09.06.2011

Cənnət, yoxsa üfunət?


M.Muxtarovun bağında «H.Əliyev muzeyi»nin nə işi var?
Murtuza Muxtarovun bağında kanalizasiya birbaşa bağa axıdılır…
Təxminən 25 ildən sonra, şəkililərin sözü olmasın, «ağzımızın içində olan» Botanika Bağına – Murtuza Muxtarovun bağ evinə səyahət etmək istədim. Ötən illər ərzində işlərin yoğunluğundan macal tapıb, bu səfalı yerləri doyunca gəzə bilməmişdim. Bir də, bu dəfəki səfərim mənim üçün əhəmiyyətli idi. Keçmiş İttifaq respublikasının Botanika Bağı ilə müstəqil Azərbaycanın bu dilbər guşəsi haqqında olan fikirlərimi fərqləndirməyə çalışacaqdım. Hər bir halda Murtuza Muxtarovun bağ evi olan bu cənnət guşəyə rusların və özümüzünkülərin fərqli münasibəti də ona göstərilən qayğı müqabilində aydınlaşacaqdı. Onda necə idi, indi necədir? Bu cür düşüncələrlə Murtuza Muxtarovun bağ evinə yaxınlaşdıq. Böyüklər 2, kiçiklər 1 manat…
Giriş qapısının ağzında dayanıb, başqalarının içəri keçməsinə mane olan orta yaşlı bir qadının «Qardaş, karuselin qiymətini qaldırdınız, başa düşdük. Bunun işığı var, vergisi var. İndi də təmiz havanın qiymətini qaldırmısınız?» narazı səsini eşitdik: «Belə də şey olar? Elə bil yağları gedir? Gündə də qiymət qaldırarlar?» Qadının etirazlarına məhəl qoymayan kütlə bir-birini sıxaraq, irəli doğru irəliləməyə çalışırdı. Məktəb uşaqlarının sıralanmış cərgələri, içəri növbəsiz daxil olmağa çalışan gənclər qapının ağzında tıxac yaratmışdılar. Kassada oturan iki qadın nə qədər sürətlə pulu yığmağa çalışsalar da, çatdırmırdılar. Adamların çoxluğu arzuolunmaz qarışıqlıq yaratmışdı. Bu qarışıqlığın içində mühafizədə dayanan oğlan içəri kiminsə pulsuz daxil olmasına imkan vermək istəmirdi. Səbəbini sonradan anladıq. Qapının üstündə kamera yerləşdirilmişdi və həmin oğlan da ora işarə vurub, «vallah gəlib-gedənin hamısını sayırlar» dedi. Boş stolda oturmağın yarım saatı 7 manat… Növbədən canımızı qurtarıb, cibimizdə olan 5-3 manatı da kassada ödəyəndən sonra birtəhər içəri daxil olduq. Nəyin harada olduğunun fərqinə varmadan, axının ardınca düz istiqamət götürdük. Bu vaxt uşaqlar «ayaqlarımız sındı, oturmayaq?» dediyi üçün gözümüz oturmağa yer axtardı. «Həm ziyarət, həm ticarət» məntiqi ilə yanımızda buterbrod götürdüyümüzdən çay stollarına yaxınlaşdıq. Boş stolların ətrafındakı natəmizlik dərhal diqqətimizi çəkdi. Bizdən əvvəlki tərkib stolun üstünü çirkləndirdiyindən, «heç olmasa, buranı təmizləyin!» deməyimiz də xidmətçilərin xoşuna gəlmədi: «Su yoxdur. Birtəhər ötüşün…» «Qardaş, necə ötüşək? Oturmuşuq, yer pulumuzu da ödəmişik. İndi zəhmət çəkin, təmizləyin» deyəndən sonra bir qız əlində rəngi bəlli olmayan əsgi parçası ilə masaya yaxınlaşdı, birtəhər silib getdi. Uşaqlar, «püf, bu nə iydir» deyə pıqqıldaşıb gülüşdülər. Buterbrodumuzu yeyib yanımızda gətirdiyimiz suyu içəndən sonra oturduğumuz yeri də təmizləyib bağı gəzməyə başladıq. Əlimizdəki yemək çantaları gəzməyimizə mane olduğundan, qayıdıb onları maşına yerləşdirmək istədik. Burada da gözləmədiyimiz bir məqamla qarşılaşdıq. Sən demə, bağdan kənara bir addım atan adam elə həmin an ora qayıtmaq üçün yenidən kassaya 2 manat ödəməli imiş. Yoxsa heç bir bəni-adəm təkrar bağa addımını ata bilməz. Naəlac yenidən pulu ödəyib, bağa daxil oluruq. Bağın içində pul qazanmaq üçün gözəl imkanlar var. Hava isinən kimi dəstə-dəstə məktəblərdən bura şagird axını başlayır. Hovuzda təşkil olunmuş su velisopedlərində bir nəfərin gəzməyi 2 manatdır. Adi sular, uşaqların sevdiyi quru çərəzlər də şəhər qiymətlərindən iki dəfə bahadır. Bununla belə əl yumaq üçün xırda da olsa, bir yer yoxdur. Bura çəkilən su borularından axan sudan yalnız bitkiləri suvarmaq üçün istifadə olunur.
Cənnət bağının üfunət qoxan yaşıllığı…
Tualet haqqında isə danışmağa dəyməz. Su-kanalizasiya sisteminin bərbad halda olması vəziyyəti ağırlaşdırır. Natəmiz, antisanitar, təmirsiz, dağınıq vəziyyətdə olan tualetlərin kanalizasiyası birbaşa bağa axıdılır. Uşağının sağlamlığını gözləyən heç bir ana övladını ora buraxmaz. Əməkdaşlardan biri məlumat verdi ki, suyun şorlu olması, ondan çay üçün də istifadə etməyə imkan vermir. Ona görə də suyu evdən gətirməli olurlar. O ki qaldı tualet məsələsinə, heç narazılıq etməyə dəyməz. Çünki pulsuzdur. Pulsuz olan xidmət də ancaq bu qədər ola bilər… Yəni dillər əzbəri olan Murtuza Muxtarovun bağında nadir çiçəkləri iyləmək istəsəniz, əvəzində üfunət qoxan havanı ciyərlərinizə çəkməli olacaqsınız. Nə olsun ki, bağa giriş adambaşına 2 manatdır və gün ərzində buranı minlərlə adam ziyarət edir. Hər gün bağın büdcəsinə bu hesabla daxil olan pul 5 min manatı keçir. Nəticədə çəkilən xərcin müqabilində insanlara lazımi xidmət göstərilmir. Deyəsən, yaxın illər ərzində də rəhbərlik bura tualet tikdirmək, su çəkdirmək niyyətində deyil. Amma əvəzində bağın içərisində təyinatı bəlli olmayan yarımçıq tikililər var. Görünür, kimsə özfəaliyyətə yol verib, burada kafe və ya digər pullu obyekt salmaq istəyib. Arzusunu ürəyində qoyublar. Axı nə də olsa, bağ tarixin canlı eksponatıdır və Murtuza Muxtarovun adını daşıdığı üçün bura əlavə tikililərin yerləşdirilməsi ümumi mənzərənin pozulmasına gətirib çıxaracaq.
Tarixə səyahət
Bütün çirkinliklərdən uzaq bağ haqqında ümumi məlumat toplamağa çalışırıq. Əsası 1890-cı ildə Bakı milyonçusu, görkəmli alim Murtuza Muxtarov tərəfindən qoyulan, hazırda «Mərdəkan dendrarisi» adını daşıyan bu bağın ərazisi 24 hektar sahəni əhatə edir. Əsrin əvvəllərində Muxtarov Mərdəkan kəndinin yarımsəhra və qayalıq ərazisində gözəl bir bağ salmaq qərarına gəlir, vaxt itirmədən bura Lənkərandan münbit torpaq gətizdirir. Az zaman ərzində Muxtarov bu susuz ərazidə gülüstan yaradır. Həmin ərazidə bitkilərin sulanması üçün arx düzəltdirir. Dünyanın bir çox ölkələrindən bitkilər gətizdirir. Burada Eldar şamı, Avropada yetişdirilən İspan nazı, Çindən gətirilmiş Şərq tuyası, Hələb şamı, Fələstin püstəsi, Aralıq dənizi sahillərində bitən kiparis ağacı, şam ağacı, həmişəyaşıl sərv ağacları və başqa nadir ağaclar var. Bağın mərkəzində isə son dərəcə yaraşıqlı bir bina tikdirən Muxtarov yenə də memar Ploşkoya müraciət edir və bu bağ evini də onun layihəsi əsasında inşa edilir. Deyilənlərə görə, bağa gələn qonaqlar və Muxtarovun yaxınları bu hovuzda bəzəkli, naxışlı iri qayıqlarda seyrə çıxıb şənlənirmişlər. Hovuzların divarları bayır tərəfdən yer səthindən 3-4 metr ucadadır. Onları sarmaşıq və ətirli bal çiçəyi bəzəyir. Dünyada ən nadir bitkilərin əkildiyi bu bağın başındakı təmtəraqlı, gəzdikcə ucu-bucağı görünməyən sarayın hər sütunu, tağları, buta və gülləri, pəncərələri, qapıları təkrarolunmaz sənət əsəri, sənət incisidir. Saray fransız memarı tərəfindən “qotik” üslublu layihəyə əsasən tikilib. «
Arşın mal alan» filminin qəhrəmanı Sultan bəyin sarayı…
Film bu bağda çəkilib. Sultan bəyin, tacir Əsgərin dəfələrlə ayaq basdığı bu taxta darvaza XIX əsrin sonlarını xatırladır. Nağıllar aləmi burada da insanı rahat buraxmır. Ətrafdakı yaşıllıq içindən boylanın qədim saray o dövrün insanlarının zövqünü xatırladır. Murtuza Muxtarovu xatırladan yeganə dəmir lövhə H.Əliyev muzeyi ilə üz-üzədir. Düzü, bilmək olmur, bağ Muxtarova, yoxsa Əliyevə məxsus olub? Muxtarovun bağında Heydər Əliyev muzeyinin nə işi var?
Zəruri qeyd: Hər yerdə Heydər Əliyev adına xatirə muzeyi açmaq dəb halına gətirilib. Elə bir dövlət müəssisəsi, təhsil ocağı tapmaq olmaz ki, orada bir otaq ayırıb H.Əlyievin xatirə muzeyini açmasınlar. Lakin hələ indiyədək xatırlaya bilmirəm ki, həmin muzeylərdən hansınınsa qapısı açıq olsun və uşaqlar, böyüklər istədikləri vaxt ora daxil olub eksponatlarla tanış ola bilsinlər. Hər zaman bu qapılar bağlı saxlanılır. Həm məktəblərdə, həm nazirliklərdə, həm də digər dövlət müəssisələrində. Onda bu muzeylərin açmağın nə mənası var idi, onu dərk edə bilmirəm. Bir də onu dərk edə bilmirəm ki, Murtuza Muxtarovun min bir əziyyətlə saldırdığı bağda, min bir xərc hesabına ərsəyə gətirdiyi sarayında nə üçün Heydər Əliyevin muzeyi açılmalıdır?
İ.S. «Heydər Əliyev muzeyi?» Gözəl mövzudur. Növbəti yazıda bu mövzuya toxunacağıq.
Zəhra Hidayətqızı                                              “Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий