13.06.2011

Natella Osmanlı: “Mən son pionerlərdən biriyəm” - MÜSAHIBƏ


“Natiq Rəsulzadə Azərbaycan ədəbiyyatının klassikidir”

Milli Kitab Mükafatının onluğuna düşmüş yazıçılarla müsahibələrimiz davam edir.

Bu dəfəki müsahibəmiz gənc rusdilli yazıçı Natella Osmanlıdır.


- Builki əsərlər barədə nə deyə bilərsiniz? Ümumiyyətlə onluğa düşən əsərlərin hansını oxumuşsunuz? 

- Keçən ildəki kimi, bu ilin onluğunda da çox güclü əsərlər təqdim olunub. Müəlliflərdən heç birinə seçimim baxımından üstünlük vermək istəməzdim. Zənnimcə, bütün müəlliflər qələbəyə layiqdirlər.

- Hansı əsərin onluğa düşməsini və yaxud da qalib olmasını ədalətsiz hesab edərdiniz? 

- Söhbəti hara gətirdiyinizi anlamıram. Mükafatın alınmasına təqdim edilmiş bütün əsərləri oxumamışam, lakin təkrar edirəm, bu ilin onluğunda çox layiqli əsərlər təqdim olunub.

- Müsabiqənin obyektivliyinə inanırsınızmı? 

- Əlbəttə.

- Rus dilində yazmaq MKM formatına uyğundurmu? 

- Artıq dəfələrlər söyləmişdim ki, Azərbaycanda hazırda rus dilində ədəbiyyatın mövcud olmasını, böyük sayda oxuyucular üçün əsərlərin məhz rusça oxumağın rahat olduğunu bir problemə çevirmək lazım deyil. SSRİ-nin dağılmasından heç də çox vaxt keçməyib, biz son pionerlərik. Hazırda isə müstəqil Azərbaycanda doğulmuş və böyümüş, dünyagörüşü bizimkindən bəzən fərqlənən digər nəsil yetişir. Amma bu bizim nəslimizi rədd etmək üçün əsas vermir. Ətrafımızda rus dilində əsərlərini yazan kifayət qədər istedadlı azərbaycanlı yazıçılar vardır – Samit Əliyev, İsmayil İmanov, İsmayil Səfərli, Rəna Yüzbaşı, Elçin Səfərli. Sadaladığımlardan son ikisi ölkəmizi Rusiyada böyük müvəffəqiyyətlə təmsil edirlər. Bu gün də Rusiya Federasiyası ilə əlaqələrimiz çox sıxdır. Əlbəttə, Azərbaycan dili dövlət dilidir, lakin rus dili regionumuzda beynəlxalq ünsiyyət dilidir, mənə isə beynəlxalq ədəbiyyat forumları və müsabiqərlərində ölkəmizi təmsil etmək şərəfi bir neçə dəfə nəsib olub. Odur ki, əsərlərimi rus dilində yazmağımı rusdilli ədəbiyyat seqmentində, daha dəqiq desəm, bütöv MDB məkanında bir ünsiyyət vasitəsi kimi baxmağınızı tövsiyyə edirəm.

- MKM-dən nə gözləyirsiniz və özünüzü neçənci yerdə görürsünüz? 

- Bilmirəm, amma səmimi desəm, əlbəttə, birinci yer məni şad edərdi.

- Rus dilində yazmaq Azərbaycan ədəbiyyatına xidmət edirmi? Əgər siz azərbaycanlı olaraq Əfqanıstandan rus dilində roman yazsanız, bu hansı milli ədəbiyyata xidmət edəcək? 

- Güman edirəm ki, rus dili baxımından Azərbaycanla Əfqanistanı müqayisə etmək bir qədər düzgün deyil. Çünki Azərbaycan üçün bu, SSRİ-nin tərkibində olmasının uzunmüddətli bir tarixi, Rusiya ilə dostluq münasibətləri, rus dilində çatdırılmış, dünya səviyyəsindən tanınmış klassiklər cərgəsi deməkdir. Hesab edək ki, mən onların təməl qoyduqları ənənələrin bir davamçısıyam. Lakin ən yaxın gələcəkdə əsərlərim Azərbaycan dilinə tərcümə edilələcəklər. Çünki yaradıcılığım Azərbaycanda tam şəkildə təqdim olunmalıdır.

- Səfər Alışarlı müsahibəsində deyib ki, rusdillilər etnik azlıqdır. Bu fikrə münasibətiniz necədir? 

- Məndə belə bir hissiyyat yaranır ki, bütün suallarınız məhz rus dili məsələsinə aiddir. Artıq bu mövzuya dair fikirlərimi səsləndirdim.

- Bəziləri deyir ki, MKM-də rusdillilər üçün ayrıca müsabiqə elan edilsin. Siz nə düşünürsünüz, olarmı? 

- Bu sözləri şərhsiz qoymaq istərdim.

- Mətbuatda yazılır ki, Paşa Qəlbinurla Natiq Rəsulzadə özlərini münsiflərə tapşırtdırıblar. Bu barədə eşidibsinizmi? Ümumiyyətlə, bu məsələyə də münasibətinizi öyrənmək maraqlı olardı... 

- Bilirsiniz, qiybət söhbətlərindən uzağam. Yazıçılar haqqında rəyimi onların əsərləri əsasında formalaşdırıram. Natiq Rəsulzadə Azərbaycan ədəbiyyatının klassikidir, onun yaradıcılığı haqqında mən yalnız dərin hörmətlə və feyziyyab hissi ilə fikirlərimi ifadə edə bilərəm.

- Əsəriniz onluqda olan başqa əsərlərdən nə ilə fərqlənir? 

- O, müəyyən dərəcədə bir açıqlamadır, hansısa bir vəziyyətin, halın, hadisənin həm müsbət, həm də mənfi ola bildiyini göstərməyə bir cəhddir. “Mən zibiləm” adlanmasına baxmayaraq, mən qəsdən əsərin baş personajına heç bir dəqiq, müəyyənləşdirilmiş qiymət vermirəm. Yəni onu zibil kimi qəbul etmək və ya qəbul etməmək də olar. Zənnimcə, burada əsas fərqi məhz oxuyucunun müəllifin fikrindən özünü sərbəst, azad hiss etmək imkanı təşkil edir.

Vüqar QURDQANLI       Foto: Ruslan NƏBİYEV                    kulis.az

Комментариев нет:

Отправить комментарий