10.06.2011

YİVLİ HEYKƏL BAŞI


Samir Sarı 

İllər öncə müdrik arkadaşlardan biri təklif edəndə ki, müasir heykəllərin baş hissəsi “rezbavoy” (o, belə ifadə etmişdi), yəni yivli olmalıdır, biz onun təklifinə gülmüşdük. Sanmışdıq ki, dostumuz zarafat eləyir. Axı o, bakılı oğlanlardan olmasa da, şən və zarafatcıl idi.
Təcrübə göstərdi ki, həmin təklifin hər nə qədər zarafat tərkibi olsa da, əslində ciddiyə alınmalı təklif imiş.
Bu günlərdə Misirin müasir fironunun - hüsnü-camalı mübarək olmamış Hüsnü Mübarəkin heykəli nə zülm-zillətlə, texniki vasitələrlə yerindən götürüləndə məlum oldu ki, bütün bu izafi məsrəflərdən, əziyyətdən “rezbavoy heykəl başı” ilə qurtulmaq mümkün imiş.
Təsəvvür edin, “müqəddəs yer boş qalmaz” deyən ataların hikmətli kəlamına uyğun olaraq hökumət qərara gəlib ki, devrilmiş Mübarəkin postamentini boş qoymasın, ora Misirlə bağlı nəsə başqa bir abidə qoysun. Çox düşünüb-daşındıqdan sonra Misirin qədim fironlarına oxşayan bir heykəl tapıblar (yaxud da tez-tələsik loqonda ilə yonub düzəldiblər) və sübh tezdən gətirib srağagün axşam boşalmış postamentə qondarıblar.
Hələ bunu qoyaq, ona keçək ki, bütün bu işlər günün işıqlı saatlarında postamentin boş qalmaması üçün çox sürətlə həyata keçirilib. Gerçəkdən də Mübarək heykəlindən sonra postament boş qalsaydı, jurnalistlər şəkil-filan çəkərdilər və elə çıxardı ki, Azərbaycan-Misir dostluğunda boşluq əmələ gəlib. Bu isə yaxşı çıxmazdı. Çünki Azərbaycan və Misir xalqlarının dostluğu əbədidir, sarsılmazdır. Heykəllər gəldi-gedərdir, dostluq isə daimidir.
Qayıdaq mətləbə. Hərgah Mübarəkin heykəlinin başı açılıb-bağlanan, yivli türdən olsaydı, onu nəinki bir gecədə, hətta gecə saat 3-də heç kəsin görmədiyi bir vaxtda açıb dəyişmək olardı. Camaat ayılıb görərdi ki, bay, heykəl yerindədir, sadəcə, daş adam Mübarəkə az oxşayır. Maraqlananlar yaxınlaşıb görərdilər ki, postamentdəki yazı dəyişib, indi orada “Misir prezidenti Hüsnü Mübarək” yox, “Misir Respublikasının ilk prezidenti Məhəmməd Nəcib”, yaxud da Misir Respiblikasının İİ prezidenti Camal Əbdül Nasir" yazılıb.
Bizim üçün nə fərqi var, əsas odur ki, heykəldən baxan adam misirli prezident olsun. Onsuz da nigeriyalılar, koreyalılar bir-birinə oxşadığı kimi, misirlilər də bir-birinə oxşayır. Yeri gəlsə, Mübarəkin heykəlinə bığ artırmaqla onu Camal Əbdül Nasirin yerinə itələmək olardı. Hamı elə bilərdi ki, heykəli gecəylə dəyişiblər.
Bu baxımdan “rezbavoy heykəl başı” daha etibarlıdır. Bu təkliflə çıxış edən ağıllı insan Leninin heykəllərinin ellikcə götürülməsi kampaniyası zamanı həmin fikrə gəlibmiş. O vaxt onun ağlına gəlib ki, Lenin erası bitibsə, demək, başqa bir era başlayıb və yeni eranın yeni heykəlləri olacaq. Demək, vəziyyətdən çıxmaq üçün heykəllərin başını dəyişmək kifayətdir.
Amma bu, əvvəlcədən nəzərə alınmalı idi. Sonradan heykələ yiv qoymaq çətindir.
Sovet hökumətinin vaxtında kəndimizdəki parkın ortasında Leninin skamyada oturduğu yerdə bir heykəli vardı. Əslində Stalinin vaxtında qoyulmuş həmin abidədə əvvəlcə Stalinin də heykəli olub. Heykəltəraş sənətkar bolşevik liderləri oturub dərdləşdikləri yerdə yonubmuş. Amma 1956-da Xruşşov Stalini “xalq düşməni” çıxardandan sonra rayondan gəlib Stalinin heykəlini Leninin yanından elə götürmüşdülər, heç yeri də bilinmirdi.
SSRİ-nin son ilində isə həmin heykəlin bir qıçı düşmüşdü. Rayondan gəlib sementlə, gipslə bərpa elədilər, amma 20 Yanvar faciəsindən sonraydı deyə “bağ uşaqları” gecə Leninin bərpa olunmuş qıçını yenidən qopartdılar. Buna görə kənddə bir az qanqaraçılıq oldu, partokratlar elə bilirdilər, bu cinayəti cəbhəçilər eləyib. Yaxşı ki, belə bir hadisə paytaxtda baş vermədi. Yoxsa “tayqıç Lenin”in şəklini çəkib yayardılar, Rusiya-Azərbaycan dostluğuna zərbə dəyərdi.
Gec deyil, indən belə heykəlləri yivli düzəltmək lazımdır. Əgər sabah Rumıniya ilə aramız dəysə, dahi rumın bəstəkarının heykəlini bütöv götürmərik, başını dəyişib macar yazıçısına heykəl düzəldərik. Bəlkə bu məsələnin Ramil Səfərovun işinə bir xeyri olacaq, kim bilir?

musavat.com

Комментариев нет:

Отправить комментарий