25.11.2011

CƏHƏNNƏMİ GÖRƏNLƏR

Böyükxan Bağırlı. Hekayə

Soyuq  mart küləyi dəli adamlar kimi yenə havalanmışdı. Bilmirəm beyninin qurdu tərpənmişdi nəydisə, hara gəldi özünü çırpır, qıyha çəkib damların üstündə at oynadır, əsib-coşur, bilmərrə səngiyib dincəlmirdi. Bizim təcili tibbi yardım xəstəxanasının pəncərələri, qapı-bacası bərk-bərk bağlansa da, küləyin törətdiyi həngamənin səs-sorağı soyuq palatamıza da gəlib çıxırdı. haradasa, küçə boyu qonşu binalarda qırılan pəncərə şüşələrinin qışqırtısı elə bil ki,  kimisə köməyə səsləyirdi.

Bayırdakı  soyuq-sazağı  büsbütün əzalarımda, vanımda-qanımda hiss eləyirdim. İllah ki, bu gün axşamüstü dünyasını dəyişmiş palata yoldaşım Müslüm qardaşın boş-çarpayısına və çarpayının baş tərəfinə qoyulmuş bir dəstə qərənfilə baxanda məni titrətmə tuturdu. O güllər tibb bacısı, bizim hamımızın qayğıkeş Reyhan xanım qoymuşdu ora. Bu gün səhər müslüm qardaş bax, o  çarpayının üstündə sakitcə  uzanmışdı. Hər dəfə palatanın qapısı açılanda dikəlib diqqətlə bayıra boylanır,  gözlərində ani olaraq ümüd qığılcımı  parlayırdı. Ona elə gəlirdi ki,  doğmalarından bu dəqiqə kimsə içəri girə bilər. Ancaq özü demişkən, doğmalarının, simsarlarının çoxusu  elə onun  gözü  qabağındaca o müdhiş fevral gecəsində tələf olmuşdu. Bəziləri də ermənilərin güllə yağışının altında salamat çıxa bilməmişdi...
Müslüm qardaşa məxsus əşyalar- qızıl zəncirli medalyon, elektrik üzqırxanı, pasport, qol saatı... yetim uşaqlar kimi  boyun-boyuna verib fağır-fağır mənə baxırdılar və elə bil ki, məndən nəsə kömək diləyirdilər. sanki bu cansız,  dilsiz-ağızsız əşyalar da yüz fayiz əmindilər ki, onların sahibləri bir daha bu soyuq palataya qayıtmayacaq. bir də tibb bacısı Reyhan  xanımın dəmlədiyi pürrəngi çaydan  içə-içə öz qəmli hekayətini danışmayacaq. Bu, həqiqətdir, acı rellıqdır. Bu həqiqəti dərk etdikcə, adamın ürəyi sıxılırdı.
Budur, qızıl zəncirli medalyondan gözlərimi yayındırmaq istəyirəm. Amma  bacarmıram. Medalyonun bir üzündə Müslüm qardaşın  (Allah ona rəhmət eləsin) həyat yoldaşı Firuzə xanımın (qar altında yatan bacı, yuxun şirin olsun...) qız vaxtının şəkli, o biri üzündə isə Müslüm qardaşın Şuşa zərgərinə yazdırdığı «Sən mənim həyatımsan» Sözləri. Nə acı bir hekayət...
Bir həftə bundan əvvəl Müslüm qardaş balaca əsgər  «Atilla»ilə (bu yaz yeddi yaşı tamam olmuş bu qırğıgöz, əsgər paltarlı uşağın adı ədullaydı. Ancaq xəstəxananın həkimləri, elə xəstələr də onu  «Atilla» deyə çağırırdılar) Ağdam  qospitalından buraya- musa Nağıyev adında bakı Şəhər  təcili tibbi yardım xəstəxanasına gətirilən günün səhəri həmin o mizin üstündəki qızıl zəncirli medalyonu mənə göstərəndə, ondan soruşdum:
-Yəqin ki, bu qız ( medalyonnan və Müslüm qardaşın «Sən mənim həyatımsan»  adlandırdığı bu qızın şəklinə işarə eləyirəm)  bu uşağın, ədullanın anasıdı, hə?
-Yox , heylə deyil,- Müslüm qardaş ilk dəfə görürmüş kimi medalyona maraqla nəzər  yetirdi.-Bu uşaq- Ədullanı göstərdi- mənim nəvəm yerindədi. Ağdam xəstəsanasının baş həkimi Qurban doxdur da elə bilirdi ki, bu uşaq mənim oğlumdu.
-Bə sizdərdən dögü bu uşaq?
Müslüm qardaş ağır tərpəndi, üzünü kənara çevirib:
-Bu ayrı söhbətdi,- dedi,-yaramı təzələmə.- Sonra balaca  «əsgər» Ədullaya işarə elədi ki, gedib bayırda oynasın. Oğlan çarpayının altından taxda afomatını götürüb gedəndən sonra  Müslüm qardaş üzünü mənə tərəf tutub:
-bu şoğərib imkan vrsə,- dedi və əlini avtomat gülləsiylə yaralanmış sol böyrəyinə tərəf atdı,- qardaşım, hamısını sənə danışacam. kələyimi kəsib, gör bir tərpənə bilirəm? Hə, canım sənə desin, mən  Xocalıda bekara adam deyildim ey xanimanım vardı orda, inşaatçıydım. Day bizim bəzi Qarabağlı  nanaylar kimi kükümü bekara yerə günə yandırmamışdım. Oxartana dövlət yığmışdım, day nə deyim sənə.Yekə ey, beləjənə mal-mülk sahibiydim. Bir gecənin içində  dönərgəmiz döndü . hamısı çıxdı əlimizdən. Ermənilər tarmar elədi yurdumuzu,- qaldıq lələdağ. Kömək istədik, dedik, amanın günüdü, haraya gəlin, Xojalı əldən gedir. ölkənin maymaq Rəhbərliyi başımızın altına yastıq qoydu. dedilər ki, bir az dözün, kömək gələjək. Yalan deyirdilər, qardaş, heç bir kömək olmadı. Cəhənnəmi gözümüzlə gördük. Fevralın iyirmi altısı Xojalıda ərəsətdi. Ermənilər rusdarın Xankəndindəki 366-cı motoatıcı polkunun köməyliyi ilə Xojalını xarabazara çevirdilər...Nə deyim, o qədərkin  «Qrad», «Alazan» tökdülər üstümüzə, sayı-hesabı yox... Xojalı alışıb yanırdı ey. Həsənabaddan, Mehdikənddən, Bozdağdan, bir sözlə, hər tərəfdən atırdılar.  Odun-alovun altında bir təhər özümüzü saldıq meşəyə. Xojalı aeroportunun rəisi Əlif Hacıyevin dəstəsinə qoşulduq. Meşə yolu ilə Ağdama üz tutduq. Bilmirəm, sən oraları görmüsən, görməmisən hə, görməmisən...Şaxta adamın iliyinə işləyirdi. Bu yannan da qar  yağmağa başladı. Yoldaşım Fizzəni don vurdu...(bu yerdə səsinin tonu dəyişdi, gözləri doldu). Bekaraca ardımca sürüdüm, gördüm yox, iş bitib. Özümün də taqətim qalmamışdı ki, meyiti bir tərəfə çıxardım. odukin, ətrafın kol-kos basmış iri gövdəli bir ağacın yanında meyitin üstünü qarla  örtüb yola düzəldim. Dedim ki, qoy qurd-quş üz-gözünü dağıtmasın Beş on addım atmışdım ki, böyük qardaşım Hüseyinalını vurular. Heç üstündən yarım saat keçməmiş kiçik qardaşım  Əhmədalı sinəsindən ağır yaralandı. Onu çiynimə alıb  bir az yeridim. yavarıb dedi ki, qağa, amanın günüdü , məni at. get, qoy ermənilərə əsir düşməyim. Əlim gəlmədi, atmadım. Dedi, qağa onda məni qoy burda, çıx get. özünü fot eləmə. Onsuz da mənim işim bitib. öz uşaqlarına, mamam qızlarına pasiban ol...
Bizə cəhənnəm əzabı verən o qarlı-şaxtalı gecədə neçə-neçə yaxınlarımız, doğmalarımız yolda tökülüb qaldı. Xəstə qocalar, yarasından qan daman cavanlar o müdhiş gecənin qurbanı oldular. Biz isə hərəkət edirdik. Nejə deyərlər, can şirindi.  Səhərə yaxın Naxçivanik kəndinə yaxınlaşanda hiss elədik ki, ermənilərin pusqusuna düşmüşük. Bizi atəşə tutdular. yüzlərlə Xojalını biçib yerə tökdülər. Üç oğlum gözümün qabağıda şəhid oldu... Hər tərəf qalaq-qalaq meyitdi. Bizim dövrəmizdə iki yüzə yaxın əliuşaqlı qadın, yeniyetmə qız uşağı vardı. Ermənilərin məqsədi onları əsir götürməkdi. Bizim  dəstəmizdə Dilavər adında otuz-otuz beş yaşında  bir döyüşçü vardı. yelimizdi. onun üstündə xeyli döyüş sursatı vardı. Səs yayılmasın deyə məni işarə ilə yanına  çağırıb dedi:
-Müslü, atam-qardaşım, qadınlar ələ keçməsin deyə mən ermənilərin başını qatacam. Şellidən kömək gələnə qədər siz meşədə gizlənin, geri çəkilin. Mən ölümə gedirəm, bunun o yan, bu yanı yoxdur. Bu balaca oğlum ədullanı sənə tapşırıram, səni də o bir olan Allaha. Bizim külfətdən qalan ancaq bu uşqadı. Əsgər qohumlarımdan tapılan olsa, uşağı verərsən onnara. Olmasa, özün öz allahın...
Hər ikimiz qucaqlaşıb hönkürdük. ədyala bürünmüş o balaca oğlanı qucağıma alıb, meşəyə tərəf çəkildim. Dilavər atəş aça-aça yerini dəyişir, erməniləri bizdən yayındırırdı. onun köməyi sayəsində pusqudan çıxa bildik.
o igid həmyerlimiz  şir  kimi döyüşə atılıb yüzlərlə qız-gəlinin namusunu qorudu. Azı, üç saata qədər ermənilərlə atışdı. Ağdam uşaqlarının dediyinə görə, axırıncı gülləsini özünə sıxmışdı...
Yarası əziyyət verən Müslüm qardaşı danışdırmaq heç insafdan deyildi. O, bütün bunları söylədikcə sanki o müdhiş fevral gecəsini yenidən yaşayır, gözümün önündə sarsılır, əzab çəkirdi. bütün bunları görə-görə  mən dərd-matəm içində üzülən palata yoldaşımdan əl çəkmək istəmirdim.
-Bəs balaca Ədulla,-deyə astadan soruşdum,-atasının şəhid olduğunu bilirmi?
-Onun körpə ürəyini parçalamaq istəmədəik.-Müslüm qardaşın iri, yorğun gözləri yol çəkdi.- Böyüyəndə, onsuzda hər şeyi özü biləcək...
Bunu da öyrəndim ki, o yaralı canıyla (atışma zamanı sol böyrəyini güllə yaralayıbmış) Beş gün, beş gecə ac-susuz qarlı-şaxtalı meşədə daldalanmış, uşağı qoynunda saxlamışdı. Şelli uşaqları taqətsiz halda  onları qarın içindən çıxarıb Ağdama aparmışdılar. Ağdam qospitalının baş həkimi Qurban doxdor görən kimi onu- müslüm Ələkbərlini tanımış, dostunu duz kimi yalamış, ona ilk təcili tibbi yardım göstərmişdi. Xeyli  götür-qoydan sonra  Qurban doxdur belə bir qəti qərar vermişdi: xəstə təcili olaraq vertalyotla bakıya çatdırılmalıdır. Belə də olur. Bütün bunları sırağagün axşam rəhmətlik bax. o balınca söykənib mənə söyləyirdi. Arabir sözünü kəsib yorğanı ədullanın üstünə tərəf çəkir, soyuq dəyməsin deyə üst-başını örtürdü. müslüm qardaşın böyründə qısılıb yatmış balaca Ədulla birdən yuxudan səksənib ayıldı, gözlərini ova-ova:
-Müslüm əmi,- dedi,-atamla-anam bura gəlmişdilər. bə onnar nejə oldu, hara getdilər?!
-yat, oğlum, onnar genə gələjəklər.-Müslüm qardaş dolmuş gözlərini məndən yayındırıb oğlanı sakitləşdirdi. Sonra üzünü mənə tutub:-Tez-tez evləri, həyət-bajaları yuxusuna gəlir-dedi.- Sonra əlini ehmalca uşağın enli alnında, şəvə saçlarında gəzdirdi. indi özü hamıdan çox xüsusi qayğıyla və nəvazişlə ehtiyacı olan və sən demə, ömrünün son saatlarını yaşayan bu insan öz vicdanı borcunu yerinə yetirdi. Qəlbimin dərinliklərindən belə bir səs baş qaldırdı ki, bu cür övlad yetişdirən xalqın ürəyi görün nə qədər böyükdür!

Həmin gecənin səhəri istedadlı cərrah Teyyub həkimin rəhbərliyi altında Müslüm qardaşın böyrəyində cərrahiyyə əməliyyatının aparılması qərara alınmışdı. Üstəlik akademik Mirməmməd Cavadzadənən klinikasından təcrübəli uroloq dəvət etmişdilər. Bu barədə tibb bacısı Reyhan xanım gəlib Müslüm qardaşa məlumat verdi.O, yenidən qalxıb mərd-mərdanə bu işə hazırlıq gördü. Xahiş elədi ki, xəstəxananın rəhbərliyi iki nəfər etibarlı şəxsin və bir nəfər hüquqşunasın onun yanına gəlməsinə kömək eləsin. Artıq saat on birdə həmin etibarlı, rəsmi şəxslər bizim palatamızda idilər. Müslüm qardaş şahidliyi ilə Bakı şəhərində dövlət əmanət bankında olan pullarının yeganə varisi kimi ədulla Dilavər oğluna verilməsi barədə sənəd imzaladı. Elə bil ki. ürəyinə dammışdı: əməliyyatdan salamat qurtara bilməyəcək. O, günorta çağı yır-yığış eləyərkən birdən üzünü mənə tutub dedi:
-Dost, oturub çörək kəsdik, salameleyk elədik, ammakin, demədin kimsən, nəçisən, sənətin nədi, hardan gəlib, hara gedənsən?!
-Rəssamam,
-Dedim. gördüklərimi arada fırçayla çəkirəm.
-Rəssam?!-O nəsə fikrə gedib duruxdu, qaşları çatıldı;-  imzan, deyəsən, mənə tanış gəlmir.
-Düzdür,-dedim,-mən, belə də, nə deyim, populuyardeyiləm, bəxti gətirməyən rəssamam. Əsərlərim hələ  çap olunmayıb. Sərgim də elə... Öz haqqımı ala bilməmişəm.
-Ay qardaş, hamımız sən gündəyik. Hanı bizim haqqımız, hanı-haqq ədalət?!  Bizim nə günahımız vardıkin yurdumuzu tarmar elədilər, özümüzü qırıb-çatdılar. Böyüklərimiz də bizə xəyanət etdilər... dünya beş gündü, qardaş,  gəldik, nə gördük-müsibət. faciə. Yadigar olaraq bizdən bu dünyada nə qaldı?! Nələri arzulayırdıq, başımıza gör nələr gəldi...
Bu sualların önündə duruş gətirmək çətindi. Üzümü kənara çevirib doyunca ağlamaq istədim. Müslüm qardaş gözaltı məni süsüb  saatına baxdı və:-Dost,-dedi,-yadında saxla, haqqını almaq üçün döyüşmək lazımdı.
Elədi,-onun sözünü təsdiq elədim.- Biz döyüşməliyik. Döyüşməsək, ayrı illacımız yoxdur...
Birdən Müslüm qardaşın üzü canlandı, gözlərində qətiyyətli bir ifadə əmələ gəldi, balınca dirsəklənib:
-Rəssam qardaş,-dedi.- Sənnən bir xahişim var, daha doğrusu, sənə bir mövzu vermək istəyirəm Xojalı qaytarılannan sora, qaytarılajaq ey, bunun oyan-buyanı yoxdur, oralara yolunu salarsan...
-İnşallah ,bir yerdə gedərik...
-Dayan, sözümü kəsmə, gör nə deyirəm. Bizim tərəflərə gedərsən, dediyim o meşəni gəzib-dolaşarsan. milli ordunun döyüşçüsü Dilavərin obrazını yaratmaq üçün orda rənglər seçərsən. Qarlı-şaxtalı fevral gecəsi, ərəsət... Cəhənnəm... Qarlı gecənin işığında bizim Fizzənin də rəsmini çəkərsən. odey, görmürsən, şəkli medalyondadı. Əgər bunları çəksən, -o sözünə ara verib yanıqlı bir ah çəkdi:- Mən qəbirdə olsam da,- dedi,- sümüklərim sürməyə dönsə də, bunu hiss eliyəjəm...O  adamlar bir də doğulmayacaq, qoy onnarın yarımçıq ömrü sənin əsərlərində  davam etsin...-Bura bax...-O, ədyalı sinəsinə tərəf çəkib yerində qurcalandı.- İndi iş başında duranlar,- dedi- Xojalı qırğınını ört-bastır eləmək  istəyirlər. Sənin çəkəcəyin rəsimləri bular, ola bilsin, heç sərgiyə yaxın buraxmasınlar. Amma sən çəkərsən, aparıb sadə adamlara göstərərsən...
Onun bu nigarançılığının haradan qaynaqlandığını yaxşı bilirdim. Gecələr yarası ona göz verirdi, işıq vermirdi. Axır vaxtlar kəskin ağrılar  onu lap bezar eləmişdi, Gündən-günə dala getdiyi rənginnən-rufundan da aydın sezilirdi. Mən bunları bilə-bilə ona ürək-dirək vermək istədim:
-Allaha şükür, Müslüm qardaş,-dedim- Sizə nə olub ki?! Bədgüman olmayın.
-Ə, söhbətdir də eləyirik...
Yox, bu, sadəcə söhbət deyildi. Bu, keçirdiyi nigarançılığın, narahat duyğuların görüntüləri, yaşantıları idi. Sanki ona hər şey  əyan oolmuşdu. tez-tez dönüb qızıl zəncirli medalyona nəzər yetirir, medalyondan boylanan gənc, gözəl qadınla halallaşmış kimi dodaqları astaca tərpənirdi. O uzaq, bəxtəvər günlərdən soraq verən, o günlərin qoxusunu, dadını təmini, ritmini özündə ehtiva edən bu kiçik daş parçası bu dəqiqə dil açıb danışsaydı, görəsən nələri yada salardı, nələrdən söz açardı?!

Həkimlər gəlib Müslüm qardaşı cərahiyyə otağına aparanda bu yaz yeddi yaşı tamam olan balaca «əsgər» Ədulla xəstəxananın həyətində öz taxda avtomatı ilə erməni  «ovuna» çıxmışdı. Qabağına çıxan «əclafları» bir ucdan hey qırıb-tökürdü. Onun balaca ürəyində düşmənə nə boyda kin-kidurət vardı! Həyətdə gəzişən tibb bacıları ayaq saxlayıb ona söz atırdılar:
-Atilla, ermənilərin hamısını qıracaqsan?
-Ə, bə nədi! hamısını!
-Onnarın körpə uşaqlarını da?
-Ay bajı, dedim hamısını. Bax beləjə. Ppp-ppp-pp..!-taxda avtomatını irəli uzadıb sağ gözünü qıyır. Qızlar ondan əl çəkmirdilər:
-Axı, Atilla- dedilər,- erməni olsalar da, körpə uşaqları yazıqdı.
-Bə onnarın saqqalı ataları nə üçün Xojalıda uşaqlqarı, körpələri qırıb öldürdülə? Mən böyüyəndə onnarın hamısını qıraja. Atam öyrədibdi, mən sarıcalu  tayfasınanam, Çingiz xanın nəslinənəm, Cavanşirəm, ey, türk oğlu tükəm! Erməniləri məhv edəjəyəm.
O, getdigcə kükrəyir, əsib-coşur, öz avtomatıyla düşməni biçib yerə sərirdi. bu ara tibb bacısı  Reyhan xanım irəli yeriyib Atillanı sakitləşdirmək istədi:
-Oğlum,-dedi,-bu,- bu qədər döyüşdün, da bəsdi. Bir dincəl. istirahət elə,əynindəki paltarlar çirklənib, səninçin təzə döyüş paltarı gətirmişəm. gedək palatada əynini dəyiş.
-Yox , istəmirəm,-dedi,-təzə paltarı Xojalıda geyəjəyəm.
Cərahiyyə əməliyyatı çox uzun çəkdi. Artıq axşam düşmüşdü. Hamımız böyük intizarla əməliyyatın başa çatmasını gözləyirdik... Atillanın  isə dünyadan xəbəri yoxidi. Odur ey, indi barının üstünə çıxıb avtomatını irəli tuşlamışdı. Bu ara cərrahlardan birinci olaraq Teyyub həkim dəhlizdə göründü. Alnı düyünlənmişdi, qaşqabağı yernən gedirdi. hövsələmi basa bilmədim:
-Doxdur, nə xəbər?-dedim.
-Heç nə...-dedi,-xilas eləyə bilmədik. Güllə bədbəxtin bir neçə orqanını parçalayıbmış. Palatama çəkilib üzüqoylu çarpayıya uzandım. Və  birdən hiss elədim ki, kimsə mənə kənardan diqqət yetirir. Qapıya tərəf boylananda mizin üstündəki medalyon gözümə dəydi. O müdhiş fevral gecəsində  qar altında  qalmış  Fizzə xanım- o Fizzə xanım ki, neçə-neçə  illər bundan öncə  gənc, yeniyetmə Müslüm  ona  «Sən mənim həyatımsan» deyirdi və yaşamağın mənasını onun qara gözlərində görürdü- medalyondan sözlü adamlar kimi mənə tərəf baxır, nəsə soruşmaq istəyirdi.  Nigaran baxışıyla ürəyimi parçalayırdı.
Taleyin ümüdünə qalmış balaca əsgər «Atilla» isə artıq axşam düşməsinə, adamın iliyinə-sümüyünə işləyən soyuq mart küləyinin  bu sayaq  şahə qalxıb meydan sulamasına əhəmiyyət verməyərək, hələ də «döyüşür», «düşmənləri» biçib yerə sərirdi. Bir azdan yorulub, usanıb geri qayıdandan sonra bu acı xəbəri eşidəndə amansız həyatın onun balaca və köməksiz canına endirdiyi bu növbəti ağır  zərbəyə  tab gətirə biləcəkdimi?! Onu-bu balaca türk əsgərini irəlidə taleyin daha hansı sürpirizləri  gözləyirdi?!
İndi məni bu sualların cavabından daha çox çəkəcəyim tablonun taleyi düşündürürdü. Bu dəqiqələrdə mənbütün varlığımla Fizzə bacının qar üstündə ayaq izlərin, o dəhşətli fevral gecəsinə meydan oxuyan iri qara gözlərini, şaxtanın cadar-cadar elədiyi ətli, kip al dodaqlarını görür, isti nəfəsini duyurdu...

Комментариев нет:

Отправить комментарий