02.06.2014

Söyün Sadıqov: MEHRİBAN XANIM PREZİDENTLİYƏ YAXŞI NAMİZƏD İDİ

Azərbaycanda gərgin keçən 2013-cü il prezident seçkiləri prosesinə damğasını vuran əsas hadisə, heç şübhəsiz ki, Moskvada şərti olaraq “Milyarderlər İttifaqı” adlandırılan qurumun yaranması, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun bu təşkilata sədr seçilməsi, daha sonra bu təşkilatın İdarə Heyətinin üzvlərindən olan Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi kimi hakimiyyətin əleyhinə aktiv fəaliyyətə başlaması idi. Rəsmi Bakının qəzəbinə səbəb olan bu hadisələrin mahiyyəti Rusiya prezidenti Vladimir Putinin seçki ərəfəsi Bakıya səfərindən sonra müəyyən qədər aydınlaşsa da, qaranlıq qalan məqamlar bu gün də yetərincədir.
Bunu nəzərə alaraq, ötən il bu zamanlarda cərəyan edən hadisələrin mərkəzində olan, xüsusi aktivliyi ilə seçilən, eyni zamanda Rəsmi Bakını daha çox qəzəbləndirən açıqlamalarilə yadda qalan Söyün Sadıqovla yenidən söhbətləşmək qərarına gəldik.


- Söyün müəllim, təxminən 3 aydan sonra Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) – Azərbaycanda “Milyarderlər İttifaqı” adlandırılan qurumun elan olunmasının 2 ili tamam olacaq. Lakin bu 2 ildə bu ittifaq demək olar ki, fəaliyyət göstərmədi. Gəlin bir qədər səmimi olaraq, yenidən bu təşkilatın yaradılması haqda danışaq. Bu ideyanın müəllifi kim idi və təşkilatın qarşısında hansı məqsədlər qoyulmuşdu? Ən əsası, təşkilat niyə fəaliyyət göstərə bilmədi?
- Mən istərdim sizin sualınıza biraz düzəliş edim. Bu qurum “Milyarderlər ittifaqı” adlanmır. Bu isim sadəcə Azərbaycan jurnalistlərinin uydurduqları addır. Bu qurum əslində Azərbaycan Rusiya Birliyi adlanır və onu yaratmaq mənim fikrim olub. Hələ 2002-ci ildə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yaradılmasından da əvvəl – 1999-ci ilin 1 oktyabrından Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti, yəni AZƏRROS fəaliyyət göstərib. AZƏRROS-un üzvləri arasında Aydın Qurbanov, Araz Ağalarov, Rüstəm İbrahimbəyov, Tahir Salaxov, Asya Sultanova, Tamilla Şixmammedova, Sərdar Abdullayev, Çingiz Hüseynov, Abdul Hüseynov, Rafiq Qurbanov, Vaqif Ələkbərov və digər tanınmış azərbaycanlılar təmsil olunurlar. Bu Birlik yaranana qədər Rusiyada Azərbaycanın adət-ənənələrini, dilini və hüquqlarını tərənnüm edən elə bir Azərbaycan birliyi yox idi. Əlbəttə, çox çətin idi və AZƏRROS-un möhkəmlənməsinə hər yerdə maneə yaradılırdı. Lakin biz hər şeyə rəğmən ayaqda durmağı bacardıq və onlara inad olduqca qüvvətli bir birlik yarada bildik. Elə birlik ki, Rusiya hakimiyyəti və cəmiyyəti bizim fikrimizlə, ideyalarımızla hesablaşır. Bu Rusiyada millətlərarası razılığın qorunması üçün olduqca vacibdir. Bu gün bir çoxları unudub, daha doğrusu insanların yaddaşı zəifləyib və unudublar ki, AZƏRROS azərbaycanlıların hüquqularını müdafiə edir. Daha sonra ÜAK yaradıldıqdan sonra, AZƏRROS-la onun üzvləri arasında mübahisələr başladı və bir-biriləri ilə yola getmədilər, bu isə Azərbaycan diasporasının işinə mane olurdu. Bu mübahisələrin arxasında heç bir milli maraqlar durmurdu, sadəcə hər şey “mən” dərdindəydi və sonra başqalarını deyirdi. Digər tərəfdən isə, Rusiyanın daxilindəki bir sıra dairələr və eyni zamanda başqa xalqların birliklərinin apardıqları təbliğatlar məhz həmin birliyin gücünü zəiflətməkdən ötrü idi. Bütün bu narazılıçılığı aradan qaldırmaqdan ötrü mən onların hamısını, AZƏRROSU, Ümumrusiya Azərbaycan Konqresini (ÜAK) və digər xırda Azərbaycan birliklərini 2002-ci ildə bir yerə topladım və Vahid Koordinasiya Təşkilatı yaratmağı təklif etdim ki, bütün bu mübahisə və qalmaqallara son qoyaq. Onlara anlatdım ki, yeri gələndə israillilərin və ermənilərin birliklərini nümunə gətirirsiz, amma özünüz yumruq kimi birləşmək istəmirsiz. O zaman icraçı direktor Zeynal Nağdəlıyev və səfirlikdən Arif Babayev də var idi. Siz onlardan da soruşa bilərsiz, “YouTobe”dan da tapıb baxa bilərsiz. Orada dəfələrlə Azərbaycan Rusiya Birliyinin yaradılması haqqında təkliflər səslənir. Hətta 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti Vahid Rusiya-Azərbaycan Kordinasiya Təşkilatı yaratmağı təklif etdi. Düzü, mən həmin konqresdə şəxsən iştirak edə bilməmişdim, lakin konqresdən sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bizi çağırdı və Azərbaycan prezidentinin diaspora qarşısına qoyduğu məsələlərdən danışdı. Həmin iclasda prezidentin qızı Leyla xanım Əliyeva da AMOR-un rəhbəri kimi iştirak edirdi. Mən AZƏRROS-un, Səftər Məmmədov ÜAK-nın rəhbəri kimi həmin iclasda idik. İclasda İlqar Hacıyev, Azərbaycanın Rusiyadakı konsulu Qüdsi Osmanov da iştirak edirdilər. Yadımdadır, Məmməd Əliyev iclasa qatılmamışdı, çünki onun səfirlə arasında inciklik var idi. Yeri gəlmişkən, Dünya Azərbaycanlılarının Konqresindən əvvəl mənim Ria Novosti-də bir məqaləm dərc edildi. Həmin məqalədə, mən işarə etdim ki, bizə Rusiyada güclü diaspora yaratmağa mane olurlar və bizim diasporamızın erməni diasporasından nəyi pisdir kimi məsələ qoydum və Rusiyadakı prezident seçkilərinə qədər xırda Azərbaycan birlikləri arasındakı ədavəti kənara qoymağa çağırış etdim. Bir sözlə, mən nəyin bahasına olursa-olsun onları bir araya toplayaraq Rusiya-Azərbaycan Kordinasiya Təşkilatı yaratmaq niyyətində idim. Əvvəl AMOR, ÜAK, İBRUS və Azərbaycan səfirliyi həmin təşkilatda təmsil olunmağa razılıq versələr də, sonradan bu fikirdən imtina etdilər. Sadəcə İBRUS fikrindən dönmədi. Yəni Rüstəm İrahimbəyovun təşkilatı. Mən həmişə sizin mətbuatda oxuyuram ki, yazırsız ermənilərin Rusiyada və digər dövlətlərdə yaxşı lobbisi və diasporası var. Çünki onların arasında diaspora işinə və onun rəhbərliyinin işinə heç kəs ziyan vurmur, bir-birinin arxasınca qeybət edilmir. Ona görə də onların lobbisi də güclüdür, diasporası da.

- RATİ-nin yaradılması Azərbaycanda birmənalı şəkildə prezident seçkiləri ilə əlaqələndirilirdi və əksəriyyətin mövqeyi bundan ibarət idi ki, Kreml həmin təşkilatı Azərbaycan hakimiyyətinə təzyiq məqsədilə yaradıb. Xüsusən də Sizin açıqlamalarınız bu qənaəti möhkəmləndirirdi. Xahiş edirik bu məsələni ətraflı aydınlaşdıraq: Putinin Bakıya səfərinə qədər Azərbaycan siyasətinə aktiv müdaxiləniz, seçkilərlə bağlı açıqlamalarınız Putinin səfərindən dərhal sonra niyə dayandı? Bu barədə, yəni danışmaq və daha sonra susmaqla bağlı hər hansı tapşırıq, tövsiyyə almışdınızmı?
- Mən daha əvvəl də öz çıxışlarımda bildirmişəm ki, Kremlin və Putinin bu təşkilatın yaranmasında heç bir rolu yoxdur. Kimki bunun Putinin əmri ilə yaradıldığını söyləyirdi, o lap əvvəldən yanılırdı. Mən heç vaxt Azərbaycanın daxili işlərinə qarışmamışam və orda heç bir biznesim yoxdur. Artıq çoxdan öyrəşmişəm ki, məni hər hansısa bir siyasəti dəstəkləməyimə görə təqsirləndirsinlər. Mənim yadımdadır, 2001-ci ildə mən Bakıya konqresə gələndə mənə jurnalistlər sual verirdilər ki, sən nə üçün Mütəllibovu dəstəkləyirsən? Mən onlara cavab olaraq, gülürdüm və sual verirdim ki, sizin əlinizdə hansı əsas var? Onlar cavabında anlaşılmaz tərzdə cavab verməyə çalışırdılar. Mən bir dəfə də olsa Mütəllibovla görüşməmişəm və hətta telefonla belə onunla danışmamışam. Siz bunu ondan da soruşa bilərsiz. Əvvəl mən onun haqqında çıxış edirdim və bildiridim ki, Azərbaycanın birinci prezidenti Moskvada deyil, öz vətənində yaşamalıdır. Biz əslində bu cür təkliflərlə və çıxışlarla Azərbaycanın bir sivil və hüquqa tabe bir dövlət kimi nüfuzunu qaldırırıq. Çox şükür ki, o bu gün Azərbaycanda yaşayır. Ona görə də, bir daha deyirəm ki, bu haqda hər nə yazılmışdısa… Politoloqlar, deputatlar, məmurlar, müxalifət və Azərbaycan KİV-inin mənim V.V.Putin və ya Kremlin təlimatı ilə işlədiyim haqda iddialarının hamısı yalandır. Bu haqda daha mənə sual verməyin və mən bir də belə suallara cavab verməyəcəm.

- Bizdə olan məlumata görə, ötən il bu zamanlarda Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Füzuli Məmmədov və Sizin aranızda Abbas Abbasovun ofisində mütəmadi görüşlər, müzakirələr keçirilirdi. Hal-hazırda da bu şəxslərlə əlaqələriniz varmı, tez-tez görüşürsünüzmü?
- Mən Fizuli Məmmədovla çox gec-gec görüşürəm. Nə onun zamanı var, nə də mənim. Rüstəm İbrahimbəyovla mən 1989-cu ildən tanışam və həmişə görüşmüşük, yalnız yenə elə də tez-tez yox. Moskva böyük şəhərdir və adi bir məhəllə deyil. Həm də bizim ortaq biznesimiz yoxdur. Abbas Abbasovla isə biz qonşuyuq. Evlərimiz bir-birindən 20 metr aralıdır. Digər tərəfdən bu necə psixologiya və ya mədəniyyətdir? Nə üçün də biz görüşməməliyik axı? Yoxsa görüşmək üçün biz icazə almalıyıq?! Bu sadəcə bir vəhşilikdir və heç də sivil insana yaraşan hərəkət deyil.

- Azərbaycan hakimiyyəti, elə cəmiyyəti də əmindir ki, Abbas Abbasov Kremldən aldığı təlimatlar əsasında fəaliyyət göstərir. Siz bu baxımdan A.Abbasovu necə tanıyırsınız? O, kimə daha çox sadiqdir – Azərbaycan xalqına və dövlətinə, yoxsa Rusiyaya?
- Bilmirəm, mənim məqaləmi siz oxumusuz ya yox. Mən onu oxumağı təklif etmirəm. Çünki mən nə heç bir Azərbaycan partiyasının sədri deyiləm, nə də Azərbaycanın vətəndaşı deyiləm. Mən sadəcə həmin məqalədə Abbas Abbasovun Azərbaycan xalqı üçün gördüyü işlərdən danışmışam. Abbas Abbasov Azərbaycan xalqına mənsubdur və Azərbaycan xalqının adamıdır!

- Putinin Bakıya səfərindən az əvvəl elə “AzPolitika.info”da dərc olunan məqalənizdə Mehriban Əliyevanın namizədliyini dəstəkləmişdiniz. Üzərindən xeyli vaxt keçəndən sonra bu barədə nə düşünürsünüz? O qənaətə gəlməyinizə səbəb olan arqumentləriniz hansılar idi və zamanla özlərini doğrultdularmı?
- Mən Mehriban xanımın namizədliyini təklif etməmişəm. Mən sadəcə onun prezidentliyə yaxşı namizəd olduğunu demişəm. O Azərbaycanı dünyada tanıda biləcək namizədlərdən olardı. Yeri gəlmişkən, sizin bu cür fəal qadınlarınız çoxdur. Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Elmira Axundova, Bahar Muradova və digərləri… Məni bir etnik azərbaycanlı kimi Azərbaycanda bu cür ağıllı və zəkalı qadınların olması sevindirir.

- Söyün müəllim, Sizi çox vaxt Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, etibarlı adamı kimi təqdim edirlər. Lakin Vladimir Putinin azərbaycanlı dostu, iş adamı İlham Rəhimov “AzPolitika”ya müsahibəsində bu məlumatı demək olar ki, təkzib etmişdi. Bu barədə, yəni Putinin səlahiyyətli nümayəndəsi olmağınız barədə nə deyə bilərsiniz? Bu necə bir statusdur?
- Mən İlham Rəhimovla o qədər də tanış deyiləm. Biz cəmisi üç dəfə Rusiya prezidentinin inauqurasiyası zamanı görüşmüşük. Lakin bizim ortaq dostlarımız Moskvada çoxdur. Mən onun rəhmətlik qardaşı Cahangir Rəhimovla çox yaxşı tanış idim. Sonra onun bacısı Gülnarə Rəhimova və onun həyat yoldaşı Qəhrəman Dənizlə, eləcə də onların anaları ilə tanışam. Bilmirəm o mənim haqqımda nə danışır, amma bütün bunlar onun vicdanına qalsın. Mənim isə belə bir xüsusiyyətim yoxdur və mən belə tərbiyyə görməmişəm ki, kimin haqqındasa nə isə danışım. Xüsusəndə əgər mən həmin adamı tanımıramsa. Mən Rusiya prezidentinin səlahiyyətli nümayəndəsiyəm və bunu bu gün çox asan yoxlamaq mümükündür. İstənilən insan bu gün internetə daxil olaraq, Söyün Sadıqov və ya Sadıqov Söyün Qasım oğlu (Kasımoviç) yazmaqla və yaxud “doverennoe.ru” saytına daxil olmaqla orada V.V.Putinin bütün səlahiyyətli nümayəndələrinin adları və hətta onların şəkilləri, həyat və yaradıcılıqları ilə tanış ola bilər.

- İlham Rəhimovdan söz düşmüşkən, RATİ-nin yaradılmasına İlham Rəhimov niyə dəvət olunmamışdı? Axı deyilənə görə o, Rusiyadakı ən nüfuzlu azərbaycanlılardan biri sayılır…
- Ona görə İlham Rəhimovu çağırmamışdılar ki, o nə Rusiya vətəndaşı deyildi, nə də Rusiyada fəaliyyət göstərən hər hansısa bir təşkilatın rəhbəri deyildi. Orada yalnız ya Rusiya vətəndaşlığı olanlar, ya da Rusiyada Azərbaycan təşkilatlarına rəhbərlik edənlər yer ala bilərdi.

- Söyün müəllim, biraz da Sizin şəxsiniz barədə danışaq. Təxminən nə qədər pulunuz var? Bu sualı ona görə veririk ki, Azərbaycanda hamı Sizi də milyarder kimi tanıyır.
- Mənim nə qədər var-dövlətim var və ya yoxdur, o mənimdir. Digər tərəfdən, başqasının pulunu saymaq heç də gözəl bir xüsusiyyət deyil.

- Əvvəllər Azərbaycanda tez-tez olurdunuz, son illər belə səfərləriniz haqda məlumatlara rast gəlməmişik. Belə səfərlərin azalması nə ilə bağlıdır, Azərbaycan hakimiyyəti ilə münasibətlərinizin pisləşməsinin rolu varmı?
- Səhv edirsiz. Mən heç vaxt Azərbaycana tez-tez gəlməmişəm. Mən həmişə Azərbaycana gec-gec gəlmişəm və sonuncu dəfə Azərbaycanada 2006-cı ildə olmuşam.

Ülkər Musazadə        Azpolitika

Комментариев нет:

Отправить комментарий