01.10.2015

Rus kəşfiyyatında İŞİD qruplaşmasının bunkerləri haqqında dəqiq məlumatlar vardır

Ren.tv telekanalı bildirmişdir ki, İŞİD döyüşçüləri rus təyyarələrinin hədəfi vurma dəqiqliyindən heyrətə gəlmişlər. Məlum olmuşdur ki, rus kəşfiyyatı İŞİD qruplaşmasının yeraltı bunkerlərinin yerini tam dəqiqliyi ilə bilir. İŞİD rəhbərliyi Suriya ərazisindəki əsas bazalarını dağlıq yerlərdə torpağın dərinliklərindəki qazmalarda yerləşdirmişdir. Rus təyyarələrin atdığı raketlər həmin bunkerləri tam dəqiqliyi ilə vura bilmişlər. Ekspertlər bildirirlər ki, bunkerləri vuran yeni tip raketlər torpağa toxunarkən detonasiya vermir, yalnız yerin dərinliyinə çatdıqdan sonra parlayır və ətrafa qəlpə tullamır. Həmin raketlərin əsas funksiyası yer altındakı obyektləri sıradan çıxarmaqdır.
Rusiya təyyarələri Suriyada hər gecə 8-10 uçuş keçirir. Bombardmanlar nəticəsində terrorçuların silah, texnika və yanacaq anbarları, yığışdıqları binalar və dağlardakı komanda məntəqələri dağıdılmışdır. Belə bombardmanlardan biri zamanı Eyyad-Al-Dik qruplaşmasının komandiri də öldürülmüşdür və qruplaşma üzvləri öz liderlərinə yas saxlayırlar. Rusiya tərəfi bildirmişdir ki, əməliyyatlar beynəlxalq hüquq normalarına tam uyğun şəkildə aparılır.
Suriyaya müasir S-34 cəbhə bombardmançıları göndərilmişdir. Bu təyyarələr operativ və taktiki dərinlikdə yerüstü obyektlərə dəqiq raket zərbələri endirmək, o cümlədən düşmənin hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuşdur. Dünyada analoqu olmayan S-34 təyyarəsinin taktiki-texniki xüsusiyyətləri elədir ki, döyüş tapşırığını günün istənilən vaxtında və hava şəraitinin necə olmasından asılı olmayaraq yerinə yetirməyə qadirdir. Zərbə dəqiqliyi özündən əvvəlki sələfləri S-22 və S-24-dən qat-qat üstündür. Qərb mətbuatı bildirir ki, Rusiya Suriyaya çoxlu pilotsuz kəşfiyyat təyyarələri də gətirmişdir. Suriyaya həm də rus hərbi bazalarını hava hücumundan qoruyacaq raket müdafiə kompleksləri də gətirilmişdir.
İnterfaks xəbər agentliyi bildirmişdir ki, Qara Dəniz Hərbi Dəniz Flotuna aid böyük desant gəmilərində xüsusi təyinatlı qoşun birləşmələri Latakiya və Tartusdakı bazalara göndərilmiş və orada təlim-məşq proseslərinə başlamışlar.
Suriya ordusu zabitlərinin biri demişdir ki, Rusiya təyyarələrinin hava dəstəyi əsgərin döyüş ruhunu qaldırmışdır. Rusiya aviasiyasının dəstəyi ilə hücuma keçən Suriya hökumət qüvvələri Talbisi və Rastemn şəhərlərini İŞİD-çilərdən təmizləmişdir, nəticədə 110-a yaxın terrorçu öldürülmüşdür. Onların içində Ən-Nusra Cəbhəsinin 3 tanınmış komandiri də vardır. Ərəb mediası bildirmişdir ki, Əhrar əş-Şam və Ceyş əl-Fath qruplaşmalarının liderləri Zabadani, Madaya, Serqaya, Al-Foa, Kafr-ay, Maarat-Misrin, Ram Hamdan, Zradna, Binniş, Taftanaz, Şelex, Taum və İdlib ərazilərində döyüşə son verdiklərini və geri çəkildiklərini bildirmişlər. Onlar Suriya hökumət qüvvələrindən və Hizbullah qruplaşmasından Türkiyəyə keçmək üçün koridor istəmişlər.
SANA ərəb informasiya agentliyi xəbər vermişdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri başçıları ilə danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin Suriyanın KTMT-yə qəbul olunması barədə qərar vermişdir. Agentlik bildirir ki, bu olay ABŞ-ın regiondakı planlarına böyük zərbə vuracaqdır. İndi Suriya xalqını xarici müdaxilədən müdafiəsində nəinki Rusiya, həm də KTMT üzvləri hamısı iştirak edəcəklər. Təşkilata üzv olan ölkələr- Belorusiya, Qazaxstan, Ermənistan və Qırğızıstan Suriyaya ordu hissələri göndərmək üçün hazırlığa başlamışlar.
Aviasiya general mayoru, Sovet İttifaqı Qəhrəmanı, Rusiyanın keçmiş vitse-prezidenti Aleksandr Rutskoy LifeNews telekanalına bildirmişdir ki, Suriya 2-3 aydan sonra terrorçulardan tamamilə təmizlənəcəkdir. O demişdir ki, Rusiya prezidenti Putin demoqoq və boşboğaz deyil, öz işini bilən adamdır: "Əsədə dəstək verməklə biz Suriya xalqına öz taleyini müstəqil şəkildə həll etməyə imkan yaradırıq. İŞİD bəlası artıq bütün dünyaya yayılmaqda idi. Quldurlarla elə yerindəcə məşğul olmaq lazımdır. Bizim hərbi hava qüvvələrimiz layiqli səviyyədədir. Suriya quru qoşunlarına dəstək üçün bir hücum polku və iki cəbhə qırıcıları polku yerləşdirmək kifayətdir. Təyyarələr Krımdakı bazadan zərbələr endirəcəklər. Aviasiya 2-3 aya hər şeyi həll edəcək".
BMT Baş Assambleyasının 70-ci sessiyası da Suriya ilə bağlı sürpizlər ilə yadda qalmışdır. ABŞ-ın dövlət katibi Con Kerri bildirmişdir ki, ABŞ bir daha Bəşər Əsədin təcili istefasını tələb etməyəcəkdir. O demişdir ki, ABŞ bundan sonra Suriyada döyüşmək üçün müxalifət döyüşçülərinin hazırlanması proqramına da son verir.

Комментариев нет:

Отправить комментарий