22.06.2011

Ömür sürəti. Şeir-esse


Əli  Şirin  Şükürlü                                     ali_shirin@mail.ru

həyat – surətçıxaran aparat sanki, qapağı altında tale yazısı,
bir parça ağ kağız tək udar adamı,
udar – çevirər, köçürər o biri üzünə son nöqtəsinədək
qapağı altındakı tale yazısın,   
sonra ötürər sonsuzluğa, ötürər asta-asta
bir üzü ağ, bir üzü qara.
hara, nəyə baxsan bir həyat macərası, yəni bir həyat modeli.

deyirəm
kaş imkanın olaydı, oğul,
ağ mərmərdən baş daşı qoyaydın məzarım üstə və
qara hərflərlə yazılaydı sadəcə adım, bir də doğum tarixi.
yalnız doğum tarixi. çünki, axı mən ölənlərdən deyiləm, oğul.
vallah, ölənlərdən deyiləm, dostlar.
ax, zalım dostlar, zalım dostlar!
demədiniz, demədim – deyilməyən sözlər qaldı
ömür əhvalatından sonra, nakam sözlər.
 
keçdiyin yolları(s) yaşadığın zamana(t) bölsən
ömür sürətini(v) tapa bilərsən:
v=s/t – bir adı “ömür yorğunluğu”.
gedib, gedib, yorulub qayıtdığın yollar var ha
üst-üstə gəl onları da
artar ömür sürəti, lap uçuşa bənzər.

bir çiçək qopub düşdü otağımdakı gül kolundan.
yoruldu deyəsən, yoruldu – dəqiq. asta-asta enirdi yorğun.
yox, uçurdu. uçurdu asta-asta yıxıldı döşəməyə, artıq ömür sürəti – sıfır.
tarazlıq halında – budağın, kolun üstündə yaşayar çiçəklər,
yaşayar güllər. yerindən qopdusa, elə hərəkətdə ölər, ömrü tükənər
ətrini, gözəlliyini itirməsə də.    
gördünüz; hərəkətdə ölüm,
ölümdə gözəllik - bu da bir həyat macərası,
yəni bir həyat modeli, dostlar.
ax, zalım dostlar, zalım dostlar,
demədiniz demədim də!

hara, nəyə baxsan bir həyat macərası.
hərəkətdə yaşayar
çiçəkdən, güldən fərqli– təsadüfi prosesdi insan.
bilməz onu nə gözləyər t(te) andan sonra, bilməz ki...
bilməz ki
başına nə gələcək bu zaman zəncirinin 
bir zaman kəsiyində.

biri hərəkətdə yaşayar, o biri sükunətdə.
biri sükunətdə ölər, o biri hərəkətdə.
çiçəyin qırılıb keçdiyi yoldu – çiçəyin öldüyü yerdi
insan həyatı. bu da bir həyat macərası, həyat modeli.

hara baxsan, nəyə baxsan cürbəcür həyat macərası,
amma eyni həyat modeli, dostlar, - düzdür?
ax, zalım dostlar, zalım dostlar,
demədiniz demədim a!

... – 13.06.2011 

Комментариев нет:

Отправить комментарий