24.02.2014

“Hacı İbrahim indi də siyasi şantaja keçib”

Hacı İbrahim Nehrəmli Qazax rayon sakininin 355 min manatını vermir

“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli iş adamı, Qazax rayon sakini Elşad Məmmədovun 355 min manatını vermir. Elşad Məmmədovun dəfələrlə ölkə başçısından tutmuş aidiyyəti qurumlara müraciət etməsi hələlik heç bir nəticə verməyib. Bu azmış kimi baş prokuror Zakir Qaralovla görüşən vətəndaşa problemin həll ediləcəyi vəd edilib. İşin görünən tərəfi odur ki, iş adamın məsələsi düyünə düşüb.
Yaranmış sitasiyadan çıxış yolu tapa bilməyən Elşad Məmmədov sonda intihara əl atacağını söylədi. Mətbuatda intiharın anonsunu verən zərərçəkən özünü Prezident Administrasiyası önündə yandıracağını bəyan etmişdi.
Yanvarın 31-də Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin qəbulunda olan iş adamına tezliklə onun problemi həll ediləcəyinə söz verildi. 
Ancaq bütün bunlarla yanaşı hacı İbrahim Nehrəmli özünə yaxın mətbuat vasitəsilə iş adamına hücum etməkdə davam edir.
“Bakı- Xəbər” qəzetinin 7 fevral 2014-cü il tarixli sayında “Hacı İbrahimi şantaj edən Elşad Məmmədov orqanlar üçün maraqlı araşdırma subyekti olacaq” başlıqlı yazını buna misal göstərmək olar. Yazıda qeyd edilir ki, Elşad Məmmədov jurnalistdir və Milli Şuranın sədri Cəmil Həsənlinin yanındadır.
Elşad Məmmədov “Azadlıq”a açıqlamasında məsələyə münasibət bildirdi. O dedi ki, Hacı İbrahim birinci dəfə deyil mətbuatda onu şantaj edir.
“Həm məhkəməylə məni şantaj edir, gah deyir ki, “Bandotel”də olmuşam və hər şeyi inkar etmişəm, gah da söyləyir ki, Gürcüstana qaçmışam. Bir daha təkrar edirəm, bütün bu deyilənlər yalandır. Mən iki il öncə “Həsən-96” MTK-dan 51 və 52 saylı mənzilləri 355 min manata almışam. “Həsən-96” MTK-nın rəhbəri Emil Tağıyev Hacı İbrahimin bacanağıdır. Halal qazancıma aldığım mənzili mənə verməkdən imtina etdilər. Sonra Hacı İbrahim mətbuata açıqlama verib dedi ki, mənimlə iş birliyi görməli idi, bundan imtina etdiyim üçün evi vermədi. Bunlar böhtandır. Mənim onunla heç bir iş birliyim olmayıb, sadəcə gedib ev almışam. Əlimdə qəbz, maliyyə arayışı var. Məhkəmədə də bunu sübut etdim, ancaq heç bir faydası olamdı. Gürcüstana qaçmağımla bağlı da demişəm ki, deyilənlər yalandı. Gürcüstana bir-iki günlük səfərim ola bilər, ancaq qaçmaq deyilən bir şey yoxdur. “Bandotdel”ə də aparılmamışam. Bunları deməklə mənə iftira atmaq istəyir. İndi də jurnalist olduğuma eyham vururlar. Bəli, bir müddət qəzetlərlə əməkdaşlıq etmişəm. İndi də bu əməkdaşlıq mövcuddur. Səbəb isə işsiz olmağımdır. Əlimdən olan-qalan pul alınıb, bir müddət Bakıda ailəmlə kirayədə qaldım, imkansızlıqdan daha sonra rayona köçməli oldum. Cəmil Həsənliyə yanında olmağa gəldikdə isə bir daha bildirirəm ki, jurnalist kimi çəkilişlər etmişəm. Hacı İbrahim bunu deyirsə nədən mənim o vaxtkı Binəqədinin icra başçısı olmuş, hazırda Samuxun icra başçısı olan Alı Qocayevlə YAP-ın Binəqədi rayon təşkilatının keçmiş sədri Nəbi Xəlilovla şəkillərimdən danışmır. Açıq-aşkar görünür ki, Hacı İbrahim məndən alınan pulu qaytarmamaq üçün siyasi şantaja əl atır”,- deyə Elşad Məmmədov bildirib.
İş adamı bizimlə söhbətində onu da qeyd etdi ki, Orxan adlı şəxsin Hacı İbrahimi aldatması və atmasının ona heç bir aidiyyəti yoxdur: “Mən heç kimlə birləşib kimisi aldatmamışam. Pul verib mənzil almışam, əlimdə qəbz var və haqqımı tələb edirəm”.

faktxeber.com

Комментариев нет:

Отправить комментарий