22.02.2014

Hacı Akif Tağızadə - Ey ərənlər mülkü...

Mərhum Hacı Ələmdar Mahirin "Nardaran" qəzəlinə təxmis

Ey ərənlər mülkü, ey şirin zəbanım Nardaran,
İsmin ilə fəxr edir pirü cavanım Nardaran,
Sənsiz əflakə çıxar ahü fəğanım Nardaran,
"Ey mənim səhrayi-qəmdə sayəbanım Nardaran,
Artdı gün-gündən, sənin sayəndə şanim Nardaran".

Bal kimi nuş eylərəm, gər gəlsə səndən qəm mənə,
Namına etsəm xələl, əhlin deməz adəm mənə,
Yoxdur səndən özgə bu aləmdə bir məhrəm mənə,
"Səndən ayrı bir qəfəsdir, cümlə bu aləm mənə,
Sızlaram bülbül kimi, ey gülsitanım Nardaran".


Göz açıb qoynunda, gördük vardır İslamdan səda,
Zərrə-zərrə həqq əmrin eylədik bir bir əda,
Din nədir, iman nədir, bilməz onu yəqin gəda,
"İrzinə, namusuna, vicdanına başım fəda,
Dininə, imanına, qurban bu canım Nardaran".

Rəbbim etmişdir əta,bir ərməğanımsan mənim,
Harda olsam mən əgər, virdi - zəbanımsan mənim,
Hər zaman, hər yerdə daim pasibanımsan mənim,
"Həm ümidim, həm pənahım, həm gümanımsan mənim,
Ey ümüdüm, ey pənahım, ey gümanım Nardaran".

Sən inayət, sən itaət, sən əmanət rəmzisən,
Sən bəlağət, sən fəsahət, sən səadət rəmzisən,
Sən dəyanət, sən fərasət, sən şücaət rəmzisən,
"Sən səxavət, sən ədalət, sən rəşadət rəmzisən,
Ey həyalı, ey vəfalı mehribanım Nardaran".

Binti-Musanın məzarı tac olubdur başına,
Səhv etməm söyləsəm gövhər, sənin hər daşına,
Hüsnünü hər kəs görə əhsən deyər nəqqaşına,
"Sübhi-sadiqdən üzün pürnur olanda, başına,
İstərəm pərvanə tək, hər gün dolanım Nardaran".

Akifin ruhu çıxarsa bu bədəndən, eybi yox,
Bülbül ayrı düşsə də cismən çəməndən, eybi yox,
Naləvü fəryadı gəlsə gər Yəməndən, eybi yox,
"Mahirəm, beş gün uzaq düşdümsə səndən, eybi yox,
Çıxsa da canım, yenə sənsən məkanım Nardaran".

Комментариев нет:

Отправить комментарий