27.03.2012

Yanaşı olsaydı baharla payız...

Sayman Aruz


Açılır pəncərəm, söz onda deyil
söz onun içinin boşluğundadır.
Gələn olmasa da açıqdır qapım
yelə çırpınaraq özün oynadır!

Ürəyim üsyandır, dodağım sükut.
Əlim bir büzülmüş şəkili açır...
Şəhərə vururam tənhalığımı,
şəhər iki ayaq olur və qaçır.

Təqvimlər dəyişir, adamlar amma...
Yenə də xəyanət ölüm doğacaq...
Mən bu dumanlardan, çənlərdən bildim,
bu il də marağsız bir il olacaq!


Ağacam, ağrıdan qələm olmuşam,
şeir yazmadım ki, dərddən deyindim.
Budaqdan ayrılmış kömürlər kimi,
üzü ağ olsam da qara geyindim!

Məni kabus görür sevdiyim qadın
Bir gün diksinəcək, mən də öləcəm.
Diri ölülərlə bölüşənmədim
Ölü dirilərlə bölüşüləcəm!

dırnağım çəkilib inamım kimi
Sənə çatanmıram ay baharlı qız!
Mən də təqvimləri sevə bilərdim
yanaşı olsaydı baharla payız...

Комментариев нет:

Отправить комментарий