02.06.2011

Nehrəmdəki aksiyanın təşkilatçısı deportasiya olunub


Mayın 31-də Babək rayonunun Nehrəm kəndinin 150-yə yaxın sakini kəndin mərkəzinə toplaşaraq etiraz aksiyası keçirib. Kəndilər sosial problemlərin həll olunmasını, məmur özbaşınalığının dayandırılmasını tələb edib. 
Nehrəmliləri narazı salan başqa bir məsələ isə yerli hakimiyyətin sovet maşınlarını, kənd təsərufatı texnikasını onların əlindən almasıdır. Kəndin ən ciddi problemlərindən biri də işsizlikdir. Mağazalar, çayxanalar yığışdırıldıqdan sonra vəziyyət daha da qəlizləşib. 
Kənd sakinlərinin daha bir problemi su ilə bağlıdır. Hazırda əkin-biçin mövsümü başlasa da Nehrəm sakinləri torpaqlarını suvarmaq üçün su tapa bilmirlər. Çünki əkin sahələrinə gələn su kanalı kiminsə tapşırığı ilə fəaliyyətini dayandırılıb. 

Mənbə əlavə edib ki, təxminən bir həftə əvvəl kənddə əməliyyat aparılıb, qaz sayğacına baxan məmurların özləri 70 ailənin sayğacının möhürünü qıraraq onlara “cərimə” yazıblar. 
Bütün bunlar Nehrəm sakinlərinin etiraz aksiyalarına başlamağa vadar edib. 

Nehrəmin problemlərini rəsmi qurumların qarşısında qaldırmaq məqsədilə 10 nəfərdən ibarət Təşkilat Komitəsi qurulub. Ancaq aksiyadan əvvəl dövlət məmurları kəndin ayrı-ayrı məhəllələrini gəzərək insanlara təzyiq ediblər, onların aksiyaya qoşulmaması üçün vədlər veriblər. Aksiyanın təşkilatçısı zənn edilən Rzaqulu Həsənovu isə həbs edərək Babək Polis İdarəsinə aparıblar. Dünən Nehrəm kəndində xəbər yayılıb ki, polis Rzaqulu Həsənovu İrana deportasiya edib. Ona xəbərdarlıq edilib ki, qayıdacağı halda onu həbs edəcəklər. 
Aksiyadan sonra Təşkilat Komitəsinin 10 üzvündən dördünü polisə dəvət ediblər, onlar sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Mənbə deyib ki, onlar tələblərində israr edib problemlərinin həll edilməsinə çalışacaqlar: “Bizim ayrı bir iddiamız yoxdur. Problemlərin həllini, məmurların insanlarla normal davranmalarını, evlərə soxulmamalarını, əkin üçün suyun verilməsini və insanların işlə təmin edilməsini tələb edirik. Bu problemlər həll olunmayacağı təqdirdə Nehrəm kəndində etiraz aksiyaları davam edəcək”. 

Bizim Yol

Комментариев нет:

Отправить комментарий