25.02.2014

Tofiq Abdinin “Poeziya” kitabı ilə bağlı Professional Oxucu Liqasının qurduğu diskussiya

İştirak edirlər:
İBRAHİM SEL- Professional Oxucu Liqası
İBRAHİM FƏRHADOĞLU- “Filfak” Müstəqil Araşdırmalar Mərkəzi
ÜLVİ MƏMMƏDLİ- Avrasiya Gənclər Birliyi
AQİL ADİLOĞLU- “Çərçivəsiz” ədəbi qrupu
MİRBAĞIR BÜNYATLI- Azad Yazarlar Ocağı
ALI VÜSAL- “Region səs” qəzeti
QASİD NAĞIOĞLU- Azərbaycan Jurnalistlər Birliyinin üzvü

QAQARİN PƏRƏSTİŞKARININ ŞEİRLƏRİ     

SEL: Tofiq Abdinin şeirlərini oxumağa başladıqda ilk əvvəl əsəb içində idim. Deyirdim görəsən bu köhnə sovet şeirlərini haradan çırpışdırıb.
Heç olmasa yan-yörəsini də dəyişməyib, bizim postmodernistlər demişkən, dekonstruksiya da etməyib, necə var elə də verir, bununla da Tofiqi az qala iman abdullalarla bir cərgəyə qoyacaqdım. Səhifələr arasında keçmiş kitablarının üz qabıqlarının rəsminə rast gələndə isə başa düşdüm; bu bir həyat epopeyasıdır- burada Tofiqin ötənlərdə çap edilmiş bütün kitablarındakı şeirlər toplanıb. Şanlı Sovet çağlarında müəllifi riqqətə gətirən momentlər də burada özünə yer tapıb.
ÜLVİ: Tofiq abi bura hələ “Məhərrəmoğlu” olduğu dövrdən tutmuş “Gənclik-72” estafetinə kimi, bütün şeirlərini doldurub, bununla da kitabın yaradıcılıq dəyərini azaldıb. Kəmiyyət çoxalsa da, keyfiyyət itib. Siz necə firikləşirsiniz?
FƏRHADOĞLU: Gəlin biz bu gün fikirlərimizi konkret, aydın, birbaşa hədəfə vuran notlarla ifadə edək ki, oxucu bizim nə demək istədiyimizi havadaca tutsun və bununla da, indi bizdə dəbdə olan girdirmə tənqidin yedəyində getməyək, standartçılıqdan uzaq olaq. Biz bura nə Tofiq müəllimi tərifləməyə, nə də ki tənqid edərək ədəbi aləmdə biabır etməyə yığışmamışıq. Odur ki həmişə olduğu kimi obyektiv fikirlərimizi söyləyək, şairin yaradıcılğı barədə açıq danışaq və şablon eyforiya yaratmayaq. Şəxsən mən bu fikirdəyəm ki, Tofiq Abdini güclü şair saymaq olmaz! Hər halda mən bu kitabı əldə edənə kimi onu gözəl, özünəməxsus stilə malik publisist kimi tanımışam. Oxuduğum məqalələrində məni maraqlandıran mövzulara toxunurdu və ən əsası, fikri çatdıra bilirdi. Düzdür, bizim bəzi Türkiyə təhsillilərdə olan fintikuruşlar onda da var, ancaq ən əhəmiyyətli olanı odur ki sadə, hər cür pafosdan uzaq, birbaşa oxucuya yetən bir üslubda yazır. Şair kimi isə məncə, Tofiq o qədər də uğurlu deyil. Yəqin mənimlə razılaşarsınız ki, Mikayıl Müşfiqdəki axıcılıq, Əliağa Kürçaylıdakı bolluq onda yoxdur. Amma nəzərə alın ki, ədəbiyyat adlı qalaktikada Tofiq Abdin adlı planet də var və o ötəri asteroid deyil; bu planetin öz yeri var, daim dəyişir, dövr edir, arada parlayır, arada qaranlığa qapılır. Ədəbi aləmdə öz dəsti-xətti ilə seçilir və yadda qalır. Biz bəyənsək də, bəyənməsək də, kifayət qədər oxucusu da var.
ALI: Mən şəxsən Rusiyada ali təhsil alanlara böyük hörmətlə yanaşıram, nəinki Türkiyədə oxuyub gələnlərə. Bilmirəm fikir vermisinizmi? Rusiya ali təhsili Salam Sarvanlar, Etimad Başkeçidlər yetişdirir, Türkiyə təhsili isə Əvəz Zeynallılar, Xanəmirlər, maksimum da Tofiq Abdinlər. Masonlar Türkiyədə hərtərəfli iş aparıblar, nəticədə başqa sahələr kimi pedaqogika da bu ölkədə ölüb. Ona görə də mutasiyalar yetişməkdədir. Bizim intellektuallar, mədəniyyətimizə lazımi istiqamət, ictimai-siyasi həyatımıza layiqli ton verənlər həmişə Rusiyada təhsil alıb geri dönənlər olub. Bunu bütün dünya etiraf edir ki, ən güclü təhsil özülü məhz Rusiyada qurulub. Köhnə sovet təhsil sistemi kimi sistem yoxdur və məhz bunu başa düşdüklərindən onlar köhnə sistemi dekonstruksiya edərək bazasında yeni rus təhsili formalaşdırdılar. Biz isə masonların bizə yeritdiyi “smaylik” təhsilinin ümidinə qaldıq. Uyduq mason zurnasının havasına, nəticədə quş quşlamaq testləri, Baloniya sistemi kimi yalançı tematikalar meydana girdi. Dünən görkəmli rus pedaqoqlarının hazırladığı prinsiplər üzərində təhsil alan xalq bu gün qaçqının yazdığı dərslikdən dərs alır. İş dəftərlərinə baxırsan, sanki burda baş yox, qol gücü rol oynayıb. Maraqlıdır, görəsən Amerika ölkəmizə mütərəqqi nə gətirə bilər? Əlifba dəyişikliyi ilə xalqın yarıdan çoxunu sıradan çıxardıq, düşünən hissəsini zəlil etdik, indi də Amerikadan əhalinin savadsız hissəsini necə aradan götürməyi öyrənirik. Amerikanın özündə əhalinin 85 faizi yazıb oxumağı bilmir, bu barədə nədənsə heç nə deyilmir, susurlar. “Smaylik”lərin özəlliklərindən, dərsə azad şəkildə giriş-çıxışın perspektivlərindən isə ağız dolusu danışılır. Gəlin özümüzü aldatmayaq, gələcək nəsillərə indidən qəbir qazmayaq və bəzi məsələlərə bir az diqqətlə yanaşaq.
ÜLVİ: Keçək əsas məsələlərə. Tofiq müəllim, “İş günüm” şeirini yazmağa enerji sərf etməyə dəyməzdi, ondansa bir köşə yazısı yapsaydınız iyi olardı. Ümumiyyətlə bəzi məsələlər var ki, onları nəzmdə işləməyə nə halət var, anlaya bilmirəm. Bu da bizim şairlərə xas olan tendensiyalardandır və gələcəkdə Tofiq kimi gözəl insanlarımıza bu cür “nanay” poeziyadan gen durmağı məsləhət görürəm. Sevimli qəzetinizin isti bir küncünə sığınmış köşə yazınızda həmin məsələlərə toxunmaq daha məqsədəuyğun olardı. Belə şeirlərə sərf etdiyiniz vaxta isə yaxın dostunuza dəyərli bir məktub da yaza bilərsiniz. Əsəbləşməyin, təki sağlıq olsun, təki hamımızın işi-gücü olsun, işə gedib-gələk və s. və i. “İş günüm” şeirində demək istədiyiniz bunlar deyilmi? 
MİRBAĞIR: Mənim fikrimcə, Tofiqin şeirlərində də özü kimi bir köhnəlik ab-havası var. “Bir zavod gündüz işləyir,/ bir zavod gecə işləyir...” Bax bunu necə başa düşməli? Konkret götürək; harda görmüsən gecə-gündüz işləyən zavodları?
FƏRHADOĞLU: Axı bu barədə bayaq deyildi. Nəzərə alın ki kitabda Tofiqin köhnə Sovet dövründə yazılmış şeirləri də toplanıb...
NAĞIOĞLU: ...Doğrudan da, gözəl günlər idi. Bir şeyi də moment düşmüşkən müasir publisistlərimizə xatırladım; ruslar bizim millətə həm də zavodda işləməyi öyrətdilər... Kollektiv yaşam mədəniyyətini də onlardan əxz etdik. Odur ki söyərkən bir az astadan söyün.
ALI: Heyf ki həmin işləyən zavodları masonlar məhv etdilər, yerində parıltılı banklar tikdilər. Kosmos əsrində cavan azərbaycanlı balası internetə hansı sürətlə və neçəyə girir? Bir anlıq dayanaq, gülə-bülbülə, küçədən keçən gözələ şeir qoşmaqdan vaz keçib normal, yəhudi təsirindən azad mətbuatdakı maraq doğuran xəbərləri də oxuyaq. Orduların razılaşdırılmış qaydada bir-birindən uzaqlaşdırılması və döyüşdən çıxarılması haqda Cenevrə Konvensiyasına uyğun olaraq ağ bayraqlı hərbi maşınlarda Bağdada qayıdan 150 min İraq əsgərini vəhşicəsinə qətlə yetirmək barədə prezident Buşun məlum əmrini nəzərdən keçirək. Bu müstəvidə hansı janrda və hansı istiqamətdə yazmalı olduğumuz barədə bir daha düşünək. İndi isə ağ bayraq yellətmələrinə baxmayaraq, Amerika təyyarələrinin gülləbaran etdiyi iraqlı əsgərlərin yaşadıqları dəhşəti təsəvvür edək. Bu kontekstdə mövzularımaza yenidən baxaq. Cəbhənin başqa bir hissəsində 12 min İraq əsgərini tutduqları səngərlərdə diri-diri basdırdılar. Bəs bu necə olsun, yaradıcılıq üçün, yeni fəaliyyət sferaları tapmaq üçün əsl stimul deyilmi? Siz ayılmaq nəyə deyirsiniz? Bütün bu vəhşilklər yeni polittexnologiyalarla necə pərdələnir? Bizim indi içində qıvrıldığımız “başqatma” ədəbiyyatı da həmin polittexnologiyaların bir hissəsi deyilmi? Axı sabah bizi Qəzzanın kökünə salanda bu şeirlər heç kimə kara gəlməyəcək, aşağısı-aşağısı heç bir müqavimət mahiyyəti daşımadığı üçün kənara atılacaq. Bəlkə bu cür şeirlər oxuyunca gedib zarubezhom.com və uznai-pravdu.ru saytlarını oxuyaq? Mənasız söz yığını yaradınca heç olmasa həmin saytlara şərhlər yazaq? Aşağısı-aşağısı “Sion müdriklərinin protokolları”nı tərcümə edərək orada “qoyun” adlandırılan cavan azərbaycanlı balasının qabağına qoyaq ki, bəlkə heç olmasa bir-iki nəfərimizin gözü açıla? Bəlkə biz hamımız sizinlə yanlış yoldayıq, yoldaşlar, bu barədə heç düşündünüzmü?

ONUN DA MƏNASI YOXDUR

MİRBAĞIR: Kitabın başlıca problemlərimdən biri budur ki, lakoniklik yoxdur. Qeyd edildiyi kimi, indi uzun şeylər oxunmur, bir də ki Sovet dövründə yazılmış şeirlərin kiminçünsə maraq kəsb edəcəyini təsəvvürümə belə gətirmirəm. Fəqət mən orada özümə lazım olan bol mənəvi enerji mənbəyi də tapdım, adrenalin axını ilə üzləşmişəm, amma söhbət ortastatistik oxucudan gedir.
 “Elə şirin yatırsan” kimi şeirlər həddən artıq uzundur. Belə şeirləri əksinə, olduqca qısa vermək lazım idi. Kitabın yarısı isə ata haqqında azərbaycanlısayağı mühakimlərlə bəzənib. Əlbəttə bu dözülməzdir və elə bunu da türk təhsil sisteminin ayağına yazaq!
AQİL: “Araz üstündəki sərhədçiyə” şeirində mövzu yaxşıdır, amma tipik ağlaşmadır, başqa heç nə görmədim.
 Azərbaycan şairi hər şeyə şeir qoşmuşdu, bizcə otel qalmışdı. Gözləriniz aydın, otelə də gəldik çıxdıq. Təəssüf edirəm otelə həsrət şeiri ilə bu kitabda rastlaşıram, təəccüb arsenalımı daha bir hadisə ilə genişləndirməli oluram. “Orda bir otel qaldı” şeiri- görməmişliyin bir növüdür desəm, yəqin ki yanılmaram...
 “Ağlayanın varmı, dünya?” şeiri də, yüngül formada desək, əsl biabırçılıqdır. Ən yaxşı halda Zəngəzur aşıqlarının ucuz sayıqlamalarının yeni növüdür. O cümlədən “Sahilsiz dünya” da heç bir intelektual yükü, sivil dəyəri olmayan mətndir, mənası tipik azərbaycanlıdan başqa dünyanın heç bir xalqına aydın olmayan suallar yığınıdır. Və yaxud “Yaş yandırır gözümüzü” şeirinə baxaq. Tofiq müəllim, bu cür nekroloqları köşə şəklində də yaza bilərdiniz, bayaq qeyd edildi. Səh. 92-dəki “Mən qaçdım...” şeiri də bu yöndəndir. Yas-mağar söhbətləri...
 “Deputat yoldaşa” şeirini də adından hiss etdiyiniz kimi peotik qəlibə otuzdurmağa, saçlarını yolaraq misralandırmağa heç bir ehtiyac yox idi. Bu fikirləri deyildiyi kimi, bir məqalə şəklində yazıb hər hansı ikinci və üçüncü dərəcəli qəzetdə də dərc etdirmək olardı... Bizim şairlər köşə şəklində yazılmalı olan mövzuları çox vaxt şeir şəklində işləyirlər, bunlardan cild-cild kitablar yapırlar və sonra da şikayətlənirlər ki oxucu yoxdur! “Kötük” şeiri də elə, inciməyin, kötük kimi yazılıb...
 “Aman, bu çaydan keçən” şeiri poetikdir, amma təəssüf ki onun da mənası yoxdur; dağınıqdır. Bu cür şeirlər qısa, lakonik yazılmalı, eyni hədəfə müntəzəm vuran fikirlərlə assosiasiya olunmalıdır. 
MİRBAĞIR: Tofiqin yaradıcılığında bəzi əndrabadi təkrirlara tez-tez rast gəlinir ki, bu da müəllifin özünə yəqin poetikliyin bir növü kimi görünür. Məsələn:

  Yağış bu dağlara yağmağındadı.
  Yağış bu bağlara yağmağındadı...

 Lap Moşunun “Xoşvaxtlığ, xoşvaxtlığ”ını xatırladır, elə deyilmi?... Bu cür qəlib təkrarlar təkrirın mənasını, əsl mahiyyətini başa düşməməkdən irəli gəlir desəm, mənə inanın. Başqa bir misal:

   Gecə uzun, gündüz qısa,
   Yaşayırıq hissimizi qısa-qısa,
   Yaşayırıq hirsimizi qısa-qısa,
   Yaşayırıq ömrümüzü qısa-qısa.

 Beləcə qısa-qısa əsəb sisteminə işləyir.

AY DOĞULAR SƏNSİZ AYA BƏNZƏMİR

AQİL: Tofiq Abdinin əvvəlki üç kitabındakı şeirləri olduqca zəif hesab edirəm, odur ki bu üç kitabı bir-birinə qoşaraq bir növ “ömür antologiyası” yaratmağın əbəs olduğu gümanındayam. Gələcəkdə şairlərimizin bu cür eksperimentlərdən çəkinməsini istəyirəm. Effekt vermir. Şeir kitabları (hər halda müasir!) qısa olmalıdır, oxucunu hər cür cəfəngiyyatla yormaq, yükləməyə cəhd bir növ ona hörmətsizlik kimi də başa düşülməlidir.
SEL: Belə. Mən başa düşürəm ki, bu cür tənqid Tofiq müəllimə mənfi təsir göstərəcək, hətta ola bilsin ki səhhətində bəzi dəyişikliklərə səbəb olsun. Amma inanın ki, səmimi qəlbdən bunu arzulamazdım, çünki onu yaxından tanımasam da, böyük hörmətim və rəğbətim var. Di gəl ki doğrudan da son zamanlar bir-iki olan-qalan əli qələm tutan, sanballı, təfəkkürlü adamlarımızın şeir girdabına atılması, oturub lazımi materiallar mütaliə etməklə ortaya informasiya verəcək nəsnə qoymaq əvəzinə, cild-cild “Ay ata” ağlaşmaları meydana gətirmələri məni də haldan çıxarır, beləcə başımızın üstünü qlobal təhlükələr kəsdirdiyi bir vaxtda savadlı adamlarımızın heca sayması gələcək faciələrimizin təkanı kimi də görünür.
ALI: Bir psixoloq kimi onu da əlavə edim ki, Tofiq müəllim, siz ağır xasiyyətli adamsınız. Rusların dediyi kimi “çelovek s xarakterom”. Hər halda şeirlərinizdən belə anlaşılır. Sizə uğurlar və yeni-yeni yaradıcııq axtarışları arzulayıram. Çalışın başqa janrlarda daha çox özünüzü sınayın.
ULVİ: Mən də elə kitabın yarısını atasına, yarısını da Rəsul Rzanın şəninə həsr etməsini alqışlamıram və Tofiq kalibrdə yazıçıya yaraşdırmıram.
SEL: Bütün tənqidlərimizə baxmayaraq, Tofiqin bir neçə şeiri vardır ki, onları bir də oxumağı sizə məsləhət görərdim. İkisinin adı dəqiq yadımdadır: “Bir cüt dodaq titrədi” və “Kəndimiz”. Həmin şeirləri kompumuzda yığdıq- bu işə vaxtını sərf edən İbrahim Fərhadoğluna öz təşəkkürlərimizi bildirək-, yəqin ki yaxınlarda çapa gedəcək “Azərbaycan şeir antologiyası”nda- bu dəyərli layihəmizdə yer alacaq. “Millətin səsi” qəzetinin də növbəti saylarından birində həmin şeirlər dərc olunacaq, oxuyub zövq ala bilərsiniz. Doğrudan da, Tofiqin bəzi şeirləri dünya səviyyəsində sanılacaq şeirlərdir.
FƏRHADOĞLU: “Qaçmaq həvəsi” şeiri də həmin kateqoriyadandır. Bu şeir parçası insan psixologiyasının ustalıqla, poetikcəsinə açımıdır.
NAĞIOĞLU: Bayaq Mir Bağır “Xoşvaxtlığ, xoşvaxtlığ” məsələsinə toxundu. Qeyd edim ki, bu cür təkrarlar əsasən Tofiq Abdin yaradıcılığının ilkin dövrləri üçün səciyyəvidir. Müasir şeirləri kifayət qədər bitkin, tutumlu nəzm əsərləridir.
 Bəzən rast gəldiyimiz bir neçə misrası şair haqqında yazılmış cild-cild kitablardan çox söz demək iqtidarındadır. Qəbir daşındakı iki misrası belə bizə şair haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Mən Tofiq Abdin yaradıcılığında şair böyüklüyünün göstəricisi olan kifayət qədər dolğun poetik ifadələr tapmışam, bir yaradıcı adam kimi həsəd oyadacaq hisslər keçirmişəm. Onları sizinlə də bölüşürəm.

Onlar oldu səmada inanlar üçün
açılacaq səhərdən qabaq
Sökülən dan.

Onun gözləri
kəpənəktək
çiçəkdən-çiçəyə qonurdu.

Sənin gəlişini gözləmirdim
Gedişin mübarək.

Kəndir kimi yığa bilmirik ovcumuza
keçdiyimiz günləri.

Bərk,
Bərk tut əlimdən!
İtərəm.

 Bu cür misralar şair haqqında çox söz deyir. Bu misralar şəxsən mənçün böyük tapıntıdır, sıradan hər yazarın yaradıcılığında rast gəlinmir və sənətkarlıq baxımından böyük xoşbəxtlikdir. Hər halda çox sevdiyim Alovun üçlüklərini, yapon hoykularını xatırlatdı mənə və zövq verdi.
SEL: Doğrudan da, bəzən bir şairin üç misrasını oxumaq kiminsə 300 min şriftlik poemalar yığnağını oxumaqdan çox rişələndirir adamı. Bəzən elə olur ki, bir neçə misra söz beyində müəyyən fantastik səhnəni canlandırır, ruhunu sakitləşdirir və təskinlik tapırsan. Ötənlərdə bizim məktəblərə Ədalət Eşqin adlı bir şairin kitabı paylanmışdı. Müəllimlər yenə əsəb içindəydilər ki, görəsən maaşda nə qədər tutacaqlar. Amma gördüm ki, şagirdlər oradakı şeirləri böyük maraqla oxuyur, xatirə dəftərlərinə köçürürlər. Alıb baxdım, çoxusu sevgi şeirləri idi, ona görə. Bir misra diqqətimi cəlb etdi: “Ay doğular, sənsiz aya bənzəmir”. Təkcə bu misra kifayət etdi ki, mən həmin şairin yaradıcılığına diqqətlə yanaşım, kitabı başdan-ayağa oxuyum. Qeyd edim ki həmin kitabda hazır mahnı mətnlərinə oxşar çoxlu şeirlər tapdım, bu da ki mənim nəzərimdə poetikliyin göstəricisi sandığım kriteriyalardan biridir.

HƏLƏ DƏ QARALIR BU KÖRPÜDƏ O GECƏ

ALI: Bilmirəm fikir verdinizmi, Tofiq Abdinin Adler şeirləri gözəl idi. Adlerdə seksual həyat maraqlı və rəngarəng olur, odur ki, şeirlər də ürəyəyatımlı alınıb. Seksin kəmiyyəti poeziyanın keyfiyyətinə birbaşa təsir edir. Orqazm stimul verir. Bir növ proporsionaldır.

Gələcəyəm bu körpüyə
gələcəyəm
Tofiq adlı bir insanı öldürməyə.

 Bu mənə əsas verir yenə o fikrimin üstünə qayıdım ki, dünya poeziyasında hind-ari qadınlarının rolu danılmazdır. Odur ki, qoy türk millətçilərimiz qonum-qonşularımızı söyməklərində olsunlar, bizsə içək erməni qızlarının sağlığına! Hələ də milli burjuaziyamız, ziyalılarımız həmin dövrləri nostalji hissləri ilə xatırlamaqdadırlar. Tofiq Abdinin bir şeirində olduğu kimi:

 Hələ də qaralır
                bu körpüdə o gecə...

ÜLVİ: Tofiq abinin bir şeiri mənə ləzzət verdi ki, o da “Səni bağışlamıram”dır. Bu şeirdə melodik ritm o qədər güclüdür ki, sanki Səməd Səmədovun, yaxud sayqılı Həmid Herisçinin sevimli müğənnisi Eyyub Yaqubovun mahnılarına qulaq asırdım. Məhz bu cür şeirlər mahnı kimi şəhər kultunun daşıyıcısı olan müğənnilərimizin repertuarında özünə yer tapmalıdır! Tofiq abi, bu barədə düşünməyə dəyər. Bəzi şeirləriniz bəstəkarlara gəl-gəl deyir.

  Bir sevgiyə yol oldum.
  niyə sənə vuruldum?
  Səni fəsillərlə, illərlə gözləməkdən
  yoruldum...

 Dum, dum, dum və sair.
ALI: Ancaq yazıq şair İstanbuldan şikayətlənir:

Ah bir sevdalana bilmədim
Bu qürbətdə...

 Səni başa düşürəm, şair. İstanbulda “sevdalanmaq” olmur. Rusiyada olsaydınız isə çox sevdalanardınız. Halınıza acıyıram. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı, amma baxır hansı qərib ölkə...
AQİL: “Bu şeir şablon bir şeir olsa da/ sən qəbul elə/ qurbanın olum Vətən”- nə üçündür bu yalvarışlar? Tofiq Abdin poeziyasının alt qatında məhz bu cür yalvarışlar görürəm, odur ki onu şair kimi qəbul etməkdə çətinlik çəkirəm. Nəyə görə qəbul etməliyəm? Şeir şeir deyilsə, başqa nədən danışmaq olar?

“SALAM SARVANŞİNA”

NAĞIOĞLU: Çoxdan aradığım bir məqam. Şair üçün şəhər nədir? Bu suala yalnız Tofiq Abdin cavab tapa bilib: “Sərbəst şeirdir/ şəhərimiz...”
 Qeyd edim ki, kitabdan “Şəhər akkordları” kolleksiyam üçün olduqca dəyərli mətnlər tapdim, bəzi hissələri sizin də nəzərinizə çatdırmaqdan məmnunluq duyuram.

Bizimlə birgə işləyən qızlar
 gözlərimizə
                gündüz bağışlar...

 Gör məndən nə qədər böyükdür
 dörd yaş
 Qaqarin

Nəğməsinin notlarını
musiqiyə köçürməyə
bir bəstəkar tapılmadı

 Mənim nəzərimdə hər bir şairin dəyəri onun şəhərə nə qədər yaxınlaşması, üst-başının tərəkəmə tozunu çırpıb, şəhər kontekstinə nə dərəcədə girməsi, his-pasdan təmizlənib, kənd ab-havasından distansiya tutması, bir sözlə, bizi zinhara gətirmiş “çuşkalıq” tandemindən nə qədər uzaqlaşması ilə ölçülür.
 Tofiq Abdini heç də zəif şair hesab etmirəm. Mən onun yaradıcılığında məhz axtardığımı tapmışam. O bir rejissordur; canlı obrazlar, şüuraltına siyarət edən metafizik mənzərələr canlandırır. Mən Tofiqin şeirlərində bir desant gördüm:

   Təyyarələr insanları
   tökməkdə yollara

 Daha sonra Mason düyününün bir cümləylə açımını gördüm:

   Kəpənəklər tora düşüb
   Qanadlarını çırpar

 Bəyəndim, şairim, bəyəndim qısası!
ALI: “Əlim soyuq sən bir uzat əlini” şeiri erməni qızına yazılıb yüz faiz. Əla şeirdir, İstanbul türkülərini xatırladır. Uzun illərdir ki, Azərbaycan şairlərinin erməni qızlarına yazdığı şeirləri toplayan birisi kimi, deyim ki kolleksiyamı çox gözəl bir tapıntı ilə zənginləşdirdim. Əla işlənib. O millətin qadınları enerji verir- həyatda öz adım kimi inandığım reallıqlardan biri də budur! Sağ olun, Tofiq müəllim! Düzgün tutmusuz.
ÜLVİ: “Daşa toxunan könül...” şeiri Tofiq Abdinin ən yaxşı şeiri idi. Bu şeir həm də ona görə diqqətəlayiqdir ki, tipik “salam sarvanşına”dır, bu yöndə yazılan şeirləri ən uğurlusudur:

daşa toxunan könül
daşda nə işin var ki
dağdan enə bilməzdin
döşdə nə işin var ki

içində bulaq axar
çölün isə odlanar
bir gözəldə gözün var
qaşda nə işin var ki

səni yaşadan sevgi
səni yumşaldan sevgi
göyərçin olmadın ki
quşda nə işin var ki

dünya son ucu ölüm
gələndə nə biləydim
a məndən dəli könlüm
qaç da nə işin var ki...

 Zənnimcə yuxarıdakı şeir müəllifin yaradıcılığının piki də sayıla bilər. O cümlədən: “Məzarına gəlib gördüm/ torpağın ağrıyır atam” misraları ilə başlayan şeirini də tipik “sarvanşina” olduğu üçün sevdim və kompüterimin yaddaşına köçürdüm.

Salam
əleykümsalam
dedim unutmusan mənim adımı...

MİRBAĞIR: Nədənsə mənə elə gəldi ki “Məni məmləkətimə götür sürücü” şeiri plagiatdır. Bu şeirin əsl müəllfinin qadın olduğu anlaşılır. Ümumiyyətlə Tofiqin şeirlərinin bir çoxu dekonstruksiya olduğu hiss olunur. Hər halda onları yaxşı işləmək lazım idi.
 “Neyçün bu qədər üzür məni” misrası ilə başlayan şeiri poetikdir, amma boşdur.
 Aşağıdakı parça isə klassik Azərbaycan poetik ağlaşmasına tipik bir nümunədir və müəllifin əvvəlki yaradıcılığının necə bir faciəvi durumda olduğunu göstərir:

   bir uşaq məzar böyüklüyündə
   bir şeir kitabım çap olundu
   içimdə körpə kimi saf, təmiz şeirlər
   sonra təbii ki nə məzar böyüdü
   bir daha
   nə də çoxala bildi kitabımdakı şeirlər
   neyçün ölür bu uşaqlar
   neyçün ölür içimdəki şeirlər?

 Hər halda uşaq məzarı boyda kitab o qədər də kiçik sayıla bilməz. Başa düşürük, mübaliğədir, amma şeir kitabı üçün yerinə düşməyib. Şairin gələcəkdə bu cür yanlışlıqlardan uzaq durmasını istərdik.
 “Bir otuz iki il də yaşasam...” şeiri də köhnəlik təcəssümüdür, qədim qəbirüstü abidələrdəki kif iyi verən vəsiyyətnamələri xatırladır.
FƏRHADOĞLU: Mən də oxudum o şeiri. Niyə elə düşünürsünüz? Bəlkə bu şeiri yazanda Tofiq özündən asılı olmayaraq xalqımızın genetik yaddaşının təsiri altında olub? Orxon-Yenisey çöllərindən gətirdiyimiz, yüzillər, minillər qoruyub saxladığımız genetik iz cuğlayıb və bu misraların kağıza hopmasına səbəb olub? Siz genetikaya inanırsınızmı?
MİRBAĞIR: Ola bilər. Amma sizin genetika bu dəfə bəd üzünü göstərib. Fikirlərimə Tofiq Abdinin elə öz misraları ilə qüvvət verim:

   Nə sən bu ağrını görə bilirsən
   Nə mən anlada bilirəm bu ağrını.

 Anlada bilməyibsən, abi!
AQİL: Mən də Tofiq Abdini yetkin şair şair hesab etmirəm. Zənnimcə onun kifayət qədər populyar olmamasının, sanballı bir müddətdə ədəbi aləmdə fırlanmasına baxmayaraq, kifayət qədər sevilməməsinin başlıca səbəblərindən biri də budur. Çoxlu sayda özünün dediyi kimi “uşaq qəbri boyda” kitabları da çıxıb, amma... çifayda! Bir şeirində özü öz “texnika”sını açıb ortaya tökür, qaranlıq mətləblərə aydınlıq gətiri. Gör nə deyir:

   bir şeylər danışırsan
   söz kimi qalır
   bu sözlərdən
   bir şeylər yazırsan
   şeir deyirlər adına

 Bu beş misrada mən bir gənc şair kimi Tofiq Abdinin yaradıcılıq mexanizmini görürəm, onun şeirlərinin əmələgəlmə trayektoriyasını beynimdə çıza bilirəm. Bu cür şeir yazılmaz, Tofiq abi...
 “...Arvadımın vurduğu ətir kimidi/ bu ölüm qoxusu.../ qorxuram”- məgər bu peoziyadırmı? Hər ağla gələn qələmə almaq olmaz ki. Nəticədə heç kəsə lazım olmayan uzun-uzun söz yığını alınacaq.

GƏLİB ƏFV DİLƏSİN ÖZ GÜNAHINA

ALI: Əlbəttə, 5-6 şeir ilə qəzet səhifəsində görünmək şair haqqında çox söz deyə bilər, nəinki qalaq-qalaq kitab səhifələri. Hər firki misralamağa vaxt itirincə, zarubezhom.com və yaxud uznai-pravdu.ru saytlarına girin, çoxlu oxuyun, təfəkkür dairənizi genişləndirin. Onda daha geniş spektrli nəsnələr yaradacaqsınız, sıradan bir “qoy” sayılmaq şansınız da sıfıra enəcək. 
FƏRHADOĞLU: Sizinlə qətiyyən razı deyiləm.

  bir dəli sevdanın səsi kimi hayqıran
   sevgini anlatmaq çox zor
   bir şəhidin məzarının başında
   qurşun kimi yağan
   bayatıları anlatmaq mümkünmü
   badam içi dodaqları
   mümkünmü anlatmaq
   yaxınları, uzaqları
   bu dünyadan gedənləri
   bu dünyaya gələnləri
   anlamaq mümkünmü
   yorma özünü mümkünmü
   bu dünyanın mümkünmü

 Sizin cavabınızı Tofiq elə kitabında karandaşla nişanladığım bu misralarında verir, izaha ehtiyac yoxdur. Şair missiyasının məşəqqətlərini hələ heç kəs bu formada verə bilməyib və bu missiyanın mənasını duyan, poeziyanı azdan-çoxdan anlayan heç bir kəs sizin kimi düşünməz.
SEL: Müəllifin Bakı şeirlərindən çox şey gözləyirdim, lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, ümidlərim puç oldu. Bu şeirlər də Tofiqin yaradıcılığın birinci periodu kimi göz yaşı, ağlaşma, qan və fəğan ilə doludur. Çıxış yolu yoxdur, işıq ucu görünmür. Horizontda bircə nicat nöqtəsi var, o da qəbir evidir. Tofiq müəllim, tipik Azərbaycan poeziyasının yedəyinə bu qədər qoşulmağa ehtiyac duyulurdumu? Bu qədər ucundan tutub ucuzluğa getməyə lüzum vardımı? Konkretlik- bax bu cəlbedicidir!
 Kədər donu, günah etirafları, yaşlaşmış dəcəllik, vərəm hüceyrələri və bərəlmiş gözlər- mən sizə bu cür zəhərlə cilalanmış onlarla şeir göstərə bilərəm. Tikanlı məftillər, yatmayan, narahat ruh- yenə də köhnə bayatılar! Azərbaycan kəndlilərinin Bakı şeirinə gətirdiyi ab-hava- itmiş illər, “yad elin gəlini”nə əlatmalar, ərşə çəkilmiş söygü, kiriməyən gönül, qara yara sevda, yenidən doğulmaq arzusu, dilim-dilim qalxan alo- usandım, şairim, usandım. “Allahından bezən könül/ nədən sənə tərəf gəlmir”- bilmirəm! Durun hamınız gedin Ədalət Salman kimi tövbə edin:

   Gəlib əfv diləsin öz günahına,
   Naümid qaytarma suçlu bəndəni.
   İlahi, üz tutub haqq dərgahına
   Tövbəyə durmuşam, bağışla məni.

 Və bu daşı ətəyinizdən tökün. Bizdə uşaq ki böyüdü, ya Sabirdi, ya Cabir, başqa yolu yox! Hamı belə yazır deyibən, “Ədəbiyyat və incəsənət” qəzeti ancaq belə şeirlər dərc edir fikirləriylə şeir yazılmaz. Ədəbiyyatı zorlayıb qəliblərə yerləşdirmək cəhdi var. Ədəbiyyat ürəkdən gəlməlidir, səmimi olmalıdır. Siz əvvəlcə yazın, ortaya qoyun və sonra soruşun: “Baxın, mən belə yazmışam, baxın, bu ədəbiyyatdırmı?”
ÜLVİ: Baxın, siz də baxın. Bəli, yenə həmişə olduğu kimi, “irəli zülmətdi arxa qaranlıq”, ömrün amansız duracağında/ sudan çıxarılmış balığam balığ”. Mən də nişanlamışam bəzi yerləri, oxşar momentləri mən də tutmuşam. İcazənizlə sizin də nəzərinizə çatdırım:

   məni saxlamadı sürüşkən əllər
   onların ovcunda ipək kimiydim
   uşağam deyibən mənə güldülər
   Allahım onlarçün bəs mən kim idim.

 Zənnimcə, özü belə sizin bu sualınıza cavab verməkdə aciz qalar, küfr çıxmasın. Çox çətin məsələdir və düzələn dərdə oxşamır. Bunu uşaqlığamı yozaq, geridəqalmışlığamı, yoxsa əsrlərin, minilliklərin o üzündən axıb gələn mentalitet şüalanmasına? Buraxaq Tofiq abinin öz vicdanına.

   Yanlış yaşamışam ötən illəri
   Mənim bu halımdan küsən Allahım
   Gəl məni özünlə götür irəli
   Biclikdən payını kəsən Allahım

 Ancaq öz aramızdı, şairə bic olmaq heç də ziyan gətirməz... Bütün böyük şairlər bic olublar. Bizimkilər isə bic olmaqdan, çevik görünməkdən qorxurlar. Mütilik alnımıza yazılıb? Heç olmasa Dostoyevskinin, Viktor Hüqonun, Artur Rembonun tərcümeyi-hallarını oxuyun.
AQİL: Dostoyevski şair olmayıb axı...
ÜLVİ: Siz onun yazdıqlarını diqqətlə oxuyun, onda mənimlə razılaşarsınız!
NAĞIOĞLU: Özü də beşəlli... Hər halda bu qədər məzlum görünmək lazım deyildi. Təbiətən bizə verilənin əksinə getmək- bu elə bilavasitə Allahın qoyduğu nizamı pozmaqdır. Gəlin razılaşaq!

NƏ ETTİLƏR VATANA...

MİRBAĞIR: Mən onu həyatda görmüşəm, Sellə “Xəzər”dən jurnalları götürməyə gedəndə görmüşəm, çox diqqətlə müşahidə etmişəm bu adamı və inanın ki məni aldatmaq çox çətindi. Selin kobud atmacaları, vulqar hərəkətləri müqabilində çox “delikatnı”, “politkorrektni” davrandı. İnanın ki Azərbaycan yazarları içərisində mənim sevimli qəhrəmanım Jan Valjan rolunu oynamaq üçün aktyor seçmək mənə tapşırılsaydı, ondan qeyrisini təsəvvür etməzdim. Həyatda üz-gözündən məğrurluq, qartallıq, “poxodka”sından belə “jiqalo”luq yağan bu adam görün kağızda özünü nə günə qoyur. Qələmə sarılan kimi sir-sifət dəyişir, qiyafət büsbütün başqa bir rəngə boyanır, sanki “energiçnı” addımlarla səs-küylü küçədə yol getdiyin yerdə birdən dönüb yas mağarında oturursan. Özü də fikir vermişəm, bu sırf bizim poeziya, ədəbiyyat adamlarına xas xüsusiyyətlərdəndir: elə ki qələmə əl atdılar, olurlar başqa adam; ya huri-mələk kimi görünməyə çalışırlar, ya da qaşlarını iki metrə yuxarı dartıb məzlum cildinə girərək, Allahdan əfv diləyirlər. Ay balam, sakitləşin, bir kəndinizə gəlin də, bəgəm sizi asıb-kəsən, qovub-tutan var? Dünyanın bütün bəlaları ancaq sizin üstünüzəmi yağır? Bunlar hamısı mütaliə dairəsinin darlığından və lazımi dünyagörüşün olmamasından irəli gəlir. Bizim yazarlar hələ də onlara hazırlanmış həmin o qəlibdən kənara çıxa bilmirlər. Yox, mən demirəm ki, hökmən radikal postmodernist ol! Heç olmasa bir az sərbəst ol, ürəyinin səsini yaz, bəs edər.
ÜLVİ: Mən də Mir Bağırın bu fikirləri ilə razıyam və Tofiqin öz misraları ilə onun dediklərinə qüvvət verirəm. Deyir:

   mən yazıq bir adamam...
   mən də belə qarğınmışam
   çölümdən içim görünmür
   çəkmə çəkmə sən bu rəsmi...

 Hamının dərdi var və özünü Məcnun kökünə qoymağa ehtiyac da yoxdu. Olan-qalan dərdlərimizi də bu formada açıb-tökməyə və camaatın əsəb hüceyrələrini öldürməyə nə ehtiyac var, anlamaq olmur. Əsəb hüceyrələri isə, bildiyiniz kimi, bir də bərpa olmurlar. Heç olmasa oxucunun vaxt qıtlığını nəzərə alıb operativ olaq və kitabımızı bu cür şəxsi kontekstlə yükləyib qarşımızdakı tərəfi azara salmayaq.  Fərqindəsinizmi? Tofiq Abdin kimi potensiallı yazarlarımızı cənginə almış həmin o mühitə hərəmiz bir daş tullayaq.
 “Məni bu sevdaya kimlər tuş etdi/ görüm mənim kimi yolunu azsın”- kimi lənətləmələr; “Mənim içimdə sevgi.../ sənin üzündən solanda/ Allah bəlanı versin”-kimi qarğışlar məhz tipik azərbaycanlı yanıqlığından əmələ gələn təzahürlərdir. Bu cür fəsadlara birdəfəlik son verməyin vaxtı gəlib çatıb. Sivilləşməyə doğru!
ALI: Başa düşmək olmur, bizim şairlər niyə özlərini tipik Azərbaycan şeirinin relsinə bu qədər yontalayaraq bəsitləşdirməyə can atırlar? Axı, Tofiq müəllim, bizdə olan məlumata görə siz sivil bir şəhər adamısınız, mədəni bir ailənin başçısısınız, gözəl bir ədəbi mühitin üzvüsünüz. Olduğun kimi görün- ədəbiyyatın, xüsusən də poeziyaın Qızıl Qanunlarından biri də bu deyilmi? Hamı palaza bürünüb ellə sürünür deyə mən də həmin kif iyi verən yığnaqla yanaşı uzanmalıyammı? Bu gün sizin qarşınızda duran əsas məsələlərdən biri də öz yerinizi, istiqamətinizi müəyyən etməkdir. Potensial var, lakin onu lazımi yerə xərcləmək lazımdır. Şeir xatirinə şeir yazılmaz, görüb-götürdüklərimizdən söhbət salaq, ürəkdən gələnləri qələmə alaq və “purqa qnat” etməyə çalışmayaq! Biz olduğumuz kimi görünəndə məhz böyük təsiri bağışlayırıq. İndiki oxucu həmin o siz deyən oxucu deyil, əgər zarubezhom.com saytını qoyub sizin şeir kitabını oxumaq qərarına gəlibsə, ona bir az hörmətlə yanaşmalısınız, tərəkəməsayaq mühakimələrlə şələləməyə cəhd göstərməməlisiniz. Hər addımbaşı problemlər, bir dünya aqressiya, n qədər əsəb var. Müasir poeziyanın missiyası həyatın ağırlığından ruhu ayırıb sakitləşdirmək olmalıdır. Poeziya başqa nəyə xidmət edə bilər ki?! 

  Bilir misin cahillər
  Nə ettilər Vatana
  Nə qoydular uyuya
  Nə qoydular uyana.

 Olsa-olsa, bizə belə şeirlər yazılmalıdır. Yoxdursa, heç nə. Qoy yeri boş qalsın, amma zibil olmasın.
SEL: Təzə sağılmış inək südünü yerindəcə için, masonların hazırladığı texnologiya ilə düzəldilmiş qida məhsullarıyıa doldurulmuş marketlərimizə yaxın da getməyin, mağazalarımız radiasiya mənbəyidir, ölçmə cihazı tapsanız (əgər tapsanız!) yaşadığınız ərazidə radiasiyanın dərəcəsini yoxlayın! İynə-dərmana pul verməyin, həmin pula təmiz Yardımlı balı alın, lazımdırsa bunuçün borca da girin, amma təki sağlam olun, sağlam olun. Teksundan, dönərdən və koladan uzaq durun, qoy sağlam uşaqlarınız doğulsun və masonların planları alt-üst olsun. Hər səhər ac qarına bir qaşıq bal udun, vaxtı-vaxtında sekslə məşğul olun və gözəl şeirlər yazın, yaradın. Yazmamışdan qabaq isə bolluca mütaliə edin. Baxın nəyi oxuyursunuz. Kənddə olanda arada sarımsaq yeyin, qorxmayın, burda kiminləsə öpüşmək şansınız azdır. Şəkəriniz varsa qanqal yeyin, tutun yetişməyini səbirsizliklə gözləyin, lazımdırsa göyərti otlayın, amma zəhrimara qalmış reklamda göstərilən heç bir bər-bəzəkli zir-zibilə yaxın getməyin. İudeylərin nağıllarına uymayın. Özünüzü və körpələrimizin gələcəyini qoruyun. Sıralarımızı azaltmayın! Bizimlə olun! Kanalı dəyişməyəcəyik.

2008

Комментариев нет:

Отправить комментарий