25.11.2011

TƏKRARLAMAYIN!.. (Elegiya)


Aliq Nağıoğlu

Dostum Sərrafın vaxtsız ölümünə

Bir səhər qəfil xəbər hamını bərk sarsıtdı: Sərraf dünyasını dəyişib. Onsuz da tüstüsü ərşə dirənən dünyamızda, balaca kənddə səbəbli-səbəbsiz, yetənli-yatanlı ölənlərin sırası yaman sıxlaşmışdı. İnsanlar karıxmışdı, bu yandan adamları vədəsiz ölümə çağırmaq, xəbərdar etmək üçün məsciddən verilən qəfil azan səsi olan-qalan bağrımzı yarmışdı.
Zira sənin ölümün sıradan adi bir ölüm deyildi, Sərraf...
Bu nə yaşamaqdı: bir ulduz axması qədər an, bir nəfəslik hərəkət, bir göz qırpımı baxış...

Olub bitən, olub indi olmayan, olub olmamış təki yox olan ömür...
Görünür, bu da qəzavü-qədərdir...
Həyatda özü olmaq hər kəsə qismət olmur, sən belələrindəndin, Sərraf...
İnsanlar qırıq-qırıq, hönkür-hönkür ağlayırdılar, bu, mənzərəyə baxmaq ağırdı.
Ölüm qabağı kimin deiyimidir, bilmirəm: “Bu qədər insan mənim necə öldüyümə baxmağa gələcək. Başqa hansı qüvvə onları bura yığa bilərdi?!” Adamlar eşitdikləri müdhiş xəbərə inanmırdılar, inanmaq istəmirdilər. Səhər tezdən eşitdiyinə inanmayıb dua edə- edə piyada hadisə yerinə qaçanlar möcüzə gözləyirdi. Bu qısa ömründə çoxlarının qəlbinə tez yol tapa bilmişdin.
Hamı səni istiqanlı, adama tez yovuşan, dil tapan, hər zaman diqqətcil “kənd uşağı” kimi tanıyırdı.
Yolda- kolda tanıdın-tanımadın, bir bəni adəm qoymazdın ki, mütləq mənzil başına çatdırardın, niyə belə idin, Sərraf?!
 Cavan ömrünün çox hissəsi yollarda keçdi, bir tikə çörəyi qazanmaq qovğası nə erkən qəsdinə durmuşdu sənin!
Bu dünyadan köç edən gün hava da əla idi, heç payız kəramətinə oxşamırdı. Bəlkə payız xislətli adam deyildin, o səbəbdəndi...
Doğrudan özünə qəsd eləməli oğul deyildin, belədə necə qıydın?!
Bir sinif də o dünyada saldınız, Sərraf... Fuaddan, Gülnardan, səndən sonra sizin qalan uşaqlar əndişə içindədilər... Üç növcavan gəncin üst- üstə yaşanan ömrü, tam bir normal insan ömrü etmir ki, ay Allah...
Etibarsız, donuq dünya, necə qıydın bu fidan ömürlərə?!
Heç bir həftə deyildi, bəndənizi yolayrıcından götürmüşdün, çoxdandı səni yaxından görmürdüm, elə həmin ünsiyyətcil, ürəyi yanan, enerjili idin... Gördüyün, hələ qabaqda görəcəyin təsərrüfat işlərindən elə həvəslə, ürəklə danışırdın ki... Dostunun yenicə çapdan çıxmış kitabını görəndə maşını yolun kənarına verib saxladın. Uçmağa qanadın yoxdu, məni- diri kitab müəllifini gördüyündən necə qürur duyurdun, ilahi!.. Nə gizlədim, ilk dəfə o vaxtı mən əsl dost sevincini hiss etdim. Yoxsa kitab doğulana qədər nə çoxdu otur-dur etdiyim, duz-çörək kəsdiyim amöb kimilər, buqələmunlar, ərsəyə gələndən sonra birdəfəlik qeybə çəkildilər... 
Deyirdin: indi insanların gözügötürməzliyi, xudbinliyi tez büruzə verdiyi dövrandır, onunçün umu-küsünü, sıxıntını dərd etməyə dəyməz... Həyat səni çox erkən müdrikləşdirmişdi, hər hərəkətinə müstəqil qərar verməyə hazırlamışdı...
...Zira qapazaltı adam etməyə zoru, hikkəsi çatmadı...
Səni birgə iş yerindən ən comərd, ali hisslərlə xatırlayıram. Adının deşifrəsində dünyaya qonaq ifadə edən narkoman istehsalat rəisi ilə günahsız insident yaşayanda da, vəzifəyə susamış ölənginin nahaq qınağına tuş gələndə də bütövlüyün, əyilməzliyin işığa opilka başları sarsıtdı. Sonralar arvad məfkurəli mankurtlar arxayın həyatları naminə bu sətirlərin müəlllifinə də quyu hazırlayanda, qalan ömürlərini üfunət iyləməklə keçirəcəklərini ağıllarına belə gətirməzdilər. Yelbeyinlər isə rahat maşınları, rahat evləri, rahat vəzifələri şəhərdəki sadiq nökərlərinə paylamaqda hələlik allanırdılar. “Hər şeyin yaxşısını Allah bilər “-düşünüb, yazımıza davam edək.
Üçü günü çadırda idim, doğrusu uzaq eldən təşrif buyurmuş axundun hikmətli kəlamları, sehrli səsi hər kəsi susdurub düşündürdüyü məqamda, ortancıl qardaşının təhsil aldığı dostlarının əhatəsində içəri daxil olub bəndənizin böyründə əyləşməsi dərhal diqqətimi çəkdi. İlk andan bir qonağın əli daima qardaşının çiynində idi, bunun təskinlik üçün edildiyi bəlli şeydi. Çadır isti olduğundan dostlar yüngül əyinlərini tezliklə soyunmalı oldular, bax bu arada kiçik qardaşın da gəlib çıxdı, boş stulun üstünə atılmışları yığışdırmaq üçün, ən çətin anlarda belə diqqət- qayğı əsirgəməmək onlara səndən keçməmişdimi?!..
Amma buna sadəcə baxmaq mümkünsüzdü, həmin anda çoxlarımızın gözləri nəmlənmişdi artıq...
Deyirlər, mafən da əbədi uyuyacağın yerə uça- uça gedirdi, çoxdan həsrətində olduğu sinif yoldaşların Fuadla Gülnarın görüşünə tələsirdi, sanki...
Böyük alman filosofu Hegeli bədxahları sarsıtmaq üçün oğlunun ölüm xəbərini qəfil üzünə deyirlər: “Mən onun onsuz da əbədi yaşayacağına inanmırdım”,- cavabı da dahiyanə olur. Amma Hegel, nə yazıqlar ki, erkən oğul itkisinin sarsıntısını və bəlkə də qürurlu cavabının ömrünü uzun müddət yaşaya bilmədi...
...Nə edim ki, Sərraf haqqında baş verənləri olduğu kimi yazmağa Allahım mənə güc, qüvvət verməyib, bəlkə olanları isti-isti sözlə ifadə etmək olmur ona görə, bəlkə çoxüzlü dünyadan özünə xas incikliyi onun cismani yoxlunun fövqündə durur...
Hər halda hələlik görünən odur ki, bu fani dünyada sağ olan imkanlılarımız var- dövlətlərinə qorxu xofu olan kimi kişilik nərdivanından kəlləmayallaqlıq oldular.
İki körpə balalar, Sərrafın öz canı, öz qanı, öz sümüyüdür. Ən başlıcası öz ruhudur. Sərrafa qədər onun ruhu kimin canında olubsa, o insan ölüb, yaşaya bilməyib. Amma bu ruh etiraf edir ki, uşaq olmuşam, qalanlarımı düşünməmişəm, məni keçmiş zamanda axtarmağınızın əzabını-ağrısını indi anlamışam. Odur ki, bu sıradan məni təkrarlamayın... Təkrarlamayın!.. Təkrarlamayın!!. Təkrarlamayın!!!

Комментариев нет:

Отправить комментарий