03.06.2011

Mahcamal, şeirlər


                                     MÜRƏBBE

Hər çəkən sevgi qəmin Leyli misal yardı məgər?
Hər bilək zənciri Məcnun təki bağlardı məgər?
Hər cəlayi vətənim söyləyib ağlardı məgər?
Hər gözün yaşları çaylar təki çağlardı məgər?

Hər düzün ceyranı ürküb gözü giryansa əgər,
Hər gülün gülşəni quzğunlara meydansa əgər,
Hər dilin cümləsi qəmdən tutulub yansa əgər
Hər gözün yaşları çaylar təki çağlardı məgər?

Hər şəhər gülləbaran, ya yerə yeksansa deyin,
Hər dəniz dibdə məzar, sərvəti ehsansa deyin,
Hər qarış torpağı inlər dili nalansa deyin,
Hər gözün yaşları çaylar təki çağlardı məgər?
 
Hər çinar göylərə əl yellədə imdad eləyib,
Hər dağın zirvəsi hönkürdü quşun yad eləyib,
Hər bağın bülbülü əfğan, yenə fəryad eləyib,
Hər gözün yaşları çaylar təki çağlardı məgər?

Hər könül yanmadı odlar diyarım tonqal olub,
Hər çəmən soldu o əğyar cücərib qanqal olub,
Hər başın beyni də donmuş dinə bilmir, lal olub,
Hər gözün yaşları çaylar təki çağlardı məgər?

Hər tumar telləri tutmur başa məhrəm dizi var,
Hər şirin kəlmə nəbat şəkkərə dönmüş bizi var,
Mahcamal, gözdəki ülfətədə də məkrin izi var,
Hər gözün yaşları çaylar təki çağlardı məgər?


                              *****
Görməsə tellər sığal, rəngi bəyaz eyləyər,
Düşsə nəzər üzdə xal, tel telə naz eyləyər.

Çəkməsə ah-nalə can, tez yetişər dürlü an,
Dərd-qəmə üz tutmayan qəddi taraz eyləyər.

Harda təbiət gülər, bülbülü güllər sevər,
Eşqə düşər, güllənər, bağ qışı yaz eyləyər.

Bir neçə dürr, qətrə-zər, gövhər icad həqq edər,
Yeddi fələk, tac görər, nəzrü-niyaz eyləyər.

Qtsmət olub Davudun ləhni bizim ellərə,
Dəmdə, acı qəmdə də mehrü-avaz eyləyər.

Mahcamalın əhvalın əlvan edən can gedər,
Hədd ilə sərhəd güdər, çox vədə naz eyləyər.


                                 *****
Eşqim gülü gülyazdı, əlvanlığı min nazdı,
Meylim sənə həmrazdı, həmrazi-sərəfrazdı.

Sevda xəyalın adət eylər bu könül halət,
Vüslətli məramiyyət yoxdur, ya da ki azdı.

Könlüm qəmi karvannan, keçmiş yolu hicrandan,
Almış canı canandan, sanmış günü pərvazdı.

Hicran zəfərin çalmış, naləm qəmə zil xalmış,
Vəslin közü allanmış, odlar yenə fəyyazdı.
 
Bəxtim nə yaman yatdı, röyama zəhər qatdı,
Ümmanda ümid batdı, səhrada güman azdı.

Ahda nə güzarlar var, bilməz belə səyyahlar,
Çəkdim neçə min ahlar, dərgah da birin yazdı.

Göylər dedi dildarə, çək Mahcamalı darə,
Sənsiz o məhiparə yox çarəsi, nasazdı.

Комментариев нет:

Отправить комментарий