18.06.2011

TAZIYA TUT DEYİR, DOVŞANA QAÇ

Zaur Bayramlı                                "Millətim" qəzeti

Bu Bəşər övladı Əsəddan baş açmaq olmur ki, olmur.  Bir-iki ay öncə Suriyada xalq ayağa qalxıb, təbii haqları olan, amma ata- bala Əsədlar tərəfindən qəsb edilmiş demokratik haqlarını, hüquqlarını geri istədikləri vaxt sənəd üzərində bu ölkənin prezidenti, amma əslində Suriya mülkünün hakimi - mütləq sahibi, hörmətli Bəşər müəllim bəzi güzəştlərə gedəcəyi barədə söz vermişdi.
 Nazirlər kabinetindən bir sıra əzazil məmurları istefaya göndərdi.  Xalqın tələbi qarşısında duruş gətirə bilməyib, 1963-cü ildən bəri qırx səkkiz ildir ki, davam edən fövqaladə vəziyyət rejimini ləğv etdi. Düzdür, o bunların heç birini könüllü olaraq etmədi. Əgər bu qədər insaflı və vicdan sahibi olsaydı, fövqaladə vəziyyət rejmini ləğv etmək üçün bu qədər gözləməyə ehtiyyac qalmazdı. Onda nümayişlərdə, mitinqlərdə yüzlərlə günahsız, sadəcə özlərinin hüquqlarını, övladlarının məsud gələcəyi üçün meydanlara toplaşmış insanlar üzərlərinə atəş açan polislər tərəfindən öldürülməzdi. Böyük şəhərlərdə  artıq minə yaxın insan  hökumət qüvvələri tərəfindən öldürülüb.  Liviyadan sonra Suriyada da insan haqları sonunda Qərbin yadına düşdü.  Amma heyf ki, onların neftinin nisbətən az olmasındandır, ya nədəndir bilmirəm, beynəlxalq ictimaiyyət Suriya məsələsində çox gec hərəkət edir.
Liviyayla bağlı qətnamənin mürəkkəbi qurumamışdan əməli işə keçərək hərbi müdaxiləyə başlayan Avropa dövlətləri Suriyayla bağlı nədənsə tələsmirlər.  Görünür, onlar hələ bu ölkədə yetəri qədər müsəlmanın ölmədiyi qənaətindədirlər.  Əgər belə olmasaydı, onlar sadəcə Bəşər Əsədin xarici banklardakı vəsaitlərini dondurmaqla qalmazdılar.
Bir neçə gün öncə  sevgili Bəşər Əsəd bəyan etmişdi ki, o artıq hökumət qüvvələrinə göstəriş verib ki,  dinc nümayişçilərin üzərinə atəş açmasınlar.  Nə təsadüfdür ki, onun bu bəyanıtının üzərindən bir gün belə keçməmiş, mitinq iştirakçılarının üzərinə polis qüvvələri atəş açdı. Və nəticədə yenə bir neçə Suriyalı azadlıq üçün can verdi. Təəssüflər olsun ki, bu hadisənin təkrarlanaraq davam etməsi, daha çox insan itkisinə səbəb oldu. Təkrarlanaraq artan və ölkənin Şam,  Dəməşq, Hələb, Herat kimi iri şəhərlərini bürüyən mitinqlər dalğasından hər gün yeni qarşıdurma, yeni polis zorakılığı, yeni ölüm xəbərləri gəlməkdədir.  Hətda polisin azğınlığı o yerə çatıb ki, şəhərlərin birində nümayişlərdə həlak olmuş insanları dəfn etmək üçün toplaşanlanların üzərinə atəş açıblar və nəticədə daha altı nəfər insan həlak olub. Hara gedir bu qırğının sonu? Daha nə qədər insan ölməlidir ki, biriləri insan həyatının hər cür dünyəvi şöhrətdən, vəzifədən, maddiyatdan üstün olduğunu anlasınlar.
Təəsüf ki, ölkələrin ən yüksək kreslolarında oturanlar bunu çox gec başa düşürlər.  Başa düşdüklərində isə hər şey artıq gec olur. Hüsnü Mübarək kimi, Qəddafi kimi sadəcə özlərini deyil, bütün nəsil-köklərini təhlükəyə atırlar. Nə uğruna?.  Əslində bir heç uğruna halbuki, yığdıqları sərvətləri gedib dünyanın hansısa bir ölkəsində adam kimi xərcləyə, yeddi arxa dönənlərinə belə yetəcək qədər miras qoya bilərlər. Amma, vəzifəyə böyük sevgi hissi onların gözünü elə bürüyüb ki, bəlkə heç nə vaxtsa öləcəklərinə belə inanmırlar. Yoxsa kəfənin cibinin olmadığını bilə-bilə, axirət günü hər kəsin mütləq sorğu-suala çəkiləcəyini bildikləri halda, bu qədər günaha batmazdılar.  Nümayişə çıxıblar deyə, azadlıq və demokratiya istəyirlər deyə, insanları öldürmək hansı haqqa,ədalətə sığar?
Sadəcə Bəşər Əsəd belə deyildir. Bu bütün tiranların, diktatorlaların ortaq xüsusiyyətidir. Onlar vəzifələrini itirincə  sanki “sudan çıxmış balığa” dönürlər. Vəzifələrini itirməmək üçün süni müxalifət yaradırlar. Lazım gələndə iqtidaryönlü adamları küçələrə çıxarıb, gerçək müxalifətin üstünə salmaqdan belə çəkinmirlər. Sonra da utanmadan öz tərəfdarlarını televizorlarda iri planda göstərib, baxın xalq bizi sevir deyirlər.
 Xalqın gözü tərəzidir axı.  Birdə hər halda bu şəxslərin də az-çox tarixdən xəbərləri var. Necə olsa Lenin , Stalin, Səddam Hüseyn kimi ən yaxın keçmişimizin diktatorlarının nəyinki öz taleləri hətda heykəllərinin taleləri belə göz qabağındadır. Bu nə vəzifə sevgisidir ki, bütün bunları bilə-bilə yenə də bildiklərini eyləyirlər.  İndi də sevgili Bəşər müəllim tiranların xroniki xəstəliyinə tutulub. Ölərəm, amma vəzifədən getmərəm deyir. Bunu gələcək göstərər.  O, vəzifədə qalacaq ya yox, amma hər halda göndərilsə artıq birbaşa dustaqxanaya gedəcək. Çünki, o artıq istədiyi kimi vəzifədən getmə və prezidentlik səlahiyyətini başa vurduqdan sonra normal vətəndaş kimi yaşamaq şansını itirib. Çünki, artıq onun əli ən az min nəfər Suriyalı dinc vətəndaşın qanına batıb.  O hələ buna görə də məhkəmənin qarşısında cavab verəcəyini bilir. Və bu elə mütləq də belə olmalıdır. Bəlkə, digər tiranlar baxıb dərs götürsün.

1 комментарий:

  1. Yazının ruhu təmizdir, safdır! Amma məncə bir neçə elementar səhvlərə yol verilib. Məsələn, Şam şəhəri elə indiki Dəməşq şəhəridir, bunlar ayrıca iki şəhər deyil. Herat da mən biləni Suriyanın yox, Əfqanıstanın şəhəridir.Belə şeylərə diqqət verməyə dəyər.Hörmətlə: Hafiz Mirzə.

    ОтветитьУдалить