«Siz bu yolu düz gəlmisiniz. Bu yoldan bir az sola dönərsiz. Soruşarsız Mirzəxanın, Aydının evini. Çoxdur burada təndir düzəldənlər. Oraya “Təndirçilər məhəlləsi” də deyirlər».
«Təndirçilər məhəlləsi»
Astara rayonun Pensər kəndindəyik. Bu kəndin ara yolu ilə hərəkət edirik. Kələ-kötür kənd yolu ilə bir neçə döngəni keçirik. Havaya qalxan tüstüdən, həyətlərdə yığılıb qalan təndirlərdən dərhal anladıq ki, yolu düz gəlmişik. «Təndirçilər məhəlləsi”ndə olan yaşayış evlərinin əksəriyyəti köhnə ikiotaqlı mənzillərdən ibarətdir. Belə evlərdə adətən kasıblar yaşayır.
«Təndirçilər məhəlləsi»
Astara rayonun Pensər kəndindəyik. Bu kəndin ara yolu ilə hərəkət edirik. Kələ-kötür kənd yolu ilə bir neçə döngəni keçirik. Havaya qalxan tüstüdən, həyətlərdə yığılıb qalan təndirlərdən dərhal anladıq ki, yolu düz gəlmişik. «Təndirçilər məhəlləsi”ndə olan yaşayış evlərinin əksəriyyəti köhnə ikiotaqlı mənzillərdən ibarətdir. Belə evlərdə adətən kasıblar yaşayır.
«Bura elə Aydının evidir,» dedi. O həyətdə ayaqyalın duran balaca qıza da «Babanı çağır» tapşırığını verdi. Əlləri gilli, üst-başı palçığa bulaşmış usta Aydın Hüseynov da gəlib çıxdı.
«Bu bizim ata-baba peşəmizdir»
Bizi həyətə dəvət edir. Yarımçıq qalmış işinə davam etmək üçün evin arxasına keçirik.
Gildən hörülmüş, hələ hazır olmayan təndirləri göstərərək yağışlı havadan gileylənir. Deyir ki, sifariş çoxdur, bunları yağışlı havada hazırlayıb. İşləyə-işləyə suallarımıza da cavab verir:
«Babam 105 yaşında gedib rəhmətə. O da bu işlə məşğul olub. Ondan sonra atam onu əvəz edib, sonra mən olmuşam, məndən sonra balalarım işləyir, oğlanlarım işləyir. Qızım, oğlum - bunlar hamısı sənətkardırlar. Bu bizim ata-babamızın sənətidir. 4 övladım, 10 nəvəm, 1 nəticəm var».
Usta Aydın deyir ki, təndirə çox ehtiyac var. Çünki təndirdə bişirilən çörək, eləcə də, balıq və toyuq ekoloji cəhətdən çox təmiz və olduqca dadlı olur. Təndir həm də yanacağı az aparır. Onun fikrincə, çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri heç nə əvəz edə bilməz. O qeyd edir ki, Azərbaycanın bütün bölgələrindən təndir aparmaq üçün bu məhəlləyə gəlirlər.
«Rusiyaya ayda 10-15 təndir gedir»
«Azərbaycanın hər bir yerinə, hətta Rusiyaya, xüsusən Rusiyanın Sverdlovsk şəhərinə daim təndir gedir. Kamçatkaya gedib çıxıb bizim təndirlər. Rusiyaya ayda təqribən 10-15 ədəd təndir aparırlar. Gündə 20 ədəd təndirim olsa, yenə satılar».
O deyir ki, «Təndirçilər məhəlləsində” 50 ailə bu peşə ilə dolanır. Bu insanların çörəyi palçıqdan çıxır. Qışda isə onun deməsinə görə, vəziyyətləri pisləşir.
Təndirçilər qışı sevmirlər
«Bizə qışda çətinlik olur. Çox iş görmək olmur. Əllərim, ayaqlarım palçığın içində olur. Günəşli hava olsa, ayda 40-50 ədəd təndir hazırlamaq olar. Bir ədədi 20, 25, 30 manata satılır. Zəhmətinə dəymir. Bunun odununa ver, palçığına ver, qumuna ver. 10 ədəd təndir hazırlasam, 5 ədədi mənim üçün qalır».
Usta deyir ki, təndir gili yalnız bir yerdə var. O yer uzaqdadır. Gil gətirmək də, odun almaq da bir problemdir.
Təndir necə düzldilir?
«Gili götürmək üçün 1-1.5 metr qazmalı olurlar. Hər gildən təndir olmur. Qum qatırıq, ayaqlayırıq, yalın ayaqla qum gilə qarışana qədər. Ondan sonra başlayırıq iş görməyə. Qum, gil hazır olandan sonra bir təndir 2-3 saata hazırlanır. Gərək bir həftə qurusun».
Usta Aydın havanın soyuq olmasına baxmayaraq, öz işinə davam edir. Gili dairəvi şəkildə yeni təndirin başına gəzdirir. Arabir belini dikəldərək dərindən nəfəs alır. Yenidən işinə davam edir. Onun işini kərpic kəsənlərlə müqayisə edirik. O, bizim müqayisəmizlə razılaşmır. Deyir ki, təndir işi daha çox peşəkarlıq istəyir. Ancaq deməsinə görə, onun ailəsində artıq nəticəsi belə bu sənətin incəliklərinə yiyələnib.
«Təndiri belimizə qoyub kəndbəkənd satardıq»
«O balaca qız var ha, o da yeri gələndə deyir ki, palçığı möhkəm ayaqla. Uşaq da bilir, hələ 3 yaşı var. Mən də 8-9 yaşında bu palçığa girmişəm. Öz sənətimdən narazı deyiləm. Sifariş edənlər də var. Odundan çətinlik çəkirik. Odun olmur, ağacları kəsməyə qoymurlar. 60-cı illərdə təndiri belimizə qoyub kəndbəkənd gəzib satardıq».
Usta Aydının qonşusunda da qızğın iş gedir. Ora adlayırıq. Evin arxasında odda bişirilməyə hazır olan təndirlər var. Təndiri hazırlayanla tanış oluruq. Onlardan biri də Elşən Hüseynovdur. O, Aydın kişinin qardaşı oğludur. Təndiri od qalanmış ocağın üstünə qoyurlar. Təndir yanan odun içində ağarır, sonra isə qızarır. Qızaranda bilirlər ki, təndir hazırdır.
«Başqa iş olsun, biz də gedək işləyək»
O deyir: «Böyük əmimdən öyrənmişəm bunu. Qonşular da bizim nəslimizdir. Ağır zəhmət istəyir, öz tələbatımızı güclə ödəyirik. Əlavə pul qalmır. Ancaq xeyir-şərə bəs edir. Olar ki, başqa iş olsun, biz də gedək işləyək. Bu bizə sərf eləmir. Yaşayışı tam təmin eləmir».
Hiss olunur ki, Elşən Hüseynov əmisindən fərqli olaraq bu peşəni sevmir. Bu zaman usta Aydın təndirin içinə girmiş 3 yaşlı nəvəsini - Ayseli qaldırıb yerə qoyur. Soyuq hava ayaqyalın uşağı üşüdürdü. Usta Aydın ona baxıb: «O da mənim kimi təndirçi olmaq istəyir,”- dedi.
"Cənub xəbərləri"
Комментариев нет:
Отправить комментарий