20.06.2011

11 yaşında Quran hafizi, 14 yaşda narkoman

Cəlil Cavanşirin intihar qeydləri
17 yaşıma qədər o qədər çox şey yaşamışdım ki, məktəbi qurtaranda özümü qoca kişi kimi hesab edirdim.

11 yaşında Quran hafizi, 14 yaşında narkoman, 16 yaşımda təkrar namaz əhli olmuşdum.
Ancaq əvvəlki kimi bütün ibadətlərə və müqəddəs sayılan şeylərə içimdə böyük bir inamsızlıq var idi.

Sırf “Filankəsin oğlu artıq düzəlib, namaz qılır” desinlər deyə cümə günləri camiyə gedib namaz qılırdım.

Rahatlıq tapdığım bir şey var idi:- başıma gələnləri və yaşadıqlarımı gündəlik kimi yazmaq!

Valideynlərim isə məni çox sıxır, bütün həyatıma nəzarət edirdilər.

Dostlarımla görüşməyimə qarışı çıxır, bəzən aylarla xərcləməyə pul da vermirdilər.

Yaxşı ki, narkotikə alışqanlığım yox idi.

Siqareti dükandan nisyə alır, əlimə pul düşəndə dükana olan borcumu qapadırdım.

Həyat məni çox sıxırdı.

Oysa böyük arzularım, ideallarım vardı.

Arzuların əlindən tutub bir yerə qədər gedəcəyimi düşündüyüm anlarda yenidən aşiq olmuşdum.

Elə vurulmuşdum ki, biologiya müəlliməsi ilə yaşadığım unudulmaz anları xatirəmdən tez bir zamanda silə bilmişdim.

Bu dəfə də özümdən yaşca böyük, eqoist bir kənd qızına sevirdim.

Çoxlu kitablar oxusam da ədəbiyyat haqqında təsəvvürlərim çox bəsit idi.

Ədəbiyyat haqqında o qədər bəsit düşünürdüm ki, sevdiyim qıza hər gün yeni bir şeir yazırdım.

Artıq kişi-qadın münasibətləri haqqında təsəvvürüm olsa da sevdiyim kənd qızından çox utanır, hətta əllərindən tuta bilməyəcək qədər cəsarətsizlik edirdim.

Məktəb illərimin sonu yaxınlaşırdı.

Davranışlarım normal olmasa da oxumağıma görə məktəbdə nüfuzlu şagirdlərdən idim.
Və hər kəs mənim universitetin hüquq fakultəsinə qəbul olunacağıma ürəkdən inanırdı.
İstəyim, arzum və məqsədim bu idi.

İmtahan nəticələri elan olunan gün göz yaşlarımı saxlaya bilmədim. Universitetə qəbul olunmamışdım!

Otağıma qapanıb səhərəcən ağladım.

Əlavə qəbulda özəl universitetlərdən birininin “beynəlxalq münasibətlər” fakultəsinə qəbul olunsam da atamın təhsil haqqını ödəyəcək qədər qazancı yox idi.

Bakıdan kəndimizə qayıdanda hiss elədim ki, indi həm də atamla yol ayrıcımız başlandı.

Həmin ilin qışında hərbi xidmətə çağrıldım.

Ancaq utancımdan insan arasına çıxa bilmirdim.

Atam tez-tez universitetə qəbul ola bilmədiyim üçün məni danlayırdı.

Əsəblərim təmiz pozulmuşdu.

Üstəlik əsgərliyə getməyimə iki ay qalmış, atam evimizin sağmal inəyini satıb xidmət edəcəyim yeri də təyin eləmişdi.

Özümü mənasız, gücsüz hiss edirdim.

Artıq özümü öldürüb bütün uğursuzluqların heyfini çıxmaq istəyirdim allahdan və atamdan.

Çünki bütün arzularımı allah və atam gözümdə qoyurdu.

Allahdan da, atamdan da incimişdim.

Heç birinə inanmırdım.

Və hər ikisi mənə əzab verirdi.

Özümü öldürməyə qərar verməmişdən qabaq evimizdən bir kisə fındıq oğurlayıb borclarımın əvəzinə dükana verdim.

Sevdiyim qıza vida məktubu yazıb, yüksək dozada yuxu dərmanı qəbul eliyəndə gerçəkdən ölmək istəyirdim.

Yenə də günlərlə evdən çölə çıxmadığımı anam fərq eləmiş, yazdığım son məktubu da əldə eliyib oxumuşdu.

Xəstəxanada gözümü açanda anam başımın üstündə dayanmış, 17 yaşlı gənc və aciz oğluna baxıb içini çəkə-çəkə ağlayırdı.

Bir aydan sonra əsgər gedəcəkdim.

Atamın məsələyə müdaxiləsindən sonra xəstəxananın baş həkimi az məbləğdə pul alıb, mənim axmaqlığımı təsadüf kimi qəbul eləmişdi.

Əgər polisə xəbər verilsə yəqin ki, məni hərbi xidmətə yox, dəlixanaya göndərəcəkdilər.

Mənim isə artıq xidmət edəcəyim hərbi hissə də məlum idi.

Bir ay sonra Biləcəridə Respublika Hərbi Komissarlığında komissiyadan keçəndə sol qolumdakı dərin çapığa baxıb çılpaq çiynimə böyük bir işarə qoydular.

Qospitala göndərəcəkdilər.

Ancaq atam inəyin pulunu batırmamaq üçün pul verib mənim hərbi hissəyə göndərilməyimi təmin elədi.

Və bütün ümidlərimi dəfn etmiş şəkildə hərbi xidmətə yollandım.

                                       

Комментариев нет:

Отправить комментарий