15.12.2010

Ölümqabağı düşüncələr

Habil Yaşar 
habilyasar@rambler.ru

  Son kərə zilləmişdi gölərini saysız-hesabsız ulduzların tamaşasına və son dəfə ulduzların bu qədər uzaq,əlçatmaz olduğunu anlayırdı.Son dəfə ulduzlarla böləcəkdi bir ömrün hekayətini,yaşantısını və sanki,son dəfə etiraf edəcəkdi ulduzlara səhvlərini,yalnışlıqlarını və bu səhvə doğru aparan səbəblərin inanılmazlığını.
  Əlləri ovucunda lal-dinməz dayanaraq,nursuz gözləri ilə sayrışan ulduzları yenədə nəzərdən keçirərək,dilində nə isə pıçıldayırdı.O,nələri isə pıçıldayaraq,nələrinsə ömrünə gizli gəldiyini,nələrinsə ömründən vaxtsız getdiyini düşünürdü və bir ömrün son akkordlarını vururdu ürəyi.O ürək ki,bir ömür boyu sevmişdi,nifrət etmişdi,sevməyi də ,nifrət etməyidə öyrənmişdi həyatdan.Adam yaradılışın bu qədər gözəl olduğunu sanki heç duymamışdı əvvəllər,duymuşdusada bu qədər hiss etməmişdi bəlkə də.
  Adam ulduzlarla ünsiyyət qura-qura son dəfə ilham deyilən bu müqəddəs nemətin əsrarəngliyindən bəhrələnirdi,faydalanırdı.Necə deyələr ölümqabağı yenə də onu tək buraxmamışdı,ona ölümünə kimi sadiq qalmağa çalışmışdı.O ilham ki,bir ömür boyunca onu bir an olsun belə tərk etməmişdi,istər quruda,istərsə suda,istərsə də havada,harada olursa-olsun tək ilham olmuşdu onun ən sadiq,ən etibarlı dostu.Bəzi vaxtlar onu tənha qoymuşsada,bu müvəqqəti bir ayrılıq olurdu və ondan uzunmüddətli küsməmişdi ilham.İlham da yaxşı bilirdi ki,bu adam onun dəyərini bilir,ondan layiqincə istifadə etməyi bacarır.O ilham ki,adamı ulduzlara belə aparardı,kainatın hər bucağında xəyalidə olsa gəzdirərdi onu,gəzdirə-gəzdirə həyatı,yaradılışı sevməyi öyrədərdi.Ona kainatın necə bir gözəlliyə sahib olmasını və bu kainatın içində kiçik bir zərrə olan insanında necə gözəl yaradıldığını bir daha anladardı ona...Ona öz qiymətini bilməyi,verilən ömür payını ucuz tutmamağı,bir sözlə özünü tanımağın həyatda ən böyük nailiyyət olduğunu bir daha sübut etməyə çalışardı...(İnsan özünü yaxşı tanıyanda daha gözəl olar elə deyilmi?).
  Bu gecə...məhz bu gecə bu adamın qismətinə düşən ömür günlərinin son gecəsi olacaqdı...Bir sonluqla yanaşı əbədiyyətin qapıları açılacaqdı bu adamın üzünə.Məhz bu yerdə adam öləcəyini,son dəfə bu əvəzedilməz gözəlliyi seyr edəcəyini düşünə-düşünə üzündə anidən bir təbəssüm sezildi,bu sevinc təbəssümü idi. Nədən doğdu bu təbəssüm, necə oldu ki,öləcək bir insanın üzündə səbəbi bilinməyən bir mehribanlıqla dolu sevinc təbəssümləri yarandı?
  Adam bu sonun heç də son olmayacağını,bu sonun özüylə sonu olmayacaq bir başlanğıcın gətirəcəyini fikirləşərək sevindi elə bil.Bayaqdan ulduzları narahatcasına seyr edən hal-əhvalından bir nişanə belə qalmamışdı daha.O,anlamışdı.Ən böyük həqiqəti dərk eləmişdi. Dərk eləmişdi ki,kainat və ümumiyyətlə hər nə varsa hər şey onun varlığından xəbər verir.Bir gündə hər nə varsa yenidən ona qayıtmalı və əbədi sonsuzluğa qovuşmalıdır.Kimlər üçünsə bu əbədi sonsuzluq zəhər qədər acı,kimlər üçünsə bal qədər şirin olacaqdı.Adam hələ heç zaman bu haqda düşünməmiş və düşünməyi belə heç ağlına gətirməmişdi.Adam ən yaxın dostu olan ilhamın belə Allahın ən sevimli bəndələrinə verdiyi bir nemət olduğunu düşünərək rahatladı və sanki,mələklər də ona ilham vasitəsilə demək istəyirdi ki,əbədi yolçuluğun son dayanacağındasan və bu dayanacaq sənin kimiləri üçün çox rahat olacaqdı və sən bu gcə ona,rəbbinə qovuşacaqsan.
  Adam son dəfə gözlərini göylərə,ulduzlara yönəldərək sevinc dolu ifadələrlə rəbbinə olan şükrünü bildirdi və adam pıçıldayaraq nə isə deməyə başladı və deyəsən bir zamanlar əlçatmaz kimi görünən əbədiyyətə qovuşmağın bir addımlığındaydı...

Комментариев нет:

Отправить комментарий