25.02.2014

20 yanvardan sonrakı nağıllar

Məmməd Süleymanov

Bəxtiyar Vahabzadə Dubinyakın üzünə tüpürüb. İsgəndər Həmidov isə partbiletini Bakatinin ağzına soxub... Görməmişəm. Eşitməmişəm.
Gördüklərim və eşitdiklərim isə tamamilə başqa faktlardır.

Gördüyüm odur ki, Xəlil Rza Mərkəzi Televiziyaya çıxardılıb və “Silva xanım Kaputikyan” deyib – bu sözlər onun cəmisi 3 ay əvvəl Ali Sovetin binası qarşısında hər gün təşkil etdiyi mitinqlərdə kükrəyərək dediklərinə daban-dabana ziddi.
Gördüyüm odur ki, bu ölkədə 1993-dən bəri hər gün 20 Yanvar baş verəndə Bəxtiyar Vahabzadə sərasər 15 il yerli işğalçılara mədhiyyə söyləyib və heç kəsin üzünə nəinki tüpürməyib, ondan heç tənqid də eşitməmişəm.
Gördüyüm və eşitdiyim odur ki, Naxçıvana gedib Əliyevi “cibimdə gətirəcəm” deyən Həmidov 1 il keçməmiş ona “Siz mənim dayımsız” deyib və 9 illik məhbəsdən çıxan kimi onu ora dürtmüş adamın məzarına baş əyməyə yollanıb.
İndi nəyə inanaq: Faktlara, yoxsa nağıllara? İcazəli “qəhrəmanlıq”lara, yoxsa təhlükəli məğrurluq haqda əfsanələrə?
***
20 Yanvar böyük bir insan kütləsi üçün karyera tramplini, nağıl mənbəyi, spekulyasiya aləti, özünütəbliğ vasitəsidir. Və bu, 20 ildir davam edir, bundan sonra da davam edəcək.
Danışanlar isə o günlərdə heç nəyi ilə risq etməmiş adamlardır. Fərqi yoxdur o adamlar indi hakimiyyətdədir, yoxsa deyil. Əsas odur ki, personajlar özlərini tarixin səhifələrinə soxmaq istəyirlər və 20 Yanvar faciəsi bu məqsədə çatmaq yolunda çox əlverişli üsuldur.
Ümumi semantika nəzəriyyəsinin banisi Alfred Korjibskinin çox məşhur cümləsi var: “Xəritə - ərazi deyil, dünyanın modeli – dünyanın özü deyil...”
Sonra da Korjibski əlavə edir: “...Ancaq xəritə struktur cəhətdən əraziyə bənzəyir və onun faydası da bundadır”.
Yox, əgər xəritə struktur cəhətdən də ərazi ilə oxşar deyilsə, bəs onda? Mozambikin xəritəsini Azərbaycanın ərazisi kimi bizə soxuşdururlarsa, nə etməli? Doğrudanmı heç nə? Axı hər gün və 10-15-20 il ərzində bu yalan tərkrarlansa sonunda həqiqət kimi qəbul olunacaq?
Onda sonrakı nəsillər inandırılacaq ki, 1990-nın yanvarında azəri ziyalıları və siyasətçiləri özlərini eynən 1956-cı ilin Macarıstanında və 1968-ci ilin Çexoslovakiyasında olduğu kimi aparıblar. Yəni, passionar, qorxmaz, karyeralarına tüpürüb xalqını və Azadlığı seçən, bu Azadlığın gəlməyəcəyi təqdirdə nəinki ortadan qaçıb qeyb olmayan, əksinə, başlanan Yolu davam etdirən mərd və namuslu şəxsiyyətlər olublar.
Sonrakı nəsillər bu “qəhrəmanlar”ın özlərinin özləri haqda (başqalarının onlar haqda yox ha!) təriflərini dinləyib hələ bir onlarla fəxr də edəcək. Tarix kitabları barrikadada vuruşan İ.Həmidov, sovet əsgərləri ilə əlbəyaxa olan R.Qazıyev, ölmək üçün tankların altına atılan (ancaq ölməyən) N.Pənahov, karyerasını çoxdan uduzduğundan “demokrat”a çevrildiyi unudulmuş KQB generalı... haqda nağıllarla bəzədiləcək.
Bizdə tarix simpatik mürəkkəblə yazılır. Yəni, hər sonra gələn əvvəlki yazıları pozub yenisini yazır. Bu personajların da yazıları və adları eyni vaxtda peyda olmayacaq. Hərəsinin öz dövrü var. Və bu dövrlərin hamısının da ümumi adı var – “Nağıllar erası”.
Ənənəvi nağıllardan fərqli olaraq bu nağılların baş qəhrəmanı elə nağılbazın özüdür. Özü danışır və özündən danışır.
Ancaq nə etsələr də, sonunu gətirə bilmirlər. Çünki şahidlərin də yaddaşı var. Və bu yaddaş da nəsildən nəsilə ötürülür...

Комментариев нет:

Отправить комментарий