03.05.2017

"Bizi Osmanlı dönəmindəki kimi hambal deyə səsləyirlər"

Aydın Koçoglu 15 ildir ki, İstanbulun hambal bazarında işləyir. O, deyir ki, əvvəllər bu işdə daha yaxşı qazanırdı, indi isə hamballıq etmək çətinləşib.
"Çünki biz artıq quruplarla çalışırıq. Əsgərlikdə oldugu kimi bölüklər var. Ona görə qazancımız azalıb. Gündə tonlarla yük daşıyırıq, amma qazancımız heç nəyə yetmir", o deyir.
Azərbaycan “qul bazarı” kimi tanınan bazarlara Türkiyədə “Hamal pazarı” deyirlər.
İstanbulun tam mərkəzi- Fatih bölgəsinə baglı olan Eminönü demək olarki “Hambal bazarı”nın mərkəzi sayılır.
Bura böyük bir bazardır və əvvəllər burda da eynilə Bakıdakı kimi insanlar pərakəndə işləyib. Artıq son illər demək olar ki, “Hambal bazarı"nda təşkilatlanma gedib.
Aydın Koçoğlu deyir ki, Eminönündə 30-a yaxın bölük var. Hər bölükdə də təxminən 30 nəfər çalışır. Hər bölüyün öz adı var. Məsələn, “Meydançık”, “Qazilər”, “Çagaloglu” və s. Hər bölüyün isə öz rəhbəri var.
Adnan Akgül isə bölüyün rəhbərlərindən biridir. Deyir ki, belə bir sistemin qurulmasına səbəb hamballar arasında olan iş davasıdır. "Əvvəllər hər kəs fərdi çalşırdı. Hambalların sayı da çox idi. Ona görə bir iş gələndə "mən alacağam" deyirdilər, dava düşürdü. İşə polis qarışırdı. Sonra belə bir system yarandı. Hər kəs bölük halında işləməyə başladı. İndi hamı işini bilir. Heç kim bir-birinin işini əlindən almaga çalışmır".
O deyir ki, gün ərzində qazanılan bütün pullar bir yerə toplanır, axşam isə bölükdəki insanlar arasında paylanır.
"Hər bölüyün öz ərazisi var. Oradakı iş mərkəzləri, dükanlar, evlər, bazarlara yalnız o bölük baxır", Koçoğlu deyir.
Onun sözlərinə görə, pul bölgüsü "ədalətli prinsip"lə aparılır: "Hər kəsə eyni qaydada pay düşür. Çünkü kimi az kimi isə çox işləmir. Hamı yük daşıyır".
Əsasən hamballıq etməyən bölük rəhbərinin qazancına gəlincə isə, Koçoğlu deyir ki, o sistemi idarə edir. "Bütün günü ayaqdayıq. İş çox olanda yük də daşıyırıq. Amma günün sonunda biz hər adamdan faiz alırıq".
Hər səhər saat 7.00-da bazarda iş başlayır. Eminönüdəki iş mərkəzlərindəki tonlarla yük bu insanların çiynində daşınır. Bəziləri buranın “hambal bazarı” adlanmasını istəmir. Fikri Güngörən də 10 ildir ki, bu məsləyin sahibidir. O bu təşkilatlanmadan məmnun görünmür. Fikri bəy deyir: "Bizi Osmanlı dönəmindəki kimi hambal deyə səsləyirlər. Yəni kimsə məndən adımı soruşmur. Çünki onlar üçün mən sadəcə hambalam. Bu bir az məni üzür. Kim hamballıq etmək istəyərki? Bəzən iş mərkəzlərinin liftlərinə belə minmədən pilləkənlərlə çiynimizdə yük daşıyırıq. Mən düz yeriyə bilmirəm. Nə qədər istəsəm də olmur, getdikcə əyilməyə başlayıram".
O gün ərzində ən çox 50 lira qazandığını deyir: "Sığortalı iş deyil ki. Qazandıgımız da xəstəxana xərclərinə gedir. Hamballığı da artıq nəzarət altına alıblar. Elə bir sistem qurublar ki, istəsən də tək qazana bilmirsən".
Təkin Toppaşı da uzun illərdir çörəyini hamballıqdan çıxaranlardandır. O böyük bir ailəni dolandırdığını deyir: "Mən böyük bir ailəyə baxıram. Bəzən gündə 30, 50 lira qazanıram. Bunu deyəndə çox insan yaxşı qazanc sayır. Amma bilmirlər ki, o 30 liranın altında gün ərzində neçə ton yük var".
Şükrü Öztürk isə bu demək olar ki bu işin ən yaşlı nümayəndəsidir. 45 ildir eyni yerdə dayanmadan yük daşıyan Şükrü Öztürk də işin azlıgından gileylidir.% "Əvvəllər bunun ikiqatını qazanırdıq. İndi kimsə hambala pul vermir. Neçə dəfə başqa iş görmək istədim, alınmadı. 45 ildi burda əzilirəm. Neçə dəfə ayağım qırılb. Amma mən bu işlə 4 uşaq boyütdüm. Yaqin mən elə hambal kimi də öləcəm".
30 ildir hamballıq edən Camal Arslan da səhər 7-dən axşam 6-dək işləyir: "Gündə 45-50 lira qazana bilirəm. Amma daşıdıgım yükün çəkisi 150 kilodu. Gündə neçə dəfə o kiloları belimə alıram. İş yoxdu, gedib harda işləyim? Qismətimiz hamballıqdı. Başqa nə deyim?.."
Bu işdə qoyulmuş qaydalar pozula bilmir. Hətta qaydaları pozan hamballara cəza növü də tətbiq edilib. Məsələn, onlardan biri qaydanı pozar və ya başqa bir bölüyün ərazisinə girməyə çalışarsa, o bölgədən uzaqlaşdırılır və artıq istəsə də, qovuldugu bölgədə hamballıq edə bilmir.
Ya da müvəqqəti cəza var ki buna da hamballar arsında "yolsuz etmək" deyilir. Bölgədən uzaqlaşdırılan hambalın yeri isə bölük rəhbəri tərəfindən 500 liraya satılır.
Hambalların da sərt "qanunları" var. Bir hambal o biri hambalın bölgəsində mal daşıya bilmədiyi kimi, yaşadığı bölgəyə kənardan işçi də gətirə bilmir. Bir sözlə, burada dostbazlıq keçmir.
Hətta bu bazarda bizə hambal dərnəkləri olduğunu da soylədilər. Bir neçə il əvvəl bu dərnəklər hamballıq edən insanların hüquqlarını qorumaq üçün yaranıb. Ayrı-ayrı bölgələrdə belə dərnəklər var. Amma 2010-cu ildə bu dərnəklər birləşmə qərarı alıb. "Hamal Köyü", "Çarşı hamal", "Keşan hamal “dərnəyi birləşərək "Hamallar Dərnəyi" olub. Hamballar dərnəyinin başqanı isə Hüseyin Tandır. Onun sözlərinə görə, hazırda 193 nəfər üzvləri var: "Məqzədimiz ciyinlərində tonlarla yük daşıyan insanların sosial haqlarını qorumaq, iqtsadi güclərini artırmaqdır. Amma təəssüf ki, bu dostlarımız dərnəklə əlaqə saxlamır. Onların pozulan hüquqlarını biz çox zaman özümüz araşdırırıq. Onları başa düşürük, iş qaygısından vaxt edə bilmirlər. Amma hüquqlarının və sağlamlıqlarının nə qədər pozuldugunu bilmirlər".
Hüseyin Tanın sözlərinə görə, dərnək eyni zamanda üzvlərinə iş də tapır: "Biz fərqli iş tapmırıq. Bizim işlərimiz də hamballıqdı. Amma daha yüngül işlərdi. Biz evlərə yardıma, zəngin ailələrin və ya iş yerlərinin baxçalarının təmizliyinə göndəririk. Onlar tonlarla yük daşıyaraq qazandıgı pulu daha yüngül işdən ala bilirlər. Amma hələki biz bu məsələni tam təblig edə bilməmişik".
Hambal bazarında gözümdən qaçmayan, hətta çox diqqətimi çəkən bir heykəl gördüm. "Hambal - Porter" heykəli. Çiynində yük daşıyan hambal əbədiləşdirilib. Demək olar ki, burada çalışan hambalların görüş yeridi. Fatih Bələdiyyəsi 2012-ci ildə bu heykəli hambalların mərkəzi sayılan Eminönünə qoyub. Porter sözünün ingiliscə bir mənası da elə hambaldır. Bir çox insanlar isə Porteri bir ad kimi qəbul edib. Bələdiyyə isə bu adı xüsusilə turistlərin anlaması üçün yazıb. Qeyd edək ki, Eminönü turistlərin ən çox gəzdiyi məkandır.

Məhsəti Şərif             bbc.com

Комментариев нет:

Отправить комментарий