Mən Nikolay Vasilyeviç Qoqolun ölümündən düz 100 il sonra doğulmuşam. İndi böyük yazçının ölümündən yüz əlli ildən artıq vaxt ötüb.
Amma Qoqolun həyatı, yaradıcılığı, ölümü həmişə diqqət mərkəzində olub: yazıçının həyatı və ölümü haqqına tükürpədici, qorxunc, gerçəyəbənzər uydurmalar, uydurmaya bənzər gerçəklər ədəbi aləmdə çox populyardı. Ümumiyyətlə, məşhur adamların həyatı və ölümü bəzən əfsanələrə, miflərə çevrilir. Qoqol öz sənətkar eqosunu yüksək qiymətləndirirdi və bəlkə də elə bu üzdən ətrafında baş verən olaylara sanki hardasa bir qədər yuxarıdan, hadisələrin fövqündən baxırdı. Yazıçının uşaqlıq illərində aldığı mənəvi sarsıntıları da yaddan çıxarmamalıyıq.
Nikolay Vasilyeviç uşaqlıq illərindən ona əzab verən bir epizodu belə xatırlayır: – “Evdə tək oturmuşdum. Atamla anam harasa getmişdilər… Beş yaşım vardı. Axşam düşürdü. Divanın bir küncünə qısılıb tam səssizlikdə qədim divar saatının kəfkirlərinin səsini dinləyirdim. Qulaqlarım cingildəyirdi. İnanırsınızmı, hələ o vaxt mənə elə gəlirdi ki, saat kəfkirlərinin tıqqıltısı əbədiyyətə doğru gedən zamanın səsidir. Birdən asta addımlarla ehmallıca mənə doğru yaxınlaşan pişik rahatlığımı pozdu. Pişiyin yaşıl gözləri xoşagəlməz qığılcım saçırdı. Mən xoflandım, pişiyi götürüb həyətə qaçdım, həyətdə onu hovuza tulladım, hər dəfə pişik üzüb kənara çıxmaq istəyəndə onu geri itələyirdim. Qorxudan əlim-ayağım əsirdi, amma eyni zamanda nəsə bir rahatlıq hissi də duyurdum, qəfildən məni qorxutmuş pişkdən intiqam almışdım. Pişik boğuldu, suyun üzündəki sonuncu halqa da qeyb oldu. Məni ağlamaq tutdu, pişiyə yazığım gəlirdi, vicdan əzabı çəkirdim…”
Kim bilir, bəlkə də məhz həmin axşam balaca Nikolayın içində bir yazıçı doğulurdu – bu yazıçı Qoqol olacaq.
***
N.V.Qoqol mistik yazıçıdır.
1847-ci ildə Qoqol “Dostlarla yazışmalardan seçilmiş məqamlar” kitabını çap etdirdi. Rusiyanın ən məşhur yazıçısı birdən-birə hər kəs tərəfindən tənqid edilməyə, söyülməyə başlanmışdı.
Kitab yazıçının “Vəsiyyəti” ilə açılır. Əslində kitabda giriş sözü kimi yazılmış bu yazı yazıçının gerçək vəsiyyətidir – vəsiyyət adətən insanın ölümündən sonra açıqlanır. Qoqol hələ sağlığında öz “Vəsiyyət”ini çap elətdirmişdi – bu isə yaxşı əlamət deyil… Bizim sovet tənqidçilərimizin (əstəğfürullah) peyğəmbər kimi səcdə etdikləri Belinski qələmini mürəkkəbə deyil, sanki zəhərə batırıb Qoqola hücuma keçdi, yazıçını min bir günahla suçladı və onu “uçurumun kənarında dayanan dəli” adlandırdı. Və sən demə, “uçurumun kənarında dayanmış dəli” Belinskinin təbiri ilə “peneqrist tatarskix nravov” sərsərinin biriymiş…
Qoqol yazır: “Anlaya bilmirəm ki, necə oldu ki, bütün Rusiya birdən-birə məndən üz döndərdi”.
N.V.Qoqol Vəsiyyətnaməsində yazır ki, ölüm əlamətləri açıq-aydın bəlli olmayana qədər cəsədimi tələsik torpağa tapşırmayın. Bunu ona görə xatırladıram ki, xəstəlik zamanı dəfələrlə ürəyim dayanıb, nəbzim vurmayıb. Amma yazıçının ölümündən sonra onun vəsiyyətini unutdular…
Böyük yazıçı hələ huşu başında ikən Rusiyadan intiqam aldı – uzun illər üzərində işlədiyi “Ölü canlar”ın ikinci cildini yandırdı.
Sergey Aksakov “Qoqolun dostlarına məktub” məqaləsində yazır: “Artıq Qoqol dünyada yoxdu, Qoqol öldü”. Bir cümlədən sonra isə – “Amma Qoqol “Ölü canlar”ı yandırdı – ən dəhşətlisi budur”.
Böyük rus rəssamı İlya Repin 1909-cu ildə “Qoqolun özünü yandırması” adlı bir tablo çəkib – Qoqol əlyazmalarını sobaya atıb yandırdığı məqamda təsvir olunub. Tünd, qatı boyalarla işlənmiş tabloda dahi yazıçının üz-gözündə sanki alov dilləri rəqs eləyir. İlahi, bu ölüm rəqsidi. İlahi, əlyazmalarını yandıran yazıçı əslində elə özünü yandırmış olur.
Bizim Mirzə də – Cəlil Məmmədquluzadə bir qış günü əlyazmalarını yandırıb. Deməli, əlyazmalar yanır… “Allah sənə rəhmət eləsin, Qoqol” – Mirzə Cəlilin səsidi – qeybdən gəlir…
***
Qoqolun vəsiyyəti yalnız yetmiş doqquz ildən sonra, 1931-ci ildə nəşinin Danilov monastırından Novodeviçe qəbiristanlığına köçürüldüyü zaman yada düşdü.
Hadisənin iştirakçılarının sözlərinə görə, tabutun qapağı içəri tərəfdən cızılmışdı, cəsəd isə qeyri-adi vəziyyətdəydi. Fəqət, ən dəhşətlisi… skeletin kəlləsi tabutda yox idi…
***
İyirminci yüzilin ən təzadlı, ən mistik yazıçılarından biri Mixail Bulqakov Nikolay Vasilyeviç Qoqolu özünün ustadı adlandırırdı.
M.Bulqakovun “Morfi” adlı bir hekayəsi var – yəqin ki, məşhur “Ustad və Marqarita” romanının pərəstişkarları bu hekayəni oxuyublar, amma bilirsinizmi, bu hekayənin qəhrəmanı gənc Bulqakovun özüdür. 1917-ci ildə həkim Mixail Bulqakov müalicə elədiyi uşaqdan difteriya xəstəliyinə yoluxur. Cavan əyalət həkimi özünə diaqnoz qoyur, böyük miqdarda əks-təsir edən dərman qəbul edir, amma bunun nəticəsi acınacaqlı olur, həkimin bütün bədəni yara səpir. Ağrıdan əzab çəkən həkim Mixail Bulqakov arvadından ona morfi iynəsi vurmasını istəyir. Və hər şey elə ilk dozadan başlayır, tezliklə cavan həkim narkotik asılılığına düşür. Xəstəlik Bulqakovun fiziki və ruhi dəngəsini pozur, ağır depressiyalar zamanı gələcəyin böyük yazıçısına elə gəlir ki, ağlını itirib dəli olur. Artıq onun orqanizmi daha böyük dozada morfi tələb edirdi, Mixail Afanasyeviç dəfələrlə müalicə olunmaq istəsə də, bir şey alınmır. Yazıçının birinci arvadı Tatyana Nikolayevna xatırlayır ki, depressiya zamanı Mixail dəfələrlə silaha əl atıb, belə anlarda o, qatil ola bilərdi…
Ağrıdan üzüldüyü gecələrdən birində mistik möcüzə baş verir, altmış beş il əvvəl dünyasını dəyişmiş Qoqol gənc yazıçının imdadına yetişir. Bulqakov gündəliklərindən birində yazır: “Həmən gecə kimsə iti addımlarla otağa girdi. Qaranlıqda üz-gözünü aydın seçə bilmədiyim insan mənə yaxınlaşıb çarpayımın üstünə əyildi, sivri burnu vardı, xırda gözləri od tutub yanırdı, şəhadət barmağı ilə məni hədələdi”.
Səhər yuxulan ayılanda Bulqakov bunun bir röya və ya qarabasma olduğunu anlaya bilmir, amma gecə otağına girib onu hədələyən adamın məhz Qoqol olduğuna əmin idi. Bəlkə doğrudan da Qoqolun ruhu uçurumun kənarında dayanmış Bulqakovu böyük bir faciədən qorumağa gəlmişdi… O dramatik gecədən sonra Bulqakov narkotik əsarətdən, ruhi düşkünlükdən qurtuldu.
Yuxarıda dediyim kimi, sonralar Bulqakov “Morfi” hekayəsini qələmə alacaq. Və daha sonralar, təxminən yüz il sonra bu hekayənin əsasında film çəkiləcək…
***
Bir anlıq yazıya ara verib düşünürəm ki, görəsən N.V.Qoqol və M.A.Bulqakov Niderland rəssamı İoronim Bosxun (1460-1516) tabloları ilə tanış idilərmi?
Xeyirlə Şərin əzəli və əbədi mübarizəsi, İlahi Harmoniya və Cəhənnəm Xaosu Bosxun, Qoqolun və Bulqakovun həyat və sənət qayəsidir.
***
Bosxun “Məhşər” tablosuna baxın, Qoqolun “Viy”, Bulqakovun “Ustad və Marqatira” romanını bir daha oxuyun, Niderland rəssamının və rus yazçılarının əsərlərində Voland, Marqarita, Kərgədan, İfritə, Foqat və s. mistik obrazların bir-biri ilə qan qohumluğu olduğunu aydınca görəcəksiniz.
***
Qoqol ilə Bulqakov bir dəfə deyil, düz üç dəfə “görüşüblər”. Qoqol Bulqakovu üç dəfə şərəfləndirib.
Mixail Bulqakov artıq Moskvada yaşayırdı və bütün Moskvada məşhur idi. Bir dəfə qonaqlıqda yazıçı otuz beş yaşlı gözəl bir qadınla tanış olur. Yelena Sergeyevna professor Yevgeni Şklovskinin arvadıydı. Tezliklə bu tanışlıq ehtiraslı məhəbbət romanına çevrilir. Bir dəfə məşhur yazıçı sevdiyi qadını evinə qədər ötürməli olur. Onlar gəzə-gəzə gəlib Yelenanın yaşadığı binanın qabağında dayanırlar, sevgilisinin bu qədim mülkdə yaşadığını öyrənən yazıçının nitqi tutulur, uzun müddət özünə gələ bilmir, Yelena yazıçını nə qədər sorğu-suala tutsa da, bir şey öyrənə bilmir.
***
Ötən əsrin iyirmi yeddinci ilində Moskva payızının soyuq axşamlarından birində əsərləri çap olunmayan, daima ehtiyac içində yaşayan cavan oğlan bu böyük şəhərdə başını götürüb getməyə bir yer tapmırdı. Parkda Voland proletar şairi Berliozla mübahisə edirdi. Cavan yazıçı bədbin fikirlərə, kədərli düşüncələrə dalmışdı, işləri heç cür gətirmirdi, böyük şəhərdə işsiz-gücsüz qalmışdı, bir yandan da ailəsi dağılmışdı. Küçələrin birində qaraltı kimi bir adamla toqquşdu, başını qaldırıb ortaboylu, köhnə dəblə geyinmiş adamın üzün baxdı və… həmin andaca bu adamın kim olduğunu xatırladı. Adam yolun o tərəfindəki böyük daş binanı işarə elədi, amma bir söz demədi.
Bulqakov o zaman, iyirmi yeddinci ilin bir payız axşamında qəfildən yolunun üstünə çıxan Qoqolun nəyə işarə etdiyini anlamamışdı. Lakin bir axşam sevdiyi qadını evinə ötürəndə o uzaq görüşün sirri açıldı – Yelena – Bulqakovun son məhəbbəti, vaxtı ilə Qoqolun işarə etdiyi binada yaşayırdı.
Qoqol ilə son görüşü haqqında Bulqakov köhnə dostu Pavel Popova ünvanladığı məktubunda söz açır. Bulqakov Malıy Teatrda “Ölü canlar” üzərində işləyirdi – rejissor işi, səhnə tərtibatı, aktyor oyunu Bulqakovu qane etmirdi. Bulqakov köhnə dostuna ünvanladığı məktubda yazır: “Qoqol səs-küylə otağıma girdi, çox əsəbiydi. Bulqakov uzun-uzadı özünü müdafiə etməyə çalışır, rejissor işindən, rəssamdan, aktyorlardan gileylənir, maddi çətinliklər də öz yerində. Birdən Bulqakovun özündən asılı olmayaraq ağzından köhnə bir fraza çıxır – “Ukroy menya svoyey qranitnoyu şinelyu!”" Bu sözlərdən sonra Bulqakov üzr istəməyə macal tapmamış Qoqol qeyb olur…
Bulqakovun ölümündən on iki il keçirdi. Uzun zaman Novodeviçe qəbiristanlığında yazıçının abidəsi qoyulmamışdı. Bir dəfə Yelena Sergeyevna yenə ərinin qəbrini ziyarət eləməyə gəlmişdi. Qadın bu dəfə nədənsə qəbiristanlıq emalatxanasına baş çəkir. Qadın emalatxananın bir küncündə atılıb qalmış köhnə qara mərmər görür.
Qoqolun yüzillik yubileyində onun qəbirüstü abidəsi dövlət tərəfindən yenidən bərpa olunmuşdu, bu qədim qara qranit vaxtı ilə dahi yazıçının məzarını bəzəyirmiş. Yelena Sergeyevnanın təşəbbüsü ilə həmən qara qraniti Bulqakovun məzarına qoyurlar. İndiyə qədər də Novodeviçe qəbiristanlığında Bulqakov həmən qara qranitin altında uyuyur. Bu da daha bir mistika – vaxtı ilə Bulqakovun ağzından qeyri-ixtiyari çıxan “Ukroy menya svoyey qranitnoyu şinelyu!” frazasının sirri…
Yelena Sergeyevna xatırlayır ki, həmən gecə Mixail Bulqakov yuxuma girdi, baş əyib təzim elədi və sakitcə otaqdan çıxdı…
İki böyük yazıçı arasında mistik bir bağlılıq olduğu şübhəsizdir.
Təvazökarlıqdan uzaq olsa da, mənim də həyatımda bəzi mistik olaylar baş verib. Bir zamanlar Məhəmməd Hadi röyalarıma girərdi… Amma bu haqda başqa bir vaxt danışmaq ümidindəyəm…
“Ekspress”
Комментариев нет:
Отправить комментарий