23.06.2011

Nə olursan ol, bəxtin olsun…


Elşən İmaməliyev    eimamaliyev@yahoo.com
Söhbətimə başıma gəlmiş bir əhvalatla başlamaq istəyirəm. Günlərin bir günü, Azərbaycanın Cənub mirvarisi Lənkəranın  “CTV” televiziya kanalında çalışan, ilk dəfə bu kanalda idman verilişlərinin layihələrini hazırlayıb xalqa təqdim edən, amma sonra bu layihələr  xalq tərəfindən həddən artıq sevilsə də,  bizə çatan müəmmalı məlumatlara əsasən işdən azad olunmuş, bütün Lənkəran idmansevərlərinin sevimlisi,  məhşur tele-aparıcı Rüfət Nadirlinin “Final” verlişinə qonaq qismində dəvət olunmuşdum. Sevindirici hal idi ki, verilişə “Xəzər Lənkaran” FK baş sponsorluq edirdi.
Verilişə bir çox futbol mütəxəsisləri dəvət olunmuşdu və əsas mövzu dünya çempionatı idi. Diqqətimi o mütəxəsislərdən birinin işlətdiyi ifadə cəlb elədi və o ifadəni olduğu kimi təqdim edirəm:  “Dahi futbolist Banişevskinin bir sözü var idi ki, nə olursan ol, ancaq gərək bəxtin olsun!”. Bu məhəllə-ara sözünü  stat kimi Banişevskinin ayağına yazılması ilə mən də razı deyiləm amma gəlin razılaşaq ki, bu sözdə az da olsa həqiqət var. Insanda bəxt yaxşı şey olduğu kimi komandanın da bəxtinin  olması əsas amillərdəndir. Bu bəxt amili bir çox məsələlərdə olduğu kimi gərək puşk məsələsində də komandaya kömək olsun. Məsələn, Çempionlar Liqası və Avroliqa oyunlarında  son illərin ən bəxtsiz komandası kimi “Xəzər Lənkəran”ı göstərmək lazımdır. UEFA kubokunun 2005- ci il yarışlarında Moldovanın “Nistru” komandasına məğlub olan “gəmiçilərin” bəxtinə  2007-ci il Cempionlar Liqasında  Xorva­tiya­nın “Dinamo Zaqreb” komandası düşmüşdü. 2008 ci ildə, UEFA kobuku yarışlarında isə yenə də Xəzər Lənkəranın bəxti gətirmədi və Polşanın “Lex Poznan” komandası ilə qarşılaşmalı oldu. Başa düşürəm ki, Avro-kuboklarda zəif komanda olmur. Amma, atalar yaxşı deyib, “hər qazanın öz qapağı var”. “Xəzər Lənkəran”ın püşk atmada bəxtinin yalnız ötən mövsüm gətirdiyini demək olar. Yenə rəqib Moldova komandası idi. Amma bu dəfəki, rəqib  “Nistru”dan çox zəif “Olimpiya Zimbru” oldu. Amma komandanın daxilində baş verən xoşagəlməz vəziyyət uğur qazanılmasına ciddi mane oldu.  İndi isə rəqib kimi bütün futbolsevərlərə məlum olan  “Makkabi” gəlir. Gəlir özüdə nə gəlir! İsrail futbolunun flaqmanı olan bu klubun Avropanın bir çox nəhənglərinə necə divan tutduğunun şahidi olmuşuq.   Düşünürəm ki, “Makkabi Haifa” bu il Azərbaycana gələcək ən güclü klubdur. “Nefçi” klubunun bəxtinə düşmüş “Dinamo Zaqreb” də zəif rəqib sayılmır. Xorvatiya çempionatında “Dinamo” ilə ikinci yeri tutan “Hajduk”  arasında 17 xal fərqi olmasına baxmayaraq “Dinamo” 2007-ci ilin “Dinamo”sundan çox geri qalır.  Amma yenə də “Dinamo”nun ölüsü də “Dinamo”dur. Təkcə “Azal” və “Qarabağ” klubları  bəxtdən şikayətlənə bilməz. “Azal”ın bəxtinə düşmüş “Minsk” klubu 2006-cı ildə yaranmışdır və heç normal infrostruktura da malik deyil. Demək olar ki, “Azal” və “Minsk” bir çox cəhətlərdən bir-birinə bab olan komandalardır. O ki qaldı “Qarabağın” rəqibinə düşünmürəm ki, cəmi iki min nəfərlik stadiona sahib olan komanda bizim Avropa nəhənginə qalib gələ bilsin. Deməli, ən ağır rəqib yenə “Xəzər Lənkəran”ın püşkünə düşmüşdür.  Necə deyərlər: “Başın sağ olsun… “Xəzər”!”

Комментариев нет:

Отправить комментарий