28.02.2014

Hepatit C xəstəliyini Azərbaycanda hansı ölkə yayır?

Xalqımıza qarşı bakterioloji silah tətbiq olunur? Ölkə vətəndaşlarının 10 faizindən çoxu öldürücü Hepatit C virusuna yoluxub; İran klinikalarında xəstə azərbaycanlıların sayı heyrət doğurub; ekspertlər həyəcan təbili çalır…

“Təkcə fevralın 22-də mənimlə bərabər sərhəddən İrana 200-dən çox Hepatit C virusuna yoluxmuş xəstə keçib getdi. Biləsuvardakı sərhəd keçid məntəqəsində növbə gözləyərkən hamı bir-biri ilə ancaq Hepatit haqda danışırdı. Orada maraq üçün sorğu apardım, məlum oldu ki, İrana keçmək üçün gözləmə zalında gözləyən 300-dən çox adamın 200-dən çoxu bu virusa yoluxmuş azərbaycanlılardır”.

Bu sözləri redaksiyamızın əməkdaşına Hepatit C virusundan əziyyət çəkən biri deyib. Həmin şəxs bu virus və onun törətdiyi ağır xəstəliyin bahalı müalicəsi ilə bağlı öz başına gələnlərin timsalında maraqlı və şok effektli faktlar açıqlayıb: “Mən İranda ”Şəms» klinikasında müalicə alıram. Burada məni müalicə edən həkim bildirdi ki, hazırda təkcə bu klinikada Hepatit C virusuna yoluxmuş 500-dən çox Azərbaycan vətəndaşı müalicə alır. Onun dediyinə görə, üst-üstə İranda 10 minlərlə Azərbaycan vətəndaşı Hepatit C virusundan müalicə olunur. Həkimim Azərbaycandan sözügedən virusla bağlı müraciət edənlərin sayının ifrat həddə çatdığını bildirdi.
Həmin həkim qeyd etdi ki, bu, təkcə diş klinikalarında, bərbərxanalarda yoluxma məsələsi deyil. Onun ifadə etdiyi səbəb təxminən bu cürdür: “Bu virusu sizin ölkədə deyəsən qəsdən yayırlar, bəlkə də bu, sizin düşmənlərinizin işidir, bakterioloji silah effekti ilə yayılıb Hepatit C Azərbaycanda. Sizin ölkənizin rəhbərliyi bu məsələni ciddi nəzarətə götürməlidir, yoxsa Azərbaycan xalqının genefondu məhv ola bilər. Hepatit qana yoluxan virusdur, buna yoluxmuş xəstəni sağaltmaq, yəni virusu bloklamaq mümkün olsa da, onun daşıyıcılıq halında gələcək nəsillərə genetik olaraq ötürülməsi də tibbi nöqteyi-nəzərdən təkzib olunmur. Bunu hökumətiniz nəzərə almalı və kompleks tədbirlərə başlamalıdır”.
İranlı mütəxəssisin dediyinə görə, Hepatit C xəstələri ilə bağlı belə dəhşətli statistika bölgədəki digər dövlətlərdə- Ermənistanda, Gürcüstanda, Türkiyədə, İranın özündə yoxdur. O bildirdi ki, İrana hətta Ermənistandan gələn Hepatit virusuna yoluxanların sayı Azərbaycanla müqayisədə 20 dəfə azdır: “Məsələn, mənim müalicə aldığım klinikaya təxminən 15-20 erməninin Hepatit C ilə bağlı müraciət etdiyi bildirildi”.
Həmsöhbətimiz qeyd etdi ki, daha dəhşətli vəziyyət virusa qarşı müalicədə istifadə edilən dərmanların Azərbaycanda fantastik həddə baha olması ilə bağlıdır: “Hazırda virusu bloklamaq üçün ən çox istifadə olunan preparat- antibiotik ”Regintron»dur. Azərbaycanda işbazlar onu fantastik həddə baha satırlar: bir ampula “Regintron” Bakıda 190-220 manat civarında satılır. Bu da yalnız bir həftəlik dozadır. Həmin dərmandan xəstəyə 48 həftə vurulmalıdır. Yəni xəstə Azərbaycanda müalicə olunarsa, təxminən 10 min manat təkcə “Regintron”a verməlidir. “Regintron” Amerika istehsalıdır. İranda isə həmin dərman hazırda bizim pula çevirəndə 75-80 manata satılır, yəni Azərbaycandan üç dəfə ucuz. Bundan başqa, hepatitli xəstələrin müalicəsi zamanı digər köməkçi dərmanlar da var ki, onlar da ümumən 3-4 min manat pul tutur. İranda isə həmin məbləğ 2 dəfə ucuzdur.
Həmçinin Hepatit C-yə yoluxmuş şəxslər müalicə dövründə hər 3 aydan bir dərmanların təsirinin öyrənilməsi üçün analizlər verməlidir. Bu analizlər virusun genotipinin müəyyənləşdirilməsi mərhələsinə qədər olmalıdır. Bakıda cəmi iki-üç klinikada bu analizləri normal edə bilirlər, qiymət də çox bahadır. Məsələn, genotipin müəyyən edilməsi 350 manatdır. Bu virusa yoluxmuş şəxsin ortalama 10-12 min manat pulu yoxdursa, qısa müddətdə ciyəri serroz olub öləcək. Hökumət isə bu xəstələrə heç bir büdcə və ya dərman ayırmayıb. İranda isə öz vətəndaşları üçün Hepatit C virusunun müalicəsi məhz dövlət hesabınadır, yəni bu müalicə də vətəndaşın tibbi sığortasına daxildir».
Mövzu ilə bağlı danışdığımız həkim-ekspert Azərbaycanda Hepatit C virusunun gerçəkdən tüğyan etdiyini dedi: “Hər hansı cərrahi əməliyyata girən zaman qan analizləri aldığımız 10 vətəndaşdan birində Hepatit virusu aşkarlanır. Virusun bu qədər çox insanı tutması şübhəlidir və bunun üzərinə ciddi gedilməlidir. Bu, qəsdən həyata keçirilən işə oxşayır. Yoxsa bu qədər insanın cəmi bir neçə ilin içərisində bu virusa yoluxması mümkünsüz görünür. Sanki bu, bir epidemiya halında çoxalır. Virusun ən geniş yayılan forması isə Hepatit C-dir. Orta hesabla vətəndaşların 10 faizi Hepatitə yoluxub. Çoxlarının isə bundan xəbəri yoxdur. Virus o zaman aşkara çıxır ki, artıq insanın ciyəri serroz olub, bu da gec olur”.

musavat.com

Комментариев нет:

Отправить комментарий