16.06.2011

"MÜHARİBƏNİ ƏN ÇOX SEVMƏYƏN HƏRBÇİLƏRDİR"


Oqtay Kərimov: "Özünümüdafiə batalyonlarının mənfi cəhəti daha çox oldu"

"Valeh Bərşadlı, qocaman general döyüşü ön xətdən idarə edirdi"


 Müsahimiz ehtiyatda olan polkovnik-leytenant Oqtay Kərimovdur


Kərimov Oqtay Vəli oğlu 1961-ci ildə Şirvan şəhərində anadan olub. 1985-ci ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri məktəbini bitirib. 1985-1990-cı illərdə Almaniyada hərbi xidmət keçib. 1990-1992-ci ilin mart ayınadək Biləsuvar rayonu Hərbi Komissarının baş köməkçisi, 1992-ci ilin mart ayından 772, 700, 758, 755, 753, 216, 181 saylı hərbi hissələrdə taborun qərargah rəisi, tabor komandiri, və alayın qərargah rəisi vəzifələrində xidmət edib. 2002-ci ilin dekabr ayından polkovnik-leytenant rütbəsi ilə ehtiyata çıxıb. Evlidir, 1 oğlu var.

- Oqtay müəllim, necə oldu hərbçi olmaq qərarına gəldiniz?
- Hərb sənəti həddən çox məsuliyyətli sənətdir. Hərb sənətini sevib bu sənətə gəlmək lazımdır. Mən də bu sənəti sevmişəm.
- 42 yaşınızda istefaya çıxmısınız, niyə sevdiyiniz sənətinizdən bu qədər tez ayrıldınız?
- Mən 10 il 7 ay Azərbaycan ordusunda cəbhə bölgəsində xidmət etmişəm. 2 dəfə yaralanmışam. Öz istəyimlə səhhətimlə bağlı ehtiyata çıxmışam.
- İndi yenidən hərbi sahədə işləmək istərdinizmi?
- Nə vaxt dəvət etsələr, yenidən işləməyə hazıram. Canla-başla xidmət edərəm, buraxdığım səhvləri bir də etmərəm, düşməndən qalmış intiqamımı da alaram.
- Sizin xidmət etdiyiniz dövrdə müdafiə nazirləri tez-tez dəyişildi. Buna nə ehtiyac vardı? Müdafiə nazirlərinin dəyişməsi ordunun xeyrinə oldu, yoxsa ziyanına?
- O dövrün ab-havasına, siyasi vəziyyətinə baxmaq lazımdır. Məni Müdafiə Nazirliyinə dəvət edəndə həmin gün Rəhim Qazıyevi də dəvət etmişdilər. Həmin gün Rəhim Qazıyevi Müdafiə Nazirliyinə nazir kimi təqdim etdilər.
- Müstəqillik əldə etdikdən sonra vəzifədə olmuş müdafiə nazirlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Müharibəni ordu aparmır, müharibəni dövlət aparır. Ordu da dövlətin bir qurumudur. Dövlət müharibəni aparanda bilməlidir ki, kiminlə aparır, müttəfiqləri kimdir. Düşmən bəllidir. Dövlət bunları müəyyın edəndən sonra əsas iş ordunun üstündədir. O vaxt elə bir dövr idi ki, Azərbaycanda müstəqil respublika qurulurdu, rəhbərlər tez-tez dəyişirdi. Bu dəyişiklik orduya da mənfi təsir göstərirdi. Bir evin ki, yiyəsi yoxdur, övladlar arasında hərc-mərclik olur. O dövrdə də orduda həmin vəziyyət idi. Vahid komandanlıq yox idi. Düzdür, Elçibəy hakimiyyətə gələndə ilk işi kimi Valeh Bərşadlını baş qərargah rəisi vəzifəsinə qaytardı. Valeh Bərşadlı Azərbaycanda yeganə hərbçidir ki, hərbi məktəb, sonra akademiya, daha sonra isə Baş Qərargahın Akademiyası, bu 3 ali hərbi təhsili alıb. Polkovnik rütbəsində dairə komandanının müavini idi. Sonra general vəzifəsi almışdı və ordu komandanın müavini idi. 1980-cı ildə Heydər Əliyev onu Bakı Ali Hərbi Ümumqoşun Komandirləri məktəbinə rəis təyin etdirmişdi.
- Müharibəni niyə uduzduq?
- Fikrimcə, siyasi səriştəsizlik ucbatından müharibəni bu mərhələdə uduzduq.
- Siz işlədiyiniz dövrdə özünümüdafiə batalyonları vardı. Özünümüdafiə batalyonlarının Qarabağın qorunmasına xeyri vardı?
- Özünümüdafiə batalyonlarının müsbət cəhəti oldusa da, mənfi cəhəti daha çox oldu. Özünümüdafiə batalyonlarında vuruşan döyüşçünün bir fikri ailəsinin yanında qalırdı. Belə vəziyyətdə peşəkar ordu lazımdır. Özünümüdafiə batalyonları Tahir Əliyevin vaxtında yaradılıb. Müsbət cəhəti o idi ki, həmin ərazini yaxşı tanıyırdılar. Mənfi cəhəti isə o idi ki, tam həcmdə döyüş apara bilmirdilər.
- 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalandı. Bu 17 il ərzində Azərbaycanda ordu quruculuğu necə gedib? Ordumuz torpağımızı işğaldan azad etməyə hazırdırmı?
- Tam məsuliyyətimlə deyirəm, bəli, ordumuz hazırdır. Neqativ hallar var, olub, olacaq da. Azərbaycan ordusu müharibədə qələbə qazanmağa da hazırdır. Barışıq yolu ilə torpaqlarımız azad olunsa daha gözəl olar. Əgər torpaqları barışıqla alsa, İlham Əliyevə brilyantdan heykəl qoymaq lazımdır. Nə qədər insanın ölməsinin qarşısı alınacaq. Müharibə itki deməkdir. Müharibəni ən çox sevməyən hərbçilərdir. Müharibə itkidir, müharibə ölkənin iqtisadiyyatının zəifləməsidir. Müharibə ataların, anaların, bacıların, qardaşların nisgilli qalmasıdır.
- Deyirlər ki, orduda sosial-psixoloji durum çox ağırdır. Bu nə deməkdir?
- 1993-cü ildən Azərbaycan dövləti öz ordusu üçün zabitlər buraxır. Hərbi məktəbimiz var, orada kursantlar leytenant rütbəsi alıb xidmətə gedirlər. 20 ildir əsgərlər oxuyub gizir kimi xidmətə buraxılır. İndiyəcən zabit heyəti üçün 1 dənə mənzil inşa olunmayıb. Bu cəhətdən vəziyyət ağırdır. Düzdür, prezident zabitlərin sosial şəraitini yaxşılaşdırmaq üçün vəsait ayırdı, amma o, dəryada bir damcıdır. Əmək haqqı çox aşağı səviyyədir.
- Hərbi çağırışla bağlı irəliləyiş varmı?
- Hərbi çağırışda hər hansı neqativ hallar varsa da, buna valideynlər də şərait yaradırlar. Döyüş şəraitində xidmət etmək asandır, nəinki Bakıda xidmət etmək. Tarix boyu elin namus-qeyrəti qalıb kasıbın boynunda. Tarix boyu kasıblar yaba, balta ilə döyüşə gediblər, amma xan, bəy atın üstündə. Əsgərlərim arasında icra başçısının oğlu da, imkanlı valideynlərin övladları da olub, heç bilməmişəm. Şəhidlərimiz arasında baş nazirin müavinin oğlu da var, Xəlil Rza kimi dünya şöhrətli şairin oğlu da var. Amma faktiki onlar övladlarını saxlaya bilərdilər. Valeh Bərşadlı, qocaman general döyüşü ön xətdə idarə edirdi. Neqativ hallar var, amma bu o demək deyil ki, ordu başdan-ayağa neqativ hallardan ibarətdir.
- Müxalifət ordunun içində iş aparmaqla ordunu dövlətin əleyhinə qaldırıb çevriliş edə bilərmi?
- Ordu həmişə siyasətdən kənar olub, kənar olaraq da qalacaq. Bu Türkiyədə ola bilər, orada qanunda da var ki, dövlətin təminatı ordudur. Azərbaycanda ordunun əli ilə çevriliş etmək mümkün deyil. Təcrübə göstərir ki, siyasi lider zəif olanda hərbi lider hakimiyyətə gələ bilər. Amma bizdə siyasi lider daha güclüdür. Hər bir hakimiyyətin müxalifəti olmalıdır. Hamı eyni fikirdə ola bilməz. Müxalifət də layiqli müxalifət olmalıdır. Hər bir millətin dəyəri dövləti ilə, dövlətin dəyəri ordusu ilə, ordunun dəyəri isə zabit və komanda heyəti ilə ölçülür.
- Azərbaycanda peşəkar orduya keçməyin vaxtıdırmı?
- Hələ yox. Amma cücərtiləri var. Ən bəlalı məsələmiz Qarabağ həll olunsa, peşəkar ordu məsələsi də öz həllini tapacaq. Peşəkar ordunu saxlamağa da gərək dövlətin iqtisadi gücü olsun.
- Bu il Qarabağ məsələsi həll oluna bilərmi?
- Düşünürəm ki, bu il ərzində sülh yolu ilə məsələ həll olunmasa, hərb yolu ilə mütləq hall olunmalıdır.
 Cəfər Talıb

Комментариев нет:

Отправить комментарий