09.06.2011

Nuranə Nur. Yeni Şeirlər


GÜNƏŞDƏN ÖNCƏ
Kiçik həyəcanlarla başlayır
bütün böyük eşqlər.
Ilk baxışın alovu yandırarkən qəlbini
Ovuclarına doldurub içdiyin su kimi
dadlıdır həyat.
Xəyalların boya-başa çatıb
Xatirələrə çevriləndə başlayır bütün acıların.
Hər nəfəsinin axırına gedib qayıtmaq
Uzaq bir səfərə çıxmaqdı onsuz.
Onunla keçirdiyin ömrü
Bütün tanıdığın həzzlərdən çələng düzəldib
Qoymaq istəyirsən başına tac əvəzi.
Bəzən üsyan etsən də yalqızlığına
Onu da sevirsən,
məhs o tərk etdi deyə,
ona aid olduğu üçün təkcə.
Hər səhər gözünü açanda yenə
Onu görəcəksən Günəşdən öncə.

ONSUZ DA
Gəl dəyişək savablarımızla günahlarımızı
Onsuz da,
Bir zamanlar yaşamışıq- deyə
həyata vurduğumuz damğalardan başqa
bir şey deyil onlar.
Seçə bilmədiyimiz adımız kimidir,
həyatımız da.

YAMAQ
Bir bağlı qapı arxasına söykənib,
Yamağı sökülmüş həyatıma
yeni yamaq vururam.
Tikişlərin gözəlliyinə-
yəni uydurduğum yalanların saflığına
ən çox özüm inanıram.
Mənə ümüd olanlar
hər gün ümüdlərinin yerini dəyişirlər
axşamdan-sabaha
sabahdan-axşama.
Öz eyibinə kor olan hamı kimi
baxıram mən də olanlara.
Dualarıma güvənib,
Günahlarıma sığınıram.
Xəyallarım bir-birinə dost,
Düşüncələrim düşmən olub,
savaşmaqdan yorulmayan.
Bütün bağlı qapılardan keçə bilən
bir zaman var hərəkəti duyulmayan.
Özüylə çox şey daşıyır ,
Kim bilir nələr çəkir,
necə yaşıyır?
Bəlkə ölüm də özünə ölüm istəyir o an.
Bağlı qapı arxasına söykənib
yamağı sökülmüş həyatıma
yeni yamaq vururam.
Yaşamadığım hisslərim bağışlasın məni.
ƏLİMİ TUTDUĞUN GÜNDƏN…
Əlimi tutdugun gunden tez-tez yıxılıram
Kipriklərimlə gülürəm həyata.
Daha baharı gözləmirəm əvvəlki kimi,
Bütün mövsümlərdə yaşamağı bacarıram.
Yaxınlaşmaq ən uzaq yolların sonudu bəzən.
Indi seni sevmək-
Öz kölgəsini tutmağa çalışan körpələr kimi
gerçək bildiyim şeylərə toxuna bilməmək…
qəlbin atəşində  pesmanlıqlar bişirmək…
“Gedirəm,
Bu dəfə səni özümlə götürməyəcəm-
Yanına qayıdım deyə  deyə “ düşünmək…

Комментариев нет:

Отправить комментарий