmulatları satılan dükanı gördü. Şüşəbənddən içəri boylandı. Bura işıqlı və təmiz idi. Qar kmi ağ önlük taxmış bir qız piştaxtın üstünə sobadan təzəcə çıxarılmış cürbəcür bulkaları düzürdü. Sakitlik idi, içəridə təkcə bir müştəri vardı. Gözlüklü bir qocaydı, burnunu qabağındakı qəzetə dirəyib söykənəcəyə mıxlanmış kimi durmuşdu. Qabağında buğlanan kofe stəkanı və yarıdişlənmş biskvit vardı.
Oğlan səki ilə var-gəl eləyib qocanın getməsini gözləyirdi, hiss eləyirdi ki, yenə də mədəsində yanğı başlayıb. Cırhacır yay olduğundan və əhali dənizə axışdığından şəhərdə adam az idi. Beş, on, on beş dəqiqə də keçdi. O haldan düşüb dükanın divarına söykəndi və nifrətlə böyürdəki pəncərədən qocaya baxdı. Axı o, qəzetdə nə görüb? Ona elə gəlirdi ki, bu adam onun düşmənidir, onun barəsində hər şeyi bilir, buna görə də onun acığına kafedən çıxmaq istəmir. İçəri girib ona dişinin dibindən çıxanı deyəsən ki, belə qəpik-quruşla kafedə bu qədər oturmaq olar? Ah, bircə o tez çıxıb getsəydi…
Nəhayət, qoca qəzetini bükdü, bircə qurtuma kofeni başına çəkib tələsmədən durdu, çantasını boynuna keçirib getdi. Kafedən çıxandan sonra o, təzədən eynəyini taxıb yol boyu gedə-gedə, hər beş-on addımdan bir dura-dura qəzetini oxuyurdu.
Qoca gözdən itəndən sonra oğlan kafeyə girdi, qapının ağzında ləngiyib bilmədi ki, əvvəl hara yaxınlaşsın; kofe süzülən yerə, yoxsa bulkalara tərəf? Radioda Xulio İqlesiasın yanıqlı səsi eşidildi. Budur, o özlüyündə müəyyən edib sobadan təzəcə çıxarılmış, hələ qiymət kağızları belə düzülməmiş isti bulkalara tərəf addımladı.
-Sizdə kofe neçəyədir?- xasiyyəti üzrə əllərini ovuşdua-ovuşdura soruşdu.
-Kofe o biri otdeldə satılır,- qız onu nifrətlə süzüb gözlərini çəkdi.
-On qəpiyə,- səsi eşidib çöndü və kassir qadının mehriban baxışlarıyla rastlaşdı.
-Demək, bir nizamiyə, hə? Elə isə mənə… iyirmi qəpiklik bulka verin… və bir stəkan da kofe,- cibindən çıxardığı pulları kassir qadına uzatdı. Qadın laklanmış dırnaqlarını kassa aparatının üstündə gəzdirdi. Aldığı qəbzləri müvafiq şöbələrə verib iki ədəd bulka və bir stəkan kofe götürdü. Kofe süzən oğlan öz işindəykən gözləri divardakı rəsm əsərindən asılı qaldı. Tabloda tufanın sahilə atdığı köhnə balıqçı qayığı təsvir olunurdu, ətrafında isə səpələnmiş balıqçı paltarı vardı.
Ayaq üstə durmaq üçün nəzərdə tutulmuş söykənəcəklərin yanından sakitcə ötüb yeganə oturacağa yaxınlaşdı, əlindəkiləri səliqə ilə stolun üstünə qoydu.
Əvvəl istədi ki, kofeni birdən başına çəkib sonra bulkaları yesin, amma özünu saxladlı. Hiss elədi ki, kassir qadın ona fikir verir. O, isə qadına tərəf baxmağa cürət eləmirdi. Ona elə gəlirdi ki, baxsa qadın hər şeyi başa düşər: onun ürəyindən keçənləri, axırıncı dəfə üç gün qabaq doyunca yediyini, ətrafda hamıya nifrət etdiyini… Belə olsa, onda ağzına bircə tikə atmamış durub getməliydi.
O tələsmədən bulkanı götürüb ağzına apardı, lakin başa düşdü ki, dili-ağızı qupquru quruyub, onda kofeyə batırıb çeynəməyə başladı. Üstündən tez bir neçə qurtum kofe içdi. Qarnında başlanan yanğı çəkildi. Başını qaldırıb acgözlüklə piştaxtın üstündəki cürbəcür formalı, əsasən şəkəri bol olan un məmulatlarını süzdü. Düşdüyü vəziyyətin bütün dəhşətini yalnız indi anladı, ürəyi sıxıldı, boğazı tikildi.
Bir azdan hiss etdi ki, indi bu saat hönkürtü çəkib ağlayacaq. Qarşıdakı kassir qadının ona baxdığını bilsə də, özünü saxlamağa gücü çatmadı. Acgözlüklə, tələm-tələsik yeyir, qorxurdu ki, qarşısındakı ətirli bulkaları son qırıntılarınacan yeməyə göz yaşları mane olsun. Kofe ilə axırıncı bulkanı ötürəndən sonra gözləri dumanlandı, nəsə ilıq bir şey burnunun böyrü ilə axıb stəkana damcıladı.
O, başını qolunun üstünə qoyub ağladı: acı-acı ağlayırdı, ümidsiz, çarəsiz ağlayırdı ki, ömründə heç belə ağladığı olmamışdı. Birdən kiminsə əli onun heysiz halda qolları üstünə düşmüş başını tumarladı, yerli ləhcəylə danışan mülayim bir qadın səsi eşidildi:
-Ağlaginən, bala, ürəyin boşalsın…
Onun gözlərindən yenidən sellər, sular axdı, amma daha bu göz yaşları sevincdən idi, o, hiss elədi ki, bu göz yaşları onun ürəyini soyudub sərinlik gətirir, boğazının qəhəri açılır. Ona elə gəldi ki, ağladığı dəqiqələrdə onun həyatı və duyğuları su şırımı altında yuyulan stəkan kimi yuyulub təmizlənir, əvvəlki paklığı və qüvvəsini alır.
Doyunca ağlayandan sonra salfetka ilə gözlərini sildi, başını qaldırıb ətrafa baxdı. Dükanda heç kəs yox idi, bircə kassir qadın pəncərənin yanında dayanmışdı, nəzərlərini küçəyə zilləyib, harasa uzaqlara baxırdı, sifəti də çox kədərli idi.
Oğlanın qabağında yenə də bir stəkan kofe, bir boşqab da cürbəcür şirniyyat vardı. Oğlan heç nə fikirəşmədən asta-asta yeməyə başladı, elə bil öz evlərində oturmuşdu, pəncərənin yanındakı qadın isə anasıydı.
Oğlan yeməyini qurtaranda artıq kafeyə bir neçə müştəri də daxil olmuşdu, get-gedə alver qızışırdı. O, bir qədər də oturdu, bilmirdi ki, vidalaşanda kassir qadına nə desin.
Nəhayət, o durub kassaya yaxınlaşdı, adi bir səslə dedi:
-Çox sağ olun, xanım.
Sonra nəzərlərini kofe satan oğlana tərəf çevirdi, onun başı qarışıq idi. Baxışları bulkalar şöbəsindəki qızla toqquşanda isə gülümsəməyə çalışdı. Qız da gülümsəyərək “xudafiz” bildirən bir hərəkətlə başını tərpətdi.
Ötüb gedərkən arxadan kassir qadının:
-Xoş gəldin, oğlum,- sözlərini eşitdi.
Oğlan kafedən çıxdı, bulvara tərəf üz tutdu. Dənizdən əsən meh onun göz yaşlarından od kimi yanan sifətinə bir sərinlk gətirirdi. Ayağı hara apardısa elə ora da gedirdi, axırda gəlib bulvarı dənizdən ayıran daşlara çatdı.
Oğlan xeyirxah qadın barəsində fikirləşirdi. Əvvəl fikirləşirdi ki, əlinə pul düşən kimi onun xəcalətindən çıxsın. Sonra qərara gəldi ki, bir də oralara getməsin. Sifəti yavaş-yavaş soyuyurdu, fikri dağılırdı. Baş vermiş bu hadisənin xatirəsi ömrü boyu yadından çıxmayacaqdı. O, inamlı addımlarla, Xulio İqlesiasın bayaqkı “Nostalji”sini zümzümə edə-edə gedirdi, gəlib boş bir skameykanın yanına çatanda isə hiss elədi ki, əvvəlki gücü, gümrahlığı özünə qayıdır.
Dənizdən əsən küləyi cigərlərinə çəkdi. Skameykaya oturub, başını arxaya uzatdı, xeyli vaxt masmavi göy üzünə tamaşa elədi. İndi nə oxumaq, nə danışmaq, nə də fikirləşmək istəyirdi. İndi o, yenidən yaşayırdı, bu da onun bəsiydi. Elə beləcə də üzü dənizə yuxuya getdi.

Комментариев нет:
Отправить комментарий