09.12.2010

Möhtəmən Həkimin şeirləri

Möhtəmən Həkim (Məmiyev Möhtəmən Məmiş oğlu) 1948-ci il fevralın 15-də anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakultəsini bitirib. Ali dərəcəli həkimdir.
 Möhtəmən Həkim müxtəlif poetik üslublarda şeirlər yazır. Onun «Qəlbimin səsi» kitabı oxuculara təqdim etdiyi ilk şeirlər toplusudur. Müxtəlif silsilələrdən seçdiyimiz aşağıdakı şeirlərini sizə də təqdim edirik.
          
                      «Dədə Qorqud üstünə» silsiləsindən

Duruşun, yerişin başqa bir aləm,
Acizdir yazmağa əlimdə qələm,
Kaş ki gözlərini vəsf edə billəm,
Qıyğacı baxışlı a bala ceyran.

Gözəllik rəmzi tək səni seçiblər,
Xallarla naxışlı paltar biçiblər.
Xanlar, bəylər ceyran südü içiblər,
Qıyğacı baxışlı a bala ceyran.

Şairlər vurulub sənin özünə,
Mədhlər söylənib ceyran sözünə.
Xudadan çəkilib qələm gözünə,
Qıyğacı baxışlı a bala ceyran.

                                           «Lermontov üstünə» silsiləsindən

Həzin, zümzüməli əsən küləklər,
Nazlanan dənizə layla çalırlar,
Sonra da inciyib küsən küləklər,
Getdikcə sərtləşib haray salırlar.

Külək ilə dəniz qalxır yarışa,
Gücləndikcə külək qopur fırtına.
Döyüşlər başlayır, keçir savaşa,
Dalğalar hər şeyi alır altına.

Kükrəyən dənizdən qüvvət alaraq
Dalğalar böyüyüb bir az da coşur.
Güclü küləklərə cavab olaraq
Ləpələr səddini daha da aşır.

Çırpır ləpələri, sahilə çırpır
Qəzəbini boğmaq istəyən dəniz.
Ləpələr döyüşüb rahatlıq tapır,
Qumların üstündə qoyur nəmli iz.

Dəli, çılğın külək səngiyib durur,
Dənizin qəzəbi soyuyur yavaş.
Ləpələr ləngiyir, hələ ki vurur
Sülhlə sonuclanır axırda savaş.

Комментариев нет:

Отправить комментарий