09.06.2011

Ramiz Mehdiyevi Müqəddəs Şəhidlərin ruhu bağışlamayacaq!..


Bu il şölən keçirilməyəcək!
«Xural» qəzetinin təşəbbüsü ilə artıq 8 ildir ki, «30 İyun- Sevgililər Günü» kimi qeyd olunur. Bu münasibətlə ötən illər ərzində qəzet bir sıra tədbirlər planı həyata keçirirdi. «Xural» qəzeti Oxucularına məlum olan dar imkanları çərçivəsində üzərində «30 İyun – Sevgililər Günü»nün qəhrəmanları İlham və Fərizənin toy şəkilləri və digər sevgi timsalı olan müxtəlif təqvimlər, qələmlər, təbliğat videoçarxları, «Sevgi Günü» kitabı, «Sevgi ölmür» bəstəkar mahnısı geniş ictimai kütlənin ixtiyarına verilib. Bununla yanaşı, hər il telekanallar vasitəsilə yayımlanan «Sevgililər Şöləni» tədbirini həyata keçirir, Şəhidlər Xiyabanından başlayaraq, şəhərimizin gözəl istirahət güşələrinə qədər davam edən «Sevgililər Gəzintisi»ni təşkl edirdi. Bütün bu tədbirləri həyata keçirməklə «Xural» qəzeti imkanları daxilində gənclərimizdə mili-mənəvi dəyərlərin təbliğində əhəmiyyətli rol oynayacaq işlər görməyə çalışırdı. Bu siyasət bu gün də «Xural» qəzeti tərəfindən aparılır və bu gün də mili-mənəvi dəyərlərimiz bütün maraqların üstündə tutulur.
Lakin son aylar Ramiz Mehdiyevin «Xural» qəzetinə iddia qaldırması və onun iddiasının ədalətsiz məhkəmələr tərəfindən sorğu-sualsız təmin edilməsi, nəticədə «Xural» qəzetinin üzərinə küllü miqdarda cərimə qoyulması bu il «30 İyun Sevgililər Günü» tədbirlərini geniş şəkildə həyata keçirməyə imkan vermədi. Cəmi 10 dəqiqə müddətində məhkəmələrin Ramiz Mehdiyevin xeyrinə çıxardığı qərarlar tək «Xural» qəzetinə deyil, həm də bir millətin milli dəyərlərinə vurulan zərbə oldu. Bu gün bayrama hazırlaşmaq, ötən illərdəki kimi dəvətnamələr paylamaq əvəzinə, «Xural» qəzeti Ədliyyə Nazirliyinin məhkəmə icraçılarının tələbi ilə Ağabəy Əsgərovun, Nüşabə Ələsgərlinin, Ramiz Mehdiyevin heç bir haqqı çatmadıqları cərimələrini ödəyir. Bu insanlar kimliyindən asılı olmayaraq bu gün də maddi maraqlarının mili dəyərlərimizdən nə qədər yuxarı durduğunu bu addımları ilə çox aşkar nümayiş etdirdilər.
Biz Oxucularımıza, dəyərlərimizə hər zaman hörmətlə yanaşan bütün Azərbaycan xalqına, o cümlədən «Xural» qəzeti olaraq özümüzə səbir diləyirik. Biz inanırıq, inanırıq ki, bir gün gələcək ki, Azərbaycan bu cür haqsızlıqlardan, milli sıxışdırmalardan canını qurtaracaq. Milli dəyərlərimizə əl uzadan hər kəs isə tutduğu mövqedən asılı olmayaraq cəzalandırılacaq. «30 İyun – Sevgililər Günü» Azərbaycanın rəsmi bayramlarından birinə çevriləcək və Azərbaycan gənci bütün varlığı ilə bu müqəddəs günün verdiyi milli əxlaq, milli tərbiyə, milli dəyər, milli əqidə, mili ideologiya, milli təəssübkeşlik ruhunda yaşayacaq. O vaxt «Xural» qəzeti də «30 İyun – Sevgililər Günü» şölənini bərpa edərək bütün xalqın iştirak edə biləcəyi möhtəşəm bayram tədbirlərini həyata keçirməkdə davam edəcək. Bu gün isə canını Vətən və sevgi yolunda fəda etmiş, Azərbaycanın dəyərli övladları İlham və Fərizənin ruhunu özündə daşıyan «30 İyun – Sevgililər Günü» hər birimizin ürəyində, evində, ailəsində, sevdiklərinin əhatəsində qeyd olunacaq.
Biz iyunun 30-da yenə gəzintimizi edəcəyik. Yenə əlimizdən gələn nə varsa, əziz Şəhidlərimiz və Millətimiz yolunda ortaya qoyacağıq. Amma hər il təkrarlanan ənənəvi böyük şölənimizi Ramiz Mehdiyevin təzyiqləri nəticəsində keçirə bilməyəcəyik. İnanırıq ki, Şəhidlər haqq-hesablarını özləri çəkəcəklər…
Yaşasın millətimiz!
Yaşasın mili dəyərlərimiz!
Yaşasın «30 iyun – Sevgililər Günü»müz!
                                                                                                       XuralTAC

Комментариев нет:

Отправить комментарий