19.06.2011

Muradına çatan at


Əfsanə Laçın. Hekayə                                                                      

   Aylar keçir,il dolanır yeni nağıllar yaranır.Bu nağılların içindən ən gözəlin seçərəm sizə nağıl biçərəm.
  Dağların arasında yamyaşıl,güllü-çiçəkli bir kənd varmış.Bu kənddə yalnız atlar yaşarmış.Mən sizə bu kəndin iki sakinindən-Ağbəniz və Qaraxaldan danışacağam.
Ağbənizlə Qaraxal dostluq edir,hər gün çəmənlikdə bir yerdə oynayırdılar.
   Yaz günlərindən biri idi.Çölün,çəmənin üzü gülür, torağaylar oxuyurdu. Ağbənizlə Qaraxal fürsəti əldən verməyib çəmənlikdə oynamağa çıxdılar.Birdən yer titrədi,torağayların səsi kəsildi.Dostlar qorxudan yerlərində donub qaldılar.Torpaq iki yerə parçalandı.Arada böyük bir uçurum yarandı.Uçurumun bu tayında Ağbəniz,o tayında Qaraxal qaldı.Dostlar çox məyus olmuşdu.Qaraxal nə qədər çalışsa da cürətini toplayıb uçurumun o tayına – Ağbənizin yanına tullana bilmədi.
   Aylar keçsə də heç nə dəyişmirdi.Dostlar bir-biri üçün çox darıxırdı.Qaraxal çox düşünür,dostuna qovuşmağın yolun axtarırdı.
  Gecə idi.Qaraxal o qədər ağlamışdı ki,nə zaman yuxuladığını bilmədi.Qaraxalın yuxusuna atların qoruyucu mələyi Qanadlı at girdi.
   Qanadlı at Qaraxala dedi: Nə zamandır ki,sənin pərişan halını görürəm və bunun nədən olduğunu da bilirəm.
   Qaraxal:Onda mənə kömək et,çox çarəsizəm.
   Qanadlı at:Hər şey sənin öz əlindədir.
   Qaraxal:Axı necə?
   Qanadlı at:Sən bütün iradəni,gücünü toplayıb uçurumun o biri tayına keçməlisən.
  Qaraxal dedi: Mən çox çalışdım amma,bacarmadım. Axı,uçurum çox böyük,həm də çox dərindi.
Qanadlı at dedi:Sənə sədaqətin,sevgin kömək olacaq.
 Qanadlı at bir anın içində yoxa çıxdı.Qaraxal yuxudan ayılıb gördü ki,artıq səhər açılıb.
Ağbəniz uçurumun o tayından Qaraxala boylanırdı.O da dostu üçün çox darıxırdı.Sel kimi göz yaşı axıdırdı.Qaraxal dostunun bu halına dözə bilməyib,bütün gücünü topladı.O artıq qorxmurdu.Uçurumu keçməyə hazır idi.Düşünürdü ki,uçuruma düşüb,ölmək həsrət çəkməkdən daha yaxşıdır.
   Qaraxal gözlərini yumdu,arxa  ayaqlarını bir-birinə sürtüb kişnədi,cəsarətini toplayıb uçurumun o tayına tullandı. Qorxusundan gözlərini açmağı unutmuşdu. Ağbəniz sevincindən o tərəf bu tərəfə qaçıb qəhqəhə ilə gülürdü.Ağbənizin gülüş səsini eşidən Qaraxal gözlərini açdı.Gözlərinə inanmadı.Bu böyüklükdə uçurumun o tayından bu tayına keçə bilmişdi.
 Sevinən dostlar yenə də köhnə vaxtlardakı kimi çəmənlikdə oynamağa başladılar.
Qanadlı at ağ buludların arasından onlara baxıb gülümsəyirdi.Torağaylar yenə də oxumağa başlamışdı.
  Bu nağılı oxumuram ki,mışıl-mışıl yatasan oxuyuram ki,fikirləşib ağıllı yol tapasan.

Комментариев нет:

Отправить комментарий