06.06.2011

Çulpan Zarif. Elxan Zalın kitabı barədə düşüncələr


Çulpan ZARİF -"Azərbaycan şairi Elxan Zal Qaraxanlının “Yaquar yerişli vaxt” kitabı barədə düşüncələr"     Hər zamanın öz Elxanı doğulur
Azərbaycan şairi Elxan Zal Qaraxanlının “Yaquar yerişli vaxt” kitabı barədə düşüncələr
Vətənin haradan başladığını hamımız çox yaxşı bilirik. Vətən evin qarşısında böyüyən qayın ya da çinar ağacından, kəndin yaxınında “ürkək ilxılardan daha sürətli” ya da sakit axan çaydan, dağın ətəyində küləyə yalını daradan ərköyün dayçadan, günəşin altında otarılan quzulardan və əlimizə götürdüyümüz ilk kitabın hərflərindən başlar.
Yaxşı, bəs şair?
Məncə şair də eyni dəyərlərdən başlar. Yəni ata yurdundan. Şair atalarının qanı, təri və şanı ilə yoğrulan torpaqlardan incə bir qamış kimi cücərər. Şair, zaman və millət anlayışlarından kənara çıxan universal bir anlayış olsa da, həm zaman, həm də millət onun əsərlərində mütləq vardır. Hər şair öz xalqının, öz tayfasının və öz ana dilinin ayrılmaz bir parçasıdır. Çünki damarlarında, millətinin yaddaşına Yaradan tərəfindən yüklənən məlumat və inancları daşıyır. Eyni zaman da şair yaşadığı dövrün də doğma övladıdır.
Azərbaycan Türkləri də Tatar Türkləri kimi çox erkən dövrlərdə oturaq həyata keçmişlər və bunun nəticəsində, başqa Türk boylarıyla müqayisədə elm və ədəbiyyat kimi yüksək dəyərlərə daha erkən sahiblənmişlər. Buna görə də Odlar Yurdunun yalnız neft ilə deyil, şairləri ilə də şöhrət qazanması bizləri heç təəccübləndirmir. Füzuli, Nizami, Nəsimi, Şah İsmayıl Səfəvi, Vidadi və Vaqif kimi klassik Şərq şeirinin unudulmaz adları, insan könlü və duyğularını bütün incə detalları ilə izah edən qələm ustaları, hamısı bu Türk xalqının oğullarıdır və onlar ilə yalnız Xəzər və Şərq deyil, eyni zaman da bütün dünya qürur duyur.
Mən Azərbaycan klassik və Sovet dövrü şeiri ilə 1987-ci ildə, Qazan Dövlət Pedaqoji Universiteti Rus Filologiyası Fakultəsinin tələbəsi olaraq müalicə və istirahət məqsədi ilə Bakıya gəldiyim zaman tanış oldum. O illərdə Azərbaycan şairlərini ruscaya tərcümədə oxudum və məmləkətimə dönmək üçün yola çıxdanda mənimlə birlikdə yola əsl bir şeir karvanı da qoşuldu: çamadanımda incə belli gümüş sürahilər və Qız Qalası naxışlı təsbehlər ilə birgə İdil Boyu Bulqar və Qazan Xanlığı torpaqlarına, bəzisi Rus dilində bəzisi Azərbaycan türkcəsində Nizamı, Füzuli, Vidadi və Vaqif kimi şairlərin kitabları da yol alırdı… Bu şairlərin əsərləri, uzun illərdir mənim könlümü və fəaliyyətimi ilham verərək bəslədilər. Artıq doktorantura tələbəsi olduğumda da mən yenə bu tilsimli şeir şəlaləsinə toxunmadan keçə bilmədim və doktorluq dissertasiyamın bir hissəsində XX. əsrin əvvəli Tatar şairi Sagit Remievin üsyankar şeirlərini Nəsiminin panteistik ruhda yazılmış əsərləri ilə müqayisə etdim. Beləcə, həyatımda anidən, bir təsadüflə Bakıya qarşı oyanan sevgi, mənim ürəyimi və ağılımı uzun illərdir məşğul etdi.
2008-ci ildə Türkiyənin şərqində, Elazığ şəhərində, haqqında dastanlar deyilən Harput Qalası, Fırat çayı və Xəzər gölü sahilində Azərbaycanın məşhur şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş XVI Beynəlxalq Xəzər Şeir Axşamlarında, mən bir şair kimi müasir Tatar şeirini təmsil edirdim və bu bayrama gələn müasir Azərbaycan şairlərini də yaxından tanıma imkanım oldu. Onlar, nağıl və dastanlarda olduğu kimi üç nəfər idilər: Çingiz Əlioğlu, Elxan Zal Qaraxanlı və Zəlimxan Yaqub. Hər üçü də yalnız onlara xas bir şeir ustası təkin könlümə oyuldu. Zəlimxan Yaqub, Türk millətinə olan sevgisini əks etdirən və bu millətin keçmişinə sahib çıxaraq gələcəyi üçün də mübarizə aparmağa çağıran vətən və millətsevər şeirləri ilə könüllərdə taxt qurdu. Şeirlərində fəlsəfi dərinliyi duyğuların zərifliyi ilə ən incə şəkildə hörməyi bacaran, dünya mədəniyyəti və ədəbiyyatı ilə əlaqədar geniş məlumata sahib məşhur şair Çingiz Əlioğlu və nəhayət, həqiqətən tarixi bir yaddaş daşıyıcısı kimi dastan şeirlərinin yanında insan duyğularının ən incə, ən dərin, ən dramatik istiqamətlərini açan intim şeir ustası Elxan Zal Qaraxanlı. Bu şairin mənə hədiyyə etdiyi, o il daha yeni nəşr olunan kitabının adı belə zehnimi məşğul edəcək qədər sirli idi: Yaquar “Yerişli Vaxt”. Sanki bunlar söz deyil, əsrlərin dərinliyindən gələn bir pıçıltı, isti bir yaz gecəsi səsi yavaş gələn bir yarpaq xışıltısı, hələ kəşf edilmədən qəlbin dərinliklərində gizli qalan duyğuların keçilməz meşələrində gəzən bir yaquarın yaşıl gözlərindən axan, əsrlərə sığmaz yabani bir hüzn idi…
Şair və zaman. Bu anlayışlar şeir sənətində əsla bir-birindən ayrı düşünülə bilməz. Elxan Qaraxanlının şeirlərində zaman, gözə görünməz olsa da, varlığı ilə insanı həmişə tətikdə tutar. Bəzən isə bu zaman, bir nəfəsə, bir baxışa sığan, heç bitməsin deyilən, bitincə də həmişə özünü axtartdıran şirin titrək bir an olaraq təsvir edilir:
İstəyirəm vaxt uzansın,
İstəyirəm gəlməsin son,
Bu qapını açma qarson, açma qarson.
“Çiseli Musiqi”
Yaşanmış anlarda dad var, damaq var.
“Eşqli Pıçıltılar Mələk Azanı”
Bəzən də bu zaman, həm əsrlərə sığar, həm bitməsini bilməyən, dan yeri qızarmayan və bütöv bir ilə bərabər olan, amma tək bir gecəyə sığan sonsuzluğu da işarə edir.
Elxan Qaraxanlının şeir kitabı, mənim son illərdə oxuduğum ən gözəl çağdaş şeir kitablarından biriydi. Kimi şairlərin şeirləri yüngül və asan oxunar. Onlarda hər gün görüb bildiyimiz hadisələr və duyğular yenə hər gün gözümüzə ilişən obyektlərin vasitəçiliyi ilə izah edilər. Bəzi şairlərin şeirləri, onların dərinliyinə çatmaq üçün geniş məlumat istər. Elxan Qaraxanlının kitabı da elədir. Nə ilə heyrətləndirdi  məni şair? Hər şeydən öncə, dünya səviyyəsində zəngin məlumat sahibi olması ilə, hər şairin sahib olması lazım olan əxlaqı ilə. Dünya mədəniyyəti, tarixi və ədəbiyyatı sahəsində geniş məlumat, əlavə olaraq həyata fəlsəfi baxış və romantiklik. Bunları mən şəxsən, şairə yaradan tərəfindən verilən bir hədiyyə olmaqla birlikdə, yetişdiyi dövrdə -Sovet dövründə- aldığı təhsilin nəticəsi olaraq da görürəm. Sovetləri nə qədər söysək də, o dövr bizə çox qiymətli dəyərlər də peyvənd etdi: yaşadığın müddətcə elm toplama, müxtəlif mədəniyyətləri öyrənmə və ən əhəmiyyətlisi, kitab oxuma. Zatən ancaq kitab oxuyan bir insan bu qədər məlumat və mədəniyyət sahibi ola bilər. Biz, Sovet uşaqları, inanılmaz dərəcədə kitab xəstəsiyik. Sovet İttifaqı adı ilə xatırlanan böyük bir dövlətin içində olan bir çox millətin məşhur yazar və şairlərini ibtidai məktəbdən etibarən tanıyar, bir çox şeirləri əzbərdən bilərdik. Amma yalnız bizi saxlayan dövlətin mədəniyyətini deyil, Misir, Orta Şərq və Uzaq Şərq mədəniyyətlərindən də xəbərdar edərdi bizi Sovet məktəbi. Çünki bu bir gerçəkdir: şair olmaq üçün yalnız öz xalqının keçmişini tanımaq bəs etməz. Şair, bütün dünya mədəniyyəti və ədəbiyyatına da toxunmalıdır ki, onlar ilə öz əsərlərini bəsləsin, daha da zənginləşdirsin. Məsələn, Elxan Qaraxanlı kimi. Misir sivilizasiyasına aid olan Amon-Ra, Osiris, İzida, sfinks, Nefertiti, Cleopatra və piramidalardan tut, Şumer və Göytürk mədəniyyətinin tanrısı, ilahələri və qəhrəmanları: İştar, Tan-Ra, Umay, Venera, Çulpan, Ötüken, Alp Ər Tonga. Qədim Yunan mədəniyyəti ilə əlaqədar şəxslər Esxil, Helen, Paris, Orfey, Uzaq şərqin simvolu olan Budda, İslam dini və onun nümayəndələri Məhəmməd, Mikayıl, Cəbrayıl, Xristian dininə aid Məryəm Ana, İsa, Roma Papası və daha yaxın dövrlərin qazancı olan dünya tərəfindən məşhur şəxslər Rembrant, Janna D’ark, Bonapart, Marks, Mitskeviç, Svetayeva, Kafka, Çe Gevara, Pikasso, Mirey Matye, Elton John, Zeki Müren, onlar hamısı Elxanın şeirlərində dilə gətirilməkdədir. Maraqlı olanı da odur ki, yad etmək xətrinə xatırlamaz bu şəxsləri şair. Hamısını mütləq öz yerində, bir düşüncəsini daha iti, daha diqqətə çarpan etmək üçün istifadə edər. Orta məktəbdə oxuduğumuz kitabların səhifələrindən çıxan qəhrəmanlar da az deyil bu kitabdakı misralarda: macəraçı Oliver Twist, həyata erkən atılmaq məcburiyyətində qalan Lolita, qadınların ağlını başından alan Sirano De Berjerak, Sen Jermen və Don Juan, tək bir nəfəsi ilə sevən ürəyi buza çevirən Qar Kraliçası və onun sehrinə boyun əyməyən Gerda ilə Kay… Hamısı bizə uşaqlığımızdan o qədər tanış olan və tərəfimizdən sevilərək kim bilər neçə dəfə oxunmuş kitablar və həmişə özümüzü onların yerinə qoymağa çalışdığımız qəhrəmanlar! Yalnız bu qədər deyil. Dünya tərəfindən məşhur Tac Mahal, Notre Dam və Aya Sofya kimi əsərlər də Qaraxanlının şeirlərində xatırlanır. Sanki bir şairin könlünün heç bir kainata sığmazlığını göstərmək istədiyi kimi, bu kitab öz içinə inanılmaz geniş coğrafiyanı sığdırmaqdadır: Savannaları ilə məşhur Afrika, çayı ilə məşhur Seylon, Çin, hər gün televiziyadan eşidilən Sydney, Mayami, Paris, Dakar, Polşanın gözdə şəhəri Krakov, XX əsrin başında rusların Parisi sayılan Odessa, türklərin könlündə xüsusi bir yerə sahib olan Məkkə, hər Azərbaycanlı üçün yaxın İstanbul, Tiflis və azərbaycanlıların ürəklərini dağlayan Təbriz, Bəzz qalası, Şiraz, Xorasan… Bu şeirlərdə çaylardan belə “hippilerin” çıxdığı Missisipidən götür, qarla örtülü Visla, Şamanların ayinlərinə şahid olan İrtış ilə Yeniseyə və Azərbaycanın qüruru olan Araza qədər yada salınır. Mifologiyaya adı həkk olunmuş Olimp dağı, əfsanəvi Tanrı dağları… Yəqin ki, bu qədər nümunə bəs edərdi şairin bilgisini ölçmək üçün. Lakin bunlar hamısı bizim daha çox Rus mədəniyyəti vasitəçiliyi ilə öyrəndiyimiz məlumatlardır. Çox təəssüf ki, bütün bu zəngin biliklər içində bizim öz Türk mədəniyyətimiz ilə əlaqədar məlumat verilmirdi. Şairin də yazdığı kimi o dövrlərdə
Umay anam, Alp Ər Tonga,
Yad Kongodan daha yaddı.
“Axta Yaddaşın Rapsodisi”
Gün gəldi, Sovetlər dağıldı. Artıq hər millətin öz kiçik vətəni, ana dili, keçmişi və gələcəyi üçün uzun sürən mübarizə illəri başladı. 1990-cı illərdən bu günə keçən zaman, Türk boylarının milli şüurunun oyanış və yükləliş dövrü olaraq bilinir. Artıq hər millət öz tarixini olduğu kimi oxuya, izah edə və yaza bilirdi. Türk olmaqla qürur duyma, öz tarixini öyrənmə və onu dünya tərəfindən tanınma dövrü başladı. Vəziyyət bütün Türk boyları üçün eyni idi. Gizli qaynaqlardan gizlicə oxuduqları şanli tarixlərini və milli qəhrəmanlarını artiq Tatar da, Qırgız da, Qazax da, Özbek də misralara düzərək kəndi məmləkətinin meydanlarinda oxuya biliyorlardı!
Azadlığına müharibə nəticəsində böyük itkilər ilə çatan Azərbaycan şairləri də sanki yığılan dərdləri izah etmək üçün bir azad nəfəs gözləyirmişlər kimi, düşüncələrini duyğu ilə yoğuraraq bir çox şeir çıxartdılar və Elxan Qaraxanlının bir Türk kimliğini yansıtan əsərləri, bunun ən gözəl nümunəsidir desəm yanılmaram. Onun şeirlərində biz gəlib keçən bütün köhnə Türk inanclarının izlərini görə bilirik: Tanrıya inanma, Umay ananı tanıma, Çulpan ulduzunu eşq tanrıçası ilə qaynaşdırma, Şamanlık, kamlık, təbiətə, ağaclara tapınma və bəzi heyvanları totem olaraq qəbul etmə vs. Ayrıca, “içində Səlcuq ruhu yatan” (“Unudulmaz İstanbul”) bir Türk olaraq, şair əsərlərində bütün Türk boylarına xas geniş çöllərə, köç etməyə və ata olan sevdasını da dilə gətirməkdədir. Atların kişnəməsini xatırladan dalğaların səsi (“Yağma Həvəsi”), “cəng həvəsi dəf eşidincə işıqlığa qaçan” ya da “göy dağlardan son dənizə su içməyə enən” atlar (“Göy Dağlardan Atlar Enər”), yorğa gedişli araqlı-kımızlı hava (“Bir Gün İzidanı Bakıda gördüm”, “Dan Üzünün Qəzəli”), sam yeli dadında şərab (“Ölüm Haqqında Günəş”), duanın dadında kımız (“Şam Kölgəsində Vida”), çöl qoxulu sevdalar (“Yuxu Bilməz İstanbul”), sonsuzluğa çəkən köç həvəsi (“Göy Dağlardan Atlar Enər”), “yalını oynadan” atlara bənzər avtomobillər (“Kenquru Həvəsli Anlar”), “şahlanan göy ayğır”ı xatırladan duyğular (“Çitten Bir Qız Gəlir”), “gecəni kamlayan şaman” (“Xəncərlənmiş Sevginin Soneti”), “ürkək ilxılardan daha sürətli qaçan” çay (“Qızılcıqlı Öpüşlər”)… Atalarımızın qədimdən at qurban etməyi, yağış yağdırmaq üçün yada daşı istifadə etməyi, maralı müqəddəs bir heyvan kimi düşünməyi, Şamanların barabana vuraraq ayin geşçirməyi, Ötükendə uduk (müqəddəs) bir meşə, onun şeirləri ilə hamısı tək tək canlanır bizim yaddaşımızda:
Qurbanlar at olmasa,
Haqqa gedərdik yaya..
“Firiştəli Mahnı”
Busə yağmurlarını,
Yağdıracaq yada daş.
“Otel  Qəsrvaridi”
Maral buynuzunu budaq budaq gəz,
Vəcdinin dadını uçuşlarda bul,
Qutsal Kam atanın dualarını,
Sevdalı səslərlə nəqş edər davul.
“Sevginin Yekəlik Koşuğu”
Cəng meydanı olan dünyada özünü “əlində qılınc, dilində dua” olan bir döyüş əri (“Taissa Yanına Çağırar Məni”) və sürəti sevən bir çöl oğulu (“Görüşönü”) olaraq hiss edən şair, bir yerdə oturmağı bilməyən, həmişə hərəkətdə olan könlünü “yeldə yelləyən ilxılara” bənzədərək (“Görünməzlər görgüsündə”) ruh halını izah etmək üçün min bir Türkcə təsvirdən istifadə edir:
Qara bulud, qıvraq bir yam,
Qaranlıqda qurd ağzıyam.
Göy üzündə çaxdı qamçı,
Qıratları qov, ay yamçı.
“İldırım”
Elxan Qaraxanlının təbiət təsvirli şeirlərini oxuyarkən də onların ancaq bir Türkün qələmindən çıxdığını görürsən:
Dönməz geri uçsan,
Qıvraq və şən bir kut.
Issız qaranlığa,
Qanad çırpar berkut.
“Mən Xeyli Yalnız”
Maral buynuzudur yerə taxılmış,
Əncir ağacının bahar qoxusu.
“Sevilmək İstəyi Ac Yaquardı”
İydə çiçəkləri ətir səpirlər,
Ağ keçə üstündə bardaş qurmuş may.
“Mayda”
Sanki bütün bu öz Türkcə təsvirləri təsdiq etmək üçün, Qaraxanlı şeirlərinə Türklərin ürəyinə oyulmuş qəhrəmanlarının adlarını hörür:
Çöl həsrətinin gil kitabları,
Köksünə yazılmış ər oğlanların.
“Həsrətimin Gil Kitabları”
Koroğludan dastan deyir quş xoru
“Çılpaq Sevda”
Bu sevdamla nə Fərhadam, nə Kərəm,
Bir yüküm var, onu zorla çəkərəm.
“Nə Ağlarsan, Nə Dağlarsan Sinəmi”
Gələndə Leyli gəldin,
Gedəndə Ərəbzəngi.
“Cinlərin Dağılanda”
Nəsrin yuxusunda şirinləşən dad,
Növbəti nağılı qoşan  Şəhrizad.
“Ney Havasında Gecə”
Elxan Qaraxanlının Türk tarixini yad edib yazdığı uzun şeirləri də (poemaları)  var. Məsələn Türk tarixinin bir çox məqamını bir yerdə verməyə çalışdığı “Xaqannamə” adlı dastana bənzər şeiri. Bu şeir, hələ yazılmaqda olub bəzi qisimləri yeni tamamlanmış vəziyyətdədir. Əsərdə məkan, “Xəzər küləyi Oğuz ağızında oxuduğu” və Dədə Qorqudun yatdığı Dərbənd, azanlar susub minarələrdə küləklər oynaşan, xan torpaqlarının hərraca qoyulduğu Daşkənd və Xivə torpaqları, Rusların işğalına uğrayıb dinindən və dilindən imtina etdirilmə qorxusu yaşayan Qazan Xanlığı və s. bu kimi çox geniş Türk coğrafiyasında keçməkdədir. Əsərdə Çingiz Xan, Saltıq Buğra, Timuçin, Baybars, Artuk Xan, Çağı Bəy, Atilla, Kaşğarlı Mahmud, Fateh, Qazi Burhanəddin,  Kürşat və Süyümbikə kimi göstərdikləri qəhrəmanlıqları ya da faciəvi qədərləri ilə Türk dünyasını titrədən hökmdar və məşhur şəxslərin həyatlarından parçalar verilməkdədir. Şeirin dili çox axıcı olduğundan ötəri təsvir edilən hadisələr  – Türk’ün şanlı ve eynı zamanda feciyəvi tarihi gözümüzün qarşısında bir film kimi canlanmaqda və keçmişdən ibrət götürməyə çağıraraq gələcəyimiz haqqında ciddi düşüncələrə aparmaqdadır.
Xüsusi olaraq burada Elhan Qaraxanlının Türkçülüyü əks etdirən və Türk ruhunda yazılan “Savaş Ayələri” adlı əsəri üzərində də dayanmaq istəyirəm. Bu şeirində şair, Türkü cəngə çağıran “əbədi bir çağrış”ı duyaraq və “Alpların zamanı gəldiyinə” içdən, könüldən inanaraq “qılıncının pasını silkələyib” bütün Türk dünyasını “ölümlə ölməzliyin sonuncu döyüşü”nə çağırmaqda. “Yatmış ruhumuzu titrət, oyandır!..” kimi misralar ilə Tanrıya səslənən Qaraxanlı, bütün ümidini “bozqurtların uluduğu müqəddəs ana” -son döyüşə- bağlamaqdadır.  “Dünyanın eşi” olan insana bunu şair çox dəqiq və hər Türkün anlayacağı bir şəkildə açıqlamaqdadır:
Savaşın bitən yerdə
Başlayır köləliyin…
Tanrıdağdan Təbrizə
Bir yol uzanar bizə.
Ən son, axır dənizə
Əmri dayandır… daram!
Bu şeirdə Türk milləti, bənzərsiz bir tarixə sahib olan ulu və zadəgan bir millət olaraq göstərilməkdədir:
Göylər səltənətindən
Sürüşüb qalan bizik.
Yenilməz  orduların,
Cəngini çalan bizik.
Öcümüz var acında,
Uğur gəzdik hücumda,
Yolların sonucunda,
Kamını bulan bizik.
…Millətlər gəldi-gedər,
Əbədi qalan bizik!
“Göydəkinin də sevdiyi” Alpların bu döyüşdə qazanacaqlarından şairin heç şübhəsi yox.  “Tanrı, qoru Türkümü” deyə dua edən şairin burada vermək istədiyi ən əhəmiyyətli mesajı da bütün Türkləri bir bütün olaraq görmə istəyidir. Çünki ancaq birlik olduqları zaman zəfər Türklərin olacaq:
Ərənlə nərə çəkərkən,
Silahımız pas tökərkən,
Tanrıdağdan, Ötükendən,
Gözlənən imdad gələcək. Get.
Budur Türkün ordusu,
Bayrağında ay gəlir. Çök.
Ölümə qənşər dyran,
Basılmaz alay gəlir. Çök.
“Ölümü bir əyləncə” bilən və döyüşü “qılıncın qını” olaraq tanıyan Türk millətinin göylərə qədər çıxan şöhrəti, şair tərəfindən bir təsadüf olaraq deyil, bəlkə Tanrının əli ilə çəkilən bir yazğı hesab edilməkdədir və yerdə buna qarşı gələcək heç bir güc yoxdur:
Yazı Göydə yazılar.
Yerdəki pozarmı? Gəl!
Türklüyü ilə qürur duyan və “fateh duyğusunu qanında daşıyan” Qaraxanlının qələmi ilə bu şeirdə çox gözəl misralar yazılmışdır:
Türklüyün bilinməsə
Dünya bizə yarmı? Gəl!
Yaranmışın bizik xanı,
Bir el bilmişik cahanı,
Ülkümüzə xor baxanın,
Aqibəti puç olar. Bil.
Bu şeir, müasir Türk xalqlarının ədəbiyyatında Türklərin milli şüurunun oyanışını müjdələyən və Türk millətini dastançı bir millət olaraq yenidən gündəmə gətirən nümunə bir əsər sayıla bilər. Çünki bu şeirin hər misrasında qılınc səsi, at nalı, Tanrıya dua və zəfər qışqırığı duyulmaqdadır və bu şeir şübhəsiz yeni Türk nəsilini şüurlu və milli dəyərlərinə, özünə sahib çıxan bir nəsil olaraq yetişdirmədə böyük rol oynayacaq.
Elxan Qaraxanlının qələmindən uzun şeir olaraq təqdim edilən başqa bir əsər də “Cənub Göyərçini”dir. Adından da təxmin edə bildiyimiz kimi bu şeir, Azərbaycan Türklərinin iki əsri aşan bir zamandır bölünmüş vəziyyətdə yarısı Şimali yarısı da Cənubi Azərbaycanda yaşamaq məcburiyyətində qalmaları işlənməkdədir. Şeirin adında da iştirak edən göyərçin, burada uzun illərdir gözlənilən barışın simvolu olaraq verilmişdir. Şair, “kopuzlu ozan”ı xatırladan yollardan evinə gəlmişcəsinə “vətənini fəth etməyə” Təbrizə və Mərəndə gəlir. “Kimi Azər, kimi Baycanlı” olduqdan bəri ürəyində “öz yurdunda mühacir olma” ağırlığını daşıyan şair, “yoldaşına getmək istəyən bölünmüş sevgiləri” birləşdirmək üçün gəlmişdir buralara:
Unudulan mahnılarda tüklü palmiye bitər.
Ax göyərçin ol, ya kəbutər,
Uğrunda ölməyə bayrağın yoxsa
Ax köynəyinə qan sıx.
Heydər və İsmayılın ruhlarının yaşadığı və Peyğəmbərimizin mirac zamanı gördüyü qırx pirin olduğu, “zirvə görünüşündə Tanrı əzəmətini” əks etdirən Savalan dağına getməsinin səbəbi də çox açıqdır əslində:
Can üstündə bir çuval qar istədi atam,
Savalan qarı istədi canını uyutmaq üçün,
Çünki dərgaha gedərkən Tanrı sevgisi
Yandıra bilər həsrət çəkənləri
Babam vətəninə tamarzıydı.
“Xurma gözlü, qarabuğdayı sevgilisi” olaraq təsvir edilən  İrandan şair əbədi olaraq ayrılmır, o buralara yenidən dönəcək. “Ayrı ayrılıqda yanacaqlarını” bilsə də bir gerçək ovutmaqdadır onun könlünü:
Baba Baybək Koroğluluk həvəsində
Qan rəngində bayraqları qaldıracaq.
Madam coğrafiyaya toxunduq, Elxan Qaraxanlının şeirlərində iştirak edən iki ulu şəhərdən də bəhs etmək istəyirəm: Bakı və İstanbul. Birincisi, şairin yaşadığı və öz əli qədər yaxın və tanış olduğu Bakı. Bəzən  mərkəzi küçəsində Rus akkordeonu çalan (“Kefli Bakı”), bəzən də durğun və neftə bulaşmış bu şəhərin türküləri “tam fərqlidir, tam fərqli” (“Çiseli Musiqi”). “Şumer ləhçəsində mahnı oxuyan” və dənizdən qaçan “eşq qalası, təklik qalası” (“Bu Gecə Veneranı Düşünərəm Mən”) Bakının simvolu Qız Qalası ilə məşhur bu şəhərdə şairin yazdığı kimi “dualar da tez çatar göyə” (“Polonez”).
Şairin könlündə xüsusi yer tutan digər şəhər isə İstanbuldur. Qaraxanlının “Boğaziçindən Türkülər” adlı güldəstəsinde “Avropanın bürclərinə qarmaq atan” İstanbul, “yarpaq tökən vəziyyətdə” göstərilməkdə olsa da əslində şair, qədimliyi və müasirliyi yan-yana tutan bu şəhərin tam bir yağlı boya tablosunu çəkməyi bacarmışdır:
“Zeytunların gözlərində
Yumruca yuva qurdu toran,
Üfüq köşkündə şölən var,
Enli bir terasta manqal yanar
Kişnəyən avtomobillərin qazı,
Göydələnin başına
Çalma çalma dolanar”.
“Dalğa xoru zikrimizi ovsunlayanda
Mövlananı xatırlayır Dəspinə Xatun”.
“Ürkək Helen sığalının Bizanslığı dul
Yüz illərin arxivləşən qaranlığında
Sevgilərə körpü olar yaşlı İstanbul”.
“Əlbəttə bu rəqs edənlər
Yeniçeri rəqslərini unutmuşlar çoxdan.
Və Avropadan nə gəlsə
Məbəd qarşısında oturmuş kimi
Qatlayırlar dizlərini…
Keçmişlər burada çox şanlı…”
“Bir ömürə dəyər Boğaziçində bir gün”, “istər qıraq obadakı Krakova get, istər Lozannaya, yenə bir ayrı yeri var İstanbulun” və “sonsuza qədər unuda bilmərəm İstanbulu və səni” deyə şair yazır.
Elxan Qaraxanlının şeirlərində çox geniş və zəngin inanc dünyası da ayrı bir mövzu olaraq izlənilə bilər. Yuxarıda təqdim etdiyimiz nümunələrdən də gördüyümüz kimi, əsrlərdir İslam dininə mənsub bir Türk olmasına baxmayaraq, Elxan Qaraxanlı, şeirlərində tez-tez qədim Türk inanc sisteminə müraciət edir. “Allah” sözü yerinə daha çox “Tanrı” sözünü istifadə etməsi ona, bəlkə də Türklərin yaşadığı ən qədim dövrlərə dönməsini təmin etməklə çox cazibədar gəlməkdədir. Çünki Göy Tanrı dini, qadağalardan çox azadlıq vəd etməkdə idi insanlara:
Göy Tanrının səltənəti
Bambaşqadır, bambaşqa..
“Atəşgahlı Anılarda”
Göy Türklərin şüuruna Tanrı anlayışı ilə birgə yaxşıca yerləşən Umay, Bay-ana, Ayzıt, Taissa, Anaqut, Zöhrə, Çulpan kimi tanrıçalar da şairin könlünə hakim olub onun düşüncələrinə sızmaqdadır:
Yolumuza uğur çilə Umay ana, bayana,
Nal səsləri tümen-tümen yayılacaq cahana.
“Göy Dağlardan Atlar Enər”
Haqqın dərgahına bir ayrı yol var,
İnancsız olanlar keçməz qapıdan,
Məni Tanrıdağda məclis gözlüyor,
Tanrıya şahid dayan İlahə Anam.
“Taissa Yanına Çağırar Məni”
Bəşərin gözyaşını
Səmaya çəkər bulud.
Bəndənə bir qapı aç,
Ana mələk, Ana kut.
“Firiştəli Mahnı”
Tanrıdağdan kut almış,
Bircə parça daş olsa,
Alınımıza qan sürtər
İlahəmiz Taisa.
“Haça Qaya”
Yoluma nur saçan dan ulduzudur,
Başımın üstündə eşq ilahəsi.
“Polonez”
Amma eyni zamanda şairin Allahı, onun varlığını və tək olduğunu tanıyan gözəl misraları da az deyil. Allahın şairə gecə və yalnız ikən daha yaxın olduğunu görürük:
Mənə mane olma gecə,
Mən Allahla danışıram.
“Atəşgahta Söndü Çırağ”
Yalnızlığın sonu yoxdur,
Mən burada tək, sən orada tək.
Səndən ötrü yaşasam da,
Yaşayışım səndən ayrı.
Sən mənə bu canı verdin,
Mən sənə dua verərəm.
“Mən Burada Tək, Sən Orada Tək”
Bəzən də şairin könlündə bu torpaqlara xas olan və müəyyən bir dövrdə ataları tərəfindən inanılan Zərdüştlük inancı da qanad çırpır:
Gün doğularkən od oynayır havada
Müsəlmanın atəşgahı olarmı?
“Çılpaq Sevda”
Böyük Azərbaycan şairi Nəsimi kimi, könlünə barındırdığı bütün inançları ilə bərabər hər iki dünyanı sığdırıb, özü heç birinə sığmayan Elxan Qaraxanlı, Yaradana bəzən bütün olub keçən adları ilə bir yerdə səslənir. Bir göyərçin kimi göylər üçün yaradılan şairin ruhu, dua edə edə qonaq yaşadığı Yer kürəsindən əbədiyyətin sakini olmaq üçün göylərə yüksələrkən, Yaradan adının necə xatırlanacağı nə fərq edər ki:
Tanrı, Göy, Xuda, Allah,
Qurban dedim adına,
Al götür məni qanadına,
Canım dayanmaz uçur
Sil türkünün suçunu,
Hu…, hu…, hu….
“Haça Qaya”
Biz Göyün oğuluyuq, yer bizə sığmaz.
“Sevginin Yekəlik Türküsü”
Cismimiz qalsa da torpağa muraz,
İşıqlı ruhumuz yalnız göyündür.
“Yaşanmış Günlərin Neyi”
Bəzi şeirlərində rast gəldiyimiz “Allah məndən ayrı deyil, o hər şeydə vardır” kimi misralar da bizə şairin Allahı Nəsimi kimi panteistik ruhda qəbul etdiyini göstərirlər:
Sevda hər yerdə var, bəlkə də hər zərrədə
“Göyərçinli rast”
Mən varsam sən də varsan,
Sən varsansa, mən də varam.
“Mən Burada Tək, Sən Orada Tək”.
Özünün ilahi bir sevdadan yaradıldığına inanan şair -”İlahi sevdadan mən oldum zahir…”-  (“Şahbaz Şəhərin Mahnısı”) beləcə sevginin kökünü Yerdən deyil Göydən axtarmaqda. Haqsız da deyil, çünki sevgi, kainatda hər şeyə nəfəs üfürən və həyatın başlanğıcı olan bir duyğudur. Tanrını xatırladığımız anlar da daha çox sevdiyimiz zamanlar olar:
Tanrı bostanında sevgi bəsləyir,
Nə qədər seviş var, həyat da bitməz,
“Ölüm Son Deyil”
İlahi sevişlərin girdabında,
Tanrına könlünün gülünü göndər.
“Şolpana Baxaram Qız Qalasından”
Buna görə də Elxan Qaraxanlının inanc sistemini quranlar, daha çox Türklərin qədim inancında yer alan tanrıçalardır: İlahə Taisa, Anaqut, Umay (“Dilimdə dua var, duamda Umay…”), Ayzit (“İlahə sən bizi qutunda islat…”). Şair 2007-2008 illərində “Mənim Sevdiklərim İlahələşər” (“Unudulan İlahələr”) adlı güldəstə yazır və burada qədim Türklərdə mövcud olan və yuxarıda da saydığımız ilahələrin panteonunu verir. Onların arasında xüsusilə də şairin marağını qədim Türklərdə Venera, Mehri Banu, Şolpan  (Çulpan) adları ilə bilinən Eşq tanrıçası çəkər və ilahi sevginin yanında bir yer qızına olan sevgi də ortaya çıxır:
“Ən qaranlıq duyğuların sənsən şamı”,
“Sən varlıqla qoşa yanan bir ocaqsan”.
“Sən nə Məhəmmədi, nə İsavisən,”
“Sənin ibadətlərin sevişlerindi,
“Öpüşün, sığalın, axşam duası”"
“Şolpana Baxaram Qız Qalasından”
“Dünya ağacının budaqlarından
Şolpan ulduzunun meyvəsini dər”.
“Mayda”
Sevgi ilahəsinin hökmündədir insanlıq,
“İlkin İbadət”
Seviş atımız, cəngimiz,
İlahənin planetinə
Toxunmaq imkanıdır seviş.
O, bir tanrı məqamıdır.
“Sevgi Uşumuzdu”
Bu Tanrıça sanki şairin bütün varlığını sarmışdır. Başında ulduz olub yanan Şolpan, onun həyatını müsbət bir şəkildə istiqamətləndirərək həyatının hər seqmentində şairi eşq ilə mükafatlandırır. İlahə tərəfindən verilmiş sevgi, artıq nə də məbədlərə nə də şairin könlünə sığar və onu dadmadan yaşamaq, hələ dünyadan keçmək şair tərəfindən bir günah hesab edilir. Eşqsiz ömür, mənasız keçən bir ömrə bənzədilir:
Əl çəkib dünyanın bu ləzzətindən,
Sənə qovuşmaq da günahdır, Allah.
“Çarşafsız Üfüqlər”
Canlılar yaradılıb məhəbbət üçün,
Eşqsiz mənası vardırmı ömrün.
“Su Pərili Sonata”
Bizim ömürümüzün sevda ayını,
Ən rəngli yuxu da göstərə bilməz.
“….”
“Dünyada bir ulu eşq yuxusu var,
Gəlirkən kilitli qapıdan girər”.
“Eşq deyən qapılar açıqdır açıq”.
“Eşqli Pıçıltılar Mələk Azanı”
Duyğuları sfenkse mindir,
Sevgi özü başqa bir dindir,
Hər yanda cadu, hər yerdə sehr,
Bir öpüş duası ver, tam da yeridir.
“Ayrı Sevgilər”
Şairin sevgilisinə həsr edib yazdığı şeirlərində də çox gözəl və toxunaqlı misralar var. Onun sevgisi bəzən Odlar elinə yakışır şəkildə  odlu, şövqlü və alovlandırıcıdır:
Sevda düşüncələri gecəni soyundurar,
Eşqli düşüncələrdə baobap yanğısı var.
“Yağışlı Qadın Bədəni”
Dodaqların üstündəki qaymaq.
Səni sevmək və duymaq
Və istində günəşlənmək çox zor.
“Günəş Kokteyli”
Eşqin odlu çuxasını,
Ürəyinə geyən mənəm.
Yasaqların  budağını,
Oğrun-oğrun əyən mənəm.
“Retro Sevgilər Gecəsi”
Mən içimdə tüğyan edən bu atəşi,
Qurtum-qurtum içmək istəyirəm,
Mən aşiqlər cənnətinə düşmək istəyərəm,
“Ayrı Sevgilər”
Bəzən də şairin sevgisi dinc, utancaq və pıçıltılara bürülüdür:
Gecə soyuq və bayğındı,
Kefli cavanlar oxuyur.
Hörümcəyə dönmüş əlim,
Əlinə əlçək toxuyur.
Pəncərələr sönür bir-bir,
İsti yuva gəzər pisik.
Dünya deyəsən dəyişir,
Ya biz dastandan gəlmişik.
“Sevdalı Gecənin Türküsü”
Sevda quşlarımız ürkməsin deyə,
Eşqli kəlmələri  pıçıldamaq var.
“Eşqli Pıçıltılar Mələk Azanı”
Bəzən isə onun sevgisi bir döyüş meydanına çevrilir və sevdiyini qazanınca bir fəth etmə duyğusu ilə qürurunu oxşayır, sanki onu bir fatehə çevirir:
Seviş də bir döyüş idi bəlkə Pani Anna,
Bir fateh doğulular içimdə səninlə olanda.
“Balıktut Türküsü”
Hər sevdadan hər vaxt bir fateh doğulular,
Hər eşqin öz meydan savaşı var.
“Unudulmaz İstanbul”
Məsələn Füzuli şeirlərində eşq daha çox iztirab və hüzn verən bir duyğu olaraq göstərilirsə, Elxan Qaraxanlının şeirlərindəki eşq, bir ləl-cəvahirat kimi bütün yönləri ilə oynayan, həm ruhi həm bedensel olaraq doya doya yaşanan  bir eşqdir. Bu dastana, nağıla bənzər eşqin içində şairin özünü və sevgilisini dünya tərəfindən tanınmış eşq qəhrəmanları ilə müqayisə etməyi də onun şeirlərini bizə daha yaxın qılar:
Çılpaq baxan ağacların,
Soyuqdan əsir ombası.
Sən Gerda ol, mən  Kay olum.
Visla, qarlar kraliçası.
“Sevdalı Gecənin Türküsü”
Sevənin olursa,
Sevmək də əsan.
Mən Türk Don Juanam,
Sən Lex Annasan.
“İspan Restoranında…”
Bəlkə mən Sen-Jermenəm,
Bəlkə də, sən Janna Dark.
“Cinlərin Dağılanda”
Amma onun sevgilisi bütün bu yuxarıda saydığımız qadın qəhrəmanlardan müasir olmağı ilə fərqlənir. Mavi jaketli, qısa kare saçlı, əlində timsah dərisindən çantası olan apağ bir Türk qızı, “badam baxışları ilə can yandıran bikə” (“Apağ Bir Qız İdi”, “Ayrılığın Zamanı”, “Həsrətimin Gil Kitabları”, “Çitten Bir Qız Gəlir”) ya da kürk mantolu, Slav gözlü sevimli bir Polşa gözəli (“Polonez”).
“Polonez” adlı poemasında şair Polşalı bir gözələ olan eşqi izah etməkdədir və bu mövzu üçün çox zərif, çox romantik bir ad tapmışdır: “Polonez”. Şair, “başının üstündə eşq ilahəsi” ilə Polşa torpaqlarına Krakov şəhərinə sevgilisinin yanına gəlir:
Buxarı gözəl yanar,
Görkəmi antik.
Yeməklər şirindir,
Şamlarr romantik.
Pəncərə ardında
Usanmaqda qış.
Qaranlığın gözləri
Alacalanmış.
Səs ver musiqiyə
Stəkanları düz.
Vaxtımız uzundur,
Bir az şərab süz.
Şair bu şeirində də tarixi keçmişə yönəlir:
Sənin gülüşünə qonmuş astra
Fikirimi köhnələrə uçurdu.
Gözlərimin qarşısında
Kıpçak ordusu durdu.
Deşti-Kıpçakın
Ən uzaq ulusunda,
Qıraq obada – Krakovda
Mənim babalarım
Tevton cəngavərlərini
Atlara tapdaladardılar…
Avropalı bir mədəniyyətə sahib olan və Katolik dininin inanıldığı ölkədə özünün Türk olduğunu, Qıpçaq olduğunu bir anlıq da olsa unutmaz şair, kilsə zəngləri çaldığı zaman belə fikirində “bismillah” çəkər. Bu şeirdə eşq, iki fərqli millətdən olan insanların görüşmə, iki fərqli mədəniyyətin kəsişmə nöqtəsi olaraq verilir. Şopeni dinləyərək, Krakovyak oynayaraq, Mitskeviç və Füzulidən şeirlər oxuyaraq, talenin onlara biçdiyi zamanı bir-birlərinə doya bilmədən yaşayırlar. Eyni zamanda bu şeirdə dərin duyğuların ifadəsi ilə birgə, müasir Avropa şəhərinin rəsmi də ustalıqla çəkilmişdir:
Yorunuq skripkaçı
Havanı key çalır,
Bax bunlar geylərdir,
Bunlar da geyşadır.
Gey dəbi avangart,
Saç uzun, ard açıq,
Satanlar biç olar,
Alanlar xırdaçı.
Para ver, metah al,
Ucuzdur can əti,
Burada şik sayılar
Sutenyor sənəti.
İsalıq daş-qalaq,
Magdalina suçsuz,
Küçənin seks işi
Viskidən də ucuz,
Üzlərdə məmnunluq,
Gözlərdə yox sual,
Krakovda gecələr
Katolok-seksual.
Baxışlar şprisindən
Boylanar kokain,
Sifətlər samuray,
Məmələr Bahai.
Havada bəyaz var,
Vitrində qızardı,
Ruletka fırladır,
Kazino azartı.
Disko bar cinlidir
Qabara qarışıq
Dodaqlar rom içir…
“Katolok Seksual Bir Gecə”
Şairin eşq mövzulu bir çox şeiri arzu və şəhvət məzmunludur. Söz düşmüşkən bu istiqaməti ilə onun şeirləri, fransız Appolinerin və rus şairi Boris Pasternakın şeirlərini xatırladır mənə.
Məsələn:
Ən müqəddəs dualar da
Al dodaqlarda bitər,
Öpüşlərdə  möhürlənib,
Sevgilərin kitabı,
Sözlər sözlərə açardı,
Bədən bədənə qapı.
“Ayrı Sevgilər”
Sevmələr xurmalıdır
Öpüşlər dadlı macar.
Hisslər xumarlananda,
Nəmli nəfəs od saçar.
“Otel Qəsrvaridi”
Qəhvənin ardından isti bir öpüş
Soyunma həvəsi buraxmadaydı.
“Neyzənli Gəzinti”
Bu qış gecəsi, bu tənha otaq,
Belə zövq ilə saldığın yataq,
Susuz səhrada ilğım kimidir,
Qurtar söhbəti, bağla kilidi.
“Qış Nağılı”
Seviş ilahəsi Şolpan səmada,
Qaynar dodaqların toxunmaları,
Gecənin gözündə fənər yandırar.
“Axsaq Duyğular Gecəsi”
Həsrət pəncəsinin altından baxar şəhvət mələkləri…
“Şəhvətli gecə”
Hər eşq şeirində olduğu kimi, Elxan Qaraxanlının şeirlərində də eşq ilə onun əbədi yoldaşları ayrılıq ilə həsrət əl-ələ gəlməkdədirlər. Tək qalanda havaların da soyuması (“Tək Qalınca Qucaq”), ayrılığın yaratdığı ümidsizlik və həsrət axar bəzi misralardan:
Eşq dünyası yarı yazdır, yarı qış
Bizim ilə qoşa gəzər aldanış,
Dünya boyu qucaq-qucaq yalan var.
“Nə Ağlarsan, Nə Dağlarsan Sinəmi”
Gülüm, sənə söylədim neçə kərə,
Ayrılığın havasını çalan var.
“Nə Ağlarsan, Nə Dağlarsan Sinəmi”
Alovludur bütün ayrılıqlar
Hər kəsin içində odlu bir dəniz,
Ayrı ayrılıqda yanacağıq biz
“Ayrılığın Zamanı”
Ümidlərin taksisi,
Boş gedər qaranlığa.
“Hicran Gecəsi Qəzəli”
Həsrət günlərinin gözləri yaşıl,
Həyatın sonudur, həsrətin sonu.
“Yaşıl Gözlü Həsrət”
Eşq ilə əlaqədar ümumiləşdirmələrlə yanaşı, şeirlərdə həyat və ölüm fəlsəfəsi də yer alır. “Got Min Uns”, “Gəl Gedək Şeytanlanaq”, “Firiştəli Mahnı”, “Xain Kösöv” kimi şeirlərdə həyat ümumiyyətlə “qarışıq, fani, faydasız”, dünyadakı məşğuliyyətlər də “mələz və xaşıl”, həyat isə “mənasız və qan soran” deyə tanıdılır. Şair kədərlənərək “Ölümlə Seviş” adlı bir şeirində hiyləgərliklə və mənasız keçən həyatı belə izah edər:
Göy üzündə qara bulud,
Yer üzündə qara gecə.
Ömür keçər yavaş yavaş
Bədənimdən keçə keçə
Yaxşı, belə bir həyatın içində yer alan şair kimdir, özünə necə tərif verər? “Çölün oğlu” olan əsl Türk, amma dinini Ərəblərdən alan və eyni zamanda Rus və Avropa tərzi təhsilə sahib olan Elxan Zal Qaraxanlı, bu mövzuya şeirlərində tez-tez toxunmaqla, çox maraqlı təriflər vermişdir:
Dünya top kimi yup yumru,
Mən torpaq üstündə filiz,
Bir az Türkəm, bir az Ərəb,
Bir az Rusam və İngilis.
“Nə Yaxşı ki, Mən Varam”
Nə cənk sığar, nə eşq sığar içimə,
Mən savaşın və sevginin xanıyam.
“Çılpaq Sevda”
Mən, dalğa yalına taxılı bir qut…
“Son Nəğmə”
“Cibi canından təmiz” (“Qoşma”) olan şair, bir tərəfdən maddi imkânsızlığın altında əzilər ikən, digər tərəfdən də “neft qoxulu məmləkətdə” könlü zəngin şair olub türkülər oxumağın bu əksikliyi tamamlaya biləcəyinə inanır:
Göy deşməyə şans gəzsəm də,
Liftim yox,
Nə milyoner ola bilərəm
Neftim yox,
Mən türkülər oxuyuram
Neft qoxulu məmləkətdə.
“Gizli Mövsüm Qəzəli”
Amma bu, əlbəttə şairin şikayətləndiyi tək mövzu deyil. Zamanın, həyat şərtlərinin dəyişməsi bir tərəfdən müsbət dəyərlər gətirsə də, onun bildiyi həyatı kökdən dəyişdirib bir çox dəyərin itməsinə də səbəb olub və buna şair ürəyi yanır:
Həyat bizi buz örtüyünə qoyar, Anna,
Ömür boyu yer tapmarıq boylanmağa.
“Polonez”
Biz, dollar yaşılının nəşəsindəyik.
Daha Çe Qevara zamanı deyil,
Marksı da unudub məktəblərdə,
Tərli şüşələrdən pivə çəkə çəkə,
Azatlığa heykəl qoyduq, Ruslu, Türklü.
“Azatlığa Heykəl”
Birzyurdsuz yuvasız uşaqlar kimi
Səfilə dönmüşük doğma şəhərdə
Bəzən doğmanın da ögeyliyi var…
“ Səfilə dönmüşük doğma şəhərdə”
Sən öz elində köləsən,
Şeirini yaz, fağır dur.
“Yalnız Qalanda Qucaq”
Fərqli məbədlər gözdədir indi,
Fərqli duaların zamanı gəldi.
“Ana Kut Məbədində Deyilən Türkü”
Nə tanrını eşidən var,
Nə də kitab yazanı.
“Duyğu Desantı”
Belə bir həyatın içində şairin ilahiləşdirdiyi sevgi də artıq ucuzlamış, sirrini və dadını itirmişdir:
Sevdalar səmadan gəlird bir vaxt,
İndi bilgisayar proqramlarından.
“Subaylığın Şeiri”
İndi seviş arıları
Pulla gəlir pətəyə.
“Yalnız Qalanda Qucaq”
Son illərdə dəyişən həyat, Qaraxanlının şeirlərində açıq-aşkar görünməkdədir. Artıq mavi yelkənli şahzadələr qızlara “paralel dünyanın yarığından” gəlirllər (“Könül Dəhlizində Təlaş”), “sevdalı duyğular yatırım yığar, baxışlar xərcləyir kredit kartını” (“Kenquru Həvəsli Anlar”), “hər öpüş bir investisiya, könüllərin külfəsində yanmaz sevgi vekseli” (“Üzüntülər Oteli”),  “dərd yatar can bankının gizli hesablarında” (“Dərdin Gizli Hesabları”),  virtual öpüşün dadında petrol(“Çise”), ruhlar da qurbanı pivə olaraq istəyir (“Xəncərlənmiş Sevginin Soneti”), Rembrant da sürtülmüş boyalardan rəsm deyil, klip çəkir, işıq da arsız bir şəkildə striptiz göstərir (“Romansero”), məktubları da şəhərdən artıq poçtalyon deyil, internet gətirir, kompüter titrək pıçıltıları sıraya düzür (“Yosun Yorğunluğunda Su”), eşq otu və dərmanı olmayan bir virusa çevrilmiş və qumara bənzəmiş (“Sevdalı Gecənin Türküsü”, “Görünməzlər Görgüsündə”), çalmaların çalmasının reallığı virtual (“Göyərçinli Sevda”), şair özü də tez-tez İstanbula virtual gəzintiyə gedir (“Virtual Gecə”) və başqa bir çox buna bənzər bənzətmələr var:
Kainat bir böyük bilgisayardı,
Sevdamın internet səhifəsindən,
Sənə göndərərəm məktublarımı.
” Nərgiz Mahnılar Axşamı”
Yığar qazancını könül bankına,
Gizli gəzməmizin öpüş qumarı.
“Sevilmək İstəyi Aç Yaquardı”
Zatən Elxan Qaraxanlının şeirlərinin ən üstün cəhəti, deyərdim ki, təsvirlərdir. Bu, həm təbiət təsvirləri, həm insana xas yaşanan hərəkət və duyğuların təsviri. Təbiət təsvirləri içində ən çox rast gəldiyimiz, günəş və gecə təsviridir. Məsələn yetişmiş əriyə, saat 3-ün yarısında içilən kokteylə, qədəhdəki sarı şirəyə (“Günəş Kokteyli”), tavada qızardılan yumurta sarısına (“Dan Yüzünün Qəzəli”) bənzəyən günəşin şeirlərdə fərqli halları təsvir edilməkdədir: onun doğuşu, yandırıcı istiliyi, batışı:
Namazımız yüz on yükənt,
Dan gözündən boylanan kənd,
Şövqümüzün qülləsindən
Zəng səsini ələyərkən,
Görünməzlər dünyasından
Bayraqlı Alplar gəlirkən
Mələk xorunun sədaları altında
Oyanar Tan Ra – Günəş.
“Oyanar Tan-Ra”
Günəş gedər aramağa itirdiyi qadını.
“Dan Üzünün Qəzəli”
Üfüqün narını dərməyə yox ümid.
“Kauçuk Ləngərində Sükut.”
Hər axşam çarmıxda ölər Günəş.
“Altun Baxışlı Qadına Alqış”
Göy altında Türk hamamı boyda dəniz,
Su qızları ölən günü çimdiriyor.
“Yağma Həvəsi”
Gecə təsviri də şeirlərdə bir neçə parçadan meydana gəlir: dinc, nostaljik bir axşam, hiyləgərcə çökərək hər yerə şəhvət saçan qaranlıq və nəhayət nə qədər öpüşlərə və sevdalara şahidlik edən ulduzlu və aylı yaşıl gecə:
Axşam:
Masanın üstündə keçən günü əridər şam.
Axşam.
“Yuxu Bilməz İstanbul”
Çılpaq axşamların gözündə yaş var.
“Yaşanmış Günlərin Neyi”
Qaranlıq:
Qaranlıq damla damla əriyir şamlarda.
“Polonez”
Qaranlıq soyunar şam kölgəsində
“Şam Kölgəsində Vida”
Hər kəz sayğac qoşanda sənin çılpaqlığına,
Qaranlıqdan don biçər yarasa uçuşları
“Düet”
Gecə:
Ulduz baxışları Helen kimidir,
Parisə bənzəyir yaşıl göz gecə.
“Qənirə İlahənin Qəzəli”
Yuxu çalxalayan gecə nehrəsi,
Ulduzları sayrışar sarı yağ kimi.
“Saralan Saniyələr”
Şüşələrə düşüb qalar
Ulduzların hıçqırığı.
“Qar Üstündə Nar”
Çılpaq bədəni qızğın gecə,
Taxar ayı yaxasına.
Xatirələr yatan küncdən
Salxım salxım ah asılar.
“Qar  Üstündə Nar”
Gecənin əlbissəsi
Öpüşten dəlik dəlik.
“Təngnəfəs Qalan İşıqlar”
Yaşmaklı gecələr utancaq olar.
“Mart Həsrəti”
Ay dama sərilib can soruşar.
“Kübar  Qurbağa”
Ürək dolu, ay kəsik.
“Virtual Gecə”
Ay da yuxuların duşunda çimir.
Gecə, haradasa şairin hər şeirində mövcuddur. Bunun üçün şeirlərin başlıqlarına baxmaq belə yetər: “Virtual Gecə”, “Şəhvətli Gecə”, “İntellektual Gecə”, “Hicran Gecəsi Qəzəli”, “Yuxusuz Sətirlər”, “Ney Havasında Gecə”, “Retro Sevgilər Gecəsi”, “Axşam Dərin, Umay Uzaq”, “Sevdalı Gecənin Türküsü”, “Katolik Seksual Bir Gecə”, “Helenli Axşam”, “Yuxu Bilməz İstanbul”, “Su Pərili Sonata”. Hamısında dolğun təsvirlərlə, şairi səhərə qədər düşüncələrlə məşğul edib yatmağa qoymayan gecə havası verilmişdir və ən gözəl gecə təsvirlərini “Yağışlı Melanxoliya”, “Şam Yandıran Dan Tanrısı”, “Dan Üzünün Qəzəli”, “Sevdalı Gecənin Türküsü” kimi şeirlərdə tapırıq.
Ümumiyyətlə təbiət ilə əlaqədar o qədər maraqlı, gözəl təsvirlər var ki, Elxan Qaraxanlının şeirlərində, könül istər hamısını saysın. Amma mümkün deyil! Onun şeirlərində günəş, ay, ağaclar, külək hamısı bir canlı kimi nəfəs alır və bir insana xas hərəkətlərə sahibdirlər: xoşbəxtlik sandığından akçalar tökən yağmur (“Görünməzlər Ədəbində”), “bir az öpüş dadı verən yaş havanın turşuluğu” (“Şam Yandırar Dan Tanrısı”), “axşamın ilıq qız dərisini yavaşca yalayan” çise (“Çise”), öpüşü yovşan yumşaqlığında olan və yovşan dadını üfüqə çəkən külək (“Dan Yüzünün Qəzəli”, “Unudulmaz İstanbul”), duel istəyib masanın üstünə əlçək atan yel (“Polonez”), ot qoxusundan məst olan, fleyta səsindən daranan qızıl saçlarını bəzən suya salan bəzən bu saçları ilə havanı oxşayan və bir yanardağ kimi ah çəkən söyüd (“Təngnəfəs Qalan İşıqlar”, “Mart Həsrəti”, “Zoğal Öpüşləri”, “Saralmış Saniyələr”) “göy bürcünə qarmaq atıb yollar açan” şamlar (“Sən Özünə Dönərkən”), qış yuxusunda zanbaq gülüşünə bənzəyən almaların damla damla qan axmasını xatırladan qabığı (“Dan Üzünün Qəzəli”, “Qar Üstündə Nar”), “ürkək ilxılardan daha sürətli qaçan” çay (“Qızılcıqlı Öpüşlər”), “yosun yorğunluğunda su” (“Yosun Yorğunluğunda Su”), bir zəncinin dişlərindən daha ağ olan quşların səhər ötüşünün niyyəti (“Dan Yüzünün Qəzəli”), “qurd təbəssümlü” günəşli günlər (“Ölüm Son Deyil”), “dəvə gövşəməsində əzilən sükut” (“Kenquru Həvəsli Anlar”), təngnəfəs qalıb dilləri yerə dəyən və rəngarəng tüstülənən işıqlar (“Təngnəfəs qalan İşıqlar”, “Mart Həsrəti”), “virtual öpüşün dadında” olan neft (“Çisə”), “taşa dərd yığan” sönmüş pəncərələr, “qınına çəkilən ilbizə” bənzəyən küçələr (“Səfilə Dönmüşük Doğulma Şəhərdə”)…  Amma, yalnız təbiət hadisələri deyil, insanın yaşadığı duyğu, düşüncələr və hərəkətlər də çox gözəl izah edilir Elxan Qaraxanlı tərəfindən: duyğu dənizində sulanan sığal (“Apağ Bir Qız İdi”), havanı dua ilə örtən duyğular azanı (“Duyğu Desantı”), səma bürclərinə qarmaq atan şirin duyğuların minarələri (“Şolpana Baxaram Qız Qalasından”), eşq dadında olan axşam düşüncəsi (“Yuxulu Sətirlər”), gecəni soyunduran sevda düşüncələri (“Yağışlı Qadın Bədəni”), “şirin göbək yalayan kros qaçan düşüncələr” (“İtli Gəzinti”), xoş günlərin göy rəngli gülüşləri (“Helenli Axşam”), çimən qızların suların sərinliyində əriyən alovlu gülüşü (“Kızılçıklı Öpüşlər”), sısqa bir leylək kimi yorğun düşən ürək (“Yuxulu Sətirlər”), “bir dev qəsrindəki xəzinə kimi” boşalmağı bilməyən arzu anbarımız (“Yenidən Doğulular Köhnə Sevdalar”), ac yaquara bənzəyən sevilmə istəyi (“Sevilmək İstəyi Ac Yaquar idi”), səhra dəhşətini içinə alan Sfinks baxışı (“Unudulan İlahələr”), zəncinin saçları kimi qarışıq vəziyyət  (“Qot Mit Uns”), ütüsüz sözlərin mayasından doğan öpüş (“Bir Günlüyə çirkab”), mələk azanına bənzədilən eşqli pıçıltılar (“Eşqli Pıçıltılar Mələk Azanı”), mülksüz bir paşanı xatırladan yuxulu sətirlər (“Mürgülü Sətirlər”), axşam üstü sarmaşıqlara çevrilən misralar (“Tənhalıqların Ərəbi”),  tox dəvənin gülüşünə bənzəyən kefli şairlər (“Dan Üzünün Qəzəli”), “küçə türkülərini dəvələrə yükləyib gizlicə tənhalıqları sarmaşıqlara çevirən Ərəb” (“Tənhalıqların Ərəbi”)… “Dodaqlarından gül dərdiyi” sevgilisi ilə əlaqədar bənzətmə və təsvirlərdə də şair çox müvəffəqiyyətli:
Sənin ürkək ürkək toxunmaların
Axşam sükutunu caynaqla yardı.
“Sevilmək İstəyi Ac Yaquardı.”
Öpüşün sinəmə iz qoyub nal kimi
Saçların yastığa dağılar yal kimi.
“Mayda”
Saçların Quşadasında sirli çalılara tüzaq..
“Uyqu Bilməz İstanbul”
Sevgilinin saçlarında
Çarəsiz balıqçı torları,
Gözleyişin səmasından
Ulduz darayar dayanmadan.
“Dodaq Boyası ilə Adamsız Küçə”
At həsrəti saçlarının sığalında yayğın,
Mənim əllərim, söyüd yarpaqları qədər hesabsız…
“Unudulmaz İstanbul”
Yorğun gülüşündə ax su zambağı.
“Ömür Retrosu”
Səni hər xatırladığımda xoş müjdə quşu
Dərdin divarını dimdiklə yonar.
“Yaşıl Gözlü Həsrət”
Bunların arasında o qədər maraqlı, original bənzətmələr var ki, bu günə qədər onlar kimisini daha eşitməmişdim. Məsələn, “uyqu qaçışında buza, duyğu yerişində pisik” (“Axşam Dərin, Umay Uzaq”),  “yaquar yerişli vaxt”, “vaxtın qıvraq kobrası”, “yorğa yerişli hava”, “at gedişli təyyarələr” (“Polonez”)… Ən əhəmiyyətlisi də, yuxarıda da yazdığımız kimi, bütün bu təsvirlər, bu bənzətmələr bir Türkün yaşadığı coğrafiya və qanına həzm etdirdiyi mədəniyyət ilə əlaqəlidir:
Qarmaq atar bürclərinə ayrılıqların,
İçimizdə yatan Səlcuq ruhumuz.
“Unudulmaz İstanbul”
Göy üzünə şərəm çəkər qılıncların parıltısı,
Cahangirlik həvəsimiz yumağına yol doluyar.
“Göy Dağlardan Atlar Enər”
Elxan Qaraxanlının şeirlərində xalq mədəniyyətinə xas olan atalar sözü kimi qısa və qiymətli məna yüklü misralar da az deyil:
Hər şeyin ilki çətin olar, ilki.
“Yelkənli Ümidlər”
Ehtiyacın dağları
Köz bişirər qarında.
“Dərdin Gizli Hesabları”
Ər doğulan durarmı dinc.
“Xəncərlənmiş Sevginin Soneti”
Pişiksiz bir təbəssümdür
Mənasız adamın ömürü.
“Dan Yüzünün Qəzəli”
Göz bezər, can usanmaz.
“Hicran Gecəsi Qəzəli”
Hər zamanın öz elxanı doğulular.
“Çılpaq Sevda”
Kədər yakalatmaz, duyğu ram olmaz.
“Monastr Qəbiristanlığında”
İnsanlar timsah kimidir, Anna,
Ağlamaq üçün öldürərlər,
Öldürmək üçün ağlayarlar.
“Ave İsida”
Qəhrəmanlıq moda ilə gələn şey deyil.
“Urmiyəli sevda…”
Dəniz düyünüylə bağla andını.
“Ömür Retrosu”
Könlünün başını səmaya bağla.
“Şolpana Baxaram Qız Qülləsindən”
Bütün bu müvəffəqiyyətli görüşlərin içində mənim diqqətimi çəkən bir ünsür daha var: Elxan Qaraxanlının şeirləri yalnız sözlərdən meydana gəlmir, hər misrada musiqi mövcuddur! İnanılmaz dərəcədə muzikaldır onun şeirləri. Musiqi onun başqa bir çox şeirində də incə qırmızı bir ip olaraq həmişə özünü göstərməkdədir. Bu, azərbaycanlıların öz muğamları da (“Su Pərili Sonata”), İrtış sahilindəki bir kənddə şaman rəqsinin ritmləri də (“Boğaziçindən Türkülər”), Polşalıların Polonezi və Krakovyakı da (“Polonez”), İspan restoranında “iti qılınc oynadan” dəli gitara səsi də (“Polonez”), ağlaya ağlaya oynayan gözələ yoldaşlıq edən gitara da (“Gitaraya”):
Aç musiqinin gammasında döşürür üzüm dənələrini
Bir Ərəb şeyxinin kölgəsində göyərçinlər.
“Tənhalıqların Ərəbi”
İlahi, necə də sirli səs gəlir,
Ölünü dirildən bir nəfəs gəlir.
Bu səsdə mugamın mayası dinir,
Tanrısal Orfeyin arfası dinir.
Qayalar oxuyur, dəniz oxuyur…
“Su Pərili Sonata”
Musiqi mövzusu açılmışkən mütləq “Polonez” adlı güldəstə içində yer alan “Krakovyak” adlı bir şeirdən də bəhs etmək lazımdır. Krakovyak, Polşalıların milli oyunudur. Qaraxanlının bu şeirini oxuyarkən sanki bu oyunu oynayırmış kimi hiss edir və birdən özünü bu musiqinin içində tapırsan. Şair, bu oyunun ritmini misralarda o qədər doğru tutdurmuşdur ki!
Qaraxanlının şeirlərində təbiət sanki musiqiyə yoldaşlıq edir: “Pəncərənin şüşəsində su nəğməsinin ritmi”(“Yağışlı Melanxoliya”), “su üstündə rəqs edir yarpaqların hıçqırığı” (“Şam Yandırar Dan Tanrısı”), “Meyvə sulu söhbətlərin nəbzi Ərəb rəqsi ritmində” (“Neyzenli Gəzinti”), “ney havasında gecə” (“Ney Havasında Gecə”), gümüş gülüş cingiltisi rəqs saçır, rəqs saçır” (“Janna D’Arklı Park”)…
Şairin icadında, mən şəxsən XX. əsrin  başı dünya şeirinin ən məşhur adları olan Boris Pasternak, Nikolay Gumilöv, Appoliner, Sartr, Pablo Neruda, Xəlil Cibran, Orxan Vəli Kanık kimi şairlərin ruhunu və ən dərin fəlsəfi axınlar olan simvolizm ilə varoluşçuluğun izlərini gördüm. Amma yenə də Elxan Qaraxanlını  heç bir şair ilə müqayisə etmək istəməzdim. Çünki onun şeirləri həm mövzu həm üslub olaraq çox özəldir. Onlar, yalnız Elxan Zal Qaraxanlının şeirləridir. Ancaq bu şairin ruhundan var olub, ancaq onun qələmindən yazıla bilərdilər.
…Elxan Qaraxanlının şeirlərini bir neçə dəfə oxuyaraq artıq kitabını bağlayanda, hələ gözümdə yağışlı bir gecə yarısı, sükunət içində söyüdlərin altında çoxdan itən sivilizasiyaların və gözlə görülməz sirrli dünyaların səsinə qulaq asan şairi görürdüm. “Səhra sarısı” gözlərini qəmli hüznlü göyə tikmiş həsrətin gil kitablarını oxuyurdu sanki:
Güllərin açılışında yaşayırıq,
Atların qaçışında doğuluruq,
Daşlaşan duayıq bir məbəddə,
Səhra yuxusunda suyuq…
Çulpan ZARİF (Zaripova Çətin)
Şair, Tatarstan Yazarlar Birliyi Üzvü, Filologiya elmləri namizədi, Muğla Universiteti Dosenti, Tatarstan- Türkiyə
Azərbaycan türkcəsinə çevirəni: Azər Musayev

Комментариев нет:

Отправить комментарий