20.06.2011

“Bu il yaşamaq istəmirəm”


                Mann ailəsinin daha bir intiharçı yazıçısı 

Tomas Mann hər dəfə çalışıb qurtarandan sonra ailəsini başına toplayıb yazdıqlarını oxuyar, onlardan münasibət öyrənərmiş. Yəqin elə buna görə də altı uşaqdan üçü ədəbiyyatçı oldu. Qızı Erika, oğlanları Klaus və Qolo. Biz bu yazımızda ömrünü intiharla başa vurmuş Klaus Manndan danışacağıq.

İntihar ona irsən keçmişdi

Böyük Mannlar ailəsində intihar hadisəsi ilk deyildi. Hətta belə deyək ki, bu ailənin bir üzvündə mövcud olan xüsusiyyətlər o birilərində də özünü büruzə verirdi. Klaus Mannın iki bibisi intihar etmişdi. ƏmisiHenrix Mann isə yazıçılıqda heç də atasından az şöhrətli deyildi. Mannların yazıçı çevrəsi təkcə Tomas və Henrix Mannlarla qapanmırdı, Klaus özü, bacısı Erika və Qolo Mannlar da yazıçı idilər. Bu ailənin üzvlərini birləşdirən daha bir xüsusiyyət: Tomas Mann homoseksual olsa da, ömrü boyu bunu gizlətməyə çalışmışdı. Klaus və Erika isə öz oriyentasiyalarını gizli tutmamışdılar, Klaus – gey, Erika – lesbi idi.

Çətin uşaq olduğuna görə internata göndərildi

Klaus Mann 1906-cı ildə Münxendə anadan olmuşdu. Anası Kati yəhudi əsilli idi, sonralar Klausun nasional sosialistlər tərəfindən təqib olunmasının səbəblərindən biri də bu olacaqdı.

Ailədə Eysi adlandırılan Klaus hədsiz şıltaq, ipə-sapa yatmayan oğlan idi. Çalışmaq üçün sakitlik arzulayan Tomasa onun şıltaqlığı heç əl vermirdi. Odur ki, bacısı Erika ilə birgə internata verilir. İnternat bağlanandan sonra isə Erika yenidən evə, Klaus isə Zalemə, başqa bir məktəbə göndərilir.Paul Qexebin məktəbində isə Klaus cəmi bir il oxuyası olur və məktəbi tərk edərək bacısı Erika ilə Berlinə gedir.

Klaus ömrü boyu bacısı ilə dost olaraq qalır, ancaq Erika atalarının yaşlı vaxtlarında Tomasın baxıcılığını edir, bu, Klausa pis təsir edir.
ABŞ-da yaşayan zaman Klaus və Erikanın rus casusları olmaları şayiələrinə insest münasibətlərinin olması da əlavə olunur.

Klaus heç bir zaman atası ilə yola getmirdi. Bu, bir tərəfdən, atasına qarşı olan qısqanclığı idi. Çünki“Bukkendorflar” ın müəllifinin yazıçı əzəməti qarşısnda Klaus zərrə kimi itib-batırdı. Bu da onu məhv edirdi.

Məktəbdəki ərköyünlüklərinə və çətin tərbiyə olunan uşaq olmasına baxmayaraq, Klaus gənc yaşlarından artıq özünü yazıçı kimi təsdiq etməyə başlamışdı. O, hekayələr, etüdlər yazır, yerli qəzetdə müntəzəm teatr resenziyaları dərc olunurdu.

Homoseksuallar haqda ilk pyesi yazdı

Münxen Kamera Teatrında səhnəyə qoyulan ilk pyesi ciddi tənqidlərlə üzləşdi. “Anya və Esfir”adlanan pyesdə 1920-lərin Avropası üçün yasaq mövzu sayılan iki lesbian qızın məhəbbətindən danışılırdı.

Tamaşada Erika, bir müddət nişanlı olub, sonra ayrılacaqları, məşhur dramaturq Frank Vedekindin qızı Pamela və bir də gələcəyin dahi aktyoru Qustav Qryündqens oynayırdı. 19 yaşlı müəllif də tamaşada rol almışdı.

                                                     

Nobeli uşaqlarının borcuna xərclədi

Klaus Berlində gecə həyatı yaşayır, yeni dostları ilə avara həyat sürür. Amma yazmağa da ara vermir. 1927-ci ildə isə Erika ilə birlikdə ABŞ, Yaponiya, Koreya və SSRİ-ni səyahətə çıxır. Bu ölkələrdə onları məşhur yazıçının övladları kimi hörmət-izzətlə qarşılayırdılar.

Səyahət zamanı bacı-qardaş konfranslar təşkil edərək səyahət xərclərini çıxarmağa çalışsalar da, xeyli borcları yaranmışdı. 1929-cu ildə Nobel mükafatı alan Tomas Mann bu məbləğlə uşaqlarının borclarını ödədi.

Narkotiklərə pul çatdıra bilmirdi

Klaus hədsiz dərəcədə bədxərc idi. Bundan başqa, o həm də narkotiklərə qurşanmışdı. Ömrünün sonunadək narkotik istifadəsi olacaqdı.

Ailəsi haqqqında danışanda “problemli xoşbəxtlik” ifadəsini işlədən Klaus yazıçılıqla yanaşı, jurnalist fəaliyyəti ilə də məşğul olsa da, qonorarları dolanışığına yetmirdi, ailəsi həmişə ona maddi yardım edirdi.

İyirmi altı yaşında Klaus artıq iki pyesin, üç romanın və səyahat qeydlərini yazdığı iki hissəli kitabın müəllifi idi.

Klaus gündəlik tutmağı da çox sevirdi. Həyatında baş verənləri incəliklərinədək dəftərinə qeyd edirdi. Gənclik dövrünə aid gündəlikləri qalmasa da, 1931-ci ildən 1949-cu ilədək tutduğu gündəliklər toplanılaraq dərc olundu. Bu gündəliklər 5 cilddən ibarət idi.

Yazıçıların birinci qurultayında

1934-cü ildə Sovetlər İttifaqında yazıçıların birinci qurultayına qatılan Klausun gündəliyinə etdikləri qeydlər maraqlıdır.

“Bu ölkədə ədəbiyyata qeyri-adi maraq var, amma həmişə kağız qıtdır”.

“Qorkinin uzun uzadı nitqi. Güclə eşidiləcək qədər asta danışır ”.
“Ədəbiyyat təkcə kənd təsərrüfatının kollektivləşməsi və ona oxşar şeylərlə məşğul ola bilməz”. 


Siyasi proseslərin aktiv iştirakçı olan Klaus kommunist olmasa da, onu Sovetlərlə antifaşist ideyalar birləşdirirdi.

Kommunistləri sevmədiyi kimi, faşistləri də sevmirdi

1933-cü ilin yazında Almaniyada nasist partiyası hakimiyyətə gəldi. Yaşlı müasirlərindən fərli olaraq Klaus ölkənin yeni sahibinin xislətini tez anladı. Əgər atası hələ də Üçüncü Reyxlə münasibətlərində qərarsız idisə, o, qəti qərarını verdi və ölkəni tərk edərək ömrünü nasistlərlə mübarizəyə həsr elədi.

Ölkədə qalıb istedadını şərə satmış sənət adamlarına qarşı Klaus hədsiz amansız idi. O bir zamanlar Erikanın əri olmuş Qustav Qryündqensə qarşı amansızlıq nümayiş etdirərək onun obrazını yaratdığı“Mefisofel” əsərini yazdı. Əsərdə şöhrəti artıqca özünü şərə satan bir aktyordan bəhs olunur. Faşistlərin hakimiyyəti dövründə bu əsər çox maraqla qarşılansa da, faşist rejiminin əsas ideoloqlarından olmuş Qryündqens müharibədən sonra bəraət aldıqda, “Mefisto” böyük aktyora qarşı həqarət kimi qəbul olunaraq 1982-cı ilə qədər AFR-də qadağan olundu.

Müharibədən sonra unuduldu

Klaus Mann 30-40-cı illər alman mühacir ədəbiyyatının önəmli simalarından biri hesab olunsa da, müharibədən sonra xeyli müddət unuduldu, yalnız ötən əsrin sonlarında ədəbi irsi yenidən kəşf olundu. Onun “Müqəddəs rəqs”, “Şimala qaçış”, “Coşun simfoniya” (Bu roman P.Çaykovskinin həyatından bəhs edirdi), “Mefistofel”, “Vulkan” kimi romanları, “Dönüş nöqtəsi” adlı memuarı və pyesləri yenidən dərc olundu. Klausun bir neçə araşdırma əsərləri də var.

1943-cü ildə ABŞ vətəndaşlığı alan Klaus orduya yazılır və hərbi müxbir qısmində müharibə bölgələrində olur. 1945-ci ildə Almaniyanın məğlubiyyəti əsnasında Münxenə gəlir. Doğulub böyüdüyü evin divarları uzaqdan görünsə də, içi atılan bombalardan tamamailə dağılmışdı.

İntihara sonuncu cəhd

Müharibənin bitməsi, faşistlər üzərindəki qələbə Klausa xoşbəxtli gətirmədi. Artıq yeni müharibə başlamışdı: soyuq müharibə. Klausda isə növbəti müharibəyə qatılmağa güc qalmamışdı. Narkotik onun bədənini və psixikasını sıradan çıxartmışdı. O artıq yaşamaq istəmirdi.

1949-cü ildə gündəliyinə bu sözlərlə başlamışdı: “Bu qeydləri daha yazmayacam, bu ili yaşamaq istəmirəm”. 
Klaus Mann 1949-cu ildə Kann şəhərində çoxlu yuxu dərmanı qəbul edərək həyatına son verdi. O, Qran-Jaz məzarlığında dəfn olundu. Konfranslar səbəbiylə Stokholmda olan atası Tomas Mann dəfndə iştirak etmədi.

Mirmehdi Ağaoğlu

Комментариев нет:

Отправить комментарий