10.12.2010

Satirik şair Dədəkişi Solğun ilə müsahibə

    “Yaradıcı adam axırda yazdıqlarının içində qalır və əbədiyyətə qovuşur”

-Niyə Nobel mükafatı alan azərbaycanlı ədəbiyyat nümayəndəsi yoxdur?
-Bu, bir az qəliz məsələdir. Nobel mükafatına düşmək hələ ədəbiyyatın səviyyəsini göstərmir. Nobel mükafatına düşən müəlliflərin çoxu heç də yüksək səviyyəli yazıçılar deyil. Misal olaraq deyim ki, Tolstoy, Maksim Qorki, Borxes və b. Bu kimi görkəmli ədəbiyyatçılar bu mükafatı almayıblar. Burada bir az milli və ideoloji məsələlər də var. Bizim ədəbiyyatçılarımızdan Əkrəm Əylislinin adını çəkmək olar ki, bu mükafatı ala bilərdi. Müasir dövr yazıçılarından isə, sən qeyd etdiyin kimi, Pərviz Yusif bu mükafata layiqdir. Sadəcə bəxtləri gətirməyib yəhudi doğulmayıblar.

-Çağdaş Azərbaycan ədəbiyyatinda sizi narahat edən hansı problemlər var?
-Problem çoxdur. Mən bir çox müsahibələrimdə bu məsələyə münasibət bildirmişəm. Hətta bu mövzu ilə bağlı yaxın gələcəkdə “Azərbaycanda ədəbiyyat kimə lazımdır?” adlı yazı ilə çıxış etmək istəyirəm. Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatı ilə ciddi maraqlanan strukturlar yoxdur. Qısası, ədəbiyyat başlı-başına buraxılıb. Qətiyyən demirəm ki, ona partiyanın, dövlətin  nəzarəti lazımdır. Sadəcə olaraq, dövlət Azərbaycan dövlətçiliyi ilə necə maraqlanırsa, bu dövlətin içində yaranan ədəbiyyatla  da o cür maraqlanmalıdir. Bu necə həyata keçirilməlidir. Ödüllər sistemi yaradılmalıdır. Bir sözlə yazıçının əməyi qiymətləndirilməlidir. Həmin yazıçı gündəmə gətirilməli, milli ədəbiyyat ictimaiyyətin diqqətində olmalıdır. Milli ədəbiyyatın təbliği və tənqidi getmir. Bizim oxucunun Don Braundan xəbəri var, ancaq Y.V.Çəmənzəminlini tanımır. Gedək kitab mağazasına, ən çox alınan kitablar rusdilli müəlliflərindir. Mən bunlarin şahidi olmuşam. Onlara pul xərclənilir, lakin bizim yazıçıların əsərləri kitabxanada toz basir. Oxunmayan, təbliğ olunmayan ədəbiyyat kimə lazımdır? Beş-üç tədqiqatçıya, ədəbiyyatçıya, yoxsa bozbaş bişirən ədəbiyyatşünas qadınlara? Boşluqdan oturub mənasız yazılar yazırlar. Bunun Azərbaycan ədəbiyyatına, Azərbaycan dilinin mövcud durumuna xeyri nədir? Heç kim bilmir. Axı bu qarşılıqlı olmalıdır. Dildən ədəbiyyata “sular” axmalıdır. Ədəbiyyatda da ədəbi dilin cilalanması üçün işlər görülməlidir. Bu ondan irəli gəlmir ki, ədəbiyyat zəifdir, ya da güclüdür. Sadəcə olaraq ədəbiyyat vahid məcraya yönəlməlidir. Son 30 ildə ədəbiyyat yaranmağa başlayıb.

-Hər əlinə qələm alan yaradıcı insan ola bilər?
-Fərqi yoxdur, insan ev tikir, ağac əkir, kitab yazır, uşaq böyüdür, bir sözlə yaradıcı olsa yaxşıdır. Əsas odur ki, dağıdıcı olmasın. Elə bilirsiz ki, bu Türkiyədə, Rusiyada yoxdur? Sadəcə olaraq, biz öz ədəbiyyatımıza daha çox bağlıyıq. Çap olunan əsərlərin  90 faizi qrafoman və şarlatandır. Bu sözümün məsuliyyətini daşıyıram. Mən sözümüm arqumentlərlə deyirəm və bunu sübut da edə bilərəm. Sadəcə olaraq, bizdə şəxsiyyət müstəvisində səlib yürüşü nəticəsində sağlam ədəbi tənqidi məhv etdilər, bezdirdilər yaltaqlıq ortaya girdi. Belə vəziyyət nə qədər çəkəcək və nə vaxta qədər davam edəcək? Fikrimcə bu proses çox gedəcək. Bəzən deyirlər ki, hər şeyin zamana ehtiyacı var. Mən belə baxıram ki, Azərbaycanın ədəbiyyat məkanında başqa dəyərlər hökm sürür. Ola bilər ki, mən pessimist adamam. Hərə öz başını, cibini qoruyur. Bu dəqiqə elə durumdur. Bəlkə gözləyək ki, nə vaxtsa düzələcək. Hərçənd, mən buna inanmıram. Mən qətiyyən demirəm ki, nəzarət olsun. Sadəcə ədəbi dəyərlər qorunsun. Yoxsa, dəyərlərin qarışıq olduğu bir dövrdə bunun qarşısını heç bir yolla almaq olmaz.

-Ən çox sevdiyiniz dünya klassiki kimdir? Oxuduğunuz hansı əsəri özünüz yazmaq istərdiniz? Yəni özünüz yazsaydınız bir daha yazmağa mənəvi ehtiyacınız olmazdı?
-Əgər seçim şərti bir əsərdirsə, heç tərəddüd etmədən “Kitabi Dədə Qorqud” seçərdim. Bundan möhtəşəm əsər mənim üçün yoxdur. Həyatımın ən dəyərli əsəri olan bu kitabı dəfələrlə oxumuşam, ancaq yenə də doymamışam. Rus ədəbiyyatını çox sevirəm. Lakin Dədə Qorqud mənim əsas sevgimdir, mənim həyatımdır.

-Dostoyevski deyib: İnsan varlığının sirri yaşamaqda deyil, nəyin xatirinə yaşamaqdadır”. Bəs siz nəyin xatirinə yaşayırsız?
-Mən həmişə azadlığım uğrunda mübarizə aparmışam. Ancaq tam nail ola bilməmişəm. Həmişə toplumda, cəmiyyətdə, öz varlıq məkanımda azadlığım üçün cəhd göstərmişəm. Bu mübarizənin də əsas məğzini anlaşılmaq və anlamaq təşkil edir. Mənim fikrimcə, Dostoyevskinin bütün əsərlərinin əsasının bir ideya təşkil edib ki, o da azadlıqdır. Qalan şeylər ikinci, üçüncü dərəcəli məsələlərdir. Necə azad olmaq olar? İnsan necə azad yaşaya bilər? Bu kimi ideyalar Dostoyevski yaradıcılığının əsas xəttidir.

-Deyirlər, yaradıcılıq ölümü öldürmək deməkdir.Dədəkişi Solğun necə bunu bacarır?
-Yaradıcılıq ölmək və ya dirilməkdir, onu bilmirəm. Çünki orada dirilmək yoxdur. Əslində yaradıcılıq instinkt məsələsidir. Məsələn, quş min bir əziyyətlə dimdiyində ot daşıyır, yuva qurur. Ondan bu yuvanı niyə qurduğunu soruşsalar, heç nə deyə bilməz. Yəni, instinkt olaraq yuva qurur və bala çıxarır. Hər bir adamda da müəyyən yaradıcılıq instinkti olur. Yaşanan ömür də ya bu instinktin gerçəkləşməsi, ya da gerçəkləşməməsidir. Mənim üçün yaradıcılıq instinktin realizə olunmasıdır. Taleh hər kəsə müəyyən şərait yaradır ki, o öz instinktini realizə edə bilsin. Əslində yaradıcılıqda ölüb dirilmək metaforadır. Yaradıcılıqda yol birtərəflidir. Gedirsən- oradan qayıdış yoxdur. Gərək yaradıcı adam əsərlərini unutsun. Hansı yazıçı deyirsə ki, mən filan əsərimlə yaşayıram, o əsəri xatırlayıram və oxuyuram, deməli bu bir kompleksdir. Əsəri də elə məhz ona görə yazırsan ki, unudulasan. Fikrimi daha dəqiqləşdirsək, bədii mətn yazıçının ölüb silindiyi yerdir. Sənətkarın əsəri onun məzarlığıdır. Bu məzarlıqda hər şey qapanır. Yəni, bədii əsərlər yazıçının ömür çevrəsini qapayan bir şeydir. Necə barama qurdu toxuduğunun içində ölür, yaradıcı da axırda yazdıqlarının içində qalır və əbədiyyətə qovuşur.

-Dədəkişi Solğun kimdir? Öz yaradıcılığınıza necə baxırsınız?
-Yaz ora, Dədəkişi Solğun çox işlər görmək arzusunda, hətta deyərdim ki, müəyyən qədər iddiasında olan, lakin bu arzu və ideyaları həyata keçirə bilməyib, onun əzabını çəkən bir insandır. Mən tərcümeyi-halımdan utanan adamam. Ədəbi tərcümeyi-halım məni kədərləndirir. Baxmayaraq ki, deyilənlərə görə ədəbi sahədə öz üslubum, yazım və özüməməxsus düşüncə tərzim var. Fikirləşəndə mən nə işlər görmüşəm, tam səmimi olaraq deyirəm ki, bu məni çox kədərləndirir.

                                                                            Müsahibəni apardı: İbrahim Sel

Комментариев нет:

Отправить комментарий