21.06.2011

Fransa mediasi Əliyevə “qorxaq” dedi


“İlham Əliyev demokratik ənənələrdən qorxur”
“Le Figaro” Azərbaycan hakimiyyətinin hətta Türkiyəni də özünə təhlükə saydığını vurğulayıb
Dünyanın nüfuzlu qəzetlərindən biri, Fransada nəşr olunan “Le Figaro” Azərbaycanla bağlı məqalə yayımlayıb. Pyer Avril imzasıyla dərc olunan məqalədə Azərbaycan rəhbəri İlham Əliyevin demokratik ənənələrdən qorxduğu vurğulanır.
Müəllif qeyd edir ki, İlham Əliyev bütün resurları işə salaraq hakimiyyətə qarşı dinc aksiyaların keçirilməsina mane olmağa, baş tutan aksiyaları isə zor gücü ilə dağıtmağa çalışır: “Аvtoritar İlham Əliyev özünün “azərbaycan modeli”ni qorumaqda israrlıdır. Məhz buna görə də, “ərəb baharı”ndan ilhamlanan etirazçıların keçirdiyi bütün aksiyaların qarşısını alır”.
Pyer Avril məqaləsində Azərbaycanın “Eurovision” qalibiyyətinə də toxunub. Onun yazdığına görə, musiqi yarışmasında Eldar Qasımov və Nigar Camalın qalib gəlməsi müasir və kosmopolit, zəngin təbii ehtiyatlara malik, xarici investorlara qucaq açan, eləcə də dünya siyasi səhnəsində yer tutmağa çalışan Azərbaycan üçün “vitrin” oldu.
“Le Figaro” qəzetində dərc olunan yazıda Yaxın Şərq və Şimali Afirka ölkələrini bürüyən etiraz dalğası və baş verən hakimiyyət dəyişikliklərinin Azərbaycana sirayət etdiyi, İlham Əliyevin isə bundan ciddi narahatlıq keçirdiyi vurğulanır: “Respublikaya avtoritar imici ilə tanınan İlham Əliyev rəhbərlik edir. Ərəb inqilabları baş verməsəydi İlham Əliyev daha rahat nəfəs ala və hakimiyyətini uzada bilərdi. Ancaq ərəb dünyasını bürüyən etiraz dalğasından ilhamlanan azərbaycanlıların küçələrə axışması avtoritar Əliyevi ciddi narahatlıq keçirməyə məcbur edib. Məhz buna görə də o, istənilən ən kiçik etirazı belə sərt qaydada susdurmağa çalışır. Səkkiz ildir hakimiyyətdə olan Əliyevlər sülaləsinin sonuncu nümayəndəsi bütün dinc etiraz aksiyalarının qarşısını zorakı və sərt üsullarla alır. Son zamanlar Azərbaycan müxalifətinin keçirdiyi bütün etiraz aksiyaları dağıdılıb, aksiya təşkilatçıları və fəalları həbs olunublar”.
Müəllif onu da əlavə edib ki, Azərbaycan hökuməti qonşu ölkələri, hətta qardaş Türkiyə dövlətini də özü üçün ciddi təhdidlərdən biri kimi görür: “Ölkə parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin hazırladığı, Azərbaycan üçün təhdid yaradan qonşu ölkələrin siyahısına diqqət yetirdikdə hər şey aydın olur. Ölkənin ərazi bütovlüyü, milli maraqlarına təhlükə yarada biləcək dövlətlər arasında Azərbaycanın şimal qonşusu Rusiya, cənubda nüvə silahlı əldə etməyə çalışan İran, şərqdə qeyri-sabit Mərkəzi Asiya, qərbdə qardaş ölkə adlandırılan Türkiyə və ən əsası Dağlıq Qarabağla ətraf rayonları işğalda saxlayan Ermənistan yer alır”.
Məqalədə İlham Əliyevin Azərbaycanda monarxiya idarəçilik sistemi yaratmaqda ittiham olunduğuna da toxunulub: “İlham Əliyev ölkədə monarxiya ənənələrini möhkəmləndirməkdə, demokratiya və insan haqlarını məhdudlaşdırmaqda günahlandırılır. Ölkədə insan haqlarının vəziyyəti getdikcə daha da ağırlaşır”.
                                                                                                      http://azadliq.info/

Комментариев нет:

Отправить комментарий