İbrahim Sel
Professional Oxucu Liqası
İntiqam Hacılı (İntiş) və kinodan yazarlığı öyrənən digər dostlar üçün
“Siz televiziya tamaşaçıları heç vaxt dünyanı dərk edə bilməzsiniz”
II yazı
Kinonu həyatın kinolent üzərində əksi kimi anlayanları bu ölçülərdən kənar meyarlarla yaradılmış filmlərlə nəinki heyrətləndirmək, heç ekran qarşısına cəlb etmək də mümkün deyil. Belə filmlər xalqımızın təsəvvürünə, təxəyyülünə hakim kəsilmiş ənənəvi kino modelinin tələblərinə uyğun gəlmədiyinə, adi gözlə görünən dünyanın məntiqindən kənara çıxdığına görə tamaşaçı onunla dil tap bilmir. Əslində hər hansı ekran əsərinin düzgün qavranılması onun dilinin düzgün başa düşülməsindən başlayır. Filmin dili isə onun bütün mahiyyəti, özü də fikrin, bədii məramın dərinliyinə doğru kodlaşdırılır.
Ekranda görünənlər, deyilənlər məhz bu şifrələrin düzgün yozumundan sonra informasiya tamaşaçısına ötürülür. Təəssüf ki müasir rejissorlarımız belə dərinliklərə varmırlar.
Ekranda görünənlər, deyilənlər məhz bu şifrələrin düzgün yozumundan sonra informasiya tamaşaçısına ötürülür. Təəssüf ki müasir rejissorlarımız belə dərinliklərə varmırlar.
İndi dünyada hər il yüzlərlə geniş tamaşaçı kütləsinə hesablanmış filmlər çəkilir. Bu filmlərə maraq çox böyükdür və Azərbaycan tamaşaçısı da bu meyldən kənarda deyil. Tamaşaçı marağını bu filmlərdən yayındırıb öz üzərinə yönəltmək üçün Əsl Sənət nə etməlidir? Geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulan müxtəlif janrlarda filmlər istehsal edilməlidir. Çəkilən filmlər siyahısında yalnız ciddi psixoloji, dərin fəlsəfi mənalarla bağlı olan filmlər yer tutmasını düşünmək də doğru fikir sayılmaz. Qəribəsi odur ki, Azərbaycan tamaşaçısı üçün köklənmiş məhsulların əksəriyyəti xarici filmlərdir. Bu eybəcər haldır. Azərbaycan kinosunda yaradıcı potensial çox güclüdür. Köhnə Sovet məktəbi hələ ölməyib. Əgər müasir dövrdə texniki problem olsa da, texniki avadanlıqları kənardan gətirib çəkiliş prosesində istifadə etmək də çətin iş deyil. Bu önəmli deyil, əsas yaradıcı potensialdır ki, bu da Azərbaycan kinosunda var.
Bizdə komik aktyor deyəndə şit, güldürmək xatirinə özünü ora-bura yıxan, soyunan, düşükləyənlər nəzərdə tutulur. Bunların çəkdiyi komediya deyil, meymunluqdu. Əsl komediya ciddilikdən doğur. Ciddiyətin sonu komediya olur. Yəni elə bir rol oynamalısan ki, gendən gəlsin. “Məşədi İbad” özü mədəni və ciddi komediyadır. Onun vəziyyəti özü üçün faciədir. Məşədi İbadın ətrafına baxın: onun yanında bir nəfər də düz adam yoxdur. Azərbaycanda bu gün komediya filmləri sıfır dərəcəsindədir. Bizdə bəzən ciddi obrazları oynaya bilirlər, amma şəhnədə şitlik eləmək, səviyyəsiz sözlər demək bu komediya deyil axı. Adamı güldürmək ağlatmaqdan daha çətindir. Söhbət mənalı gülməkdən gedir. Ona görə də bu çətin janrdı. Hər sənətkar bu sahədə uğur qazanmır. Rusiyanın özündə, məsələn, Qayday vardı, onun filmləri çox ciddi idi. İntellektual bizdə ölüb. Vaxtı ilə bizim KVN var idi. Amma vaxti ilə. İndi təkrarçılıq davam edir. O zaman bəlkə də Bakı ləhcəsi ilə zarafatlar adamlar üçün gülüş doğururdu, amma indi artıq bunlar da girmir. Orda ki səviyyə, hadisə yoxdur, deməli komediya da yoxdur. Bəla burasındadır ki, bizdə komediya yazanlar artıq yoxa çıxıb. Rusiyada pamflet və yumorstik mətnlər oxuyanlara baxın- Zadornov və digərləri. Onlar əslində cəmiyyətdə olan ciddi problemlərdən danışırlar, ancaq camaatın barmağın kəssən, xəbəri olmaz. Vəziyyət ciddidir, amma gülüş doğurur. Bizdə isə bu cür intellektual yumor yoxdur. Çox təəssüf...
Ssenaridən çox şey asılıdlr. Adətən, ssenarini ədəbiyyatın bir janrı sayırlar. Amma Tarkovskiyə görə, ssenarinin ədəbiyyata qətiyyən dəxli yoxdur. Onun fikrincə, ssenarist peşəsi yerli-dibli mövcud deyil: o, ya kinonu yaxşı bilən yazıçı, ya da yazmaq qabiliyyətinə malik rejissordur. Bu fikirlərdə həqiqət var. Hər yazıçı ssenarist ola bilməz. Kino tam başqa aləmdir. Ekranın dilini bilmək lazımdır. Bəzən görürsən tanınmış bir yazıçıdır, fikirlərini anlayırsan, ancaq ekranda heç nə görmürsən. Ssenarini ancaq görüntülərlə yazmalısan. Oxucu hər sətri oxuyanda gözünün qabağında canlandırmalıdır. Elə yazıçı var ki nəsri, ssenarini, pyesi də eyni səviyyədə və çox maraqlı yazır. Elə yazıçılar da var ki, onlarda nəsr əsərləri gözəl alınır, ancaq ssenari, dramaturji əsərlər yox. Ssenaridə dramaturji xətt peşəkar səviyyədə düzülməlidir.
Son 30-40 ildə zəngin və maraqlı kinosu olan ölkələrdə nəsr yazan yazıçılar kino üslubunda yazırlar. Demək olar ki, onlar ssenari yazırlar. İstəyirlər ki, əsərləri nə vaxtsa ssenariyə çevrilsin və ekran həllini tapsın. Bu tendensiya son illər bir çox dünya yazıçılarının, o cümlədən rus yazıçılarının yaradıcılığında açıq-aşkar görünür.
Tarkovski göstərir ki: “Yaxşı film rejissorla ssenaristin uğurlu tandemi nəticəsində yaranır”. Rejissor və ssenarist film üzərində işləyəndə onlar bir-birilərini bir işarədən başa düşməli, bir istiqamətdə fikirləşməlidirlər. Ssenarist üçün öz rejissorunu və ya rejissor üçün öz ssenaristini tapmaq ailə qurmaq kimidir. Rejissorların ssenari yazmağına gəlincə, bu da çox fərqlidir. Məsələn, Rusiyanın görkəmli yazıçısı, rejissoru və aktyoru Vasili Şukşin maraqlı müəllif filmləri çəkirdi. Onun “Qırmızı kalina” filmi bir çox ölkələrdə mükafatlar qazandı. Elə ssenaristlər var ki, “Bu ssenarini məndən yaxşı heç kəs görə bilməz”,- deyə rejissorluq iddiasında olur. Ancaq unudur ki, rejissorluq tamam başqa sənətdir. Bəzən əksinə də olur: rejissorlar özləri ssenari yazmaq fikrinə düşürlər. Bunlar yanlış iddialardır və nəticələri bəzən acınacaqlı olur. Bizdə də elə insanlar az deyil.
Elə rejissorlar var ki, 3-5 film çəkiblər və filmlərinin premyerası da keçirilib. Hay-küyə baxmayaraq 3-5 aydan sonra cəmiyyət həmin filmi unudub. Hay-küyü də öz filmləri ətrafında müəlliflər özləri yaradıb deyirlər ki, filan film Hollivud filmləri ilə rəqabətə çıxa bilər. Bu, gülünc bir şeydir. Hollivudda yüz il öyrənəndən sonra film çəkməyə başlayıblar. Biz isə 20 ildir ki müstəqilik. Hələ də sovet dövründən qalma fikirlər, köhnə üslub kinomuzu tam tərk etməyib. Düzdür, istisnalar var. Ancaq mən müasir Azərbaycan kinosunda həm rejissor, həm də ssenarist olacaq müəllifləri görmürəm. Buna baxmayaraq, bu eksperimentləri edirlər və nəticələr peşəkar səviyyədə alınmır. Hollivudda Mel Gibson rejissorluq edərək “Apokalipsis” kimi sanballı film çəkdi. Belə adamlar yüz nəfərdən bir olur.
Filmlərdəki nöqsanlar aydın gözə çarpanda film haqqında mənfi rəy oyanır. Filmlərdə ən çox nələri xoşlamadıqlarını öyrənmək üçün olan kinosevər dostlara müraciət etdik. Xoşa gəlməyən cəhətlər arasında demək olar ki, hamının dediyi ümumi fikirlər filmdəki mənasız dialoqlar, səhnələrin uzadılması, süjet xəttinin gözlənildiyi kimi olması və səhv informasiyanın verilməsidir. Yazar və oxucularımızın digər maraqlı fikirlərini oxuya bilərsiz:
-Səhnələr arasında məntiqli bağlantı olmaması adamı təəccübləndirir, məsələn: bir kişi bir qadın barda oturub içirlər, birdən baxışları qarşılaşır, gülümsəyirlər və sonrakı səhnə yataq səhnəsi... Bunlar, insanların beyninə əslində həyatda da belə olduğunu yeritməyə çalışan səhnələrdir. Ümumiyyətlə real görünməyən və sırf insanların şüuraltına nəsə yeritmək üçün çəkilən səhnələrə və belə səhnələri olan filmlərə nifrət edirəm.
Başqa bir şey də odur ki, filmə baxarkən öz versiyalarını düşünürsən ki, belə olacaq və bunların olması üçün də məntiqli səbəblərin var, sonra birdən “məgər bu da var idi” məzmunlu səhnələr çıxır hardansa. Adam öz-özünə deyir ki, axı bunu necə düşünmək olar? Əsasən detektiv janrında çəkilən filmlərdə təzahür edir.
David Linçin tərzində filmlər var ki, adam bu filmə baxanda əsəbləşir. Qarışdıqca qarışır film, guya məntiq oyunudu, sadəcə çox diqqətli insanlar başa düşə bilərlər. Gərək on dəfə baxasan. Məncə bu da annormallıqdır.
İbrahim Fərhadoğlu, Slavyan Universiteti:
-Mənimçün filmdə ən əsas ideya və tamaşaçıya verilən mesajdır. Mesaj güclü və düşündürücü olanda maraqla izləyirəm. Aktyor işi, operator işi, rejissor işi də vacibdir, amma ən əsası bu mesajdır. Yaxşı göndərilən mesaj filmdəki bütün mənfilikləri örtür məncə. Amerika masonlarının çəkdikləri “Avatar” kimi filmlər insanlığa verilən bu cür mesajlarla doludur.
Sakit Orduxanlı, “Xural” qəzeti:
-Türk və hind filmlərindəki kimi həddən artıq dramatikləşdirmə. Bəzi Azərbaycan filmləri də buna misal ola bilər: “İtkin gəlin”. Xəyalın məhsulu olduğu açıq-aşkar bilinən filmlər məni cəlb eləmir. Psixoloji obrazların düzgün çatdırılması çox xoşuma gəlir. İtalyan, Polşa və ya Sovet kinosu kimi. Onlar hadisələri elə də dramatikləşdirməyiblər. Ona görə də ağlı başında olan insan köhnə Sovet filmlərini sevməyə bilməz.
Tural Balabəyli, dayaq.org saytı:
-Dublyaj olunmamış, titrləri olan və səsləndirməsi yaxşı olmayan filmlərdən xoşum gəlmir. Əsasən tanınmamış aktyor olanda, həm də ssenari o qədər də güclü olmayanda film lap bezdirici olur. Hollivudun tanınmış ulduzları məşhurlaşdıqdan sonra tez-tez belə filmlərə çəkilirlər.
Alı Vüsal, Professional Oxucu Liqası:
-Mən hiss eləmişəm ki, bir çox filmlərdə simvolika yoxdur. Filmlər incəsənət kimidir. İctimaiyyətə təqdim olunan filmlər yalnız həmin filmi çəkənin fikirlərini ortaya qoyur. Təəssüf ki yaşadığımız dövrdə sırf hər hansı bir fikri birbaşa cəmiyyətə çatdırmaq üçün filmləri ağ-qara çəkirlər. Bu filmlərdə daha çox simvolik məna daşıyan səhnələrdən və gözlənilməz hadisələrdən istifadə olunur... Film kədərli, şən və ya sənədli film olsa da, kiçik sürprizlər, gözlənilməz hadisələr filmi daha da həyəcanlı edir.
Ədalət Salman, “Sözün işığı” jurnalı:
-Mən zorakılığı təbliğ edən səhnələri, təqib və cəmiyyətdə biganəliyi nümayiş etdirən filmləri qəbul etmirəm. Bu filmlər gənclərin təfəkkürünə çox pis təsir edir. Bu da gələcəkdə bütün dünyada ciddi problemlərə yol açır. Xüsusilə də müasir cizgi filmlərinin əksəriyyətinə qarşıyam, bu cizgi filmləri uşaqlara lap kiçik yaşlarından mənfi təsir göstərir.
Mir Bağır, “Çərçivəsiz” ədəbi qrupu:
-Qarışıq ssenari, həddən artıq drama, “horror” filmlərindən qətiyyən xoşum gəlmir. Filmdə qeyri-real hadisələr də adamda bu cür filmlərə iyrənclik yaradır. Məsələn: bir nəfərə 10 yerdən avtomatla güllə atırlar, lakin ona heç biri də dəymir, lakin bu tapançayla güllə ata-ata hamını qırır. Belə filmlərə baxanda düşünürsən ki, ya rejissorun başı çatmır, ya da camaatı qoyun yerinə qoyub. Nə qədər gözəl olur-olsun filmdə buraxılmış texniki səhvlər də filmin reytinqini azaldır. Belə səhvləri filmlərdə çox tuturam- rejissorun səhvlərini.
Ülvi Məmmədli, Azərbaycan Müəllimlər İnstitutu:
-Boş kadrlardan xoşum gəlmir. Kadrda hər şey olmalıdır. Həm görüntü, həm səs. Heç kəs danışmasa belə heç olmasa musiqi olmalıdır.
(Ardı var)
Комментариев нет:
Отправить комментарий