Qəzetimizin ötən saylarından birində Azərbaycanda fəaliyyət göstərən "CredAqro"Qeyri Bank Kredit Təşkilatının işi barədə maraqlı açıqlamalar təqdim olunmuşdu.
Aldığımız məlumatda QBKT-nin direktoru Eldar Cəfərovun və onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətində yer almış neqativ hallar, ciddi qanun pozuntuları haqqında təkzib olunmaz faktlar öz əksini tapmışdı. Həmin məlumatlarda "CredAqro" tərəfindən verilən kreditlərin müqabilində müştərilərdən kreditin 10 faizi məbləğində rüşvət alındığı, bölgələrdə filial ofisləri üçün müvafiq ərazilərin alınması və ofis binalarının tikintisi zamanı sənədlərdə qiymətlərin faktiki məbləğdən yüksək göstərilməsi, Eldar müəllimin icbari sığorta subyektlərini əvvəlcədən razılaşdığı sığorta şirkətlərinə yönəltməsi və bunun müqabilində isə sığorta məbləğinin 30-35 faizinin nəğd şəkildə şirkət tərəfindən ona ödənilməsi iddiaları irəli sürülmüşdü. Qeyd edək ki, bu faktlar "CredAqro" Qeyri Bank Kredit Təşkilatının fəaliyyətində yer almış ciddi nöqsanların heç də tam siyahısı deyildir.
Təbii ki, bütün bu məlumatlar "CredAqro" Qeyri Bank Kredit Təşkilatının direktoru Eldar Cəfərovun mənəvi keyfiyyətlərinə qarşı müəyyən şübhələr doğurur. Hələ bu ittihamlara təşkilatın qapalı toplantıları zamanı Eldar Cəfərovun hətta öz tabeçiliyində olan əməkdaşlarla da son dərəcə qeyri-etik, ədəb normalarından uzaq bir şəkildə davranması haqda iradları da əlavə etsək, o zaman "CredAqro"-da hökm sürən abu-hava haqda daha aydın təsəvvür yaranır.
Biz keçən məqaləmizdə də bildirmişdik ki, qarşı tərəfin əks-arqumentlərini də dinləməyə hazırıq. Amma, Eldar müəllim yəqin ki, bu ittihamlara cavab verməyi öz şəninə sığışdırmayıb. Digər tərəfdən isə bəlkə də deməyə söz tapmayıb?
Hər halda biz bir mətbu orqanı olaraq istənilən sahədə hər hansısa bir haqsızlığı, nöqsan və qanun pozuntularını dinc buraxmaq niyyətində deyilik və ümid edirik ki, mövzu ilə əlaqədar adı hallanan qurumlar da bəzi araşdırmalar aparacaqlar.
Комментариев нет:
Отправить комментарий