28.11.2011

Mirmehdi Ağaoğluna necə sifilis diaqnozu qoyuldu?


O avqust yay axşamlarını ağcaqanadların əlindən tər tökə-tökə evdə keçirməyə məcbur olmuşduq.

Ağcaqanadlar birdən hücum etmişdilər şəhərə.

Bəziləri deyirdilər ki, onları dəniz sahilindəki qamışlıqlardan külək gətirib.

Varlıların sərvətlərini təftiş etməyi xoşlayanlar və öz bədbəxtliklərini buna bağlayanlar isə imkanlı adamların balıq yetişdirmək üçün rayondakı hər dərədə düzəltdikləri süni gölməçələr üzündən ağcaqanadların kəskin artdığını deyirdilər.

Axşamlar şəhərə çıxmaq olmurdu. Ağcaqanadlar adamın paltarının içinə kimi girib sancırdılar.


İmkanı olanlar şəhərdən çıxıb kənd yerlərinə gedirdilər. İşdən çıxa bilməyənlər və imkansızlarsa ağcaqanadlara dözməyə məcbur idilər. Başqa çarə yox idi.

O aralar başımdakı kəpəyə görə tez-tez qonşu rayona dəri həkiminin yanına müalicəyə gedirdim. Başımda pilək-pilək kəpək olurdu. Heç bir şampun kömək etmirdi.

Növbəti dəfə həkimdən çıxaçıxda bədənimin bir yerində əmələ gəlmiş sızağı göstərdim. O qədər qaşımışdım ki, yara olmuşdu. Bilmirdim ağcaqanad sancıb, yoxsa başqa bir səbəbi var. Üstəlik də axır vaxtlar yaman qorxaqlaşmışdım. Ayağım apteklərdən üzülmürdü.

Həkim sızağa ötəri nəzər salıb dedi:

- Sifilisə bənzəyir, gələrsən baxarıq.

Dilim-ağzım qurudu. Daha heç nə deyə bilmədim həkimə. Çıxıb evə gəldim. Yol boyu dəli kimi olmuşdum.

Həkimin sözləri hələ də qulağımda cingildəyirdi. O məni nə hesab edir? Sifilisin sağalmaz xəstəlik olduğunu bilmədiyimimi zənn edir?

Sifilis haqqında bütün biliklərimi yadıma saldım. Xəstə adam. Üz-gözünü yaralar basmış çəlimsiz bir bədən. Əzraili kölgə kimi özü ilə gəzdirən potensial ölü.

Nişanlı idim. Toyun vaxtı da bəlli idi. Birdən-birə bu xəbər. Bundan sonra evlənməkmi olardı?

Bütün həyatın, arzuların məhv olub əlindən çıxır. Bu xəbərdən sonra yalnız intihar etmək mümkündür.

Evə gələn kimi həkimə zəng vurdum. Özümü ələ alıb soyuq başla danışmağa çalışdım.

- Həkim, bəlkə, elə bilirsiniz mən sifilisin nə olduğunu bilmirəm.

- Gələrsən müayinə edərik.

- Sifilisi elə dediniz ki, elə bil qrip zaddı.

- Qadınla əlaqələrin olub?

Həkimlə danışandan sonra Google-da axtarış verib sifilis haqqında xeyli məlumat əldə etdim. Oxuduqca məni qorxu bürüyürdü. Dərdimi kimə deyərdim? Sevgiliməmi? Dostumamı? İçimi qovuran bu dərdi kimsəyə deməyə ürək etmirdim. Kimə deyəydim axı. Eşidən-bilən məndən uzaq durmağa çalışacaqdı.

Bir-iki gün dərddən qovrula-qovrula işə gedib gəldim. Heç cür işdən icazə almaq mümkün deyildi. Məcburən həftəsonunu gözləməli idim. Özüm də həkimə getməkdən, ondan arzuolunmaz cavabı eşitməkdən qorxurdum. Buna görə vaxtı uzatmağa çalışırdım.

Yoldaşlar da artıq əvvəlki tək gülərüz olmamağımdan, siqareti siqaretə calamağımdan başımda bir iş olduğumu anlamışdılar.

Bir iş yoldaşım var idi. Zalımın bilmədiyi şey yox idi. Yeznəsi Bakıda özəl klinikada işləyirdi. Onu kənara çəkib dərdimi anlatdım. Yeznəsinə zəng vurdu. Görüş təyin etdik. Şənbə günü klinikaya gedəcəkdim.

Bu həftə maaş alacaqdım deyə pul sarıdan dərdim yox idi (Amma ara yerdə pulumun dava-dərmana çıxması da ürəyimcə deyildi). Bircə qalırdı bu bir neçə günü dözmək.

Bütün gün işdə, evdə internetdə sifilis haqqında yazılar oxuyurdum. Əlim hər şeydən soyumuşdu. Birdən cavab mən istəməyən çıxsa onda necə?

Təbii ki, toyu təxirə salacaqdım. Bu birmənalı idi. Nişanı qaytarmağı sevgilimdən ayrılmağı da düşünmüşdüm. Bütün həyatım xaraba olacaqdı.

İkinci bir tərəfdən özümə arxayın idim. Qorunma məsələlərinə həmişə riayət etmişəm. Son aylarda isə rastgələ əlaqələrim olmayıb. Amma yenə də içimi yeyirdim. Zöhrəvi xəstəliklər təkcə “zöhrə”lərdən keçmirlər...

Məsələni daha da faciəviləşdirdiyimi, həyatım haqqında kədərli sonluqlu ssenarilər cızdığımı da hiss edirdim.

Bu bir az insanın dişinin sızıldamasına bənzəyir. Xəstə dişin ağrı versə də bundan xoşallanırsan. Sızıldayan dişini qurcalayıb bu ağrıdan zövq alırsan. Mən öz bədbəxtliyimdən xoşallanırdım.

Üstəlik, həkimin diaqnozuna görə sifilisə bənzəyən xəstəliyimdə sevindirici xüsusiyyətlər də tapmışdım. Sən demə məşhur adamların içində də sifilis xəstələri varmış; Ceyms Coys, Qustav Flober, Oskar Uayld, Fridrix Nitşe, Frans Şubert, Lüdviq van Bethoven, Van Qoq.

Bu adları eşidəndən sonra içim bir az rahatlamışdı. Üstəlik, buna sevinirdim də. Bu “elitar” xəstəliyin daşıcıyısı olmaq şansım var idi.

Adım qibtə elədyim dahilərlə bir sırada anılacaqdı. Onların tutulduqları xəstəliyin daşıyıcıları arasında mənim də adım olacaqdı. Coysla, Floberlə bir cərgədəydim. Dahi olduğuma şübhəm qalmamışdı, bir əlaməti artıq vardı.

İş həftəsini bu cür paranoik fikirlərlə başa vurdum. Sabah tezdən Bakıya gələcəkdim. Həmişə Bakıya gələn kimi səhər tezdən birinci işim nişanlımla görüşmək olardı.

Bu dəfə belə etmədim. Sevgilimə bir yalan uydurdum. Nə etməli? Hələ ona heç nə deməmişdim. Saatlarla sürən telefon danışıqlarında gələcək xoşbəxt ailəsinin rəsmini cızan sevgilimin xəyallarını puç eləmək istəmirdim.

Qərara almışdım ki, həkimin cavabından sonra onunla danışıb münasibətlərimizə son qoyum. Ayrılıq nitqini də seriallardakı kimi tamamlayacaqdım: “Həyatımda başqası var”.

Yox, əlbəttə. Bunu zarafat üçün yazdım. Açıb hər şeyi ona deyəcəkdim ki, qız fədakarlığımı anlasın.

Başıma gələnlərdən xəbərdar olan xalaoğlumla birlikdə getdik. Klinikanın ünvanını tapıb girişdə iş yoldaşımın yeznəsini soruşduq. Onunla görüşdük. Birinci qandan analiz vermək lazım olduğunu söylədi.

Analizin cavabını gözləyərkən, xalaoğluyla bayıra çıxıb bir az gəzişdik. Mən siqaret çəkir, o isə guya mənə ürək-dirək verməyə çalışırdı. Əslində mənim düşdüyüm zibili məsxərəyə salıb gülürdük.

Analizin cavabı müsbət çıxdı. Amma hələ həkimlə də görüşməli idik, o yaraya baxıb son sözünü deyəcəkdi.

Sifilis üzrə mütəxəssis olan həkim başqa klinikada işləyirdi. Burdan çıxıb onun yanına getdik. Görüşü iş yoldaşımın yeznəsi təşkil etmişdi.

Həkim əvvəl analizin nəticəsinə nəzər yetirdi, sonra yaraya baxdı. Bunun qətiyyən sifilis olmadığını, sadəcə qaşınmadan yaranmış yara olduğunu söylədi.

Sifilis deyilmişəm. Həkimə təşəkkür edib kabinetdən çıxa-çıxa məni bir həftədir oddan-oda salan o biri həkimi xeyli söydüm.

Artıq dahi sifilis xəstələri ilə bir sırada deyildim. Buna təəssüf etməməliydim.

Bayıra çıxdıq. O dəqiqə sevgilimə zəng vurdum. Və bir nəfəsə ona dəfələrcə “səni sevirəm” söylədim. Adətən, sərxoş olanda belə edərdim.


kulis.az

Комментариев нет:

Отправить комментарий