14.06.2011

İki gəncin biri-birinə sevgi məktubu

   Aynur Adilqızı -- Şahlar Ruhi 


Aynur Adilqızı: "Mən səni deyil, sənin özünü sevirəm!"


Şahlar Ruhi: "Sən mənə zülm edirsən..."




                 


Əvvəllər dənizi seyr etməyi, gece ulduzların altında oturub göyə baxmağı çox sevərdim… Ancaq indi yalnız sənin gözlərini seyr etmək istəyirəm, çünkü bütün sevdiyim, görmək istədiklərimi sənin gözlərində görə bilirəm. Əvvəllər yalnız özümü düşünürdüm, indi isə yalnız səni düşünürəm. Əvvəllər həyatdakı arzularım başqaydı, səni tanıdıqdan sonra isə yalnız bir arzum oldu, o da ki Sən, Sənli bir həyat…. Mənə nə olub görəsən? Deyəsən axı sevirəm səni… Niyə səni sevdim, bunu soruşma məndən. Sevdim istəmədən, bilmədən, anlamadan. Məncə fərq etmir, uzaqdasan yoxsa yaxında. Sən mənim qəlbimdəsən. Ora sənin öz evindir. Yox bizim evimizdir, görürsən özümü belə unuduram səni düşününcə….
Yazdıqlarımı oxuyunca gülməyim gəlir. Yəni mən bu qədərmi dəyişdim? Bu necə oldu? Bu nə zaman baş verdi? Of mən suallardan bezdim … İndi uca bir dağın başına çıxıb, səni necə sevdiyimi bağırmaq istəyirəm, hamı duysun, hami bilsin deyə…Hamı duyacaq, bir səndən başqa. Çünki sən məni sevmirsən… Bəlkə də heç bir zaman bilməyəcəksən səni sevdiyimi...
Bu qədər asan olacağını bilmirdim sevgi etirafının.Özümü çox qəribə hiss edirəm. Ürəyim elə tez tez çırpınır , elə bil quş qəfəsdən azad olmaq üçün çırpınır. Heç bir zaman hiss etmədiyim amma həm də gözəl bir duyğular içindəyəm indi... Çox da həzz verir... Xəyallar qururam, sənli günlərimin, sənli anlarımın xəyallarını... Yanımda olmanı istəyirəm. İstəyirəm mənə söz verəsən, heç vaxt yanımdan ayrılmayacağına söz verəsən. Hər səhər oyandığımda ilk gördüyüm sən olasan. Eybi yox, işdən hirsli gəlib məni danlasan da olar, üstümə qışqırsan da olar. Dözəcəm bütün bunlara.... Axı sevirəm səni... Təki yanımda olasan, təki sənli bir həyat yaşayım, sənsiz deyil.
Çox darıxıram sənsiz. Sanki bir ömür sənlə birgə olmuşam, indi isə harasa çıxıb getmisən, məni sənsiz qoymusan.... 
Mən artıq özüm özümü tanıya bilmirəm. Bu mən deyiləm, bu səni Sevəndi. Bunları düşünən mən deyiləm səni Sevən Beynimdi. Bunları mən istəmirəm, səni Sevən Ürəyim istəyir. Bəlkə sən də səni sevən Məni incitməyəsən, bəlkə sən də sevəsən onu? Görmürsən sənsiz necə çətindir ona? Niyə bütün bunlara göz yumursan, sanki heç nə görmürsən, bilmirsən, duymursan, hiss etmirsən... Yəni bu qədər asandır səni Sevənə əzab vermək!? 
Sənin də qəlbin var . Mən o qəlbin sahibini deyil, qəlbin özünü sevirəm! Mən o gözlərin sahibini deyil, gözlərin özünü sevirəm. Mən o üzün sahibini deyil o simanı sevirəm...Mən səni deyil, sənin özünü sevirəm!

            

Məktubunu oxuyanda birtəhər oldum.Sanki...Sanki ürəyim hərf qoşununun istilasına uğradı,ağırlaşdı.Artıq mən ürəyimi köksümdə saxlaya bilmirəm.Ona görə sənə bu məktubu yazıram.Bəlkə ürəyimi işğal edən hərflər sətirlərə tökülsələr,yüküm yüngülləşər.
Bu,çox ağır yükdür.Qəlbimdə qaranlığımla sənin işığının döyüşdüyünü görmək,yalnızlığımla səni müqayisə etmək mənə çətindir.Bilirsən, qışdan sonra hansısa torpaqda qızılgül yetişdirmək çətin olur.Mənim sevgi güllərimi şaxta çoxdan vurub,mələk.Bu nə sənin,nə mənim,nə onun,nə bizim və onlarıın, nə də sizin günahımızdı.Bu,həyatdır,onu da mühakimə etmək olmur.
Həyat çox şıltaqdır,özünə qayğı və diqqət tələb edən ərköyün uşaqlar kimi...mən səni sevə-sevə ona diqqət yetirə bilmərəm.Mən səni sevə-sevə zamana əks gedecək,həyata müqavimət göstərəcək güclü,cəsarətli ola bilmərəm.Sənə yalandan ümid verib sonra qaçacaq qədər alçaq olmadığımı da bilirsən.Mən ömrümün baharındayam, bahardasa qızılgül bitmir,gözəl.
Sənə “payızı gözlə!” də deməyəcəm-istəsən gözləyərsən.Amma indi mən səni sevə bilmirəm.Bundan zülm çəkirəm,gecələr boyu yatmıram.
Bəlkə də axmağam ki, dəyərini bilmirəm,bəlkə də təkəbbürlüyəm ki,səndən imtina edirəm,bəlkə də...Bəlkə də indi ağlayırsan, bəlkə 10-15 dəqiqə sonra məktubu cırıb sobaya atacaqsan..Bəlkə də sonuncu cümləmi oxumayacaqsan.Amma  bunu oxuyursansa,bil ki, sən mənim əvvəl  sevib  sonra itirməyimçün həddən artıq dəyərlisən.Hörmətlə,bəndəniz.
                

Комментариев нет:

Отправить комментарий