12.06.2011

Demokratiya adlı bəla


İbrahim Sel                     Professional Oxucu Liqası

  “Qoy Allah səni demokratiyanın zorakılığından qorusun! Qoy İraq xalqı Tanrının amerikasayağı demokratiya ilə sınaqdan keçirdiyi sonuncu xalq olsun!”
 
 Bildiyimə görə, dünyada hamıya yaxşı məlum olan demokratiya müddəalarından istifadə edərək həyata keçirilən zorakılıqların hüquqi əsaslandırılması və qiymətləndirilməsi haqda beynəlxalq statuslu qanun yoxdur. Bunun nəticəsində demokratiya zəminində törədilən üstü açılmamış cinayətlərin sayı getdikcə çoxalmaqdadır. Əslində, cinayət işi açmaq üçün hər şey var– motiv, səbəb, maraq, faciəli sonluq. Lakin heç kim transmilli cinayətkarlıq tərəfindən təşkil edilən çoxsaylı qətl, bir çox şəhər, qəsəbə və kəndlərin sakinlərlə birlikdə dağıdılması kimi kollektiv cinayət əməllərini hüquqi cəhətdən qiymətləndirməyə cəhd göstərmir, bəlkə də risk etməkdən qəti surətdə çəkinir. Yeganə səbəbi hüquqi bazanın mövcud olmamasında görürlər.
 Deyirlər ki, bu cür beynəlxalq xarakterli cinayətkar qruplaşmaların “dayısı” yaxın zamanlaradək güclü nüfuza, dəstək və maliyyə yardımına malik idi. O hətta özünü ədalət naminə, məzlum və yoxsulların hüquqlarını qorumaq yolunda mübariz kimi qələmə vermiş, bütün dünyada baş verən təbii fəlakətlərin qurbanlarına açıq şəkildə humanitar yardım da göstərmişdir. Vaxtilə sosializm düşərgəsi ölkələrindən birində həbsə məhkum edilmiş hüquq müdafiəçilərindən birini azadlığa buraxdırmaq üçün o, bütün beynəlxalq təşkilatları– BMT, ATƏT, Avropa Birliyini, “ədalət naminə mübarizə aparan” ağlasığmaz sayda azarkeşi ayağa qaldırırdı.
 Bədbəxtlikdən, bu “dayının” xidmətlərindən hər iki yarımkürənin, demək olar ki hər yerində istifadə edilirdi və bu proses hələ də davam edir. “Dayının” demokratiya “damının” sıx qara örtüyü bir çox ölkə və hətta qitələri altında saxlaya bilir. Lakin eyni zamanda, məlumdur ki, həmişəişlək bu “dam” aşağıdan göstərilən təzyiqə davam gətirməyərək, artıq bir çox yerdən “su buraxır” və “deşikləri” yamamaq getdikcə daha da çətinləşir. Heç bir müasir kosmik-kompüter aparatı bu “damın” nasaz mexanizmini düzgün qiymətləndirmək və onu qaydaya salmaq üçün münasib üsul tapmaq iqtidarında deyildir. Eyni zamanda, adi gözlə də aydın şəkildə görünən “deşiklərin” “sukeçirmə qabiliyyəti” günbəgün artmaqdadır.
 İki dünya sistemi (kapitalist və sosialist) arasındakı “soyuq müharibənin” başa çatması ilə dünya demokratiya maşınında ciddi nasazlıqlar yaranmağa başladı. O, ilkin təyinatını dəyişdirərək, öz patent sahiblərinin– demokratiya ixtiraçılarının əlində güclü dəyənəyə çevrildi. Görünür, bərpa zamanı kimsə qəsdən bir neçə bolt və qaykanın yerini dəyişmiş və bunun nəticəsində də maşın tamamilə başqa rejimdə və eyni zamanda bir neçə istiqamətdə hərəkətə başlamışdır. Təki onu baha qiymətli benzinlə doldur.
İlk zərbəyə, gözlənildiyi kimi, vaxtilə ədalətli cəmiyyət ideyası ətrafında birləşmiş dövlətlər– şərti olaraq sosialist düşərgəsi adlandırılmış ölkələr məruz qaldı.
Problemin mahiyyətini, o cümlədən bu zorakılıq maşınının– demokratiyanın postsovet respublikalarında şahlıq kürsüsünə çıxması səbəbini dərk etməyə macal tapmamış, “demokratiya dalğası” Şərqi Avropa ölkələrinə keçdi və təcavüzkarların, “demokratiya” tərəfindən zorakılığa məruz qalanların dairəsi o qədər genişləndi ki, bütün Şərq (Avropa, Orta, Yaxın, Uzaq) birbaşa demokratiyanın hədəfinə çevrildi.
 Əvvəlcə belə demokratiyanın toruna öz rəngi ilə çox da seçilməyən sosializm düşərgəsində kapitalizmə meylliliyinə görə xüsusilə fərqlənən Yuqoslaviya “düşdü”. O, dərhal təslim olmadı, bu cür zorakılıq nəticəsində artıq qiymətli nəyinisə itirmiş Rusiyaya ümid bağlayaraq, cidd-cəhdlə müqavimət göstərirdi. Həmdərdinə kömək etmək üçün demokratik zorakılığın ilk qurbanı olan Rusiyanın kifayət qədər hərbi gücü və maliyyə vəsaiti yox idi. Odur ki, dünya ictimaiyyətinin gözü qarşısında tarixi kütləvi, kollektiv zorakılıq aktı baş tutdu. Son yüz ildə belə hadisə baş verməmişdi. NATO-nun nəhəng hərbi maşını zorakılıq qurbanının üzərinə doğru sürətlə hərəkət edirdi. Lakin Avropadakı etiraz edən demokratlar– azadlıqsevənlər nə görünmür, nə də səsləri çıxmırdı. Bütün “rəğbət bəsləyənlər” isə susur və kütləvi zorakılığı ayrı-ayrı kiçik etnos və xalqların maraqları naminə təmizə çıxarmağa çalışaraq, gizli və ya aşkar şəkildə təcavüzkarı dəstəkləyirdilər. Nəticədə Avropa demokratlarının, sosialistlərinin və bütün digər yaxşı danışmaq həvəskarlarının yalançı ədalət və əxlaqından istifadə edərək, baş verənlərə görə bütün məsuliyyəti yazıq qurbanın öz boynuna qoydular. Yəni, biz – NATO-nun təyyarələri Yuqoslaviya şəhərləri üzərindən sülh naminə uçuşlar həyata keçirir və necə deyərlər, arabir şəhərləri bombalarla salamlayırdıq. Onlar isə beynəlxalq hüquq tərəfindən yolverilməz üsullarla əbəs yerə təyyarələrimizi atəşə tutur, sonra isə məğlub edilmiş Yuqoslaviyaya demokratiya bayrağını gətirməkdə dünyanın ən “humanist” ordusunun hərbi texnikasına və canlı qüvvəsinə mane olmağa çalışırdılar.
 Yuqoslaviya “treninqində” həyata qədəm qoymuş “demokratiya zorakılığının övladları” indiyədək özlərinə münasib sığınacaq, hətta gecələmək üçün yer də tapa bilmirlər. Onları hər yerdən qovur, yeni qurbanlar, itaət və ən əsası, etiraf etməyi tələb edirlər ki, guya “hər şey könüllü şəkildə olub” və heç bir zorakılıq hadisəsi baş verməyib. Deməli, xalq özü xahiş edib və ona güzəştə gedərək, xəyali, aldadıcı demokratik gələcək naminə pislik etmək məcburiyyətində qalıblar. Belə bir fikir bəzi Müqəddəs Kitablarda da mövcuddur: “Xeyir naminə yalan günah hesab olunmur...”. Bir halda ki, Allah istəyir, o zaman insan Yaradanın müəyyən etdiyi düz yol ilə getməlidir...
 Dünyanın qabaqcıl demokratları tezalışan mahiyyətə malik olan yeni demokratiyanın toxumlarını bütün Şərq-Qərb perimetrinə səpmək qərarına gəldilər. İraq – qədim Mesopotamiya – Dəclə və Fərat çaylarının axım zonası, ilk “azad” demokratların– Adəm və Həvvanın vətəni müasir, çoxları tərəfindən sevilən yırtıcı demokratiyanın növbəti qurbanına çevrildi. Orada nə baş verdiyini, demək olar ki, hamı bilir. Gizli niyyətlər artıq aydın faktlarla dünya ictimaiyyətinə məlumdur. Eşitdiyimə görə, bu gün İraqda ən dəbdə olan dua təqribən bu cür səslənir: “Qardaş, qoy Allah səni demokratiyanın zorakılığından qorusun! Qoy İraq xalqı Tanrının amerikasayağı demokratiya ilə sınaqdan keçirdiyi sonuncu xalq olsun!”
 Yaxşı duadır. Yenidir və ən başlıcası, məzmunludur. Mən bir qədər də əlavə edərdim: “Allah, bizim hamımızı “demokratiyanın” zorakılığından qoru! Bizə verdiyin ağıl və şüurla, ABŞ və İsraildən olan fərsiz varislərin övladlığa götürdüyü yetim qalmış klassik demokratiyanın hiylələri olmadan düz yolla getmək imkanı ver. Axı, Sənə məlumdur ki, bizim hansısa ictimai-siyasi quruluşun varislik hüququna şərik olmaq niyyətimiz yoxdur və heç vaxt da olmayıb! Bizim öz inkişaf yolumuzu seçmək azadlığımızı əlimizdən alma! Amin!”
 Düşünürəm ki, iraqlılar və dünyanın “demokratiyadan” əziyyət çəkmiş digər xalqları bu cür duaya etiraz etməzlər. Biz demokratiya bataqlığında məhvə məhkum olanların hamısını başa düşür, onların dərdinə şərik oluruq, lakin kiminsə müasir amerikasayağı, İsrail standartlı demokratiyadan çəkdiyi kədəri paylaşmaq iqtidarında deyilik. Biz özümüz bu cür aqibətdən qaçmalı və “demokratiya” ilə cəzalandırılmamalıyıq. Bu, çox ağır sınaqdır!

Комментариев нет:

Отправить комментарий